“Pis həkim ola bilmərəm”
Uşaqlıq
illərindən arzulayıb gəldiyi sahə deyil, bir növ istiqamətləndirmə sayəsində
tibbi seçib. Amma təhsil aldığı müddətdə gördüyü işi sevməyi öyrənib. Bu gün
özünü tibdən başqa heç bir sahədə görmədiyini deyir. "Birbaşa predmeti insan və
onun sağlamlığı olan həkimlik, zamanla mənim gözümdə böyüdü və bu sahəni daha
çox sevməyə başladım” – deyən müsahibimiz Türkiyənin Ege Universitetinin tibb
fakültəsində uzmanlıq təhsili alan 26 yaşlı Gültap Xaliqlidir.
- Gültap xanım, siz də bir çox qızlar kimi uşaq
vaxtı "həkim olacağam” deyirdiniz?
- Yox,
uşaqlıq arzum olmayıb. Jurnalist, diplomat olacağımı, ingilis dilini mükəmməl
öyrənəcəyimi deyirdim. Təsadüfə inanmıram, amma həkimliyə yönəlməyim bir az təsadüf
oldu. 6-cı sinifdən sonra valideynlərim liseyə imtahan verməyimi istədilər. Mən
də imtahan verib qəbul oldum və 7-ci sinifdən sonra orda oxudum. Lisey
kimya-biologiya təmayüllü olduğu üçün o fənlərə daha çox üstünlük verirdi. Həmin
məktəbdə oxuyanların 90 faizi tibbə yönəlirdi. Məndə də kimya və biologiya mükəmməl
oldu deyə, 4-cü qrupa verdim və beləliklə, həkimliyi seçdim.
- Yəni sevərək
yönəldiyiniz sahə olmayıb?
- Tibbə
qəbul olandan sonra hiss etdim ki bura tam mənim yerimdir. Özümü başqa sahədə təsəvvür
edə bilmirdim.
- Tibbi sizə
sevdirən nə oldu?
- Bu
işin nə dərəcədə önəmli olması. Həkimliyin digər sahələrə nisbətən daha önəmli
olduğunu düşünməyə başladım. Bəlkə də bu fikir başqaları üçün yanlışdır, amma mən
öz sahəmlə bağlı bu cür düşünürəm. Müəllimlərimiz bizə deyirdilər ki, müəllim
pisdirsə, tələbəsi savadsız olur, bənna pis olanda tikdiyi ev yaxşı alınmır,
siyasətçi işini yaxşı bilməsə, idarəetmə uğurlu olmur, amma həkim pis ola bilməz.
Artıq beynimə yeritmişəm ki, pis həkim ola bilmərəm. Çünki bu, bir insanın
ölümünə səbəb ola bilər. Birbaşa predmeti insan və onun sağlamlığı olan həkimlik,
zamanla mənim gözümdə böyüdü və bu sahəni daha çox sevməyə başladım.
Amma
tibbə sevgimin yaranmasından danışanda bir müəllimim var ki, onun adını çəkməsəm
olmaz. O şəxs Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mənim
kuratorum olan nefroloq Barat Yusifovdur. Onun sayəsində mən bu sahəni çox
sevdim. O, mənə gördüyün işi sevməyi, insanlara təmənnasız yardım etməyi,
pasientlərləə doğru şəkildə, yaxınınmış kimi davranmağı və istəyindən heç zaman
vaz keçməməyi öyrətdi. Mənə çox böyük dəstək oldu. Bu yerlərə gəlib çatmağımda
rolu olan böyük insanlardan biridir.
- Pis həkim olmamaq üçün nə edirsiniz?
- İlk istəyim
güclü tibbi təhsil almaqdır. Azərbaycanda mən o təhsili görmədiyim üçün
uzmanlıq təhsilini Türkiyədə almaq qərarı verdim. Azərbaycan Tibb
Universitetində 6 illik tibb təhsili aldım. Sonrakı mərhələ isə 4-5 illik
rezidentura dediyimiz ixtisas təhsili idi. Azərbaycanda imtahan verib onu da
qazandım, bir müddət Respublika Klinik Xəstəxanasında və Azərbaycan Tibb
Universitetinin Tədris Cərrahiyyə Klinikasında nefroloq kimi işlədim, amma təhsildən
məmnun qalmadığım üçün imtina edib, təzədən hazırlaşdım və Türkiyəni seçdim.
Bunun üçün maksimum dərəcədə hazırlaşdım, birinci seçdiyim yeri qazandım və
bura gəldim. HazırdaEGE Universiteti Tibb fakültəsində ginekologiya üzrə uzmanlıq təhsili
alıram, həm də assistent həkim kimi universitetin klinikasında çalışıram.
-
Ginekologiyanı seçməyiniz necə oldu?
- 6
illik ümumi tibbi təhsilim zamanı heç vaxt ginekologiyaya yönəlməyi fikirləşməmişdim.
Kardioloq, radioloq kimi sahələr mənə daha maraqlı gəlirdi. Universiteti
bitirdikdən sonra bir il İstanbul Universitetinin tibb fakültəsində təhsil
aldığım müddətdə ginekologiyanı sevdim. Rezidentura imtahanı verəndə yetərli
bal topladım və ginekologiyanı seçdim.
- Bir az da Türkiyədə uzmanlıq təhsilindən danışın.
Necə prosesdir, necə öyrədirlər?
-
Ginekologiya cərrahi ixtisas olduğu üçün burda iş çox ağırdır. Səhər saat 7-də
işimiz başlayır, axşam 6-7 arası bitir. İki gündən bir növbədə olursan. Növbədə
olmaq o deməkdir ki, səhər 7-də işə başlayırsan, növbədəsənsə, işin 6-7-də
bitmir, gecə də qalırsan, səhəri gün axşam 6-7-yə işin bitərsə, evə gedirsən.
Ayda 10 növbə olur. Ağırdır, amma təhsil baxımından burdan çox razıyam, hər şey
edirik, bütün xəstəlikləri görürük, əməliyyatlara giririk, müayinələr aparırıq.
Düzdür, mən yeniyəm, 3 aydır başlamışam, amma ixtisası tam öyrənmək üçün hər şərait
var.
- Ordakı həkim-müəllimlərin
öyrətmə metodları necədir?
- Türkcədə
bu müəllimlərə "öğretim görevlisi” deyirlər. Bu ifadə onları çox gözəl ifadə
edir. Hər mənada çox yaxşı öyrədirlər.
- Burdakı həkim-müəllimlərlə müqayisə edəndə, öyrətmə,
yanaşma fərqi varmı?
-
İstisnaları çıxmaq şərtilə fərq çoxdur. Bakıda elə müəllimlərim olub ki, həqiqətən
öyrədiblər. Amma ümumi olaraq danışsaq, böyük fərq var. Türkiyədəki uzmanlıq təhsili
artıq oturuşmuş bir sistemdir. Azərbaycanda isə rezidentura sistemi 7-8 ildir
var, sistem hələ tam formalaşmayıb. Eyni zamanda Azərbaycanda universitetdə
professorla birgə əməliyyata girmək nədir, professorun qapısının yanından keçmək
belə çətin idi, amma burda professorla birgə əməliyyata girirsən, ona kömək
edirsən. Burda mütəxəssislər mərhələ ilə özündən yuxarıdakına bağlıdır. Həkim
uzmana, uzman dosentə, dosent professora. Mən xəstəni müalicə edəndə nə isə çətinlik
çəksəm, bunu uzmana danışıram, əgər onun üçün də qaranlıq nə isə olsa, ondan
yuxarıya və s. belə bir prosesdir.
- Müəllimlərin öyrətməsindən danışdınız, bəs, öyrənən
tərəf olaraq necə çalışırsınız?
- Burda
iş bölgüsü var və sən onları edirsən, həm də öyrənirsən. Burda sənin öyrənməmək
kimi lüksün yoxdur. Sənin görəcəyin işlər var. Hər gün müəyyən qədər xəstənin hər
bir məsələsi ilə sən maraqlanırsan. O baxımdan, artıq məsuliyyətin olduqca, sən
də üzərində çalışmağa başlayırsan, özünü inkişaf etdirmək üçün daha çox
oxuyursan, xarici ədəbiyyatlardan yenilənən məlumatları axtarırsan. Bakıda da
rezident olmuşam, orda bizə xəstə vermirdilər. Bizə təyin olunan həkimin yanına
özümüz məcbur gedirdik. O da bizə xəstə vermirdi, yalnız onun necə müayinə və
müalicə etdiyinə baxırdıq, yazdığı resepti özümüz üçün analiz edirdik. Burda isə
konkret olaraq iş gördürürlər. Bu gün tutaq ki, 30 xəstəni sən idarə etməlisən,
onlarla maraqlanmalısan. Fərq budur. İş gördükcə, artıq həm də öyrənirsən, zəif
tərəfin nə olursa, onların üzərində işləyirsən. Həm də Azərbaycanda sığorta
olmadığı üçün xəstələr həkimə ödəniş edərək gəlirlər. Ona görə, xəstələr müayinə
və müalicəsini birbaşa həkimin etməsini istəyirlər. Amma burda sığorta
sistemidir, hamı xəstəxanaya gəlir, ayrı-seçkilik olmur, assistent olsan da,
işləyirsən. Xəstələrə öncə sən yaxınlaşırsan, müayinə və müalicəsini edirsən.
- Amma həm də yenisiniz. Müayinə və müalicə zamanı
bilmədiyiniz məqamlar olanda nə edirsiniz?
- Universitet xəstəxanası olduğu üçün hər
bir şey uzmanın, professorun nəzarəti altında olur. Məsələn, gün ərzində iki dəfə
vizit olur. Biri səhər saat 8-də, biri də 4-də. Vizit dediyimiz odur ki,
hocalarla servisdə yatan bütün xəstələrə baş çəkirik, xəstələr haqqında onlara
məlumat veririk. Hocaların bütün xəstələrdən məlumatı olur, bu prosesdə bizim
işimizlə bağlı fikirlərini bildirirlər. Yəni biz nəzarətsiz işləmirik.
- Həkimləri soyuqqanlı adlandırırlar. Kənardan
görüntü də belə olur. Bəs realda necədir?
- Mən
ilk dəfə doğuşa tələbə vaxtı girmişdim. Uşaq anadan olanda ağlamağa başladım.
Emosional insan olduğum üçün hisslərimi o an büruzə verdim. İndi hər gün neçə
doğuş qəbul edirəm, zamanla artıq o emosionallıq keçir, soyuqqanlı olmağa
başlayırsan. Amma yenə də bu, gərgin prosesdir. Kənardan xəstələrə elə görünə
bilər ki, asanlıqla kəsir, tikirik. Amma o an içində hər şey sənin nəzarətin
altında olmalıdır. Yanlışlıq etməmək üçün bütün məsuliyyət sənin üstündə olur,
hisslərini kənara qoyub fikrini işinə yönəltməyə çalışırsan, ona görə, kənardan
elə görünür. Səbəb isə bütün məsuliyyətin sənin öhdəndə olmasıdır.
- Tibb sahəsində peşəkar olmaq üçün çox zaman tələb
olunur, həm də gənc xanımsınız. Gənclik dövrünün zövqünü ala bilirsiniz?
- Mən gənclik
dövrü görməmişəm, həyatımın o anlarını kitabxanada keçirmişəm. Universitetə qəbul
olanda 18 yaşım var idi. Saat 4-də dərsdən çıxırdıq, sonra sabahkı dərslərə
hazırlaşırdıq. 1-2-ci kurs çox ağır idi. Davamı da belə olub. O vaxt gün ərzində
1-2 saat dərsdən başqa nəyəsə vaxt sərf edirdiksə, Türkiyədə imtahana
hazırlaşdığım dövrdə o da olmadı, günüm yatmaqdan və kitabxanada vaxt keçirməkdən
ibarət olurdu. Başqa heç bir şeyə vaxt sərf etmirdim. Səhər 6-da oyanıb dərs
oxuyurdum, kitabxana saat 10-da açılırdı, saat 10-da orda olurdum, axşam evə
gedib yatırdım. Yaşıdlarım konsertlərdə, teatrlarda, gəzməkdə olurdu, mən
kitabxanada. Bundan peşman da deyiləm. Onları indi vaxt tapıb edə bilərəm, amma
o vaxt onları etsəydim, yetərli qədər çalışmasaydım, indi istədiyim işdə olmazdım,
istədiyim maaşı alıb, istədiyim həyatı yaşaya bilməzdim. Müvəqqəti, çox ağır
dönəm oldu, amma nəticəsi yaxşıdır. Universitet yoldaşlarımın çoxu mənim
durumumda idi. Amma çəkdiyim zəhmətin bəhrəsini görürəm.
Aygün Asimqızı