• cümə axşamı, 28 mart, 15:34
  • Baku Bakı 16°C

Poeziya və azadlıq

29.04.19 13:45 1510
Poeziya və azadlıq
...burda
azadlığın dərisini
çoxdan soyublar.

Rəsul Rza

Öz ədəbi yaşıdları və müasirləri arasında azadlıq haqqında çox və yaxşı yazan sənətkarlardan biri kimi Rəsul Rza diqqəti cəlb edir. Rəsul Rza lirikasında Azadlıq motivinin ifadəsi ilə bağlı mühüm fikirlər söyləmək olar. Onun bu mövzudakı əsərləri ömrünün və yaradıcılığının müxtəlif dövrlərində qələmə alınmışdır. Şairin azadlıq haqqındakı ilk əsərlərindən biri "Azadlıq günü” 1945-ci ildə, "Azadlıq heykəli” şeiri 1954-cü ildə, "Azad torpaq çiçəkləri” 1955-ci ildə, "Azadlıq” şeiri isə 1962-ci ildə yazılmışdır. "Azadlıq günü” və "Azad torpaq çiçəkləri”, eyni zamanda, "Azadlıq heykəli” və "Azadıq” şeirləri öz sərlövhələri ilə də diqqəti cəlb edir. Bir tərəfdən, siyasi qətllərin adi həyat tərzinə çevrildiyi bir cəmiyyətdə, Stalin səltənətində Azadlıq sözünün (həm də arzusunun!) vurğulanması böyük və unudulmaz bir hadisə idi. İkinci tərəfdən isə, bu şeirlərdə ustad sənətkar öz zamanının fövqünə yüksələ bilmişdi.
Xüsusən, "Azadlıq heykəli” (1954) şeiri özünün məna tutumuna və pafosuna görə XX yüzil Azərbaycan poeziyasında fərqlənir. "Azadlıq heykəli”nin mətnini dəfələrlə oxuyarkən bu şeirin sətirləri arasında və altında sözlə ifadəyə sığmayan mənaların da mövcud olduğunu sövqi-təbii hiss edirsən. Poetik mətndəki özünəməxsus təkrar və təkrirlər sanki müəllifin sözlərdə əks etməyən istəyini müəyyən hədəfə yönəldir. Amerikadakı məşhur Azadlıq heykəlinin oyatdığı təəssüratlar zəminində yazılmış şeiri ustad sənətkar, ümumən, azadlıq haqqındakı fəlsəfi şeirə çevirə bilmişdir. Bu şeirin özünəməxsus süjet və kompozisiyası şairin demək istədiyi fikrin açılmasına və emosional bədii ifadəsinə yönəlib. Müəllifin seçdiyi lirik təhkiyə üsulu, lirik təkid və təkrirlər şeirin konsepsiyasını gerçəkləşdirməyə xidmət edir. Şeirin proloqu üç hissədən ibarətdir və hər hissə də eyni sözlə – "Deyirlər” xəbəri ilə başlanır.
Deyirlər, Nyu-Yorkda
bir azadlıq heykəli var.
Nə qədər qalxsa
okeanda dalğalar,
yenə
yolçular görür onu
sahilə xeyli qalmış.
Lirik proloqun ikinci hissəsində də Azadlıq heykəlinin təsviri və təqdimi davam edir. Bu hissədə də Azadlıq heykəlinin möhtəşəmliyi vurğulanır: "Deyirlər, Nyu-Yorkdakı azadlığın heykəli göydələn binalar kimi ucalmış. Yanar bir məşəl tutur onun sağ əli”. Və nəhayət, lirik proloqun növbəti – üçüncü hissəsində də onun hədsiz yüksəkliyi və ucalığı, gecə-gündüz belə hər yandan görünməsini şair xüsusi bir maraqla diqqətə çatdırır:
Deyirlər,
gecə-gündüz
hər yandan görünür
bu Azadlıq heykəli.
Müəllifin bu üç parçanı mətndə ardıcıllıqla verməsi, bizcə, təsadüfi deyil. Çünki Rəsul Rza kimi təcrübəli bir sənətkar şeirdəki nəinki hər bir söz və ifadəni, hətta süjetin və fikrin ardıcıllığını, durğu işarələrinin özünəməxsus poetik funksiyasını da nəzərə alırdı. Heç bir səbəb və müəyyən bir poetik məqsəd olmadan müəllif şeirdə, təxminən, eyni bədii informasiyanın təkrarlanmasına yol verməzdi. Üçüncü hissədən sonra gələn aşağıdakı sətirlər də müəllif bədii niyyətinin ciddiliyinə işarə edir:
Kim acdırsa
bu heykəlin ətəyində,
gedib-gələnə
azad
əl aça bilər.
Bu azadlıq heykəlinin insanlara verəcəyi başqa bir mühüm imtiyazı da müəllif vurğulayır: "Kim yurdsuz-yuvasızdır – burda gecələyib polis görəndə bacarsa, qaça bilər”. Beləliklə, "Azadlıq heykəli” şeiri çoxmənalılığı və çoxqatlılığı ilə diqqəti çəkir. Müəllif şeirdə bu heykəlin əzəmətini və məşhurluğunu təkid etməklə bir neçə məqsədi nəzərdə tutmuşdur. Birincidən, azadlığa başı göylərə dəyən heykəl qoymaqla əsl azad olmaq arasında yerlə göy qədər fərq var. Yəni şair Amerikanın Azadlıq heykəlinin əzəmətini dəfələrlə vurğulamaqla bunun heç nəyi həll etmədiyini söyləmək istəmişdir.
"Azadlıq heykəli” şeirinin azadlıq haqqındakı mədhiyyə olmadığını şeirin əsas qayəsini və fəlsəfəsini ifadə edən aşağıdakı misralar da ayıq oxucuya əyan edir:
Deyirlər,
bir gün
bir dili dinc durmaz,
bu heykələ baxıb bir az,
demişdir:
bəli! Hər şey yerindədir.
Burda böyük məna var, –
və məna dərindədir.
Adətən
ölüyə qoyarlar heykəli.
Bu heykəli də yerində qoyublar,
Çünki
burda
azadlığın dərisini
çoxdan soyublar.
Həqiqətən, bu şeir ifadə etdiyi fikir və düşüncələrə görə, son dərəcə qeyri-adidir. Müəllifin irəli sürdüyü və müdafiə etdiyi poetik həqiqətin miqyası hədsiz geniş, məna çalarları zəngin və rəngbərəngdir. Bu şeir üzərində düşünərkən, qeyri-ixtiyari olaraq, iyirminci yüzilin görkəmli klassiklərindən biri Pyer Reverdinin sözlərini xatırlayırsan: "Şairlər gələcəkdən xəbər vermirlər, amma indiki zaman gerçəkliyindən bəzən elə şeyləri duyurlar ki, onlar çoxlarına yalnız gələcəkdə məlum olur”.
"Azadlıq heykəli” şeiri rəmzi məna və məzmunla yoğrulmuşdur. Rəsul Rza poeziyasında bu cür poetik nümunələr az deyil. Şair təsvir etdiyi hadisə və lövhələr haqqında nəticə çıxartmağı oxucunun öz öhdəsinə buraxır. Bizim poeziyamızda assosiativ şeirin banisi kimi Rəsul Rza şeirin məna və məzmununun formalaşmasında oxucunun iştirakını təmin edən qüdrətli sənətkarlarımızdan biridir. Şair, zatən, Amerikada və ya hansısa bir ölkədə azadlıq yoxdur, demir, əksinə, azadlığı bayraq edən ölkələrdə azadlığın yoxluğunu əyani şəkildə göstərir.
"Azadlıq” (1962) şeirində də ustad sənətkarın əsrin ən zəruri məsələsi və insanın ən ali arzusu haqqında düşüncələri yeni və özünəməxsus müstəvidə davam etdirilmişdir. Bu şeirdəki insan azadlığını və əsarətini səciyyələndirən metaforalar həqiqətin sərt və amanız ifadəsi kimi gözəldir:
Qara bir gündə
yaralı bir ölkənin üstündə
dikəldi:
qüvvətdən sərxoş,
qan ləkəli bayraq.
Günəşli bir gündə
qəzəbli bir ölkənin üstündən
endirildi ölüm kölgəli bayraq.
Qollarını geniş-geniş açdı insan.
Qucaqlaşdı
günəş,
hava,
torpaq.
Afrikadakı bir ölkənin azadlığa qovuşmasına sevinən şairin "qan ləkəli bayrağın” dikəlməsindən və "ölüm kölgəli bayrağın” isə endirilməsindən duyduğu sərhədsiz sevincdə öz ana yurdunun, öz ana Vətəninin gələcək istiqlal sevincləri də yaşayırdı. Şairin dünyanın ən ucqar nöqtəsindəki azadlıq sevincinə və qələbəsinə şərik olması, onlarla həmrəyliyi əsrin ən qüdrətli lirik qəhrəmanlarından birinin bilavasitə öz taleyinə və tərcümeyi-halına münasibətini, milli-mənəvi və estetik idealının əsas əlamətlərini və parametrlərini də ifadə edirdi.
Azadlıq arzuları bu şeirdə necə və hansı yolla əks etdirildiyini dərk etmək bəlkə də hazırlıqsız oxucu üçün müəyyən dərəcədə çətinlik törədə bilər. Amma "Qəribə arzular”ı XX əsr şeirimizin şedevrinə çevirən də məhz bu xüsusiyyətdir. Əslində, şair öz bədii niyyətini elə sərlövhədəcə bildirib. Nəyə görə şeiri "Arzular” yox, məhz "Qəribə arzular” adlandırıb? Əslində, bu şeir hamının hər gün yaşaya bilmədiyi, yalnız milli və ictimai zaman kontekstində düşünməyi bacaran nadir insanlara məxsus və buna görə də hamı tərəfindən dərhal duyulmayan, anlanmayan təkrarsız bir yaşantı haqqındadır:
Axır günlər
məni düşündürür yaman
Danəndə Bəhlul,
bir də
"Min bir gecə”nin
dolaşıq yollarındakı
qara qul.
Bir də kefli İskəndər.
Bəli, kefli İskəndər.
Bu parçada müəllifin bizə təqdim etdiyi üç obraz – Bəhlul Danəndə, qara qul və kefli İskəndər, qeyri-ixtiyari olaraq, oxucunu düşündürür. Müəllif öz yaşantısını və düşüncələrini nəyə görə məhz bu obrazlar ətrafında mərkəzləşdirib? Bu suala qısaca və natamam belə cavab vermək olar; Bəhlul Danəndəni və "Min bir gecə”dəki qara qulu şeirin yazıldığı məkan müəllifə sanki assosiativ tərzdə "diqtə edib”. Belə ki bu şeir Bağdadda yazılıb və Bağdad təssüratları müəllifdə bu cür duyğusal düşüncələr oyatması da təbiidir. Bəs kefli İskəndər? Kefli İskəndər isə, təbii ki, Bəhlul Danəndə obrazının əks-sədasından doğulub. Şərqin qədim və yeni, əbədi narahat düşüncə simvolları... Amma şeirin sonrakı sətirləri zamanca və məkanca bir-birindən son dərəcə uzaq olan bu obrazların təsadüfən seçilmədiyini göstərir:
Bir də Afrikanın qumlarında
göz-göz, yara kimi açılmış faciələr.
Bir də azadlıq, kaloniya,
qüvvət, ədalət kimi sözlər.
Bir də Madriddə korridalarda,
al qanına boyanmış
matadorlar, öküzlər.
Hər şeydən artıq
düşündürür məni
Danəndə Bəhlul.
Yox, kefli İskəndər.
Məhz bu parçada biz şairin əsas poetik məqsədi ilə yaxından tanış oluruq. Şeirdəki məşhur obrazların potensial mahiyyətini və mənasını buradakı ayrı-ayrı ifadə və informasiyalar daha da qabardır. Şərqin ən sərbəst düşüncəli şəxsiyyətləri Bəhlul Danəndə və Kefli İskəndər, bir də qara qul müəllifi nəyə görə iztirablə düşüncələrə qərq etdiyini dərk etməyə başlayırıq. Bağdadın, Afrikanın, Ərəbistanın qumlarındakı "göz-göz yara kimi açılmış faciələr” haqqındakı duyğusal düşüncələr təkcə bu regionun azadlıq iztirablarını ifadə etməklə kifayətlənmir. "Bir də Madriddə korridalarda, al qanına boyanmış matadorlar, öküzlər” həqiqətən şairin azadlıq arzularının Afrika qitəsinə sığmadığını göstərir. Və kefli İskəndər də şair düşüncələrinin miqyasının genişliyini əks etdirir. Yəni Kefli İskəndər obrazı da şairin yuxarıda vurğuladığı miqyaslara sığmır. Çünki o, öz varlığı və mahiyyəti ilə başqa bir azadlığa həsrət bölgənin, ölkənin Azadlıq işarəsidir:
Bir də
kölgə kimi
məndən ayrılmayan bu kədər.
İşıqsız yaşasam
Kölgədən qurtararam.
İşıqda kölgəm var,
mən də varam.
Şairin bu çoxmənalı misraları Kefli İskəndər obrazının şeirdə məhz təsadüfi iştirak etmədiyini bir daha təkid edir. Bu obraz şairi "kölgə kimi” izləyən kədərin ifadəsidir. Və şeirin sonluğu da sənətkaranə düşünülüb. Müəllifin bədii-fəlsəfi fikirləri və təhlilləri oxucunun düşüncəsində davam edir. Ənənəvi şeirdəki bədii nəticə və xülasə üsuluna R.Rza poeziyasında rast gəlmirik: "Ah, Bəhlul Danəndə! Bəhlul Danəndə! Nə tab qaldı, nə tavan məndə. Götür İskəndərə zəng elə, Bəhlul Danəndə! İçkini siz gətirin, yeməyə bir şey tapılar məndə”.
Yaradıcılığının, demək olar ki, bütün dövrlərində azadlıq haqqında düşünən və yazan görkəmli sənətkarın bu mövzudakı əsərlərində dünyanın ən böyük imperiyasında yaşayan fəal və mübariz bir insanın ürək döyüntüləri və iztirablarla dolu narahatlığı bədiiləşib. Yuxarıda nəzərdən keçirdiyimiz şeirlər və bir çox başqa əsərləri əyani şəkildə göstərir ki, Rəsul Rzanın dünyanı və qitələri dolaşan azadlıq arzularında bir gün öz doğma vətəninini də tam azad və xoşbəxt görmək istəkləri əks edirdi. Böyük şairin yaradıcılığının erkən çağlarından başlanan milli və mənəvi azadlıq sorağındakı bütün ümid və diləklərinin mahiyyətində azad Azərbaycan arzuları nəfəs alırdı.

Yaşar Qasımbəyli





banner

Oxşar Xəbərlər