AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pis vərdişdən qurtulmaq vaxtıdır!

Pis vərdişdən qurtulmaq vaxtıdır!

Müsahibə
19 Aprel 2013, 11:56 2310
Yol təhlükəsizliyi keşikçiləri ilə sürücü arasındakı qarşıdurma son bilmir. Dövlət Yol Polisi müfəttişləri çox vaxt sürücülərin əhvalını əsassız olaraq pozurlar, sürücülər isə öz növbələrində müfəttişlərini öz dələduz hərəkətləri ilə pərt edirlər. Qeyd etmək lazımdır ki, ölkəmizdə sürücü ilə yol müfəttişi arasında əlaqəni heç də asan adlandırmaq olmaz. Yol Polisi əməkdaşları da bizlər kimi insanlardır, onların da xasiyyətində çatışmazlıqlar ola bilər. Lakin bəzi sürücülər müfəttişlərlə mülayim danışmaqdansa, onlarla mübahisə aparırlar. Belə halda Yol Polisi əməkdaşları özünü kobud aparan və Azərbaycan Respublikasının «Yol hərəkəti haqqında» Qanununa tabe olmayan sürücülərlə necə rəftar etməlidilər? Bu kateqoriyaya daxil olar bir sıra sürücülər isə nəqliyyat vasitəsini sərxoş halda idarə edənlərdir.

İntizamlı sürücülər heç vaxt sükan arxasına sərxoş vəziyyətdə əyləşməz. Hamı bilir ki, avtomobil və alkoqollu içki bir-birinə uyğun olan varlıqlar deyil. Hazırkı materialımızda biz oxuculara maraqlı faktları təqdim etmək istəyirik. Ola bilər ki, bu, bəzi sürücüləri daha intizamlı olmağa kömək edər və alkoqollu içkilərə münasibətlərini dəyişər. Təəssüflər olsun ki, təcrübə göstərir ki, bəzi sürücüləri nəqliyyat vasitəsini sərxoş halda idarə etməkdən nə yüksək cərimələr, nə də yol-qəza hadisələrin dəhşətli statistikası dayandıra bilir.

Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Əsədovun sözlərinə görə, Yol Polisi İdarəsinin əməkdaşlarının apardığı reydləri nəticəsində cari ilin yanvar ayının birindən bu günədək 600-dən artıq sərxoş sürücü inzibati məsuliyyətə cəlb olunub. «Azərbaycan Respublikasının qanunvericiliyinin diktə etdiyi qaydalara əsasən, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücülər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılmalı, onlarla bağlı müvafiq sənəd hazırlanmalıdır ki, o da daha sonra məhkəməyə yollanır. Yəni məhkəmələr elə sürücülərlə bağlı müvafiq qərarlar verirlər».

Qeyd olunmalıdır ki, sərxoş sürücü tək özünün deyil, eləcə də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükə altına qoyur. Bu, həm yolu keçən piyadalar, həm də piyada səkisi ilə hərəkət edən insanlar və digərləri də ola bilər. Axı yoldakı vəziyyəti normal qiymətləndirməyə qadir olmayan sərxoş sürücü tərəfindən idarə olunan avtomobil yoldan çıxıb istənilən istiqamətdə hərəkət edə bilər: bu, istər piyada səkisi, avtobus dayanacağı və ya istənilən obyekt, divar, ev ola bilər.

Şübhəsiz ki, sürücünün diqqəti hətta bir qədəh spirtli içki sürücünün diqqətini zəiflədə bilər. Lakin Ümumdünya səhiyyə təşkilatı bu gün bir faktı da qeyd edir: sən demə, spirtli içkiləri «xoşlayan» sürücülər digərlərindən daha çox qəzalara düşürlər, özü də burada söhbət avtomobili sərxoş halda idarə etməkdən getmir. Deməli, alkoqol hətta qanda olmadığı halda belə təhlükə yaradır. Bunu izah etmək heç də çətin deyil, axı içki içməyən adam daha düşüncəli, şüurlu olurlar, onlar yolda təhlükəni daha tez anlayırlar, onların reaksiyası da daha cəld olur.
Bəzi insanlar içkisiz yaşaya bilmirlər və bu halda nə etməli? Axı avtomobili də sürmək lazım olur! Şüurlu sürücülər başa düşürlər ki, gecəyə qalan qonaqlıq onlar üçün avtomobili sabah səhərdən axşama qədər idarə etmək imkanından məhrum edə bilər. Sadəlövh cavanlar elə bilirlər ki, sərxoşluğu yalnız ağızdan gələn iy üzə çıxara bilər və qoxunu aradan qaldırmaq üçün müxtəlif saqqızlardan və digər az effektli vasitələrdən istifadə etməyə çalışırlar.

Əslində isə onlar yalnız özlərini aldadırlar, çünki alkoqol qoxusu heç də ağız boşluğundan deyil, ağ ciyərdən gəlir, məlum məsələ ki, bu halda saqqız kömək etməz. Bundan başqa, spirtli içkidən istifadə etmiş sürücü tamamilə ayıq Dövlət Yol Polisi əməkdaşı tərəfindən saxlanıldıqda saqqız iyi onun diqqətini cəlb edə bilər və sürücünü «təslim verər».

Dünyada belə bir ölkə yoxdur ki, orada sərxoş halda nəqliyyat vasitəsinin idarə olunmasına icazə verilsin. Müxtəlif ölkələrdə təyin olunmuş spirtin konsentrasiyası normaları fərqlənsə də, əslində bu, yalnız teoretik olaraq ayıq insanın qanında alkoqolun miqdarı ilə aldana bilən ölçü cihazlarının xətalarının göstəriciləridir. Qatıq içmiş insanlar alkotesterlərdən əziyyət çəkməməlidilər və bu tam olaraq haqlıdır. Əgər bu, qatıq deyil, doğrudan da spirtli içkidir, onda zəhmət çək qanunla cavab ver, axı indi sən vicdanlı yol hərəkəti iştirakçısı deyilsən, indi sən xroniki içki düşkünü-sosiopatsan – Qərbdə sərxoş sürücülərə məhz bu cür yanaşırlar.

Nə qədər kədərli olsa da, həftədə heç olmasa 3 dəfə alkoqollu içki içən insan artıq spirtli içki düşkünü olur. Əgər siz axşamlar televizorun qarşısında əyləşib pivə içməyi xoşlayırsınızsa, bilin ki, siz yalnız teleman deyilsiz…

Lakin gəlin avtomobil sürücüləri üçün icazə verilən alkoqol miqdarlarına qayıdaq. Məsələn, İngiltərədə, İrlandiyada, Lüksemburqda və Maltada norma 0,08 q/100 ml. təşkil edir. Norveçdə, İsveçdə və Polşada isə – 0,02 q/100 ml təşkil edir. Bir sıra Avropa ölkələrində sürücülərdən tam ayıq olmağı tələb edirlər – bunlar Rumıniya, Macarıstan, Çexiya, Slovakiya və Estoniyadır.

Ciddi qəzaların baş verdiyində nəqliyyat vasitəsini idarə edən sürücünün qanını məcburi olaraq yoxlayırlar. Hamımız bilirik ki, nəfəsdən gələn spirtli içkinin buxarı və iyi qanda alkoqolun olmasından xəbər verir, lakin onun qanda olan miqdarını yoxlamaq lazım olur. Bir çoxları bundan istifadə edərək, tibbi ekspertizadan keçmək arzusunu bildirilər. Onlar düşünürlər ki, bu vaxt ərzində alkoqolun miqdarı bir qədər azalacaq. Lakin belə bir hoqqa Fransada, Norveçdə, İngiltərədə, İsveçdə və Hollandiyada keçmir. Oranın qanunu sürücünü alkotesterin göstərdiyi nəticəyə əsasən cəzalandırır, hətta tibbi ekspertizanın cavabı mənfi olsa belə. Fransanın normalarına əsasən, insan artıq 0,12 q/100 ml içdikdə artıq sərxoş hesab olunur və bu halda o sükan arxasına otursa, bu artıq cinayət sayılır. Qonşu Almaniyada da vəziyyət oxşardır, lakin orada normalar bir qədər aşağıdır - 0,11 q/100 ml. Sürücü bu halda yol polisinin əlinə düşsə, məhkəmə onu narkoloji dispanserdə reabilitasiyadan keçməyi məcbur edə bilər.

Avropa qanunvericiliyi hətta bir şübhə yaratmayan sürücünü belə saxlamağı icazə verir. Amma bu proses heç də alçaldıcı deyil və qanuna tabe olan vətəndaşlar tərəfindən yollarda təhlükəsizliyin səviyyəsinin qaldırılması üçün bir tədbir kimi qəbul olunur. Belə bir yoxlamaya ən çox Finləndiyada rast gəlmək olar. Orada belə yoxlamadan il ərzində 64% sürücü keçir. Bu göstərici Estoniya və Slovakiyada da yüksəkdir, ümumiyyətlə isə Avropada sürücülərin 26% yoxlamadan keçir, bəziləri isə bir neçə dəfə yoxlanılır.

Azərbaycanda sərxoş sürücülərin müəyyənləşdirilməsi üçün reydlər hər zaman keçirilir. «Ən çox bu, gecə saatlarında baş verir. Belə reydlər Bakı şəhər yol polisi idarəsinin Dövlət yol polisi idarəsinin rəhbərliyi tərəfindən hazırlanmış tələblərə uyğun olaraq şöbə və bölmə əməkdaşlarının iştirakı ilə yaradılmış işçi qrupunun köməyi ilə daha da gücləndirilib. Bununla əlaqədar olaraq, yollarda nəzarət gücləndirilib və reydlər davam etdirilir», V. Əsədov vurğulayır.

Dövlət yol polisi təsadüfi seçim üçün müxtəlif üsullara əl atır – hər onuncu avtomobil və ya 5 avtomobil dalbadal, digər variantlar da mövcuddur. Kütləvi icmala da rast gəlmək olar. Məsələr, belə siyasət Avropanın yollarında sükan arxasında sərxoşluğu ikiqat azaldıb.

İlk baxışdan elə gələ bilər ki, Amerika qanunları digərlərindən çox sürücüləri boş buraxırlar – müxtəlif ştatlarda «məsuliffətsiz maksimum» 0,08-0,010 q/100 ml civarında dəyişir. Lakin orada qəzaların sayı daha çoxdur. Bu zaman qanunun liberallığı bu normaların həddinin aşılmasından asılı olaraq dəyişir. Məsələn, Ohayo ştatında ölümlə nəticələnən yol qəzasının sərxoş günahkarı edam edilə bilər, çünki onun hərəkəti qəsdən öldürmə kimi qiymətləndirilir. Digər ştatlarda belə sürücü türmədə cəzasını çəkmiş olardı. Bundan başqa, bir dəfə polisin əlinə keçən sərxoş sürücünün sürücülük vəsiqəsində və ABŞ-da şəxsiyyət vəsiqəsini əvəz edən İD – kartında elektron qeyd əmələ gəlir. Lakin bu hələ hamısı deyil. Belə sürücünü işə götürmüş insana da hadisə barədə məlumat verilir, insanın özü isə narkoloji klinikada qeydiyyata alınır. Bunun da izahı var – axı belə cəza tədbirləri olan bir ölkədə hansı normal insan sükan arxasına bu halda otura bilər? Beləliklə, hakimiyyət tək sükan arxasında sərxoşluqla deyil, həm də əyyaşlıqla mübarizə aparmış olur.

Vaqif Əsədovun sözlərinə görə, sürücülərin sərxoşluğunun bir neçə dərəcəsi var. Lakin, hər halda, sürücünün sükan arxasına sərxoş vəziyyətdə əyləşməyi ağırlaşdırıcı bir amil kimi hesab olunur. «Əgər Dövlət Yol Polisi əməkdaşı sürücünü təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən saxlayırsa, sonra isə məlum olur ki, sürücü həm də sərxoş vəziyyətdədir, onda əməkdaşımız sürücünü 300 manat miqdarında cərimələndirə bilər və ya məhkəmə onu 6 aydan 1 iş müddətinədək sürücülük vəsiqəsindən məhrum edə bilər. Əgər sürücü ballarla cəzalandırılan qayda pozuntusu törədibsə, yəni işıqforun qırmızı işığına keçibsə, qəza vəziyyəti yaradırsa və s., hələ üstəlik sərxoş vəziyyətdədirsə, onda onu 500 manat məbləğində cərimə gözləyir, məhkəmə isə onu 2 il müddətinədək sürücülük vəsiqəsindən məhrum edə bilər», - V. Əsədov qeyd etdi.

Lakin ölkəmizdəki yolların təhlükəsizliyini tək sərxoş deyil, eləcə də narkotik maddələr qəbul etmiş sürücülər də poza bilər.

«Yol polisi əməkdaşları tək sərxoş deyil, eləcə də psixotrop və ya narkotik maddələr qəbul etmiş sürücüləri də saxlayarlar. Bunu müəyyən etmək üçün biz həkimlərə müraciət edirik. Bu məqsədlər üçün xüsusi tibbi şöbələr mövcuddur. Bu zaman təhlil üçün qan götürülür. Qeyd etməliyəm ki, son günlərdə avtobus sürücüsü tərəfindən narkotik maddəni qəbul edib nəqliyyat vasitəsini sürməsi hadisəsi qeydə alınmışdır. Onun barəsində Azərbaycan Respublikasının qanunlarına əsasən, müəyyən tədbirlər görülmüşdür», - deyə, V. Əsədov qeyd edib.

Qeyd etmək lazımdır ki, hansısa «ot» (narkotik nəzərdə tutulur) çəkən sürücülər sərxoş sürücülərdən daha adekvat davranışı ilə fərqlənir. Lakin bu qanunsuz maddə yollarda təhlükəsizliyi heç də artırmır. Bu barədə hamı bilir. Əgər DYP müfəttişində şübhə yaranır ki, qarşısındakı sürücü narkotikin təsiri altındadırsa, onda o, sürücünü tibbi müəssisəyə ekspertiza üçün gətirə bilər. Orada şübhə altında olan şəxsdən sidiyin təhlilini aparıb, onun bədənində kanabiolun olub-olmamasını dəqiqliklə müəyyən edirlər. Bu testin kələkbazlığı ondadır ki, o, hətta insan hadisədən bir neçə həftə qabaq da narkotik maddəni qəbul etmiş olsa belə, cavab yenə də müsbət olacaq. Kanabiolun izləri insan bədənindən yalnız 1 aydan sonra yox olur. Sürücü ilə isə hüquq-mühafizə orqanları məşğul olacaq.

Doğrudan da, bu gün yollarda vəziyyəti heç kəs sonadək nəzarət altında saxlaya bilməz, çünki bütün sürücüləri saxlayıb yoxlanışdan keçirmək mümkünsüzdür. Lakin bu istiqamətdə hər bir yol hərəkəti iştirakçısı özü qərar verməlidir. Biz özümüzə və bütün ətrafdakılara hörmət etməliyik. Səhlənkar yanaşmanın gətirə biləcəyi faktlar və nəticələrini nəzərə alaraq, biz anlamalıyıq ki, ilk olaraq, Azərbaycan Respublikasının qanunlarına hörmət edərək, bir çox əsassız problemlərdən qaça bilərik.

İskəndər Quliyev