• cümə, 29 Mart, 03:07
  • Baku Bakı 7°C

PKK-erməni “həmrəyliyi”

08.04.16 15:26 987
PKK-erməni “həmrəyliyi”
Separatçı terror təşkilatları ilə separatizmi dəstəkləyən dövlətlərin birgə əməkdaşlığı və işbirliyindən dəfələrlə bəhs edilib. “Kaspi” qəzeti olaraq biz də dəfələrlə konkret olaraq qardaş Türkiyədə separatçı fəaliyyət göstərən PKK-nın ermənilərlə, daha dəqiq ifadə etsək, Ermənistan hökuməti ilə əməkdaşlığını sübut edəcək faktlarla çıxış etmişik. Bəlli olduğu kimi, Ermənistanın əksər mətbu orqanları dəfələrlə Türkiyə hökumətinin kürd terrorçularına dəstək xəbərlərini mənfi formada yaymaqla məşğuldur. Erməni saytlarının əksəriyyətində türklər aşağılanır, türk ordusunun cavab tədbirləri az qala zorakılıq, insan haqlarının pozulması kimi qələmə verilir. Bu xəbərlərin başlıqlarında isə terrorçular “üsyançılar” kimi qələmə verilir. Son günlər cəbhə zonasında baş verən hadisələr fonunda isə PKK-erməni “həmrəyliyi” ilə bağlı xəbərlər daha da aktuallaşıb. Azərbaycan ordusunun uğurlarından sonra ermənilərin Türkiyədəki havadarları xeyli fəallaşıb. Terrorçu PKK-ya rəğbətini açıq şəkildə bəyan edən HDP Ermənistana dəstək bəyanatı səsləndirib. Partiyanın sədri Səlahəddin Dəmirtaş separatçıları açıq şəkildə müdafiə edib. Bundan əlavə, qardaş ölkənin mətbuatında, konkret olaraq, “Yeni şafak” qəzetində “PKK-dan Ermənistana terrorçu dəstəyi” başlıqlı məqalədə sensasion xəbər yerləşdirilib. Qəzet yazır ki, PKK terror təşkilatı Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. “Cəbhədə vəziyyətin gərginləşdiyi ilk gündən - aprelin 2-dən bu yana terrorçular regiona göndərilməyə başlanılıb. Həmin terrorçular Kandil dağı və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçiblər. Terrorçular Göyçə gölü ətrafında PKK üçün ayrılan Vardenes düşərgəsində yerləşdiriliblər. Onlar Vardanis düşərgəsində daha öncə bura gələn 80 nəfərlə birləşiblər. Ermənistana terrorçular göndərmə planına rəhbərlik edən şəxs Türkiyənin Tunceli şəhərində doğulan Bese Hozat adlı PKK üzvüdür. Təmas xəttinə göndərilən terrorçular arasında PKK-nın Suriya qolu olan PJD sıralarında savaşan 150 erməni də var. Qarabağda vəziyyət gərginləşdiyi üçün terrorçular da Azərbaycanın işğal altında olan bölgələrinə göndəriliblər. Məlumata görə, Dağlıq Qarabağa göndərilən ermənilər Azərbaycanın 3 rayonunda yerləşdirilib. Bunlar Şuşa, Laçın, Kəlbəcərdir. Buradan isə təmas xəttinə daha yaxın olan və döyüşlər gedən Ağdam, Cəbrayıl, Zəngilan və Füzuliyə göndəriliblər. PKK təlimatı ilə göndərilən terrorçular arasında bomba sahəsində təlim görənlər daha çoxdur” deyə nəşr yazır. Yeri gəlmişkən, kürd separatçıları ilə ermənilərin əməkdaşlığına dair çoxsaylı faktlar var. Məsələn, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və sabiq millət vəkili Sinan Oğan Ermənistanın PKK üçün ikinci Qəndil (İraqın şimalında PKK-çıların əsas sığınacağı) olduğunu dəfələrlə bəyan edib. Türkiyə mətbuatı yazır ki, S.Oğan bildirib ki, Türkiyənin İğdır vilayətinin davamlı PKK tərəfindən təhdid edilməsi və burada PKK-nın terror aktları törətməsi göstərir ki, terror təşkilatı Ermənistanı özünə ikinci Qəndil hesab edir. Amma o qeyd edib ki, heç kim “Kürdüstan”ı Ermənistanla birləşdirməyi xəyal belə etməsin.
Maraqlıdır ki, Türkiyə nəşrləri ilə yanaşı, İran nəşrləri də PKK-Ermənistan əməkdaşlığına dair faktlar ortaya qoyublar.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Rusiyanın suriyalı erməniləri və PKK üzvlərini Türkiyəyə qarşı istifadə etmək üçün Dağlıq Qarabağ bölgəsinə yerləşdirdiyini bildirib. İranın “Arman” qəzetinə yazdığı məqalədə Azərbaycan ilə Ermənistan arasındakı qarşıdurmanı və Rusiya ilə Türkiyə arasındakı gərginliyi qiymətləndirən Süleymani, Ankarayla Moskva arasındakı gərginliyin ardından Rusiyanın ermənilərdən Türkiyəyə qarşı istifadə etdiyini bildirib. Süleymani Rusiyanın Azərbaycanın Qərbə yönəlmə prosesinin güclənməsinin qarşısını almaq, rəsmi Moskvanın Bakını liderlik etdiyi Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Təşkilatına daxil etmək istədiyi yazıb. Keçmiş səfirin fikrincə, Moskva Türkiyənin Cənubi Qafqazdakı nüfuzunu əngəlləmək üçün Ermənistandan istifadə edir. Süleymani İran hökumətinə bağlı “Mizan” qəzetinin “Türkiyə Suriyadakı səhvlərini kompensasiya etmək üçün, Qarabağda savaşa başladı” fikirlərini də rədd edərək, Qarabağda döyüş qığılcımını birbaşa Rusiyanın alovlandırdığını yazıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər