• cümə, 26 Aprel, 07:15
  • Baku Bakı 12°C

Politoloqlar da stadionlarda olacaqlar

15.05.15 06:57 1154
Politoloqlar da stadionlarda olacaqlar
İyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına maraq getdikcə artmaqdadır. Oyunlarda 49 ölkədən 6000-dən çox idmançı iştirak edəcək. Yerli əhalinin də yarışları marağı çox böyükdür. Təsadüfi deyil ki, artıq Oyunların açılış mərasimə biletlərin əksəriyyəti alınıb. Bəs Azərbaycan politoloqları necə, Oyunları canlı izləyəcəklərmi? “Kaspi” qəzeti bu sualı siyasət şərhçilərinə ünvanlayıb.
Politoloq Fikrət Sadıxov I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyini bildirib: “Lakin digər idman növlərinə tamaşa etmək üçün arenalara gedib-getməyəcəyimi dəqiq bilmirəm. Çünki idman yarışlarına televiziya ilə baxmağa üstünlük verirəm. Bununla idman yarışlarının incəliklərini daha yaxşı müşahidə etmək mümkündür. Hər halda, Azərbaycan keçirilən I Avropa Oyunları böyük tədbirdir. Mən Oyunları stadiondan canlı izləməsəm də, mütləq televiziya vasitəsi ilə bu yarışlara baxacağam. Azərbaycan komandasının uğurlarını izləmək, idmançılarımıza azarkeşlik etmək lazımdır və bu çox vacibdir. Həmçinin idmançılarımızın göstərəcəkləri nəticə mənim üçün çox maraqlıdır”.
Politoloq Oyunlar zamanı daha çox güləş, boks və üzgüçülük yarışlarına baxacağını qeyd edib: “Mən həmişə üzgüçülük ilə maraqlandığım üçün, bu yarışlar da diqqət mərkəzimdə olacaq. Azərbaycanın ənənəvi idman növü olan güləşdə daha çox medal əldə edəcəyimizə inanıram. Çünki Azərbaycanda güləş qədim köklərə malikdir və beynəlxalq turnirlərdə də daha çox güləşçilərimiz medallar qazanırlar”.
Politoloq Natiq Miri I Avropa Oyunları stadiondan canlı izləyəcəyini bildirib: “Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi bu yarışlara marağı daha da artırır. Bu yarışların vətənimizdə keçirilməsi təkcə mənim üçün yox, Azərbaycanın bütün vətəndaşları üçün qürurvericidir. Ona görə də, hər bir vətəndaş kimi mən də bu tədbirə dəstək verməyi özümə borc bilirəm. İlk Avropa Oyunlarında hamı iştirak etməli və idmançılarıma dəstək verməlidir. Mən də böyük məmnuniyyətlə bu yarışlarda iştirak edəcəm”.
N.Miri bütün idman növlərinə maraq göstərdiyini vurğulayıb: “Lakin əsas məsələ Azərbaycan idmançılarına dəstək verməkdir. Mən şəxsən bunun üçün çalışacağam və bütün idman növlərində azərbaycanlıları dəstəkləyəcəyəm, ən azı onların qələbə qazanması üçün dua edəcəyəm”.
Politoloq Mübariz Əhmədoğlu da turnirin açılış və bağlanış mərasimində iştirak edəcəyini bildirib: “Təbii ki, bütün idman növləri üzrə keçiriləcək yarışları canlı izləyə bilməyəcəyəm. Çünki bunun üçün kifayət qədər vaxtım yoxdur. Amma planlaşdırıram ki, bəzi yarışları ailəm ilə bərabər stadiondan izləyim və idmançılarımıza azarkeşlik edim. Ümid edirəm ki, azərbaycanlı idmançılar ölkəmizi yüksək səviyyədə təmsil edəcəklər”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər