• cümə axşamı, 28 mart, 21:37
  • Baku Bakı 13°C

Poeziyada dini amillərin yer almasına ehtiyac var?

05.12.16 10:48 2217
Poeziyada dini amillərin yer almasına ehtiyac var?
Bu gün Azərbaycanda dini poeziya varmı? Əgər varsa bu sahədə yaradıcılıq genişdirmi? Şairlər öz şeirlərində niyə dinə yer ayırırlar? Dini hisslər insanlara daha çox təsir edə bilərmi? "Kaspi”nin "Müzakirə”sində cavab tapmaq istədiyimiz suallar maraqlı nüansları ortaya çıxardı.
Poeziyada dini amillərin yer almasına ehtiyac yoxdur
Şair Çingiz Əlioğlu dini mövzuda poeziyanın olmasını istisna etmir. O, bildirdi ki, dini mövzuda həmişə mətnlər yaranıb və olsun ki, bu gün də o cür mətnlər yazan şairlər var: "Daha çox bu sahə ilə qeyri-peşəkarlar məşğul olur. Bununla belə, dini mövzuya cavan şairlərin yaradıcılığında da rast gəlmək olur”. Ç.Əlioğlu hesab edir ki, bu səpkili mövzuların yazılması ictimai tələbatdan asılıdır: "Xüsusi olaraq bu sahəni izləməsəm və özüm bu səpkidə yazmasam da, o mövzuları sevənlər də var. Ola bilər ki, bu səpkidə əsl poetik nümunələr yaransın, ancaq çağdaş poeziyamızda yüksək peşəkarlıqla yazılmış dini səpkili şeirlərə hələ rast gəlməmişəm”. Şair hesab edir ki, dini duyğular insanların şəxsi hissləri, düşüncələridir. İnancı olan, mənsub olduğu dinin ənənələrinə sadiq, mənsub olduğu dinin qayda-qanunlarına riayət edən insanlara həmin duyğular hakimdir. "Bu duyğuları şeirə çevirmək isə hər şairin özündən asılıdır”.
Şair Musa Ələkbərli poeziyada dini mətnlərlə ümumiyyətlə, maraqlanmadığını bildirir: "Ola bilər ki, kimsə adda-budda bu mövzuda şeirlər yazır. Bəzən şairlər öz yaradıcılıqlarında Tanrıya, Peyğəmbərə müraciət edirlər. Ancaq bu mövzuda davamlı və ardıcıl yazan şair tanımıram”. M.Ələkbərli hesab edir ki, bu gün dünyamız çox qarışıq olduğundan, təriqətlər üz-üzə qaldığından, müəyyən bölgələrdə qırğınlar getdiyindən poeziyada dini amillərin yer almasına ehtiyac yoxdur: "Xüsusən şeir yazan adamın Tanrı ilə birbaşa əlaqəsi var. O, birbaşa Tanrının diktəsi ilə yazır. Ayrıca dinə, təriqətlərə şeir həsr etmək ağlıma sığışmır. Məndən ötrü mövzunun belə bir önəmi yoxdur, mənim üçün poeziya var. Əgər hər hansı bir qəzetdə və ya jurnalda ədəbiyyatla bağlı yazıya rast gəlirəmsə, poeziya nümunələri olduğu təqdirdə oxuyuram”.
Çətinə düşəndə Allahı çağırırıq
Şair-tərcüməçi Səlim Babullaoğlu ruhani daxili, metafizik qatı olan poeziyanın olduğunu inkar etmir: "Xüsusən klassik ölçülərdə qəzəl yazan şairlərimizin şeirlərində bu, daha çox hiss olunur. Eyni zamanda, müasir cavan şairlərimizin yaradıcılığında da Allah ideyası, Tanrı düşüncəsi, metafizik qat az da olsa var. Dini mövzuya toxunma şairin, yazıçının daxili ilə bağlı olan məsələdir. Bu mövzunu hansısa kənar təsirlərlə və ya diktələrlə nə genişləndirmək, nə də azaltmaq olar. Şair var ki, onu ateistlərin içinə salarsan, yalnız dini şeir yazar, amma heç kim oxumaz. Şair də var ki, bu mövzu ümumiyyətlə, ona heç vaxt yaxın olmayıb və olmayacaq. Ona görə də məxsusi olaraq hansısa təsirləri artırmaq və ya azaltmaq mümkün deyil. Kimin ki, daxilində ruhaniyyət var, mütləq bu mövzuya gəlib çıxacaq. İçində olmayan isə heç vaxt bu mövzudan yazmayacaq”. S.Babullaoğlu şairlərin öz yaradıcılığında dini məqamlara toxunmasını, Tanrıya, Peyğəmbərə müraciətini Allahın mütləq güc olması ilə əlaqələndirir: "Yəqin ki, Tanrı mütləq güc olduğu üçün ona müraciət etməyin lazım olduğunu düşünürlər. Bütün müşkülləri həll edən, çıxılmaz vəziyyətlərdən çıxış yolu göstərən Tanrıdır. İnsanların bu baxımdan Allaha müraciət etmələri də təbiidir. Çünki Allahdan başqa heç kəsdə qüdrət yoxdur. Mənim düşüncəmə görə, Allah ideyası hər bir insanın içərisindədir. Kimsə bunu şeir şəklində ifadə edirsə, kimsə gündəlik həyatında dua şəklində, yaxud daxili söhbəti kimi edir. Hamımız çətinə, qaranlığa düşəndə Tanrıya müraciət etdiyimiz kimi şairlər də bunu şeir şəklində edirlər. Bu, insanın təbiətində, fitrətində var”. S.Babullaoğlunun fikrincə, dini poeziya anlayışı ümumiyyətlə, yoxdur: "Şairin ruhi hazırlıq dərəcəsindən və səviyyəsindən asılı olaraq, onun bu cür mövzulara toxunmaq ehtiyacı artır və yaxud özünü büruzə verir. Məsələn, biz Nizami Gəncəvi haqqında "o, dini poeziya yazıb” deyə bilərikmi? Amma Nizaminin klassikasında, istənilən poemasının əvvəli məhz Allaha mədhlə başlayır. Eləcə də İmadəddin Nəsimi, daha əvvəl Xəqani, Şirvani, Məhəmməd Füzuli, Seyid Əzim Şirvanidən üzü bəri, 20-ci əsrdə də Vaqif Səmədoğlu, Ramiz Rövşənin, gənc şair Fərid Hüseynin şeirlərində Allaha müraciət var. Çünki başqa güc yoxdur. Bu baxımdan, dini poeziya anlayışı yoxdur, amma Tanrıya müraciət etmə böyük poeziyanın məziyyətidir. Bunsuz mümkün deyil”.
Şeirin dini yox...
Poeziyanı duyğuların, yaşanmışların, yaşanmamışların tərənnümü, izharı adlandıran şairə Esmira Məhiqızı deyir ki, söhbət yaşamdan gedirsə, bizim həyatımız dinə, Allaha bağlıdır və Allahsız heç nə yoxdur: "Amma poeziya Allahın bizə verdiyi bir başqa aləmdir. Elə bir aləm ki, ağrılar da, ayrılıqlar da orda gözəldir. Hər şey poeziyada gözəl, poeziya hər şeydə gözəldir və bu gözəllik hər kəsə nəsib olmur. Duyğuların dini olmur bəlkə də, hisslərin dini olmur. Amma bizim mənsub olduğumuz dinlər var. Yəni mən müsəlmanamsa, elə şeylər var onu müsəlman kimi düşünməliyəm və bəzi qayda-qanunlara müsəlman kimi riayət etməliyəm. Amma duyğular başqa... O, heç bir qəlibə, formaya, çərçivəyə sığa bilməz. Yəni şeirin də dini yox, deməkdir bu...”
"Klassiklərimizin hansının yaradıcılığına baxsanız, dinə böyük önəm verdiyini görərsiniz” deyən yazar Kənan Hacının fikrincə, Nizamidən üzü bəri bütün şairlərimizin yaradıcılığından bu xətt keçir: "Klassik poeziyaya bağlı şairlərimiz ötən əsrin əvvəllərində Kərbəla olayına nohələr həsr ediblər. Sonra sovet ideologiyası başqa tələblər qoydu. Dini poeziya arxa plana keçdi. Bu cür şeirləri üzə çıxarmaq müşkülə döndü. Müstəqillik illərində isə din yenidən önə çıxdı və dini poeziya nümunələri qəzəlxanların yaradıcılığında yer aldı”. Dinin həssas bir nöqtə olduğunu bildirən yazar hesab edir ki, istedadlı insan dini dəyərlərə bağlıdırsa, bunu öz yazılarına da gətirəcək: "Amma təəssüf doğuran hal odur ki, bu günün yazarı bu mövzuda qəlibdən çıxa bilmir. Məsələn, Raci kimi, Qumri kimi, Dəxil kimi şablon, basmaqəlib ifadələrdən istifadə edirlər. Ərəb, fars izafətləriylə şeiri yükləyirlər. Dini mövzuda da yeni ifadə tərzi, fərqli yanaşma olmalıdır”. Şairlərin niyə dini şeirlər yazmasına gəlincə, K.Hacı bunu "insanlar niyə dinə inanır” sualı ilə qarşılaşdırır: "Bu sualın cavabı sizin suala da şamil oluna bilər”.
Dünya ədəbiyyatının və oxucusunun standartları fərqlidir
"Azərbaycanda dini olmayan poeziya yoxdur”- deyən şair Aqşin Yeniseyin fikrincə, elə bir misramız, elə bir cümləmiz yoxdur ki, ruhdan əxlaqi qorxaqlıq, dini ehtiyatkarlıq əskik olmasın: "Ruhaniliklə dindarlığı qarışdırmayaq. Axşamdan səhərə kimi içən adam da ruhani ola bilər, amma axşamdan səhərə kimi ibadət edənlərin əksəriyyətində ruhanilikdən əsər-əlamət yoxdur. Ruhanilik ruhun arzularının arxasınca getməkdir. Bizim bəzi dindarlar isə qıldıqları namazı da bədənlərinin xeyri üçün qılır, onu, ən azı, idmanla müqayisə edirlər. Bir neçə klassik şairimizin ruhani poeziyasını çıxmaqla, yerdə qalan ədəbiyyatımız dini qorxunun formalaşdırdığı təfəkkürün məhsuludur”. A.Yenisey bildirir ki, başqa ölkələrin heç bir kitabxanasında azərbaycanlı yazıçının, şairin bu mövzuda heç bir kitabına rast gəlmək mümkün deyil: "Özümüzdən başqa bizi heç kim oxumur. Dünya ədəbiyyatının və oxucusunun standartları fərqlidir. Dinə söykənib, ancaq terrorizmlə dünyanı şoka sala bilərik və bunu edirik. Bütün dünya onlardan danışır”. Şair dini səpkili şeirlərin geniş yazılmasına ehtiyac görmür: "Ümumiyyətlə, müasir dünyada dinlə, təriqətlə mənəviyyatı inkişaf etdirmək fikri varsa, bu, təhlükəli siyasi maraqların niyyətidir. Din başlanğıcda toplum arasında ortaq dil, anlaşma rolu oynayırdı. Vahid inanc ətrafında birləşmək qədim insanlar arasında rifahın yaxşılaşmasına xidmət edirdi. Allah bizim düşündüyümüz kimi, boş-boşuna göydən düşməyib. Allah ideyasının psixi anlamdan daha çox, sosial səbəbləri var. Amma ən yaxın son iki min ildə din ancaq siyasi maraqlara xidmət edir. Yəhudiləri parçalamaq lazımdır? Buyur, bu da xristianlıq! Qoyun ətini bazara çıxarmaq lazımdır? Bu dəqiqə! Allah donuz ətini haram buyurdu! Orta Şərqdə neft ehtiyatlarını ələ keçirmək lazımdır? O da bizim gözümüz üstündə! Hanı o cənnətlə beynini yuduğumuz yeniyetmələr?” A.Yeniseyin fikrincə, ölkədə hər bir sahəni inkişaf etdirməyin yeganə yolu elmi, dünyagörüşü aydın seçilən, işinin peşəkarı olan adamlara sərmayə qoymaqdır: "Məşhur mahnıda deyildiyi kimi, başqa yolu yox artıq!” Dini duyğuların insanlara daha çox təsir etməsinə gəlincə, A.Yenisey heç bir inanca inanmadığını deyir: "Mənim indi oxuduğum əsərlərdən biri Vladimir Bartolun "Əlamut” kitabıdır. Bu kitabda İsmaili sui-qəsdçilərin başçısı Həsən Sabbahın rəhbərliyi altında Əlamut qalasında süni cənnət effektləri yaradılaraq, yeniyetmələrdən necə sui-qəsdçi hazırlanması təsvir olunur. Əhliləşdirilmiş ceyran və qaplanların arasında asudə həyat sürən, pulla alınmış yeniyetmə kölə qızlar, ataları və qohumları Səlcuqların siyasi təqibinə məruz qaldığı üçün qisas hissinin toruna düşüb qalaya gələn və şeirlə, musiqi ilə bəslənən gənc oğlanlar... Bu gözəlliklərin yalnız bir məqsədi var - insan öldürmək! Mən qəlbdən ağıza daşınan heç bir inanca inanmıram və belə dinlərin unudulmasının tərəfdarıyam”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər