• cümə axşamı, 28 mart, 13:04
  • Baku Bakı 16°C

Pis sənət yoxdur, pis sənətkar var

23.05.17 12:00 1488
Pis sənət yoxdur, pis sənətkar var
İxtisas seçimi insanın həyatında ən çətin və məsuliyyətli məqamlardan biridir. Seçimi edərkən yalnız bu günü deyil, gələcək iş karyerasını da nəzərə almaq lazımdır. Seçim zamanı insan özünə bəzi suallar verməlidir. Mən bu ixtisası sevirəmmi? Universiteti bitirdikdən sonra bu peşə üzrə işləyə biləcəyəmmi? Oxuduğum ixtisasla cəmiyyətə necə xeyirli ola bilərəm? Əgər sırf "universitetə qəbul oldum” demək üçün ixtisas seçiriksə və seçdiyimiz ixtisasla yaxından uzaqdan əlaqəmiz yoxdursa, bu zaman keçən dörd ilimizə heyf olacaq. Ən əsası isə biz kiminsə - bu ixtisası həqiqətən sevərək oxumaq istəyən bir gəncin yerini tutmuş oluruq. Peşə seçimi edərkən düzgün qərar verməli və sonuna qədər verdiyimiz qərarın arxasında durmalıyıq. Hətta belə demək olar ki, ixtisas seçimi məktəb həyatından sonra iş həyatına atılan ilk və ən vacib addımlardan biridir. İxtisas seçimi zamanı valideynlər məsləhətlərini versələr də, son qərarı şagirdin öhdəsinə buraxmalıdırlar. Son dövrlərdəki ixtisas seçiminə nəzər salsaq görərik ki, şagirdlər istədikləri peşədən daha çox qəbul imtahanlarında topladıqları ballara uyğun olan sənəti seçirlər. Bu da ixtisaslar arasında olan rəqabəti aşağı salır. Təhsil Nazirliyinin məlumatına görə, 2015-2016-cı illərdə qəbul imtahanında ən yüksək balı toplayan min nəfərdən çox abituriyent ilk ixtisas kimi müəllimliyi qeyd edib. Biz də, müəllimlik peşəsinə marağın artma səbəblərini və ümumiyyətlə, ixtisas seçimi zamanı nələrə fikir vermək lazım olduğunu aydınlaşdırmağa çalışdıq.
Nazirlik müəllimlik ixtisasını seçənlərə təqaüd verir
Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, ixtisas seçimi o zaman düzgün hesab edilir ki, abituriyent seçdiyi ixtisasın mahiyyətini bilir, onu sevir və o sahədə işləmək istəyir. Valideynlər əlbəttə, öz maraqlarına uyğun olaraq hansısa ixtisası təklif edə bilərlər. "Tutaq ki, uşaq mühəndis olmaq istəyir, amma valideyni istəyir ki, o, həkim olsun. Amma son olaraq seçimi şagird özü etməlidir. Və valideyn də buna hörmətlə yanaşıb, övladının seçimlərinə müdaxilə etməməlidir. Hazırki dövrdə ixtisas seçimində bir sıra yanlışlıqlar var. Bu nədən qaynaqlanır? Abituriyent seçdiyi peşənin balını toplaya bilməyəcəyini düşünərək başqa ixtisasları da qeyd edir ki, bunlardan birinə qəbul olsun. Beləliklə, yiyələnmək istədiyi ixtisasa balı çatmır və istəmədiyi ixtisasa düşür. Bu da təhsil müddətində onun üçün müəyyən problem yaradır. Şagirdlərin istədiyi ixtisasa düşməsi üçün gərək Dövlət İmtahan Mərkəzi optimal bir variant tətbiq etsin. Optimal variantda ondan ibarətdir ki, qəbul imtahanından əvvəl edilən sınaqlar həm də şagirdlərin maraq və meyllərini öyrənmək üçün keçirilsin. Çox istərdim ki, ixtisas seçimindəki, bu qüsurlar aradan qaldırılsın”.
Ə.Ağayev müəllimlik ixtisasına marağın artmasından da danışdı. "Son iki ildir ki, Təhsil Nazirliyi yüksək bal toplayıb müəllimlik ixtisasını seçənlərə aylıq 100 manat təqaüd verir. Bu da abituriyentlər arasında xeyli coşqunluq yaratdı. Belə ki, şagirdlər yüksək bal yığaraq müəllimlik ixtisasına qəbul olmağa çalışırlar. Yəni bu seçimdə maddi faktor böyük rol oynayır. Bundan əlavə, universiteti müəllimlik ixtisası üzrə bitirənlər tezliklə müəyyən işlə təmin olunurlar. Digər bir səbəb isə müəllim ixtisasını bitirən öz peşəsi üzrə də olmasa hansısa başqa bir işlə məşğul ola bilir. Xarici dili, kompüter texnologiyasını, işin təbliği və təşkilini bilir və belə olan şəraitdə şirkətlərlə çalışır. Buna görə də, son illər müəllimlik ixtisasına maraq artıb”.
Valideyn övladının marağının hansı sahəyə olduğunu bilməlidir
Psixoloq Elnur Rüstəmov bildirir ki, ixtisas seçimi əslində hazırlıq dönəmindən aparılır. "Yəni şagird neçənci qrupa hazırlaşırsa, həmin qrupun ixtisaslarına yiyələnmək istəyir. Valideyn övladının istəyinin, marağının, qabiliyyətinin hansı sahəyə olduğunu bilməlidir. Uşaq humanitar, yoxsa dəqiq elmlərə maraq göstərir? İşi bunun üzərindən aparmaq lazımdı. Və bu proses də Azərbaycan cəmiyyətinə yeni-yeni gəlir. İxtisas seçimində fənn hazırlığından başqa, psixoloji hazırlıq da böyük rol oynayır. Ata-ananın birbaşa olaraq şagirdin seçiminə müdaxiləsi düzgün deyil. Təbii ki, valideynin uşağın gələcəyi ilə bağlı planları və öz doğruları ola bilər. Valideynlər adətən məsələyə dövrün tələb və təkliflərindən çıxış edərək qiymət verirlər. Amma seçim şagirdin istəyinə uyğun aparılmalıdır. Pis sənət yoxdur, pis sənətkar var. Çünki bu gün bütün peşələr tələb olunandır. Valideynlər bacardıqları qədər övladlarının seçimlərinə birbaşa müdaxilədən qaçmalıdırlar. Yol göstərə, öz məsləhətlərini verə bilərlər, amma sonda seçimi uşağın özünə həvalə etməlidirlər”.
Müsahibimizdən son dövrlər müəllimlik peşəsinin şagirdlər tərəfindən daha çox seçilməsinin səbəblərini soruşduq. O dedi ki, bu gün mövcud olan ixtisasların böyük əksəriyyəti demək olar ki, dövrün tələbinə uyğundur. "Uşağın marağı və potensialı daha çox hansı ixtisasadırsa, ona üstünlük verməlidir. Müəllimlik peşəsi də həmişə aktual peşələrdən olub. Sadəcə, bu gün savadlı, bilikli, dövrün innovativ tələblərinə cavab verən müəllimlərə böyük ehtiyac var. Bu gün sənəd verən abituriyentlər də hansı ki, gələcəyin müəllimi olacaqlar, onlar da bu aspekti nəzərə alaraq müəllimlik ixtisasını seçirlər. Məktəb direktorlarının test üsulu ilə seçilməsi, orta məktəblərə müəllimlərin işə qəbulunun test üsulu ilə aparılması təşviqat və motivasiya xarakteri daşıyır. Həmçinin müəllimlərin maaşının qalxması gündəmdə olan məsələlərdəndir ki, bütün bunlar abituriyentin ixtisas seçiminə öz təsirini göstərir”.
Sosiloq Cavid İmamoğlu qeyd edir ki, Azərbaycan reallığında valideynlərin ən çox arzuladığı övladlarının həkim, hüquqşünas, prokuror ixtisasıma yiyələnməsidir. "Bu da bir çox hallarda qandan qorxan bir uşağın gəlib həkimliyi oxuması ilə nəticələnir. Bu isə onun istəmədiyi bir sahədə təhsil almasına, gələcəkdə öz ixtisası üzrə yox, başqa bir sahədə işləməsinə gətirib çıxarır. Hazırda əksəriyyət insan bitirdiyi ixtisas üzrə çalışmır. Bunun səbəbi isə ixtisas seçimindən öncə onlarla karyera barədə söhbətin aparılmamasıdır. Yəni abituriyentin əsas məqsədi sadəcə universitetə daxil olmaqdır. Qəbuldan sonrakı karyera, hər hansısa bir ixtisasa sevgi və.s əksər hallarda önəm daşımır. Qəbula hazırlaşarkən də daha çox valideynlərinin seçiminə uyğunlaşırlar. Sanki bir robot kimi onlara tapşırılmış bir işin öhdəsindən gəlirlər”.
Sevmədiyi ixtisasa qəbul olanda təhsil illərini yola verirlər
C.İmamoğlu valideynlərin şagirdin ixtisas seçiminə qarışmasından da danışdı. "Valideyn uşağının təhsilində, gələcək karyerasında maraqlı olan şəxsdir. Amma bu qarışmaq birbaşa müdaxilə formasında yox, dəstək, məsləhət formasında olmalıdır. Yəni valideyn övladının maraqlarını, istəyini nəzərə alaraq ona bu seçimdə dəstək olmalıdır. Çünki ata-ana dəstəyi övladın həyatının hər anında vacibdir. Xüsusilə də belə bir həssas dövrdə onların seçimlərinə və hədəflərinə hörmətlə yanaşmalıdırlar. Şagird də öz istədiyi ixtisas uğrunda məqsədyönlü şəkildə davranmalı və həmin ixtisasa qəbul olmaq üçün çalışmalıdır. Uşaqlar sevmədiyi ixtisasa qəbul olanda dörd il ərzindəki təhsil illərini yola verirlər. Hansı ki, həmin bu dörd il şagirdin karyera həyatının başlanğıcıdır. Ona görə də, gərək elə bir sənət sahibi olsunlar ki, təhsil illərində ixtisasına tam yiyələnib, peşəkar kimi yetişə bilsinlər. Bu da bir həqiqətdir ki, bu gün iş bazarında işini yaxşı bilən peşəkarlara böyük ehtiyac var. Ona görə də, dörd illik təhsil həyatı gələcək karyerada böyük rol oynayır”.
Sosioloq bildirir ki, şagirdlərin ixtisas seçimində uğurlu olması üçün onlarla karyera quruculuğu haqqında söhbət etmək lazımdır. "Əsasən doqquzuncu sinif şagirdləri arasında karyera quruculuğu istiqamətində təlimlər keçirilməlidir. Hər bir şagird öz maraq dairəsini müəyyənləşdirməlidir. Bu cür təlimlər şagirdlərə keçirilmədiyindən, onlar sadəcə, universitetə daxil olmaq üçün çalışırlar. İxtisas barəsində elə də ciddi düşünmürlər. Bu da sonrakı mərhələdə onları həm fiziki, həm də psixoloji mənada yorur. Müəllimlik ixtisasını seçənlər universiteti bitirdikdən sonra daha tez iş tapa bilir, daha stabil həyat tərzinə malik olurlar. Yəni bu baxımdan yanaşanda bu, uğurlu seçimdir. Amma şəxsi inkişaf aspektindən yanaşanda təbii ki, əksəriyyətin bu peşəyə meyllənməyi ixtisaslar arasında rəqabətin aşağı düşməsindən xəbər verir. Şagirdlər daha iddialı, balı yüksək olan peşələrdə özlərini sınamaq istəmirlər. Əgər abituriyent, doğrudan da müəllim olmaq istəyirsə, onda ünsiyyət qurmaq, təlim bacarığı varsa, tədris metodikasına yaxındırsa, elə müəllim olsa yaxşıdır. Yox, əgər bu şəxsin nə dil, nə də ünsiyyət imkanları, xarakteri buna uyğun deyilsə, onda onun müəllim olması məsləhət deyil. Çünki həm özünə, həm də gələcək şagirdlərinə əziyyət vermiş olacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər