AZE | RUS | ENG |

Plastik kartlar, bankomat və POS-terminallar niyə azalır?

Plastik kartlar, bankomat və POS-terminallar niyə azalır?
Ekspertlər bu azalmanın səbəblərini göstərirlər

Azərbaycanda kredit kartlarının sayı azalmaqdadır. Mərkəzi Bankın açıqladığı hesabata görə, 2016-cı ilin aprel ayı üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 31 min ədəd azalaraq 5 mln. 403 min. ədəd təşkil edib. 2015-ci ilin sonu ilə müqayisədə bu göstərici 256 min ədəd azalıb.

Kredit kartlarının sayı bir ay ərzində 32 min ədəd azalaraq, 2016-cı ilin may ayının 1-ə olan statistikaya görə 748 min ədəd təşkil edib. Ümumilikdə ilin əvvəlindən indiyədək kredit kartlarının sayı 61 min ədəd azalıb.

Plastik kartlarla yanaşı, bankomat və POS-terminallar da azalmaqdadır. 2016-cı ilin aprel ayı üzrə ölkədə fəaliyyət göstərən bankomatların sayı 7 ədəd azalaraq, 2553 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə ATM-lərin sayı 20 ədəd azalıb.

POS-terminalların sayı da 1 603 ədəd azalaraq, 73 960-ə bərabər olub ki, bunun da 72 676-ı pərakəndə ticarət mərkəzlərinin payına düşüb. İlin əvvəli ilə müqayisədə POS-terminalların sayı 1 202 ədəd azalıb.

Son illər hökumətin və bankların qarşısında dayanan əsas məqsədlərdən biri də nağdsız ödənişlərin sayının getdikcə artırılması olsa da, statistik rəqəmlərdə azalma olduğu görünür. Bəs bu azalmaya səbəb nədir? Azlamanın qarşısını almaq üçün hansı addımların atılmasına ehtiyac var? 

Bank mütəxəssisi Rauf Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, POS-terminalların sayının azalması bir sıra ticarət və xidmət müəssisələrinin öz fəaliyyətini dayandırması ilə bağlıdırsa, bankomatların sayının azalmasının müxtəlif səbəbləri var: "Bağlanan bankların bir neçə bankomatı götürülüb. Bu banklara aid bir çox bankomatlar işləməsə də, hələ də quraşdırıldıqları yerdə durur və ümumi siyahıda qeyd olunur. Bankomatların götürülməsi həm də onun saxlanmasına çəkilən xərclərlə bağlıdır. Elektrik və rabitə xərclərindən başqa, banklar ATM-lərin quraşdırıldığı yerlərə görə aylıq icarə haqqı da ödəməyə məcburdurlar. Xərci borcunu ödəmədiyi üçün bankomat götürülür.

Digər bir səbəb Mərkəzi Bank tərəfindən manat bazasının məhdudlaşdırılması ilə əlaqədar banklarda yaranan nağd pul qıtlığı ilə əlaqədardır. İndi banklara əvvəlki kimi bankomatlarda çoxlu pul saxlamaq sərf etmir. Bankomata qoyulan 300-500 min manat burada həftələrlə, aylarla qala bilər, bu isə həmin vəsaitin dövriyyədə olmaması, üstəgəl məzənnə riski deməkdir. Odur ki, bank istifadə etmədiyi bir neçə ATM-i götürməli olur”.

R.Ağayev deyir ki, maaş kartlarının azalma səbəbi bağlanan müəssisələr, bəzi təşkilatlarda ixtisarlarla əlaqəlidir. Kredit kartlarının azalma səbəbləri isə kartın vaxtının bitməsi və müştərinin yenisini almaq istəməməsi ilə bağlıdır: "Kredit şərtlərinin, o cümlədən faizlərin yüksək olması buna əsas səbəbdir. Digər səbəblər: kart istifadəçiləri üçün banklar tərəfindən səmərəli xidmətlərin təklif olunmaması, alış-veriş zamanı kartdan istifadə edilən zaman güzəştlər, bonuslar və digər həvəsləndirici aksiyaların tətbiq olunmaması, kartlara xidmət üzrə tariflərin yüksək olması, bir çox banklarda kartların satış qiymətinin yüksək olması, ATM-lərin bir çoxunun GPRS (simsiz rabitə) ilə təchiz olunmadığından tez-tez texniki nasazılıqlar üzündən müştərinin zərər çəkməsi və s. Hazırda Avropa ölkələri, o cümlədən Türkiyə 2023-cü ilədək tam nağdsız bazar sisteminə keçidi planlaşdırırlar. Son dövrlərin tempini nəzərə alsaq, çətin ki, həmin tarixə ölkəmizi də bu sırada görə bilək”.

İqtisadçı alim Vüqar Bayramov deyir ki, bankomatların və filialların azalmasının iki səbəbi var: "Birinci səbəb odur ki, bəzi banklar müflis elan olunduqları üçün onların filiallarının və bankomatlarının sayı da azalıb. Çünki bank müflis elan olunduqdan sonra avtomatik olaraq onun bankomatları və filialları da artıq fəaliyyətini dayandırır. Digər səbəb isə bankların öz xərclərini azaltması və optimallaşdırması istəyi ilə bağlıdır. Xüsusilə də filialların sayında azalmanın müşahidə edilməsi onunla bağlıdır ki, bir sıra banklar regional mərkəzlər yaradırlar. Bu mərkəzlər hər bir rayonda deyil, bir neçə rayonu əhatə edir. Buna uyğun olaraq da bankomat sayı azalır”. 

İqtisadçı bildirdi ki, müflis olan bankların plastik kartları da işləmir. Bu da ümumi kartların sayına təsir göstərir. Digər səbəb isə banka olan inamın azalmasıdır: "Banklara inam olmadığı üçün vətəndaşların bir qismi öz pullarını bank hesablarında saxlamaq istəmir. Bu da plastik kartların sayına təsir göstərib. Eyni zamanda, əvvəlki illərdən fərqli olaraq, kredit kartlarının açılmasında bəzi problemlər var. Əvvəl kredit kartlarında banklar daha böyük məbləğlər təklif edirdilər. Amma son devalvasiyalardan sonra kredit kartlarında açılan kredit limitində də xeyli dəyişikliklər var. Əksər plastik kartlarda banklar tərəfindən kredit açılması dayandı. Bu da kredit kartlarına marağın azalmasına, bəzi kart sahiblərinin öz pullarını geri qaytarmasına səbəb oldu. Hər üç faktın qeydə alınması bank sektoru üçün arzuolunan məqam deyil”.

V.Bayramovun sözlərinə görə, plastik kartların sayının artması və tənzimlənməsinə ehtiyac var. Çünki nağdsız ödənişlər prioritet məsələdir. Buna görə də yalnız banklar deyil, həm də hökumət plastik kartların sayında artım olmasına çalışır: "İndiki məqamda xüsusilə Mərkəzi Bank plastik kartların sayının artırılması ilə bağlı konkret addımlar atılmasına çalışmalıdır.

Bankomatların sayının azalmasının da qarşısını almağa ehtiyac var. Təklif edirik ki, kommersiya bankları üçün yalnız xüsusilə bankomat və filiallarla bağlı konkret standartlar, bankomatların sayı ilə bağlı konkret qaydalar olsun. Kommersiya banklarının məcmu kapitalı ilə bağlı konkret meyarlar var. Oxşar meyarların bankomatların sayı ilə bağlı müəyyənləşdirilməsinə ehtiyac var. Bu, kommersiya banklarını məcbur edəcək ki, optimal sayda bankomatlara malik olsun”. 

İqtisadçı deyir ki, plastik kartlarla bağlı şərtlər yüngülləşdirilməli, vətəndaşların plastik kartlara əlçatanlığının artırılması istiqamətində işlər görülməlidir ki, vətəndaşlar pullarını hesablarda, plastik kartlarda saxlamaqda maraqlı olsunlar: "Banka inamın qaytarılması vacibdir. Vətəndaş əmin olmalıdır ki, plastik kartındakı pulunu istənilən zaman götürə biləcək və problem yaşamayacaq. İnam formalaşdıqdan sonra plastik kartların sayının artması mümkün olacaq”.
İqtisadçı onu da bildirdi ki, bu azalmaların qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Əgər konkret addımlar atılmasa, növbəti dövrdə də sözügedən göstəricilər üzrə azalmaların olacağı gözlənilir.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000