POLİQRAFİYAMIZIN FƏDAİSİ
Lənkəran
ilin bütün fəsillərində gözəldir. Bu yerlərdə payızın özgə hüsnü olur. Təbiət
yaşıl, sarı, al qırmızı don geyinir, min bir rəngə çalır. Mehman Fərzullayev də qızıl payızın
Lənkəranın Kərgəlan kəndinə xüsusi gözəllik gətirdiyi, əlvan naxışlarla
bəzədiyi bir gündə dünyaya göz açıb. Halal, zəhmətkeş kəndli ailəsində böyüyüb.
Atası Eynulla kişi ixtisasca aqronom olub, təsərrüfat işlərində çalışıb. Anası
Fatma sovxozda fəhlə işləyib. Ailədə beş qız, dörd oğlan uşağı böyüdüb ərsəyə
çatdırıblar.
Mehman
müəllim ailənin ilkidir. O, zəngin, şərəfli ömür yoluna malikdir. Hələ orta
məktəb illərində "Leninçi” qəzeti ilə
əməkdaşlıq edib. İlk yazıları "Leninçi” və "Azərbaycan gəncləri” qəzetlərində
çap olunub. İlk zəhmət haqqı da redaksiyadan aldığı 17 manat qonorar olub.
Həqiqi
hərbi xidmətini Gürcüstanın Batumi şəhərində keçirib. Hərbi hissədə ona
komsomol katibi və diviziyanın qəzetində işləmək təklif olunub. Bütün varlığı ilə
mətbuata bağlı olan Mehman Fərzullayev qəzetdə işləməyə üstünlük verib.
Zaqafqaziya Hərbi Dairəsinin "Leninskaya znamya” qəzetində də müntəzəm çıxışlar
edib. Burada ordu generalı Sokolovla (sonralar o SSRİ Müdafiə Naziri olub)
görüşüb.
O vaxtlar qəzetin yazıları linotipdə əllə
yığılırdı. Mehman qısa vaxtda kirillə yanaşı, latın, ərəb qrafikası ilə yığmağı
öyrənib. Bir dəfə vacib tədbirlə əlaqədar qəzeti təcili şəkildə rəngli çap
etmək lazım olub. Mətbəənin müdiri deyib ki, bir iş gününə bunu etmək olmaz.
Hərbi hissə komandiri Mehman Fərzullayevin səriştəsinə, bacarığına bələd
olduğundan, bu işi ona tapşırır. Mehman gecə səhərədək mətbəədə işləyib qəzeti
yüksək poliqrafik tələblərə uyğun çap edib. Qəzetin bu nömrəsi tərtibatı,
maraqlı, oxunaqlı yazıları ilə diqqəti
cəlb edib, hərbi hissədə əldən-ələ gəzib. Zaqafqaziya hərbi dairəsinin
rəhbərliyi kollektivin işini bəyənib və gənc əsgər Mehman Fərzullayevi
mətbəənin müdiri vəzifəsinə tövsiyə edib.
Bu unudulmaz hadisə onun gələcək həyat yolunu müəyyənləşdirib.
Ordudan
tərxis olunduqdan sonra Bakı Dövlət Universitetinin mətbəəsində fəhlə kimi işə
başlayıb. Sonra çapçı işləyib. Çalışqanlığı, işgüzarlığı ilə kollektivdə
seçilib. Jurnalistikaya sonsuz həvəs
göstərdiyindən, mətbuat haqqında buraxılan kitabların çapına korrektor kimi
təmənnasız kömək edib.
1971-ci
ildə Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. Sumqayıt şəhərindəki
kimya birliyində diktor-müxbir vəzifəsində işə düzəlib. O illərdə respublika
qəzetlərində müntəzəm yazıları çap
olunub, radio və televiziya üçün xəbərlər, reportajlar hazırlayıb.
1976-cı
ildə görkəmli poliqrafçı alim Şəddat Cəfərovun qayğısı ilə Bakı Yeni Kitab
Mətbəəsində baş usta vəzifəsinə təyin olunub. İşlədiyi sex planları kəsirlə yerinə
yetirirdi. Gənc poliqrafçının gərin səyləri sayəsində sexin işində dönüş
yarandı. Proqnoz tapşırıqlar 107 faiz icra olundu. Mehman müəllim isə istehsalat
şöbəsinin rəisi vəzifəsinə irəli
çəkildi.
İndi
o illər şirin xatirə kimi yaddaşına həkk olunub. Mehman müəllim bu barədə
deyir: "O vaxt alimlərin əksər kitabları bizim mətbəədə çap olunurdu. Görkəmli
təbiətşünas alim akademik Həsən Əliyevin, dünya şöhrətli uroloq, akademik
Mirməmməd Cavadzadənin, professor Zülfüqar Verdiyevin və digər tanınmış alimlərin
bir neçə kitabı işlədiyim mətbəədə işıq üzü görmüşdür. Yaxşı xatırlayıram, Bakıda
uroloqların beynəlxalq konfransı keçiriləcəkdi. Vaxta cəmi iki ay qalırdı. Konfransla bağlı kitablar, broşuralar təcili
çap olunmalı idi. Heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmirdi. Mən söz
verdim ki, bu işi bacararam. Mətbəənin yığım və çap sexlərində əsasən gənc
qızlar, qadınlar işləyirdi. Onların
valideynləri ilə görüşüb işdən sonra
sexdə qalıb işləmələri üçün razılıq aldım.
İş vaxtı gecə saat 23-ə kimi uzanırdı. Gərgin rejimdə işləyərək akademik M.Cavadzadənin kitabını və konfrans
materiallarını 40 günə çap elədik. Başqa bir misal deyim. Professor Zülfüqar Verdiyev Hindistana beynəlxalq
konfransa dəvət almışdı. Onun kitabını da təcili qaydada çap edib təhvil
verdik. "Energetika” dərsliyini qısa vaxtda buraxmaq heç də asan deyildi. Çünki
40 çap vərəqi həcmində olan kitabda çoxlu düsturlar, üstlü və loqarifmik
tənliklər var idi. İkinövbəli iş
sisteminə keçməklə kitabı vaxtından əvvəl buraxdıq. Kitabın müəllifi onu
Türkiyədə keçirilən elmi simpoziuma apardı”.
Tanınmış
poliqrafçının həyatında bu cür yaddaqalan, unudulmaz hadisələr çox olub. O
illərdə "İşıq” nəşriyyatında rəngli
kitabların, bukletlərin, not ədəbiyyatının çapında çoxlu çətinliklər mövcud
idi. Bu cür kitablar Moskvanın
nəşriyyatlarında buraxılırdı. Mehman
müəllim "Azərbaycan miniatürləri” kitabının Moskvada Azərbaycan, rus və ərəb
dillərində on min tirajla çap olunmasına razılıq aldı. Kitab Moskvada keçirilən
sərgidə gümüş medal qazandı. Mərkəzdən "İşıq” nəşriyyatına 38 min manat mükafat
ayrıldı. Nəşriyyat gerilikdən çıxdı. Aylarla əmək haqqı ala bilməyən işçilərə
maaşlar ödənildi, hər ay mükafat və on üçüncü əmək haqqı verildi.
"Naxçıvan”, "Dağlıq Qarabağ”, "Sumqayıt” və
digər foto albomların, uzun illər çapını gözləyən 20 adda not ədəbiyyatının
Moskvada yığılıb "İşıq” nəşriyyatında
çap olunmasına Mehman müəllim rəhbərlik
edib. Mehman Fərzullayev öz şəxsi əlaqələrindən istifadə edərək Bakının qədim
tarixini, arxitekturasını, görməli yerlərini əks etdirən kitabçaları 100 min
tirajla Moskvada çap etdirib.
1983-cü
ildə "Kommunist” (indiki "Azərbaycan”) nəşriyyatında işə başladı. İlk dəfə
olaraq sinkoqrafiya sexində şilda istehsalını yaratdı. Əvvəllər bu işi
Moskvada, Yaponiyada görüb hazır məhsulu Bakıya göndərirdilər. Təcrübəli
poliqrafçı işlənmiş çap lövhələrindən şilda
istehsalında xammal kimi istifadə edərək daha bir yeniliyə imza atdı.
Nəticədə 20 qəpiklik metal lövhə 4 manat qazanc gətirir, nəşriyyat bu hesaba 20
min manat vəsait qazanırdı. Mehman müəllim nəşriyyatda ilk dəfə operativ çap
istehsalını təşkil etdi. Nəşriyyatın istehsalat-texniki şöbəsində böyük
mühəndis, sinkoqrafiya sexinin rəisi işlədi.
1986-cı
ildə "Kommunist” qəzetinin baş redaktoru, görkəmli dövlət xadimi Rəşid Mahmudovun
tövsiyəsi ilə "Kommunist” qəzetinə buraxıcı vəzifəsinə təyin olundu. Qəzetin,
poliqrafiyanın yeni tələblərinə uyğun çapına öz töhfələrini verdi. "Səhər”
qəzetinin 1990-cı ilin qanlı Yanvar faciəsinə həsr olunmuş 2 milyonluq
tirajının buraxıcısı da Mehman müəllim olmuşdur.
Poliqrafiya
sahəsində yüksək təşkilatçılıq qabiliyyətini, bacarığını və zəngin təcrübəsini
nəzərə alaraq, Respublika Dövlət Mətbuat, Nəşriyyat və Kitab Ticarəti Komitəsinin təchizat və satış
idarəsinə rəis təyin olundu. Mərkəzlə iqtisadi əlaqələr getdikcə zəiflədiyindən,
respublikaya kağız və digər çap
məhsullarının gətirilməsində çoxlu problemlər
yaşanırdı. Mehman müəllim imkanlarından istifadə edərək Moskvadan kvotasız 4
min ton kağız və çap lövhələri gətirdi. Respublikada latın qrafikalı
matrisaların hazırlanmasına nail oldu.
1990-cı
ildə Moskvadan Azərbaycanın səsini dünyaya yayan "Panorama Azerbaydjana” qəzetinin çapında çətinlik yarananda Mehman müəllim Moskva
şəhərinə uzunmüddətli ezamiyyətə göndərildi. Azərbaycanın daimi
nümayəndəliyində məsul katib vəzifəsinə
təyin olundu. Xalqımıza düşmən kəsilən
ermənilərin təzyiqi nəticəsində 6 ay idi ki, qəzetin çapı dayanmışdı.
Mehman müəllim "Pravda” nəşriyyatında
çalışan dostlarının köməyi ilə
qəzeti 30 min tirajla rəngli buraxaraq Moskvadakı xarici ölkə
səfirliklərinə, ittifaq respublikalarına
göndərdi.
1991-ci
ilin fevralında qəzetin baş redaktor müavini təyin olundu. Aşqabad, Daşkənd,
Alma-Ata və Krasnoyarsk şəhərlərində
qəzetin fəaliyyəti, Azərbaycan həqiqətləri barədə həmin şəhərlərin
televiziya kanallarında, mərkəzi qəzetlərində çıxışları böyük maraqla qarşılandı. Moskva, Sankt-Peterburq,
Kazan, Nijni-Novqorod, Kiyev, Minsk və
digər şəhərlərdə Azərbaycan diasporunun təşkilatlanmasında, eləcə də Azərbaycan
həqiqətlərinin keçmiş SSRİ məkanında, habelə Norveç, Kanada, Amerika və İranda
yayılmasında yaxından iştirak etmişdir.
Xocalı faciəsi barədə Seyidağa Mövsümovla birgə çəkdiyi sənədli film
Moskvada, Kanadada və Amerikada nümayiş olunmuşdur.
Sonra
yenidən vətənə qayıtdı. Müdafiə Nazirliyində hərbi-texniki ədəbiyyatlar
şöbəsinin rəisi-baş redaktor vəzifəsinə təyin
olundu. Ölkəmizdə ilk dəfə "Hərbi nəşriyyat”ın yaradılması onun adı ilə bağlıdır. Burada çalışdığı
dövrdə 500-dən artıq hərbi-texniki, hərbi-vətənpərvərlik mövzusunda olan
kitabların, xüsusi ədəbiyyatların, müxtəlif nizamnamələrin çapını təşkil etdi.
"Hərbi bilik” jurnalının və "Azərbaycan ordusu” qəzetinin nəşrinə yardımçı
oldu.
2000-ci
ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində "İslam” nəşriyyatını yaratdı.
"Vətən” nəşriyyatında, Ədliyyə Nazirliyinin "Ədliyyə Nəşriyyat Evi” MMC-də
çalışdı. "Qanunçuluq” jurnalının böyük redaktoru kimi səmərəli fəaliyyəti ilə iz qoydu. Heydər
Əliyev və Azərbaycan ədliyyəsi, ədliyyə tarixində xidmətləri olan görkəmli
şəxsiyyətlər barədə 10 çap vərəqi həcmində kitabın işıq üzü görməsində də onun böyük
zəhməti vardır.
2010-cu
ildən təqaüddədir. Fərdi yaradıcılıqla məşğul olur. "Azərbaycan” qəzetinin redaktorlarından biri,
repressiya qurbanı Xəlil İbrahim, görkəmli dövlət xadimlərindən İmam
Mustafayev, Kamran Hüseynov, Rəşid Mahmudov, Kamran Rəhimov, Sadıq Murtuzayev,
görkəmli hüquqşünas Abdulla İbrahimov, tanınmış jurnalist Kazım Ələkbərov,
respublikanın baş nefroloqu Mehman Ağayev haqqında buraxılan kitabların,
"İlisu” ensiklopedik nəşrin tərtibçisi,
redaktoru və ön sözün müəllifi
olmuşdur.
"XX
əsrin 100 görkəmli azərbaycanlısı” kitabını rus dilindən ana dilimizə tərcümə
edərək geniş oxucu kütləsinə çatdırmışdır.
Tale
ona korifey sənətkarlarla, görkəmli şəxsiyyətlərlə ünsiyyət qurmaq, dostluq
etmək şansı verib. Bu şəxslərlə səmimi əlaqələr qurmuş, onların tövsiyə və
məsləhətlərindən bəhrələnmişdir.
Tanınmış
dövlət xadimi, respublikanın əməkdar jurnalisti Rəşid Mahmudovun Mehman
Fərzullayev barədə qələmə aldığı yazı diqqətimizi cəlb etdi: "Mən ağsaqqal
ömrümdə, 75 illik həyat yolunda çox-çox "dostlar” görmüşəm. Ancaq heç də
hamısı, hətta bir neçəsi axıradək bu böyük ada layiq olmamışdır. Vəzifələr
ötüşəndə, səhhət pozulanda, köməyə ehtiyac duyanda çoxları yan getmişdir. Demək
olar ki yalnız sz uca Tanrı qarşısında daha bir borcunuzu yerinə yetirərək,mənimlə
daim sirdaş, olubsunuz. Biz uzun illər bir yerdə işləmişik. Keçmiş "Kommunist”
qəzetində və Moskvada nəşr etdiyimiz "Panorama Azerbaydjana” qəzetində fədakar
əməyinizi yaxşı xatırlayıram. Sizdən heç vaxt gərgin, gecəli-gündüzlü çox
məsuliyyətli tapşırıqları yerinə yetirərkən kiçicik etiraz, narazılıq
hisslərini duymadım. Hara göndərildinsə üzüağ, verilən tapşırıqları
respublikanın, xalqımızın, millətimizin nəfinə ləyaqətlə yerinə yetirdin. Azərbaycanda
mətbuatın, nəşriyyat və poliqrafiya sahələrində xidmətləriniz çoxdur. Müstəqil
Azərbaycanın yeni yaradılan milli ordusu üçün ilk ədəbiyyatın yaradılması,
"Hərbi nəşriyyat”ın təşkili bilavasitə sizin adınızla bağlıdır”.
İstedadlı
qələm sahibi Mehman Fərzullayev ömrünün 70-ci pilləsinə qalxmasına baxmayaraq,
bu gün də gənclik həvəsi ilə çalışır, məhsuldar yaradıcılıqla məşğul olur. Onun
biri-birindən maraqlı yazılarını "Respublika”, "Azərbaycan”, "Xalq qəzeti”,
"525-ci qəzet” və digər qəzetlərdə, "Mütərcim”, "Söz”, "Kəlam” jurnallarında
oxuyuruq. O, "Kəlam” jurnalının redaksiya heyətinin üzvüdür. "Qızıl qələm” və
"Nurlu qələm ustası” mükafatları laureatıdır. Azərbaycan Jurnalistlər
Birliyinin, Ahıl Jurnalistlər Məclisinin üzvüdür.
Hərbi
vətənpərvərlik sahəsində səmərəli fəaliyyətinə görə, "Böyük Vətən Müharibəsində
qələbənin 50 illik”, "Sovet İttifaqı marşalı Jukov” adına medallara, Respublika
Veteranlar Şurasının fəxri fərman və mükafatlarına layiq görülmüşdür.
Mehman
müəllim müqəddəs ziyarətlərdə olub. Hacıdır. İmanlı, səxavətli, alicənab və
nəcib insan olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı
Bəsti xanımla bir oğlan, üç qız böyüdüb. Oğlu Xəyyam Amerikanın Stanford
Universitetində təhsil almış, Norveçdə
magistratura bitirmişdir, neft mühəndisidir. Qızı Jalə Rəssamlıq
Akademiyasının, Şəbnəm Texniki Universitetin, Bahar isə Xəzər Universitetinin
məzunudurlar. Mehman müəllim qayğıkeş ata, baba və ağsaqqal kimi övladlarına,
doğmalarına, el-obaya dayaq olur, peşəkar poliqrafçı, təcrübəli jurnalist kimi
gənc mütəxəssislərə köməyini əsirgəmir.
Əlisəfa
Həsənov