• çərşənbə axşamı, 19 mart, 10:51
  • Baku Bakı 8°C

Piter Brukun teatr fəlsəfəsi

15.01.18 12:25 2768
Piter Brukun teatr fəlsəfəsi
Piter Bruk XX əsr İngilis teatrının mərkəzi fiqurlarındandır. Teatrşünaslıq elmi P.Brukun rejissurasına geniş yer ayırmış, onun quruluş verdiyi tamaşaları ətraflı təhlilə çəkmişdir. Amma bir məqamı da qeyd etmək lazımdır ki, P.Brukun rejissurasından heç də az önəm daşımayan teatr sənəti haqqında nəzəri fikirləri həmişə bir qədər diqqətdən kənarda qalmışdır. Halbuki, XX əsrin yeni teatr fəlsəfəsinin yaranmasında P.Brukun böyük payı var.
P.Brukun teatr haqqında nəzəri fikirləri arasında ənənə və novatorluq məsələsinə münasibət xüsusi yer tutur.
Ənənə bütün doqmaları və qapalı sistemləri inkar edənlərin qarşısına mükəmməl, ideal birlik alternativi qoyur. Bu birliyin dəyişilməz mahiyyəti, məğzi insana sonsuz formalar seçimi üçün geniş imkanlar yaradır. Buna nail olmaq üçün ənənənin müxtəlif, sonsuz reallıqlarını öyrənmək, dərk etmək lazımdır. Ənənənin nəzəri ümumiləşmələrini bilmək əsas deyil. Önəmli olan ənənəni dərk etmək, onu anlamaqdır.
P.Brukun ən sadə işlərində də onun ənənəyə olan marağı özünü biruzə verirdi. Onun F.Əttarın "Quşların söhbəti” əsərinə verdiyi quruluşunu yada salmaq kifayətdir ki, P.Brukun ənənəyə olan sonsuz bağlılığını duyasan. Bu əsər, demək olar ki, sufiliyin ən gözəl nümunələrindən biri kimi tarixə düşmüşdür. Ənənə bu əsərdən başlayaraq sonuncu quruluşlarından olan "Mahabharata” tamaşasına qədər bütün fəaliyyəti boyu P.Brukun yaradıcılığının əsasını, məğzini, mahiyyətini təşkil etmişdir.
P.Brukun yaradıcılıq yolunu izləyərkən açıq-aydın görürük ki, Bruk yaradıcılığı ənənəvi yaradıcılıqla təmas nöqtəsində bulunur və onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.
Önəmli məsələlərdən biri də "ənənə” (latınca "tradere” sözündəndir, mənası "bərpa etmək”, "ötürmək” deməkdir) anlayışına aydınlıq gətirməkdir. İlk baxışda «ənənənin ifadə etdiyi mənalar arasında təzadlar yaranır. Belə ki, "ənənə” sözünün ifadə etdiyi məna "keçmişdəki kimi düşünmək və fəaliyyət göstərmək”dir. Ona görə də bu sözlə "adət”, "vərdiş” sözləri arasında assosiasiya yaranır, yəni bu sözlər fikrən bir-birinə bağlanır. Bu baxımdan Komedi Fransez ənənələrini və "Şekspir ənənələri»ni "akademik ənənə” kimi qəbul etmək olmaz. "Ənənə” sözünün ifadə etdiyi mənanı yuxarıda qeyd etdiyimiz kimi qəbul etsək, onda P.Brukun yaradıcılığı anti-ənənə, daha doğrusu, qeyri-ənənə kimi qəbul olunmalıdır. P.Bruk deyirdi: "Özünün qədim tarixinə baxmayaraq, teatr təbiəti etibarilə həmişə müasirdir. O, həmişə həyatda olan, həmişə diri olan simurq quşudur… Teatral məhsul təxminən beş ildən sonra istifadə müddətini keçmiş olur. Buna görə də biz "ənənəvi teatr” məfhumundan, anlayışından tamamilə imtina etməliyik”.
"Ənənə” sözünün ifadə etdiyi ikinci məna daha maraqlıdır və Bruk yaradıcılığının əsasını təşkil edir. O, "ənənə” sözünün kəsb etdiyi mənanı bu cür açıqlayır: "şifahi söz vasitəsilə və yaxud şəxsi nümunə vasitəsilə əsrdən əsrə ötürülən dini və ya mənəvi təcrübə, eləcə də qanunlar toplusu” (7), yaxud da "şifahi söz vasitəsilə nəsildən nəsilə ötürülən və keçmişə aid olan əfsanəvi məlumat toplusu”. Bu mülahizələrlə razılaşaraq, qeyd etmək lazımdır ki, "ənənə” məfhumu özündə müxtəlif "ənənələri” birləşdirir: xristianlıq, iudaizm, islam, buddizm, sufilik və s.
Ənənə ilə teatr arasında qırılmaz bağların olması heç kimdə şübhə doğurmur. Bu məsələ ilə bağlı P.Bruk yazır: "Teatr konkret zaman və məkan daxilində mövcuddur. Teatr hadisəsi məhz aktyor aləmi ilə seyrçi aləminin qovuşması zamanı baş verir ki, bu andan etibarən də teatrın "indi və burada mövcud olması” prinsipi realizə olunur”.
P.Brukun düşüncələrinə görə, teatr təbiəti etibarilə qeyri-ənənəvi olmasına baxmayaraq, teatrla ənənə arasında energetik bağ mövcuddur.
Estetik, ruhi, elmi reallıq sonda eyni nəticəyə gəlib çıxır. Müasir elmi tədqiqatlar (Z.Freydin, K.Q.Yunqun, L.Qumilyovun, J.Delyozun nəzəri təlimləri, qeyri-səlis məntiq, qeyri-müəyyənlik prinsipi, kvant psixologiyası və s. nəzəriyyələr) elm üçün məlum olmayan, amma ənənədə mövcud olan həqiqətləri aşkarladı. Özünün etirafına görə, məhz elmlə incəsənət arasındakı qarşıdurma P.Bruku teatr fəaliyyətinə və ənənənin tədqiqinə sövq etdi. Elmlə ənənə, incəsənətlə ənənə arasındakı dialoq məzmunlu, ifadəlidir və durmadan dəyişən, mürəkkəbləşən dünyanı dərk etmək üçün vasitə, metod rolunu oynamaq potensialına malikdir.
P.Brukun elmi-nəzəri düşüncələrinin toplandığı "Boş məkan” kitabı bu baxımdan çox böyük dəyər daşıyır. Bu kitabda görkəmli rejissorun teatr görüşləri, teatr sənəti haqqında elmi-nəzəri və fəlsəfi düşüncələri öz əksini tapır. Kitabda P.Bruk teatr sənətinin kökü, mahiyyəti haqqında mülahizələr yürüdür, teatrı ilahi mətləbləri, sakral mənaları özündə birləşdirən, fövqəladə suggestiv gücə malik olan bir sənət kimi dəyərləndirir, onun kökünü insan varolmasının ontoloji şərti olan rituallarda, mərasimlərdə, bayram şənliklərində, bir sözlə, əski teatral ənənələrdə axtarır. O, göstərir ki, böyük həqiqətləri, gerçəkləri mistik, gizli yolla əldə etmək mümkündür. Bu prinsipi teatr sənətinə ekstropolyasiya etdikdə, tamaşa bütöv bir tam şəklində formalaşır. O "Boş məkan” kitabında bu məsələyə aydınlıq gətirərək yazır: "Boş məkanda biz görünməyəni (görünməzi, gizləmi) görə bilərik. Amma bununla yanaşı, biz gərək real həyatla da əlaqəmizi itirməyək. Buna nümunə olaraq Şekspirin yaradıcılığını misal gətirmək olar. Onun əsərləri həm sakral, həm də metafizikdir. Ancaq o, uzun müddət göylərdə uçmur. Bilir ki, həmişə ali substansiyada olmaq insaq üçün çox çətindir. Ona görə də bizi yerə endirir.
Biz qəbul etməliyik ki, hər şeyi görə və anlaya bilmərik, ona görə də biz yüksəklərdə uçanda hər şeyi gördükdən, duyduqdan sonra zəifliyimizi qəbul edib, yerə enməliyik. Və hər şey yenidən başlamalıdır”.
P.Bruk teatrı böyük bir həyat məktəbi hesab edir, onun insanın mənəvi tərbiyəsindəki rolunu yüksək qiymətləndirir. O məqalələrindən birində yazır: "Sufilik təriqətində rəqs və musiqinin öz-özlüyündə məqsəd olmadığı kimi, teatr sənəti də öz-özlüyündə məqsəd deyil. O, hərəkətverici qüvvədir. İnsanın mənəvi təmizlənməsinə, ruhən paklaşmasına impuls verir. Teatr özünü öyrənmənin, özünü dərketmənin, mənəvi özünü təkmilləşdirmənin üsuludur”.
P.Bruk öz yaradıcılığında Aristotel poetikasının, və bu poetika əsasında yaradılan Stanislavski sisteminin hüdudlarından kənara çıxırdı. O, elə hesab edirdi ki, rejissor öz yaradıcılığında tamamilə sərbəst olmalıdır. O, səhnədə istədiyi kimi quruluş verə bilər, yetər ki, bu quruluş insanların mənəviyyatına mənfi təsir göstərməsin. P.Bruk janr təyinində də Aristotel poetikasının tələblərini pozurdu. Klassik janr definissiyasına görə, üç janr mövcuddur: faciə, komediya və dram. P.Bruk isə belə hesab edirdi ki, janr təyini rejissorlardan asılıdır. Təki oyun zamanı rejissorun fikrini, yönümünü duyan aktyorlar bunu quru, deklomativ tərzdə həyata keçirməsinlər. Misal olaraq, Kabuki, Noh, Qaravəlli, Qaragöz, Kathakali jest teatrı və s. teatr sənətinə dair janr növləri mövcuddur. Tutaq ki, Hindistanda Kathakali jest teatrı, şimal və cənub teatrı vardır. Bu zonada Krişnanın su əjdahası ilə döyüşünü sənətçilər rəqs edərək tamaşaçılara müvafiq dərəcədə emosional təsirlə çatdırırlar. Cəsarətlə demək olar ki, artıq rejissorlar tərəfindən müəyyənləşdirilmiş özəl janrların varlığı danılmaz bir həqiqətdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, yuxarıda göstərdiyimiz kimi, özəl janrların mövcudluğu müasir həyatımızda real gerçəklikdir.
P.Bruk teatrın həyatdan çox uzaq olmasına, səmada uçmasına, həyati özülünün olmamasına qarşı çıxsa da, onun tam məişət səviyyəsinə enməsinin, həyat hadisələrinin fotoqrafik təsvirinin verilməsinin də əleyhinə idi. O, düşünürdü ki, teatrla adi həyatın heç bir fərqi yoxdursa, teatr öz mistik, sehrli qüvvəsini itirir: "Teatra həyatı tapmağa gedirik, amma məişətlə teatr səhnəsindəki yaşamın arasında heç bir fərq yoxdursa, teatrın da mənası da yoxdur. O zaman teatr fəaliyyəti üçün, tamaşa hazırlamaq üçün heç bir səbəb də yoxdur”. P.Bruka görə, teatr həyatın obrazlı təsviridir, burada yaşam tərzi daha ifadəli və dərin şəkildə əks olunur. Teatrda hadisələrin məhdud məkan və zaman daxilində baş verməsi, bu hadisələrə əlavə ifadəlilik və təsir qüvvəsi bəxş edir. Adi həyatda biz hər hansı bir fikri ifadə edərkən zaman məhdudiyyəti görmürük. Daha artıq vaxt sərf edirik. Teatrda isə məhdud zaman prinsipi işlətdiyimiz sözləri daha da yığcamlaşdırır və danışığımızda yalnız məzmunlu, fikri açmağa bilavasitə xidmət edən sözləri istifadə edirik. Bunun nəticəsidir ki, insan həyatda üç saat ərzində söylədiyini səhnədə üç dəqiqədə söyləyə bilir. Məhz bu A.P.Çexovun, S.Bekketin yaradıcılığının üslubunu təşkil edir. Çexovda mətn, sanki gündəlik həyatdakı bir yığın cümlələrin səs qeydinin montaj olunandan sonrakı vəziyyətini təsvir edir. Onun əsərlərinin səhnə təcəssümündə oynayan aktyor "eyzən gündəlik yaşamdakı kimi” danışa bilməz. Əgər hansısa bir aktyor səhnədə gündəlik həyatdakı kimi davranmaq istəyərsə, o, Çexovun əsərlərini oynaya bilməz. Çexov yaradıcılığında funksional əhəmiyyəti olmayan və ya az olan heç bir söz yoxdur, çünki, Çexov «pozmağı» da bacarırdı. Aktyor və rejissor Çexovun əsərlərini hazırlayarkən hər sözün, hər bir durğu işarəsinin, hətta hər bir pauzanın məna silqətinə böyük önəm verməlidir. Çünki onun əsərlərindəki, xüsusən dramaturgiyasındakı, hər bir söz böyük məna yükünə, enerjiyə malikdir və tamaşaçıda emosional enerji yarada bilir.
P.Bruk teatrın təsir qüvvəsini kiçik bir alovdan sıçrayan qığılcımla müqayisə edir. Teatr sənətinin çətinliyini, mürəkkəbliyini bu qığılcımın hər saniyə irəli doğru hərəkət etməyə məcbur olması ilə izah edir.
Ümumiyyətlə, P.Bruk teatr tamaşasında hərəkətə böyük önəm verir, onu tamaşanın cövhəri, teatr sənətinin spesifik amili və başlıca şərti kimi dəyərləndirir. Tamaşanın vahid hərəkət xətti ətrafında inkişaf etməsini vacib sayır, buna görə də P.Bruk rejissurasında tempo-ritm hadisə xəttinin, hərəkətin davamlılığının təimnatçısı kimi böyük əhəmiyyət daşıyır. Tempo-ritmi pozulmuş tamaşanı bütün səhifələri mənasız, boş nöqtələrdən ibarət olan kitabla müqayisə edərək deyir: "Temp - hadisələrin sürəti, ritm isə hadisələrin gedişinin xarakteridir. Bu tempo-ritm zaman və məkan gedişatında intensiv şahmat oyununu xatırlatmalıdır. Tamaşanın tempo-ritmi azdan-çoxa və ləngdən sürətliyə doğru irəliləyəcəkdir. Burada biz epizodları pillələrə ayırdığımıza görə temp və ritmin inkişafı aşağıdan – yuxarı pillələrə doğru cəld hərəkət funksiyası mahiyyətini daşıyır.
Teatrda tempo-ritm çox əhəmiyyətlidir. Tamaşanın tempo-ritmi pozularsa, tamaşaçıları bir saniyənin içində itirmək mümkündür”.
P.Bruk teatr sənətinin mürəkkəbliyinin bir səbəbini də bu sənətin maddi əsaslarla sıx şəkildə bağlı olmasında görür. Teatr sintetik sənət növüdür və tamaşanın uğurlu alınması üçün onu təşkil edən komponentlərin vəhdəti çox vacibdir. Məsələn bir tamaşada, rejissor işi, aktyor ifası uğurlu olsa, səhnə tərtibatı isə yaxşı alınmasa, bu, tamaşanın bədii-estetik dəyərinə ciddi zərbə vurar. Teatr tamaşasının uğurlu alınması, tamaşaçıya istənilən təsiri göstərə bilməsi üçün səhnədə hər şey – rejissor ideyası, aktyor oyunu, rəssam işi, dekorasiyalar, işıq, rəng, səs, musiqi, hətta tamaşanın oynanıldığı bina da çox önəmlidir. Amma bütün bunların əhəmiyyətini nəzərə almaqla bərabər, P.Bruk teatr sənətinin başlıca faktoru kimi insan amilini görür və onu teatr sənətinin məğzi hesab edir.
Könül Əliyeva-Cəfərova
Teatrşünas
banner

Oxşar Xəbərlər