• çərşənbə axşamı, 19 mart, 14:25
  • Baku Bakı 8°C

Polad Bülbüoğlu ilə eyni köynək geyinən oğlan - Keçmişdəki mən

23.09.17 09:30 5098
Polad Bülbüoğlu ilə eyni köynək geyinən oğlan - Keçmişdəki mən
3 bacıdan sonra, dünyaya gəlib. O doğulduqda ailəsi 7 il fasiləsiz qurban kəsib. Dünyaya Qurban bayramında göz açdığı üçün adını da Qurban qoyublar. Xüsusi arzu-niyyətlərlə dünyaya gələn bu uşaq böyüdükdən sonra Azərbaycanda zəlzələni proqnozlaşdıran, araşdıran, təyin edən əsas alimlərdən biri olur. Söhbət AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlidən gedir.
Həmsöhbətimizlə onun uşaqlıq, məktəb və tələbəlik illərinə boylandıq...
Ağlayırdım ki, məktəbi istəyirəm
1952-ci ildə Gürcüstanın Marneuli şəhərində dünyaya göz açıb. 5 yaşında məktəbə getdiyi üçün babası təvəllüdünü bir il gec yazdırıb: "Məktəbə ilk dəfə 5 yaşımda getmişəm. Bir neçə aydan sonra valideynlərimi çağırdılar ki, çox uşaqdır, hərəkətləri düz gəlmir. Başladım ağlamağa ki, məktəbi istəyirəm. Sonradan 6 yaşımda təkrar birinci sinfə getdim. Sənədlərimdə təvəllüdüm səhv gedir, əslində 1953-cü ilin sentyabrın 4-də doğulmuşam. Bacım 52-də. Sənədlərə nəzər salsaq, gərək mənim anamı Ginnesin rekordlar kitabına salsınlar. Sənədə görə, bacımdan 3 ay 10 gün sonra mən olmuşam. Yaşıdlarımın hamısı məktəbə 7 yaşından gəldikləri üçün, mənim də təvəllüdümü 1952 yazdılar”.


Müəllim aciz qalırdı

Həmyaşıdlarından dəcəlliyi ilə seçilib. Məktəbi "əla” qiymətlərlə oxusa da, davranışdan həmişə "4” alıb: "Aşağı sinifdə dəcəlliyimə görə küncə də qoyurdular. Məsələn, müəllimi çətin vəziyyətdə qoymağı xoşlayırdım. Əlavə jurnallar oxuyub, müəllimə sual verirdim ki, bilməsin. Hansı müəllim mənə acıqlanırdı, ona çətin sual verirdim. Məsələn, şəkərin tərkibini yazanda lövhənin yarısı dolurdu. Uzun bir formula idi. Kimya müəllimindən soruşurdum ki, müəllim, bu çayla içdiyimiz şəkərin kimyəvi formulu necədir? O da dərslikdə yoxuydu. Müəllim aciz qalırdı. Deyirdim, müəllim, icazə verin, mən yazım. Sadəcə, məni yaxşı oxumağım xilas edirdi. Çox ciddi hazırlaşırdım. Çünki atam, şərəf lövhəsində şəklimizin olması üçün bizi həvəsləndirirdi. Yaxşı oxuduğum üçün müəllimlər məni çox istəyirdi”.
Məktəbə kərtənkələ gətirmişdim
Balaca Qurban məktəbdə müəllimləri qorxutmaqdan da çəkinməyib: "Yeddinci, ya səkkizinci sinifdə oxuyardım. Sinif yoldaşımla birgə balaca kərtənkələ tutduq. Kibrit qutusuna qoyub məktəbə gətirdim. Qızlara göstərdikcə, qorxub qaçırdılar. Müəllim sinfə girəndə təntidim, kibrit qutusunu lövhənin kənarına qoydum. Firuzə müəllimə təzə dərsi danışırdı, lövhənin qarşısında keçəndə gözü kibrit qutusuna sataşdı, götürdü əlinə. Əlində oynada-oynada danışmağa davam etdi. Həmin an sinifə olmayan bir sakitlik çpkdü. Hamının fikri kibrit qutusundaydı. Müəllimə də ləzzət edir ki, uşaqlar belə sakit durub. Deyir, baxın, maraqlı dərs olanda necə diqqətlə qulaq asırsınız?! Birdən necə oldusa, müəllim qutunun ağzına açdı, kərtənkələ içindən hoppanıb çıxdı. Müəllim başladı qışqırmağa, az qaldı yıxıla, tez tutduq onu. Hay-haray düşdü. Kimsə qutunu götürüb pəncərədən yerə atdı, məktəb direktoru gəldi, oğlanları düzdü lövhənin qarşısına. Soruşdu, Qurban, kərtənkələni sinfə kim gətirib? Dedim, bilmirəm. Söz ağzımdan yenicə çıxmışdı ki, əlindəki bir topa açarla boynumdan vurdu. Gözüm qaraldı, dedim, "mən gətirmişdim, Midhət müəllim, məktəbin zoologiya muzeyinə verəcəkdim”. Məni sinifdən qovdu, tapşırdı ki, valideynlərim gəlməmiş sinfə buraxılmayım. Evdən çıxıb gəlirəm məktəbə, tənəffüsdə sinif yoldaşlarımla oynayıram, zəng çalınanda dərsə buraxmırlar, məktəbin həyətində gözləyirəm. Axırda anama dedim, məni dərsə buraxmırlar, gəl, gedək. Atam məktəbə gəlməzdi, ancaq anam gələrdi. Gəldi, danışdı müəllimlərlə, bağışladılar. Bax, o döyülməyim hələ də yadımdadı. Anam mənim günahlarımı həmişə bağışlayırdı”.


Hüquqşünas olmaq istəyirdim

Müsahibimizin arzusu məktəbi bitirdikdən sonra hüquq fakültəsində oxumaq olub. Hətta tarixi o qədər mükəmməl bilib ki, 1-ci kursda müəllimi onu tarix dərsində iştirak etməkdən azad edib: "Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsinə daxil oldum. Açığını desəm, əvvəl mənim bu fakültədə oxumağa həvəsim olmurdu. Hətta 1-ci kursun axırında sənədlərimi götürmək istəyirdim. O vaxt tarixə böyük marağım var idi və çox oxuyurdum. Yaddaşım güclü idi, heç vaxt mühazirə yazmırdım. Diqqətlə qulaq asırdım və hamısı beynimə həkk olunurdu. Bir dəfə müəllim mənə dedi ki, sən tarixi mükəmməl bilirsən, get, başqa dərslərinlə məşğul ol. Hüquq fakültəsini istədiyim üçün tarixi çox oxuyurdum. O vaxt hüquqa qəbul olmaq üçün 2 il staj olmalı idi. Buna görə bu qərarımdan danışdım”.
Dilimin bəlasına düşürdüm
Q.Yetirmişli universitetdə də cəsarətli davranışları ilə seçilib. Yoldaşları onun dilinin bəlasına gələcəyində qorxsalar da, o dəcəlliyindən əl çəkməyib: "Bir dəfə universitetin rektoru Faiq Bağırzadə bizə dərs deyirdi. Pencəyi lövhəyə sürtünüb tabaşir olmuşdu. Başladı deyinməyə ki, sizin auditoriyaya gələndə adamın üst başı işdən çıxır. Mən də dedim ki, narahat olmayın, professor, sizə bir xalat təşkil edərik. Dedi ki, "kim dedi bu sözü”, mən qalxdım. Başladı danışmağa ki, mən rektoram, 650 rubl pul alıram, sən 35 manat alan tələbə mənə necə xalat alacaqsan. Parta yoldaşım mənə dedi ki, bu saat səni buradan qovacaqlar. Zəng vuruldu. Hamı deyirdi qanın getdi, rektor gəlir. Dərsə girdi və soruşdu ki, o təşkilatçı hanı? Dedim deyəcək çıx get. Dedi ki, həə, indi dərsi başlaya bilərik”.


Şparqalkaları corabımın içinə atmışdım
Bir çox tələbə kimi Qurban Yetirmişli də "şparqalka”dan istifadə edib: "Ədəbiyyatdan şuluq olmuşam. Sərbəst mövzuları öyrənirdim, ədiblərin mövzusu kənarda qalırdı. Bacım da mənə şparqalkalar hazırlamışdı və hamısını corabımın içinə atmışdım. Mən də əlimi atıb götürürdüm, görürdüm o deyil, atırdım partanın "gözünə”. Müəllim mənə yaxınlaşdı və dedi ki, dur çıx çölə. Baxdım ki, partanın gözü yox imiş, yer ağ kağızdır. Dedim, müəllim məni bədbəxt eləmə... Tez yığışdırdım, müəllim də məni çıxarmadı. Özüm yazıb "3” aldım”.
Universitet mənə tamaşa edirdi
Maddi vəziyyətləri yaxşı olduğu üçün hər tətildə fərqli ölkələrə səfər edib. Universitetdə geyimi ilə də seçilib: "Bir dəfə güprdən qara köynək almışdım. Sonra o köynəyi Polad Bülbüoğlu da geyinmişdi. Polad Bülbüloğlunun köynəyindən geyindiyim üçün bütün universitet mənə tamaşa edirdi”.
Universiteti bitirdikdən sonra isə həmsöhbətimizin karyera həyatı başlayır: "Dövlət imtahanı verərkən rəhbər təyin edirdilər. Rəhbərim mənim ad soyadımı oxuyanda dedi ki, sən Borçalıdan olan Cəlalın oğlusan? Dedim, hə. Dedi ki, atana deyərsən, ayıb olsun. Çox əsəbiləşdim, istədim cavab verəm. Dedi ki, qardaşımın oğlu 5 ildir burada oxuyur, mənim xəbərim yoxdur. O, tanınmış professor idi. Mənə geologiya institutunda işləyən Emin Süleymanovu rəhbər təyin etdi. Müdafiə etdim və məni təyinatla Qazaxıstana göndərdilər. 2 ay yarım orada işlədikdən sonra Bakıya qayıtdım. Mühəndislik diplomumun olmasına baxmayaraq, baş laborant işlədim. Bu laboratoriyada neft-qaz yataqlarının əmələ gəlməsi sahəsini öyrənirdim. 3 ay idi işləyirdim, məni çağırdılar, ərizəni yaz laboratoriyaya keçirək dedilər. Bildirdilər ki, Emin müəllim sənin üçün böyük mühəndis ştatı alıb. O vaxt böyük mühəndisin maaşı mənim maaşımdan 2 dəfə çox idi. Neft mənə çox maraqlı gəldi və keçmək istəmədim. 2 il sonra yeni yaradılan Geofiziki Cihazqayırma Konstruktor bürosuna mühəndis keçdim. 1 il sonra isə Geofizika Elmi Mərkəzi yaradıldı və orada aparıcı mühəndis oldum. O vaxt məni müəyyən ölkələrə oxumağa göndərirdilər. Regionların planlaşdırılması idarə edilməsi üzrə ikinci diplomumu aldım. Sonra mən Seysmoloji partiyanın rəis müavini oldum. 1980 - 2008- ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini, 2008-ci ildən isə RSXM-in direktoru kimi çalışıram. 2000-ci il zəlzələsindən sonra yeni binalar tikildi. Bütün gücümü komandanın fikrini elmi inkişaf etdirmək üçün sərf etdim. 2009-13-cü illər arasında böyük sıçrayış etdik və stansiya şəbəkələrinin sayını artırdıq. Stansiya şəbəkələri nə qədər çox olsa, oradan alınan məlumatların düzgünlüyü o qədər yaxşı olur. İndi də tələbələri xaricə göndəririk”.
İndiki gənclər tənbəldir
Müsahibimiz ilk maaşını qəpiyinə qədər anasına verib: "Anam demişdi ki, əhd eləmişəm, oğlumun maaş aldığını görüm, ilk maaşını kasıb-kusuba paylayacağam. İlk maaşımı alanda saxladım, qəpiyinə kimi anama verdim”.

Müasir gənclərdən narazılığını bildirən həmsöhbətimiz deyir ki, indiki gənclər çox tənbəldir: "Bəzi gənclər çox səhlənkardır. Məsuliyyət hiss etmirlər. Bizim vaxtımızda belə imkanlar yox idi. İndi oxuyan gənclər üçün daha gözəl şərait var. Ədəbiyyat, informasiya bolluğu, internetin verdiyi məlumat və s. Biz barmaqla saya-saya gəlib bu günə çıxmışıq. Kompyuterlər yox idi. İndi iki dəqiqənin içində bütün dünyanın kitabxanasını araşdırmaq olar. Keçmişə qayıtmaq şansım olsaydı, mütləq xarici dillər öyrənərdim. Nə qədər çox dil bilsən, o qədər çox öyrənmək, məlumat toplanmaq şansın artır. Gənclər mütləq özlərini inkişaf etdirməli, öz üzərlərində işləməlidirlər”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər