AZE | RUS | ENG |

Piyada keçidlərini niyə sökürük?

Piyada keçidlərini niyə sökürük?
Ekspertərin fikrincə, bu kimi halların tez-tez təkrarlanması onu göstərir ki, təkcə ictimai qınaq və sosial təsir kifayət deyil

Bakı şəhərinin Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib. "Azəravtoyol" ASC-dən verilən xəbərə görə, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb. Ətrafda yaşayan sakinlərin və mütəmadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşların pilləkən hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı ASC-yə müraciəti əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb. Bundan başqa, təmir işləri zamanı bəzi insanlar tərəfindən yerüstü piyada keçidlərinin tavanında dağıdılan xüsusi plastik üzlüklər də yeniləri ilə əvəzlənib. "Azəravtoyol" vətəndaşlardan keçidlərdən istifadə edərkən nizam-intizamlı olmalarını və dövlət əmlakına zərər vurmamağı xahiş edir. "Bu cür halların yenidən təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində qanunvericilik çərçivəsində ölçü götürüləcək", - deyə məlumatda qeyd olunub. Ümumiyyətlə, son zamanlar dövlət mülkiyyətinə zərər vurulması hallarının sayı artır. İnsanlar istifadə etdikləri nəqliyyat vasitələrinə, metro stansiyalarına, eskalatorlara, yeraltı və yerüstü keçidlərə müxtəlif formalarda zərər vururlar. Bəs görəsən bu kimi faktların artmasının səbəbi nədir? Bunların qarşısını necə almaq olar? 
Sosial psixoloq Nail Cəlil bildirdi ki, bəzən təkcə ictimai qınaq kifayət etmir: "Yerüstü və yeraltı piyada keçidləri ilk növbədə nəqliyyatın hərəkəti zamanı vətəndaşların təhlükəsizliyini, rahat gediş-gəlişi təmin etmək üçün inşa edilir, qurulur. Bu baxımdan bu keçidlərdən istifadə edən hər bir şəxs orada səliqə-sahmana riayət edilməsində, nizam-intizamın qorunmasında maraqlı və iştirakçı olmalıdır. Çox təəssüf ki, bəzi hallarda müəyyən şəxslər bunun əksinə olaraq, məsuliyyətsiz davranış nümayiş etdirirlər. Nəticədə belə keçidlər az qala zibilliyə, üfunət qoxuyan məkana çevrilir. Bəzən isə onlar insanların istifadəsi üçün tam yararsız vəziyyətə gətirilir. Doğrudur, çoxluq – insanların əksəriyyəti keçidlərdə dövlət əmlakının, eləcə də rahatlığın, təmizliyin qorunmasına həssaslıqla yanaşır. Bu mənada belə yerlərdə ictimai nizamı pozanlara, dövlət əmlakına zərər verməyə çalışanlara qarşı sərt reaksiyanın, sosial təpkinin dəfələrlə şahidi olmuşuq. Bu kimi halların tez-tez təkrarlanması isə onu göstərir ki, təkcə ictimai qınaq, sosial təsir kifayət deyil. Hökmən müəyyən sanksiyalar, cəzalandırma da olmalıdır. Əks halda bəzi piyadaların keçidlərdə məsuliyyətsiz davranışının qarşısını almaq xeyli çətin olacaq”.
N.Cəlil deyir ki, piyada keçidlərində mütləq müşahidə kameraları qurulmalı, sanitar-gigiyenik normaları pozan, keçidləri zibilləyən, orada döşəməni, tavanı söküb daşıyan, dövlət əmlakına zərər vuran şəxslər ciddi məbləğdə cərimələnməli, hətta cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: "Bununla yanaşı, piyada keçidləri ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi, müxtəlif sosial çarxların hazırlanması, belə insanların kəskin şəkildə mediada, televiziyada, sosial şəbəkələrdə qınanması da öz müsbət təsirini göstərə bilər. Təcrübə göstərir ki, insanlar təbliğat, maarifləndirmə yolu ilə şüuraltına yeridilən pozitiv davranış meyarlarını bir norma kimi qəbul edir, müvafiq normalara da əsasən riayət edirlər. Başqa sözlə, burada sosial-maarifləndirici tədbirlər müvafiq inzibati-hüquqi addımlarla əlaqələndirilməklə həyata keçirilməlidir. Qaydanı pozan, dövlət, eləcə də qeyri-dövlət əmlakına, ictimai maraqlara, digər vətəndaşlara ən müxtəlif üsullarla zərər vuran şəxslər, piyadalar bilməlidirlər ki, bunun müqabilində ciddi cəzalanacaqlar, kəskin qınanacaqlar. Fikrimcə, müəyyən motivasiyaedici, stimullaşdırıcı tədbirlər də burada çox müsbət təsir göstərə bilər. Məsələn, hər həftə keçidlərdə ən intizamlı piyadaların fərqləndirilməsi, mükafatlandırılması kampaniyası da aparmaq olar. İnsanlar indi kreativ olan bütün ideyalara və tədbirlərə açıq və həvəslidirlər”.
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, Mülki Məcəllənin ictimai mülkiyyətə  vurulmuş ziyana görə müvafiq tələb və normaları var: "Həmin tələb və normalara əməl etməklə  ictimai mülkiyyətə ziyan vuruan şəxslər mütləq cəzalandırılmalıdır ki, belə faktlar bir daha təkrar olunmasın. İctimai mülkiyyət deyəndə təkcə  piyada keçidləri nəzərdə tutulmur. Bu siyahıda  digər  ictimai binalar və obyektlər də var. Bununla bağlı olaraq ilk növbədə əhali arasında maarifləndirici tədbirlər aparılmalıdır. Hamı  bilməlidir ki, ictimai mülkiyyətə vurduğu zərərə görə ya cərimələnə bilər, yaxud  da ona qarşı müvafiq olaraq  digər cəza tədbirləri görülə bilər. Digər bir  tərəfdən, ailə tərbiyəsi də burada böyük rol oynayır. Valideynlər övladlarına izah etməlidirlər ki, divarı korlamaq, məktəbə gedəndə partaları yazmaq olmaz.  Yəni bütün bunlar daha çox ailədən gələn tərbiyədən asılıdır.  Amma təbii ki, tətbiq olunan ümumi  qaydalar da var. İctimai istifadə üçün nəzərdə tutulan yerlərdə kameralar yerləşdirilib. Ən azı həmin yerlərə "Kameralar yerləşdirilib”  tipli  lövhələr vurmaqla adamlarda həm də psixoloji qorxu hissini yaratmaq olar ki, bu da işin başqa tərəfidir. Bundan sonra hər kəsdə "Bunu yazacağım, cıracağım, yaxud xəta törədəcəyim təqdirdə məni kamera çəkəcək və buna görə də məni cinayət məsuliyyətinə cəlb edəcəklər” kimi fikir formalaşdırmaq olar. Bu da əslində bir mübarizə üsuludur. Söhbət vətəndaşın özünün öz dövlətinə, onun vəsaitinə, mülkiyyətinə qarşı olan məsuliyyətindən gedir. Məsuliyyət isə birbaşa psixoloji və   ictimai tərbiyəyə bağlı bir məsələdir ki, belə faktlarla  mübarizə aparmağın müxtəlif yolları var.  Bunun üçün isə ən uğurlu yol televiziya məkanıdır və demək olar ki, bizim televiziyalarımızda bu tip maarifləndirci verilişlərin  sayı çox azdır”.
İ.Hüseynli deyir ki, bu kimi faktlara əksər keçmiş SSRİ dövlətlərində də rast gəlinir: "Həmin ölkələrin bir çoxunda  piyada keçidlərinin üzərində   müxtəlif rəngli boyalarla yazılar yazılıb.  Ümumiyyətlə, ictimai mülkiyyətə qarşı münasibət bütün dövrlərdə belə olub. İstifadə edilən vəsait xarab olduqda isə əhali müvafiq dövlət qurumlarına müraciət edərək sıradan çıxan mülkiyyətin  yenilənməsini, təzədən təmir edilməsini tələb edir. Əslində bu mülkiyyəti xarab edən elə onların özüdür. Problemin həlli yollarından biri də ictimai qınaq vasitəsidir. Kimsə belə bir halla rastlaşdıqda bunu edən şəxsi tənqid etməlidir ki, həmin şəxs bir daha bunu təkrar etməsin. Hər kəs bilməlidir ki, sındırdığı, xətər yetirdiyi vəsait təkcə ona məxsus deyil. Burada hamımızın payı var. Əgər cəmiyyətdə ictimai qınaq olmazsa, hər hansı bir irəliləyişdən söhbət gedə bilməz. Çünki təkcə dövlət strukturları ilə problemləri həll etmək olmaz”.
Sonda ekspert uşaqların da bu kimi hərəkətlərə yol verməsinə  münasibət bildirdi: "Valideyn nəzarətindən çıxan uşaqlar belə hallara daha çox meyilldirlər. Hər valideyn uşağının hara getdiyindən, nə işlə məşğul olduğundan xəbərdar olmalıdır. Xüsusən də uşaqların yeniyetmə yaşlarında bu kimi faktlara diqqət yetirilməlidir. Bəzi uşaqlar var ki, psixoloji olaraq xəsarətə meyillidirlər. Valideyn nəzarəti olmadıqda isə bu istək daha da güclənir. Uşaq inspektorları vaxtlı-vaxtında məktəblərdə, bağçalarda müvafiq tədbirlər həyata keçirməlidirlər. Təəssüflər olsun ki, Azərbaycanda uşaq inspektorları öz vəzifələrini düzgün mənada qavramırlar. Valideyn, inspektor, məktəb kompleks şəkildə tədbirlər həyata keçirməklə uşaqlara  öz məsuliyyət hissini dərk etməkdə köməkçi olar. Əlbəttə, hər zaman  100 faizli nəticə əldə etmək mümkün deyil. Çünki bu, bir qədər psixoloji məsələdir. Sadəcə, baş verən mənfi hadisələrin faizini aşağı salmaq olar”. 
Şəbnəm Mehdizadə    

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798