• cümə, 19 Aprel, 09:00
  • Baku Bakı 13°C

Planları iflasa uğrayan anti-Azərbaycan şəbəkələri

23.04.19 19:05 492
Planları iflasa uğrayan anti-Azərbaycan şəbəkələri
Xaricdəki bəzi anti-Azərbaycan qüvvələr yenidən ölkəmizə qarşı təzyiq göstərməyə cəhdlər edirlər. Hətta onların Azərbaycan əleyhinə kampaniyalarına "sapı özümüzdən olan baltalar” da dəstək verir. Biz bunu sosial şəbəkələrdə açıq şəkildə görə bilərik. Təbii ki, Azərbaycan əleyhinə aparılan kampaniyaların məqsədi bəllidir və onlar təzyiq göstərməyə cəhd edərək, ölkəmizin siyasi sabitliyinə, iqtisadi inkişafına mane olmağa çalışırlar. Lakin anti-Azərbaycan şəbəkələrinin həyata keçirdiyi "təbliğatın” qarşısında isə hakimiyyət-xalq birliyi dayanır və onlar bu səddi heç vaxt keçə bilməyəcəklər. Elə buna görədir ki, müntəzəm olaraq, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, idman yarışları ərəfəsində yenidən ölkəmiz əleyhinə çıxışların sayı artırırlar.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycan sürətlə inkişaf edir və ölkəmiz həm siyasi nüfuzuna, həm də iqtisadi çəkisinə görə, dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməkdədir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət bütövlükdə Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə yönəlmiş bir siyasətdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, misal üçün Formula-1 yarışı ərəfəsində anti-milli ünsürlər, erməni və ermənipərəst qüvvələr, o cümlədən erməni diasporunun alətinə çevrilmiş bəzi qruplar var ki, onlar Azərbaycanın uğurlarına kölgə salmağa cəhd edirlər. Onu qeyd edim ki, indiki halda anti-milli qüvvələrin Azərbaycanda da bəzi yaramaz və yarıtmaz ünsürləri var. Təbii ki, bu, əbəs yerə çəkilən əməkdir. Çünki Azərbaycan düzgün yol tutub, qətiyyətli mövqeyi var. Bütün dünya ölkələri ilə əməkdaşlıqlar qarşılıqlı və ikitərəfli münasibətlərin yaxşılaşmasına gətirib çıxarır. Azərbaycanın məhz bütün sahələrdə uğurlarının şahidiyik. Təəssüflər olsun ki, ölkəmizə qarşı aparılan anti-təbliğatda anti-milli ünsürlərin əli var. O insanlar Azərbaycanın əleyhinə işləməklə, birmənalı şəkildə düşmən dəyirmanına su tökür və müəyyən mənada ermənilərin siyasətinə dəstək göstərirlər. Bunların mövcud hərəkətləri faktiki olaraq, dediklərimizə əsas verir”.
V.Rəhimzadə qeyd etdi ki, Azərbaycanın gücü, qüdrəti artdıqca, anti-milli şəbəkələr "fəaliyyətlərini” artırırlar: "Bu hallar ilk dəfə deyil ki, özünü göstərir və zaman-zaman bunun şahidi olmuşuq. Necə ki, I Avropa Oyunları ərəfəsində bir çox xarici media orqanları ölkəmiz haqqında qarayaxma kampaniyasının alətinə çevrildilər. Onlara da dəstək olan insanlar və qruplar var idi. Bunlar sayca çox deyil, amma təəssüf ki, onlara dəstək verən və erməni lobbisinin əlində alət olan qruplar, hətta beynəlxalq təşkilatlarda oturan insanlar var ki, hər zaman ədalətdən uzaq olublar və obyektivliyə kölgə salıblar. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı belə şər və böhtan kampaniyalarına öz cavabını verib və verəcək. Azərbaycanın sürətlə inkişafı anti-milli qüvvələrə ən layiqli cavabdır. Ölkəmiz bundan sonra da dünyada öz çəkisini qoruyub saxlayacaq. Necə ki, bu gün ölkəmiz beynəlxalq layihələrə müəlliflik edir və qitələri birləşdirən meqa-layihələrin təşəbbüskarı kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi Avropa və Asiyanı birləşdirəcək nəhəng bir layihədir. Məhz bu layihə dövlət başçısının təşəbbüsü və səyi nəticəsində inşa olunub. Paxıl və ölkəmizin inkişafını istəməyən, eləcə də erməni dəyirmanına su tökən insanlar var ki, onlar Azərbaycan qüdrətləndikcə narahat olmağa başlayır, azğınlaşırlar. Lakin onlar bu addımları ilə heç vaxt ölkəmizə zərrə qədər ziyan vura bilməyəcəklər”.

"Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirdi ki, anti-Azərbaycan qüvvələrin qaralama kampaniyasının əsas motivini, səbəb və hədəflərini Azərbaycan ictimaiyyəti çox yaxşı anlayır: "Hamı bilir ki, Azərbaycanın inkişafı, güclənməsi və beynəlxalq platformalarda söz sahibinə çevrilməsi ölkəmizə qarşı qara niyyətli fəallaşmaların əsas səbəbinə çevrilir. Belə kampaniyalarda erməni lobbisi, xaricdəki bəlli siyasi mərkəzlər və azərbaycanlı mühacirlərin kiçik bir hissəsinin sinxron şəkildə əlaqəli fəaliyyət göstərməsi təəssüfləndirici nüanslardan biridir. Məqsəd Azərbaycanın inkişafını ləngitmək və onu zəif duruma düşürməkdir. Birləşmiş düşmən qüvvələri bilir ki, güclü Azərbaycanı idarə etmək və müxtəlif planların müti icraçısına çevirmək mümkünsüzdür. Azərbaycanın zəif olması bu gün Ermənistan və onun lobbiçi dairələrinin daha çox marağında olan məsələdir. Zəif Azərbaycandan Qarabağı qoparmağın asan olması, xaricdə ölkəmizə qarşı işləyən kampaniyaların rəhbər tutduqları əsas tezisdir. Bu tezis göstərir ki, bu gün belə kampaniyalara qoşulan xaricdəki anti-milli və daxildəki bəzi qüvvələr tək Azərbaycan hakimiyyətinə yox, dövlətçiliyimizə və hər bir vətənpərvər azərbaycanlıya qarşı yönəlmiş mövqe tuturlar”.
A.Quliyev vurğuladı ki, anti-Azərbaycan kampaniyalarının bir hədəfi də ölkədə cəmiyyət-hakimiyyət anlaşmasını pozmaqdır: "Son bir ildə xüsusilə gücləndirilən sosial müdafiə siyasətinin də hədəfə alınması və gözdən salınması kampaniyalarının məqsədi hakimiyyət-cəmiyyət anlaşmasına zərbə vurmaqdır. Xarakterik xüsusiyyətlərdən biri də qaralama kampaniyalarının tarixi hadisələrlə üst-üstə düşməsidir. İllərdən bəri təkrarlanan bu məqam indi Azərbaycan cəmiyyəti tərəfindən o qədər dəqiq başa düşülür ki, qətiyyən təəccüblü qarşılanmır, əksinə ölkəmiz əleyhinə kampaniyaların dayanması müəyyən mənada təəccüblü görünə bilər. Azərbaycanda sabitlik və rifahın olması bəzilərinə daxildəki qrupların köməyi ilə dağıdıcı proqramları icra etməyə imkan vermir.
Baş verən proseslərdən ilk növbədə cəmiyyətimiz real nəticələr çıxarmalı və sayıqlığı əldən verməməlidir. Hər dəfə yeni qaralama kampaniyaları başlayanda ölkəmizə turist axınını ləngitmək, Azərbaycanın söz sahibliyi mövqeyini zəiflətmək, dövlətimizin diqqətini əsas daxili və xarici siyasət məsələlərindən yayındırmaq istəyirlər. Ancaq Azərbaycanın bugünkü gücü tək ordu, inkişaf edən iqtisadiyyat, mühafizə edilən sərhədlər, nəticəli sosial müdafiə, dəqiq xarici siyasət yox, eyni zamanda öz dövlətçiliyinə dəyər verən yetkin vətəndaş toplumunun formalaşmasıdır. Belə toplum olduqca, ölkəni müxtəlif düşmən layihələrin sınaq meydanına çevirmək mümkünsüz olacaq”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər