• cümə, 29 Mart, 18:37
  • Baku Bakı 14°C

Politoloq: Ermənistanda demoqrafik vəziyyəti əks etdirən rəqəmlər həyəcan təbili çalır

04.05.21 15:15 944
Politoloq: Ermənistanda demoqrafik vəziyyəti əks etdirən rəqəmlər həyəcan təbili çalır
Ermənistanda vəziyyət getdikcə daha da pisləşir, bu da mahiyyət etibarilə cəmiyyətdə özünü büruzə verir və gərgin ab-hava yaşanır. Şübhəsiz ki, burada əsas səbəb Azərbaycana ağır məğlubiyyətdirsə, digər səbəbləri də vurğulamaq lazımdır. Əvvəla, müharibədə məğlubiyyətdən sonra xalq artıq əmin oldu ki, hakimiyyət onlara illərlə yalan danışıb. Elə bu inamsızlığın nəticəsidir ki, xalq nə hakimiyyətə inanır, nə də orduya. Beləliklə, vətəndaşlar artıq övladlarını orduya göndərmək istəmirlər. Bununla yanaşı, müharibədə iştirak etmiş şəxslər də heç bir yardım ala bilmir, onların statusunun müəyyənləşdirilməsində ciddi problemlər mövcuddur. Ölkənin demoqrafik vəziyyətini əks etdirən rəqəmlər isə həyəcan təbili çalır. Belə ki, Ermənistanı tərk edənlərin sayında artım müşahidə olunur, bu isə ölkədə demoqrafik vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir.
BunuAZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq vurğulayıb ki, müharibədən sonrakı dövrdə Azərbaycanın işğal edilmiş torpaqlarını talamaqla öz güzəranını təmin edən ermənilər indi çox çətin vəziyyətdədirlər, nə edəcəklərini bilmirlər. Buna səbəb Ermənistanda əsas sosial problemlərdən biri olan işsizlikdir. Ölkə əhalisinin böyük hissəsi çıxış yolunu qazanc dalınca digər ölkələrə üz tutmaqda görür. Ermənistanın təkcə Şirak rayonunun kişi əhalisinin 70 faizi hazırda Rusiyadadır. On minlərlə erməni gənc ölkəni tərk edərək xarici ölkələrə köçür. 1990-cı illərin əvvəlləri ilə müqayisə etsək, əhalinin sayı əhəmiyyətli dərəcədə azalıb.
Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Yerevandan kənarındakı yaşayış məntəqələri yoxsulluğun bariz şəkildə göstərir. Eyni zamanda, ölkədə səhiyyə sistemi bərbad durumdadır, dərman çatışmazlığı müşahidə olunur. Ermənistanda yoxsulluq dərinləşir, insanlar iş tapa bilmirlər, iqtisadiyyat defolt həddindədir. Bu ölkədə gələcək üçün heç bir perspektiv mövcud deyil.
Ermənistanda korrupsiya da geniş vüsət alıb. Ümumiyyətlə, Paşinyanın atdığı qeyri-müəyyən addımlar hazırkı iqtidarın istər siyasi, istər iqtisadi, istərsə də hərbi konsepsiyasının olmadığından xəbər verdi. Paşinyan hakimiyyətə gəldikdən sonra qısa müddətdə korrupsiyanın səviyyəsi aşağı ensə də, sonrakı dövrdə yenidən kəskin artıb. Ermənistan iqtisadiyyatı o qədər tənəzzülə uğrayıb ki, bu, çox acınacaqlı nəticələr verə bilər. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı həm də logistik nəqliyyatdan asılıdır, buna görə də tək çıxış yolu nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanla münasibətlərini normallaşdırmaqdan ibarətdir.

banner

Oxşar Xəbərlər