AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Politoloq: “ABŞ Senatının qərarı Ermənistanı pis vəziyyətə salır”

Politoloq: “ABŞ Senatının qərarı Ermənistanı pis vəziyyətə salır”

Cəmiyyət
15 Dekabr 2019, 15:16 523
İlqar Vəlizadə: "Türkiyə Ermənistana qarşı siyasətində daha sərt addımlar ata bilər”
 
"ABŞ Senatının qəbul etdiyi qərar siyasi konyukturadan irəli gəlir. Yaranmış siyasi çəkişmələr fonunda Senat Konqreslə üz-üzə dayanmaq istəmir. Çünki, Konqres böyük səs çoxluğu ilə bir-iki ay bundan əvvəl sözügedən qətnaməni qəbul edib. İndiki halda Senatın onu qəbul etməməsi, iki palata arasında qarşıdurmanın yaranmasına səbəb ola bilərdi. Məhz bu qarşıdurmanı aradan qaldırmaq üçün belə bir addım atılıb”.

Bubarədə politoloq İlqar Vəlizadə "Kaspi” qəzetinə açıqlamasında bildirib. Qeyd edib ki, Senatın qəbul etdiyi qətnaməni sadəcə ABŞ-Türkiyə münasibətlərində yaşanan gərginliklə əlaqələndirmək olmaz. Onun sözlərinə görə, indiki məqamda əsas məsələlərdən biri Donald Trampın impiçmenti, prezidentin və administrasiyasının Konqresdə, Senatda mövqeyini qoruyub saxlamasıdır. 

İ.Vəlizadə deyib ki, Senatda qəbul olunan qətnamənin regional vəziyyətə ciddi təsiri olmayacaq: "Həmin sənədin hüquqi qüvvəsi yoxdur. Burada yalnız Türkiyə-ABŞ münasibətlərinin fonunun mürəkkəbləşməsindən söhbət gedə bilər. Onsuz da buna qədər də hər iki tərəfin münasibətlərində soyuqluq, qarşılıqlı inamsızlıq özünü göstərməkdə idi. Senatın qərarı sözügedən inamsızlığın daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu qətnamə ABŞ-dan Türkiyəyə qarşı hansısa sanksiyaların tətbiqini, ticari əlaqələrin məhdudlaşdırılmasını, hərbi-siyasi əməkdaşlığı və sairi əngəlləməyi nəzərdə tutmur. ABŞ Senatının qəbul etdiyi qətnamə onsuz da dalanda olan Ermənistanı daha da pis vəziyyətə salır. Əgər Ermənistanda düşünürlər ki, belə qətnamələrin qəbulu ilə Türkiyəyə təsir göstərəcək, öz vəziyyətlərini yaxşılaşdıracaqlar, çox yanılırlar. Bunlar boş ümidlərdir. Əksinə, Türkiyə Ermənistana qarşı tutduğu siyasətdə daha sərt addımlar ata bilər. Məlum qətnamənin qəbulu Azərbaycan-Türkiyə münasibətlərini bir qədər də yaxınlaşdırmaqla, erməni yalanlarına qarşı xarici siyasət kursunda birgə fəaliyyət ortaya qoymağa, daha sıx koordinasiya yaratmağa, vahid mövqedən çıxış etməyə sövq edəcək. Dünya erməniliyi qarşısında vahid platformanın həyata keçirilməsi məsələsi aktuallaşdırır. Geosiyasi nöqteyi-nəzərdən bu qətnamə Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirməyə xidmət edəcək, Ermənistanı isə növbəti dəfə uğursuzluğa yuvarladacaq”.

Alpər TURAN