• cümə, 29 Mart, 01:24
  • Baku Bakı 7°C

Poeziya ən güclü dərmandır

09.01.17 12:58 11377
Poeziya ən güclü dərmandır

Dünyanın o biri başına, ya da daxili dünyamızın ən arzuolunmaz hissəsinə səyahət edərkən poeziya çantamızda daşıdığımız ən güclü dərmandır. Bu, xarakter etibarı ilə avto-immun dərmanıdır. Biz yunanların ümumilli düşüncəsinə görə, poeziyamızın güclü əsaslar və özünəməxsus elementlərlə yüz illərdir davam edən gücü müqayisəsiz və şübhəsizdir. Bu bəlkə də, müasir dövrümüzə, dilimizə toxunulmamış və möhtəşəmliyi ilə bu günümüzə qədər gəlib çatmış qədim yunan şəhərləri və Bizans imperiyası qalıqlarından da daha təbii və təsirli şəkildə adaptasiya ola bilən ən gözəl incəsənət sahəsidir və heç şübhəsiz bugünün təfəkkür tərzinə birbaşa təsir edə bilir. Poeziya oxucuların nəzərindəki bir ustad kimi dərin izlərə və canlı həyəcanlara sövq edir, yeni mizan formalaşdırır, dayaz səthlərə dərin cığırlar salır, unutqanlığın dərin köklərinə qarşı yüksək zirvələrdə dimdik durur. O, həqiqəti və əhəmiyyətli olanı müəyyənləşdirmək arasında sərhədlər cızır, hər birimizə zəngin yaradıclıq imkanları verən azadlıq və cəsarəti itirmək, həmçinin çəkilmək seçimləri verir.

Hər şeyin ölçüsünü bilən adam həyatın özüymüş kimi duruş sərgiləyir, bütün problemlərin həllinə cavabdeh şəxs kimi davranır. Bir tərəfdən hörmətimizi və qəddar duyğular oyadan lirik sətirlərimizə layiqmiş kimi görünür, digər tərəfdən isə yazdıqlarımıza elə reaksiya verir ki, sanki bizim yazdıqlarımız nə qədər güclü olursa olsun, heç vaxt dərin uçurumdan xilas olmaq üçün şeirlərimizə ehtiyacı olmayacaq.Halbuki poeziya bizə öz yaralarımızın fəzilətlərini və lazımsız sükutdan qaçmağın yollarını öyrədir. Eyni zamanda boşa xərclənəsi zamanın olmadığını deyir. Poeziya diqtə edir ki, əgər dil kəşf olunmasaydı, odunun kəşfi mənasız bir inqilab olaraq qalacaqdı.

Poeziya zaman-zaman, hansısa hadisəyə görə yararlılıq qazanmır. Ona anlayışlarımızı yeniləmək, günəşli günlərdə görünənin möhkəmliyindən əmin olmaq üçün bugün olduğu kimi, bütün qaranlıq dövrlərdə ehtiyacımız var. Çünki insan üçün mənfi tərəfə meyillənmək çox asan vərdişdir. Yenə də poeziya əsla özünü "azlığa”, "seçilmişlərə” xitab edən, aid olan bir şey kimi təqdim etməyib, nə də yalnız intellektuallara, elit təbəqəyə aid olmayıb. Çünki poeziya təbiətən liberal və universaldır, heç bir xeyir, təmənna güdmədən ruhlarımızı qidalandırır, doyuzdurur.

XX yüzillik nəhəng dəyişiklikləri ilə müasir yunan poeziyasında da böyük bir alovu şölələndirdi. Nəticədə keçdiyimiz hər bir faciəyə və həyatın içində gizlənməsinə icazə vermiş qaranlıqlara işıq tutulmuş oldu.Ədəbiyyat üzrə qazandığımız iki Nobel mükafatı və eyni zamanda qazana bilmədiyimiz digər mükafatlar, yerli və xaricdən olan böyük şairlər, çox da bələd olmadığımız poetik nəsillər, bizi yeni addımlara həvəsləndirən axımlar və bizə kompromisə gedən şairlər nəsli ədəbi həyatın sürətini artırdı. Bu isə hər şeydən əvvəl, bəsit şəkildə yazılmadığı üçün tezliklə unudulmayan möhtəşəm nəğmələrin ərsəyə gəlməsinə, söz olsun deyə, yaranmayan, ciddi məna yatırlarının yığılmasına səbəb oldu. Məktub erasının dərin bilikli, möhkəm ideyalı böyük şəxsiyyətlərinin nəhəng əsərləri gün işığına çıxdı. Bizi daxili metafizikamızla tanış edən, incəsənətlə aramızdakı münasibətləri yenidən dirçəldən, həyatı və incəsənəti yenidən bir yerə gətirən böyük əsərlər… Bugünün şairlərinin böyük əksəriyyətinin ritmə və obyektə inamını itirmiş bir poeziya üzərində əlləşməkdə israrlı olmalarına baxmayaraq, ənənəvi güclü poeziya bütün əngəllərin öhdəsindən gəlməyi bacarıb. O köhnə nümunədir, amma indi də mövcuddur. Bizim kimi balaca ölkələrdə keçmişdən gələn bu ənənələr mübaliğəli də olsa, qəbul ediləndir.

Əgər sabah-birigün hansısa ölkəyə səfər etmək üçün Yunanıstandan uzaqlaşası olsam, Odisseas Elitisin bir kitabını götürərəm mütləq. Bir şeir toplusu belə kifayətdir ki, vətənimin səsi, ruhu məndən uzaq düşməsin. Unutqanlıq titrəyişləri məni silkələyəndə onun köməyi ilə möhkəmlənirəm.

Xeyr, bəzilərinin nəzərində Elitis hellenosentrik və ya "regional” şair kimi dəyərləndirilməsi, o qədər də pis deyil. O öz ölkəsini yaradıcılığının mərkəzi, nüvəsi kimi seçib. Elitis bu parlayan ölkədən sadəcə poeziyanın dənizləri ilə ayrılır. O ikinci dəfə özünü bir adada yenidən doğdu və bütün həyatınızı Egey dənizində təbiətdən təəccüblənərək, ona vurularaq keçirdi.

Poeziya müharibədən sonrakı ümidsizliyin və yenidən dirçəlmədəki əngəllərə qarşı yüksək dozada mübarizə aparan güclü antibiotikdir. Elitis yaratdığı nümunələrlə yan-yörəsindəki insanları yanılmağa qoynmadı, xəstəhal düşüncələrinə qarşı onlara sivilizasiya və reabilitasiyanın uzlaşdığı çətin yolu göstərdi. Poeziyanın diqtə etdiyi sevgi və məsumiyyət dəniz, xəyal və yurd yeri kimi insanın ibtidai duyğularıdır, ona görə də insanlar şeirə çox tez isinir. Təbiət həyatımızı qoynunda keçirdiyimiz ev sahibi deyil, bizi gözəllik və xatirələrlə bəsləyən qeyri-adi gücə sahib, müdafiəedici, qoruyucu örtükdür. Harada olmağımdan asılı olmadan bu sahillərin küləyini, onun xatirəmdəki xoş ətrini, kilsələrdən ucalan səsləri, dalğaları, keçdiyimiz mübarizələri, nigaranlıqlarımızı, dilimin hər bir xüsusiyyətini, tariximizin dönüş nöqtələrini xatırlayıram. Çünki bu balaca coğrafiyada, irqi sərhədlərin qarşısında geri çəkilməmək mənim üçün yeganə yoldur.

Egey şairi insanın mövcudluğunun bizi əhatə edən qəribə və izahıçətin dünyanın bütün suallarının cavabı hesab edir. Bütün yaradıcılığı boyu durmadan "insan” sözünün altını işarələyir və sanki ruhlarımızın düşdüyü tipoqrafik yanlışları düzəltmək üçün mübarizə aparır.Əgər elə günü sabah Yunanıstana birdəfəlik orada qalmaq üçün qayıdası olsaydım, özümlə itkilərin şairi Seferisin bir kitabını götürərdim. Çünki Yunanıstana qayıtmaq itkini, itkinliyi qəbul etmək, onun daxili və tarixi prosesdə kəsb etdiyi mənanı dərk etməkdir.

Seferis XX əsrin ən güclü ifadə müəlliflərindəndir. Hər zaman doğrulara işıq tutan qüsursuz arqumentləri, faktların nəticələrini dərindən analiz etməyin öhdəsindən uğurla gəlib. Qədim yunan dünyası və Kipr dərin savaşlardan keçərkən, o zaman və böyük güclər arasında sıxışıb qalmış bu ölkədə ölməz poeziya nümunələri yaradıb. O itkinin və kədərli sükutun yırtılmış üzünü və səmimi ağrılarını alıb, onlara poeziya yolu ilə əbədiyaşarlıq və sərt duruş bəxş edib. Onun yaradıcılığında insanlar əziyyət çəkir, çiçəklənməyən sevgi var, uzaqda qalan ocaq yerləri, artıq xəyala çevrilmiş arklar, kral heykəlləri boy göstərir, dondurucu soyuğa baxmayaraq, zanbaqlar hələ də bəyazdır və elə təkcə bu insanı dəli olmaqdan qoruyur.

Seferisin xatirəsində ağrılar və dəniz çürümüş hissələri yandırıcı gücü və duzu ilə sağaldır. Onun "Göyərtə gündəliyi” nigaranlıqların aşkarlanmasıdır, çoxdandır tərk edilmiş gəminin səyahət etmək arzusudur. Şair azad fərdin ideyalarını və insan dünyasının baxış bucaqlarını təbiətlə əlaqələndirir, ortaq olmayan cəhətləri bir-birinə köçürür. O, bəşəriyyətin heyvani şəkildə artan xəzinə doldurmaq, bədəni qidalandırmaq hərisliyini gördü və qorxmadan, cəsarətlə bizi xəbərdar etmək üçün yazdı. O, həyatın müvəqqətiliyini, onun möcüzələrini yeni, müasir frazalar və göstəricilərlə çatdırdı. Bəşər övladının içindəki yarandığı ilk gündən sahib olma arzusuna məhəl qoymadan, qüsurlarını dartıb bir yerə yığdı, əsla əngəllərdən keçmədən inkişafın olmayacağını deməkdən çəkinmədi. Onun poetik irsinin insanın mənəvi dəyərlər və cəmiyyətin inkişafı qarşısında məsuliyyətlərini qabardan gücü var. Seferis bizi, sözün əsl mənasında, sağaldan şeyləri ağrının və qorxunun arasından axtarıb tapıb. Bizi öz mənəvi uçurumumuzdan, bütlərimizdən xilas edib. Bəlkə də, onun yazdıqları ilə biz özümü ifadənin yeni üsullarını tapa, özümüzü yenidən, lap başdan yarada bilərik.

Əgər mən Rimbaud kimi bir macərapərəst-səyyah olsaydım və bu dünyanın hər yerində daxili miqrant duyğusu ilə yaşasaydım, özümü bütün sosial paradiqma və təlimlərdən azad olunmuş hiss etsəydim, mənə Kavafinin kitabı lazım olardı. Gizli, sahibsiz, natamam, məşhur şeirlər, hamısı mənim nəzərimdə eyni dərəcədə möhtəşəmdir. Onun tərzi hər gün aldığın oksigenin vəhşi, xoş tərəfini duymağı öyrədir. Kavavis oxucunu təhlükə ilə üzləşdirərək, dərin sükut və xüsusi metodika ilə ona uçurumu göstərir. İnsan qarşılaşdığı təhlükə üzərindən uçaraq keçəcəyini, yoxsa onun bütünləşəcəyini kəşf edir.

Nəzmin göbək bağı kimi Kavavis həqiqətin və zamanı planlaşdırmağın təhkiyə formasını seçir, oxucuya məlum olan və olmayan qəhrəmanları öz xəyal dünyalarının tələb etdiyi kimi, öz məqsədlərinə uyğun hərəkət etdirir. Onun məqsədi sadəcə baxışlarını və ya ideyalarını bizə və ya gələcəyə ötürmək deyil. Burada məqsəd həm də sıradan hər insanın fərqinə vara bilməyəcəyi şeylərin, keçmişin gündəlik həyat tərzinin və baxışlarının, geyimlərinin, mərasimlərinin, sevgi formalarının, adlarının tanınması üçün daha asan bir yol çəkməkdir. Öz tarixi şeirlərində o "Ellin mədəniyyəti” dövrlərini əsas zaman kəsimi kimi seçir, məsələn, Misirin İsgəndəriyyə dövrü kimi. Çünki Ellin mədəniyyəti dövründə, elə onun öz yaşadığı dövrlərdə də olduğu kimi İsgəndəriyyə azad fikirlərin, ideyaların, gələcək dövrün carçılarının doğulduğu, kosmopolit xarakterli bir yer idi. Kavafis də öz yaradıcılığında sevgi kimi, incəsənət kimi möhtəşəm şeylərdən zövq alındığı dövrü yaratmağı, öz ideal hesab etdiyi cəhətləri nəzərə çatdırmağı seçib. O, yalnız keçmişin təsvirini seçir, çünki bugünü itkin mənbə, natamam şəkil hesab edir.

Bugün yalnız keçmişi izah etmək üçün mövcuddur. Qədim dünya haqqında səsləndirilən sevgi, gözəllik, tənqidi məfhumlar bizim gələcək anlayışlarımızı gün işığına çıxarmaq, formalaşdırmaq üçün var. O, "sevgi” sözünü addımbaşı istifadə etməkdən çəkinir və elə bu sadə tərəfi ilə də öz nadir, seçilən poeziya məktəbini yaradır.

Kavafis Yunanıstanı, onun dilini və öz çiyinlərinə götürdüyü sevgi yükünü ön plana çəkir, ucaldır, ilk beynəlxalq nüfuz və güc mərkəzi kimi təqdim edir, insanlarda dünyanın ilk halı ilə bağlı təsəvvür yaradır. Onun yazarkən əritdiyi şamlar kimi xırda-xırda insanın içinə nəqş edilən Yunanıstan parıltılı idealların, həvəsli insanların keçdiyi yolların məskəni kimi yüksəlir. Vətənini elə bir yolla təqdim edir ki, insan ancaq şərəflənir və Yunanıstanın onun yaradıcılığında qazandığı mənanı qorumasına can atır. Şairlərin dünyasında hamı öz hərəkətlərinin əvəzini ödəyir, yanlış şərhlərinin və tənbəlliyin. Hamı bir gün arzularının, günahlarının, zəifliyinin qarşılığını alır, hamı üçün təyin olunmuş adil bir cəza var. Amma bu sırada birinci şairlər gəlir. Ağrılı həqiqət, hamı kimi gözəl bir bədən itir. Ağrılı həqiqət, onun hər toxunuşu, yaratdığı minlərlə surət, başqa insanların hekayələrinin arxasından boylanan xəyali və real qəhrəmanlar sanki onun ruhundan öz qisaslarını alır, onun qəfil ölümündən sonra müəllifin həyatına min don geyindirirlər. Yaşadığı sirli həyat yoluna görə onu həmişə Portuqal şair Fernando Pesso ilə müqayisə edirlər. Kavafis yazdığı şeirlərin əlyazmalarını dostlarına, gənc ədiblərə verirmiş. Üstündən 100 il keçməsinə baxmayaraq, o şeirləri indi də əlimizə alanda insanda onun əlindən kitab alırmış hissi oyanır. İnsana elə gəlir ki, Kavafis haradasa yaxınlardadır və xoş təbəssümlə bizi izləyir. O, hər bir oxucunun qəlbinin qaranlıqlarından keçib, ürəyinin isti yerlərinə toxunur, üzərimizdə dərin, sərt izlər qoyur.

Poeziya durmadan axtarışda olur və xəyal edən, uğura çatmaq üçün hər cür əziyyətdən keçən insanların içində məşəli tapır. Əsl şairlər bu məşəllərin arasındadır. Şükürlər olsun ki, Yunan şeiri onlardan çoxunu tapıb. Elitis, Seferis, Kavafis, Ritsos, Kariotakis, Solomos, Eqonopulos, Sikelianos, Anoqnastakis, Palamas, Leivaditis, Karuzos və başqaları. Yaradıcılıqlarını hansı yollarla analiz edirsiniz, necə tənqid edirsiniz, edin, onların ədəbi gücü qələmə aldıqları, bizi yamaclarda sürüklənməkdən qoruyan, hər bir sətirdə özünü göstərir.

Koukis Christos

İngilis dilindən tərcümə etdi: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər