• cümə, 19 Aprel, 23:09
  • Baku Bakı 24°C

Politoloq: Prezident İlham Əliyevin məmurlara tutduğu irad məqsədəuyğun idi

08.07.18 18:19 421
Politoloq: Prezident İlham Əliyevin məmurlara tutduğu irad məqsədəuyğun idi
Prezident İlham Əliyevin Mingəçevir Elektrik Stansiyasında baş verən qəza ilə bağlı müşavirə keçirməsi dövlət başçısının hər zaman ölkənin və ölkə vətəndaşlarının təhlükəsizliyinə böyük önəm verməsini bir daha təsdiqlədi.
Bu barədə Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti ümumiyyətlə hər zaman üç məsələni prioritet istiqamət olaraq qarşıya qoyub: "Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, ölkənin milli təhlükəsizliyinə təhdidin qarşısının alınması, müstəqilliyimizin qorunması. Sonuncu müşavirədə Prezident İlham Əliyev hər zaman söylədiyi "biz hamımız - məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik" yanaşmasını ortaya qoydu. Azərbaycan dövlətinə, dövlətçiliyinə, hər bir Azərbaycan vətəndaşına olan təhlükənin, təhdidin qarşısını almaq üçün hər bir məmur cavabdeh olmalıdır. Prezidentin də qeyd etdiyi kimi, strateji əhəmiyyət kəsb edən metropoliten, xəstəxanalar, hətta uşaq bağçaları və s.-də generatorların, alternativ enerji mənbələrinin olmasına ehtiyac var. Dünya praktikasında da belə qəzalar olub. Ancaq qəza lokal xarakter daşımalıdır, ölkə baş verən qəzaya hazırlıqlı olmalıdır. Prezident də bunu vurğuladı".
A.Nağıyev deyib ki, Prezident İlham Əliyevin məmurlara tutduğu irad məqsədəuyğun idi: "Prezident İlham Əliyev məsələlərin başvermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiya, heç şübhəsiz, yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaq. Digər tərəfdən, istintaq qrupu da bu məsələni araşdırır. Baş Prokurorluğun verdiyi məlumata görə, artıq bir neçə maddələr üzrə cinayət işi açılıb. Müvafiq qərarların qəbul olunacağı şübhəsizdir".
Politoloq qeyd edib ki, əsas məsələ bu cür hadisələrin bir daha təkrar olunmaması üçün işlərin görülməsidir: "Hər bir strateji əhəmiyyətli obyektdə alternativlər yaradılmalıdır. Çünki insan sağlamlığından, insan həyatından üstün məfhum yoxdur. Məhz bunun da qorunması üçün hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir".
Xatırladaq ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
banner

Oxşar Xəbərlər