• cümə, 26 Aprel, 04:56
  • Baku Bakı 16°C

Pir oğlu və ya AZƏRBAYCANIN XOŞBƏXTİ

17.09.14 10:39 4829
Pir oğlu və ya AZƏRBAYCANIN XOŞBƏXTİ
Bu il sentyabrın 20-də müstəqil Azərbaycan dövlətinin iqtisadi bünövrəsinin əsasında dayanan mühüm tarixi hadisənin - «Əsrin müqvailəsi»nin imzalanmasından iyirmi il ötür. Ölkənin daxilində siyasi gərginliyin artması, müharibə şəraitinin ağırlığı fonunda beynəlxalq təzyiqlərin də çoxaldığı mürəkkəb şəraitdə müstəqilliyini yeni qazanmış ölkənin gələcək müqəddəratını həll edən sazişlərin imzalanması ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyət olimpinə qalxmasından sonra baş tutmuşdu. Aradan iyirmi il keçəndən sonra ulu öndərin siyasi iradəsi sayəsində reallaşmış «Əsrin müqaviləsi»nin bəhrələrindən, cəmiyyətin bütün sahələrində özünü göstərən inkişaf tempindən danışmaqla yanaşı, bu möhtəşəm hadisənin hansı mürəkkəb şəraitdə və şərtlər daxilində reallaşmasını da xatırlamaq lazımdır.
Miqyası və təsir imkanlarına görə birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu, tək neft müqaviləsi deyildi, elan olunmamış işğalçı müharibə və vətəndaş qarşıdurması fonunda müstəqilliyini əldə etmiş Azərbaycanın xilas müqaviləsi idi. 1994-cü il sentyabrın 20-də imzalanmış müqaviləni tərəddüd etmədən müstəqillik aktı ilə eyniləşdirmək olar; İstiqlal bəyannaməsi xalqın istək və arzularının, azadlıq uğrunda mübarizəsinin ifadəsidirsə, «Əsrin müqaviləsi» bu mübarizənin iqtisadi bünövrəsini möhkəmləndirən, onu müasir dünyaya yaxınlaşdıran pəncərədir.
Tarixi hadisənin 20 illiyi ərəfəsində mətbuat bu məsələyə geniş diqqət ayırır, çoxsaylı məqalələr, təhlillər işıq üzü görməkdədir. Üç əsrə şahidlik edən «Kaspi» XIX əsrin sonu, XX əsrin əvvəllərinə düşən neft bumu zamanı yaranmış və zəngin tarixi keçmişi olan qəzet kimi həmişə Bakının neft sənayesi ilə bağlı mövzulara geniş yer ayırmış, prosesləri sistemli şəkildə işıqlandırmışdır. Hətta tarixi «Kaspi»nin neft sənayesi ilə bağlı ayrıca şöbəsi də fəaliyyət göstərmişdi. Daim öz sələflərinin ənənələrinə sadiq qalan, bu dəyərləri yaşadan müasir «Kaspi» də ölkə iqtisadiyyatının şah damarı hesab edilən neft-qaz sənayesinin inkişafı, neftçilərin məişəti, güzəranı kimi mövzuları diqqətdə saxlamaqdadır. Bu baxımdan, «Əsrin müqaviləsi»nin ildönümü qabağı oxucularımıza özündə yalnız quru statistik rəqəmləri əks etdirən şablon yazı təqdim etmək istəmədik, məsələyə bir qədər fərqli aspektdən yanaşmaq qərarına gəldik. Biz «Əsrin müqaviləsi»nin ərsəyə gəlməsində, tarixə çevrilməsində əməyi olan, eyni zamanda adını Xəzərin neft salnaməsinə qızıl hərflərlə yazdıran şəxsiyyət haqqında söz açacağıq. Söhbət düz 60 il bundan əvvəl – 1954-cü il martın 24-də Neft Daşlarına ayaq basan, boyu 1 metr 74 santimetr, tərəzinin üstünə çıxanda cəmi-cümlətanı 54 kilo gələn Pirşağı balasından – Xoşbəxt Yusifzadədən gedəcək.
Xoşbəxt neftçi
Onun haqqında yazmaq istəyəndə İnternetdə axtarış verib faktlar toplamağa çalışdım. Qarşıma yalnız neft-qaz sektorunun inkişafını əks etdirən bitib-tükənməyən rəqəmlər çıxdı. O, jurnalistlərə verdiyi açıqlamalarında, müxtəlif vaxtlarda yazdığı məqalələrində yalnız bu rəqəmlərdən danışıb. Böyük göstəriciləri əks etdirən rəqəmlər isə akademik Yusifzadənin şəxsiyyətinin bütün tərəflərini əks etdirmək, onu hər şeydən əvvəl bir insan kimi tanımaq üçün yetərli deyildi. ARDNŞ-də işləyən dostum Elçin Kazımovun əfsanəvi neftçi-geoloqun özünün yazdığı «Ömrümün illəri və izləri» kitabını mənə gətirməsi qəhrəmanımı daha yaxından tanımağıma vəsilə oldu. İri həcmli kitab mənalı, mən deyərdim, macəralarla dolu bir ömür yaşayan şəxsiyyətin həyat salnaməsi də hesab oluna bilər. Dilinin rəvanlığına, həyat hadisələrinin rəngarəngliyinə və ən əsası, Mola Nəsrəddin hikmətləri arxasından boylanan Xoşbəxt Yusifzadə yumorunun incəliyinə görə kitabı istənilən memuar ədəbiyyatı, xatirə romanları ilə müqayisə etmək olar. Başladıq uzun və maraqlı ömrün illəri və izlərini vərəqləməyə…
Onun repressiyalardan qurtulub, İkinci Dünya müharibəsinin qan-qadasında, səfalətində pöhrələnməkdə olan, Xruşovdan, Brejnevdən adlayıb, nəhayət müstəqil dövlətin paytaxtına çevrilən Bakının neft qoxuyan səmasında ulduz kimi parlayan həyat yolu təkcə böyük bir dövrü əhatə etməsinə görə yox, keşməkeşlərinə, çətinliklərinə, heç vaxt büdrəməyib öz yolu ilə inamla addımlayaraq bugünlərə gəlib çatmasına görə maraqlıdır. Belə nəticəyə gəldim ki, bu xoşbəxtliyin arxasında bəxt amilindən daha çox böyük zəhmət və tükənməz enerji dayanır. Kitabda az qala yüz ilə şahidlik eləyən çoxlu fotolar arasında biri daha çox diqqətimi çəkdi, çox güman ki, ötən sərin 50, ya da 60-cı illərində çəkilən şəkildə X.Yusifzadə neftçi dostları ilə quyunun üstündə oturub həmişəki nikbin baxışları ilə obyektivə baxır. Şəkilin altına yazılan sözlər isə onun kimliyini, hansı yolu keçdiyini daha təsirli ifadə edir: «Mən ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsinə asanlıqla gəlib çatmamışam. Aylarım, illərim mədənlərdə, neft quyularının üstündə keçib».
Oxumaq, yaxşı təhsil almaq üçün Pirşağıdan Kürdəxanıya qədər hər gün piyada gedib-gələn və nəhayət ya riyaziyyat müəllimi, ya da həkimlik peşəsi arasında seçim etmək istəyən 17 yaşlı yeniyetməyə xoş bir təsadüf nəticəsində neftçi olmağı məsləhət görürlər. Özündən böyük dostları ona belə də deyirlər: «Sən heç bilirsən neftçi olmaq nə deməkdir? Çox hörmətli və şərəfli bir peşədir, əsil kişi işidir». Ömrü boyu «məsləhətli don gen olar» düşüncəsiylə yaşayan 17 yaşlı Xoşbəxt sənədlərini indiki Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə verir. 1947-ci ilin sentyabr ayında gələcəyin böyük neftçisinin tələbəlik illəri başlayır. Düşünürəm ki, X.Yusifzadə riyaziyyatçı olsaydı, çox güman ki, Zahid Xəlilov səviyyəsində alim kimi tanınacaqdı, həkim olsaydı, Mustafa Topçubaşov kimi dünya şöhrəti qazanacaqdı. Amma Azərbaycanın riyaziyyatçısı da vardı, həkimi də, indi onlar səviyyəsində neftçi-geoloq zirvəsinə ucalmaq lazım idi.
“Bir neftçi kimi X.Yusifzadə nələr edib” sualına cavab axtarsaq, deyə bilərik ki, o, nəzəri mühakimələrlə praktik elmi birləşdirən nadir təcrübəyə malik mütəxəssisdir. Neft Daşlarında çox həvəslə işə başlayan gənc qısa müddət ərzində çalışdığı sahədə inqilabi yeniliklər etməyə müyəssər olur. Onun rəhbərlik etdiyi geoloji şöbə əsil elm mərkəzinə çevrilir. O illərdə Neft Daşlarında laylara su vurulması prosesi başlayır ki, bu da elmə böyük maraq göstərən gənc mütəxəssisin araşdırmalarının miqyasını genişləndirməyə imkan yaradır. İş təcrübəsi yarım əsrdən çox olan qocaman neftçinin xarüqələri barədə bir yazıda təfsilatı ilə danışmaq mümkün olmadığından, bacardıqca geniş ümumiləşdirmələr etməklə zəngin həyat yolu haqqında təəssürat yaratmağa çalışacağıq. X.Yusifzadənin fəaliyyəti təkcə Xəzərin Azərbaycan sektorunda tapılan təbii sərvətlərlə bağlı olmayıb, daha geniş miqyaslıdır. O, 1970-ci ildən keçmiş ittifaq miqyaslı «Xəzərdənizneft» İstehsalat Birliyinə rəis müavini – baş geoloq vəzifəsinə təyin olunur. Qeyd edək ki, sovet dövləti dağılanadək Azərbaycan neftçiləri İran sahəsi də daxil olmaqla Xəzərin bütün sektorlarında fəaliyyət göstəriblər. O dövrdə Xəzərin bütün sahələrində geofiziki kəşfiyyat işləri aparılmışdı. Nəticədə xeyli miqdarda yeni struktur aşkar edilmiş və qazma üçün hazırlanmışdı.
Daha bir fraqmenti isə X.Yusifzadənin öz qələmindən çıxmış sətirlərdən oxuyaq: «Azərbaycan həmişə əsasən neft diyarı kimi xarakterizə olunurdu. Bəzi alimlər Azərbaycanda böyük ehtiyatlara malik qaz yataqlarının olması fikrinə şübhə ilə yanaşırdılar. Respublikanın quru hissəsində «Qaradağ», dənizdə isə «Cənub» qaz yataqlarının aşkar edilməsi də çoxlarını inandıra bilmədi ki, Azərbaycan «mavi yanacaq»la zəngin bir ölkədi». Bu sətirləri oxuduqca adamın gözünün qabağına Avropanın qazla təmin edilməsi sahəsində mühüm rol oynamaq iddiasında olan və TANAP kimi «Əsrin müqaviləsi»nə bərabər tutulan layihədə əvəzedilməz rolu heç kim tərəfindən inkar edilməyən müstəqil Azərbaycan gəlir.
Yeri gəlmişkən 1968-ci il martın 21-də Abşeron arxipelaqında aşkarlanmış qaz yatağının «Bahar» adlandırılmasının maraqlı tarixçəsi var. «Mən bu yatağın adını «Novruz» qoymaq istəyirdim» , - X.Yusifzadə yazır. «Həmin gün Birliyin istehsalat şöbəsinin rəisi Ənvər Xanlaroğlu nə üçünsə yanıma gəlmişdi. Fikrimi ona da dedim. Ənvər nə düşündüsə, hər şeyi yaxşı-yaxşı ölçüb-biçməyi məsləhət gördü və dedi ki, «Novruz» sözü bəlkə birmənalı qəbul olunmaz (Sovet dövrü idi axı). Sonra Ənvərin təklifi ilə yatağın adını «Bahar» qoyduq… «Bahar yatağının kəşfi ilə «Günəşli» yatağının istismara verilməsi keçən illərin yaddaşımda əbədi həkk olunmuş əsas hadisələridi».
X.Yusifzadə bütün karyerası ərzində nə qədər dövlət rəhbərinin, vəzifəli şəxslərin bitib-tükənməz suallarını cavablandırmalı olub. Özü də bu suallar heç də asan olmayıb. Çətin situasiyalarda onun köməyinə iti ağlı və dərrakəsi ilə yanaşı, həm də Molla Nəsrəddin gəlib. Bu hazırcavab Şərq müdrikinin lətifələrini hətta Kremldə, neft-qazma işlərinə, qaz sənayesinin inkişafına həsr olunmuş müşavirələrdə belə söyləyib. X.Yusifzadə Neft Daşlarında sovet rəhbərləri N.Xuruşovu, L.Brejnevi müşayiət edib, A.Kirilenko, A.N.Kosıgin kimi partiya, hökumət rəhbərlərinin suallarını cavablandırıb. Hətta V.Putinə “sizin yaşınız qədər neftçi təcrübəm var” deyən də Xoşbəxt müəllim olub. Uzun illər çalışdığı, xatırladığı dövlət xadimləri içərisində ulu öndər Heydər Əliyevin isə ayrı yeri var. Bu barədə o, özü belə yazır:
«Tale mənə unudulmaz insan, türk dünyasının böyük oğlu, bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, milli mənliyimizin qürur və iftixar mənbəyinə çevrilməsinə həsr etmiş ulu öndər Heydər Əliyevi yaxından tanımaq, onun tapşırıqlarına əməl etmək, ayrı-ayrı vaxtlarda ondan mükafatlar almaq və onun qayğısına layiq olmaq xoşbəxtliyi nəsib etmişdir. Bu dahi şəxsiyyəti, onunla görüşlərimi ömrümün sonunadək unutmayacaq, böyük alicənablıq və səmimiyyətlə mənim barəmdə söylədiyi fikirlərə, xoş sözlərə son nəfəsimədək layiq olmağa çalışacağam».
X.Yusifzadə İlham Əliyevlə birgə ARDNŞ-də işlədiyi illəri də xatırlayır və müstəqil Azərbaycanın inkişafında cənab prezidentin əvəzolunmaz fəaliyyətini xüsusi vurğulayır: «Cənab İlham Əliyevin neftçilərə qayğısı, Dövlət Neft Şirkətinin möhkəmləndirilməsi yolunda xidmətləri bu gün ARDNŞ-nin dünya səviyyəsində modern şirkətə çevrilməsinə gətirib çıxarmışdır. İndi ARDNŞ neft və qaz-kondensat yataqlarının kəşfiyyatını və istismarını müstəqil sürətdə - öz gücü ilə həyata keçirmək və hətta dünyanın bir çox ölkələrinə sərmayə yatırmaq qabiliyyətinə malikdir. Prezidentliyinin ilk dövründə cənab İlham Əliyev əsil liderlik nümunəsi göstərdi. Mən xoşbəxtəm ki, yeni neft strategiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevlə və bu strategiyanın müəyyənləşdirilməsinin ən fəal iştirakçısı, daha sonra isə mahir sükançısı İlham Əliyevlə birlikdə çalışmışam».
Xoşbəxt insan
Azad Mirzəcanzadə texniki sahədə çalışan insanları heç vaxt məhdud çərçivədə qalmamağa, daim bədii ədəbiyyat mütaliə etməyə, musiqi dinləməyə, bir sözlə, tək mütəxəssis deyil, eyni zamanda estetik zövqlü insan kimi formalaşmağa səsləyirdi. Bu keyfiyyətlərin hamısı X.Yusifzadənin timsalında cəmləşib desək, yanılmarıq. Qəhrəmanımızın portretini tamamlayan başqa bir ştrix haqqında söz açaq. 75 illik yubileyinin 2005-ci il yanvarın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı kimi müqəddəs bir sənət məbədində keçiriləcəyindən xəbər tutanda düşünüb ki, yəqin bu da Allahın işidi və bir az dərinə gedən olsa, fikir verib görər ki, bu «işdə» rəmzi bir məna, qeyri-adi bir xatırlatma var. Belə ki, hələ on yaşındaykən Pirşağıda ilk dram dərnəyini yaratmış X.Yusifzadə kənd səhnəsində çıxışlarını da yada salıb yazır: “Həvəskar aktyor kimi ən böyük nailiyyətim Əbdürrəhim bəy Haqverdiyevin «Bəxtsiz cavan» əsərinin tamaşasında Fərhad surəti olmuşdu. Bu tamaşa göstəriləndə, demək olar ki, bütün zal ağlayırdı».
Mən X.Yusifzadənin görkəmli yazıçı Məmməd Səid Ordubadinin 100 illik yubileyində çıxış etməsini oxuyanda əsla təəccüblənmədim. Ədəbiyyat - sənətindən, fəaliyyət sahəsindən asılı olmayaraq, şəxsiyyətin estetik dünyagörüşünün formalaşmasında əvəzsiz vasitədir. Bunu «Ömrümün illəri və izləri» kitabını oxuyarkən bir daha müşahidə etdim. Müəllif doğulub boya-başa çatdığı Pirşağı kəndini, onun adamlarını və mühitini əsil yazıçı təxəyyülünə söykənərək şirin bir dillə təsvir edir. Şərq mütəfəkkiri Molla Nəsrəddindən bitib-tükənməyən sitatların gətirilməsindən tutmuş, hətta unudulmuş atalar sözlərimizin, el məsəllərimizin tez-tez xatırlanmasınadək hər şey müəllifin təkcə dəqiq elmlər sahəsində formalaşmış təfəkkürə sahib olmadığını göstərir. Bütün bu dəyərlər barədə X.Yusifzadə belə yazır: «Həmin o yubiley mərasimindəki çıxışım bəlkə də o vaxt çoxlarını təəccübləndirmişdi. Yazıçılara, bəstəkarlara, rəssamlara, müğənnilərə, balet ustalarına, onların yaradıcılıqlarına həsr olunmuş tədbirlərdə neftçinin, inşaatçının, ekoloqun, yaxud riyaziyyatçı alimin çıxışına ehtiyac varmı və bu, nə dərəcədə məqsədəuyğundur? Bəzən bu sualı mənə də verir və unudurlar ki, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, onların yubileyləri, əsərlərinin təqdimatı və müzakirəsi - bütün bunlar onların xidmətlərinin cəmiyyət və ən müxtəlif peşə sahibləri tərəfindən qiymətləndirilməsi deməkdir. Eyni zamanda, bunlar həmin o müxtəlif peşə sahiblərində estetik zövqün, gözəllik duyumunun formalaşmasına kömək edən bədii sözə və incəsənətə daim maraq doğuran amillərdir. Başqa sözlə, söhbət insanın hərtərəfli inkişafından gedir və bu işin də sistemli şəkildə həyata keçirilməsinin təşəbbüskarı ümummilli liderimiz Heydər Əliyev idi».
X.Yusifzadənin kitabında onun yarım əsr öncə sevimli həyat yoldaşı Fəridə xanıma yazdığı məktubları oxuyanda təmiz və pak sevgi duyğularının şahidinə çevrilirsən. Məsələn, 1957-ci ildə ailə qurmasından bəhs edən bölmə kitabda belə adlanır: «Evimizə gələn işıq». Ülvi məhəbbəti ifadə edən möhtəşəm cümlədir! Onun atası repressiya illərinin qurbanı olduğundan, müharibənin aclıq və səfalət qoxuyan illərindən bacıları ilə birlikdə analarının fədakar zəhməti sahəsində qurtula biliblər. Görünür, irsən keçən bu fədakarlıq bütün ömür boyu davam etməli imiş. Övladları haqqında yazılanlara fikir verək:
«1957-ci il oktyabrın 4-də Yerin ilk süni peyki buraxıldı. Həmin gün bizim ilk övladımız dünyaya gəldi. Adını Bağı qoyduq. Buna hamıdan çox anam sevindi»… 1968-ci il, ikinci oğlu Elçinin hekayəsi… “1971-ci ildə ailəmizin həyatında yeni bir hadisə baş verdi: iyul ayının 6-da bizim qızımız dünyaya gəldi. Adını Eltac qoyduq. Eltac xarici görünüşcə və xasiyyətcə elə bil mərhum oğlum Elçinin özü idi. Belə bir nəticə çıxarmaq olardı ki, Allah bu qızı bizə Elçinin əvəzinə verib». Xoşbəxt müəllimin xarakterindən irəli gələn səmimiyyətin onun ailəsinə necə yansıdığı, həssas ata obrazının bütün cizgiləri haqqında çox misallar çəkmək olar, amma düşünürəm ki, yuxarıdakı cümlələr oxuyanlarda bu haqda tam təəssürat yaratmaq üçün yetər.
Xoşbəxt vətəndaş
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, müasir dövlət quruculuğu prosesində neft strategiyasının müstəsna rolunu qeyd etmək gərəkdir. Bizim qəhrəmanımızın işində, ailəsində olduğu kimi, ölkəsində də necə xoşbəxt vətəndaş olduğunu təsdiqləyən əsas amil bir vaxtlar kəşf olunmuş yataqların milli sərvətə çevrilməsidir. «Əsrin müqaviləsi» bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. Bununla da Azərbaycan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı.
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından hazırda 76 hasilat quyusundan ayda 2,8 milyon tona qədər neft, 1,2 milyard kubmetrə qədər qaz hasil olunur. Bu yataqlar işlənməyə başlayandan 335 milyon ton neft və 96 milyard kubmetr qaz hasil olunub. Eyni zamanda 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın mənfəət nefti bazarlara çıxarılıb. 2014-cü il iyun ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb.
2013-cü ildə AÇG yataqlarından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu, yəni təxminən 69%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. 2014-cü il iyunun 1-dək dünya bazarlarına 347 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 247 milyon ton, Bakı-Supsa boru kəməri ilə 68 milyon ton, Bakı-Novorrosiysk kəməri ilə 11,3 milyon, dəmir yolu ilə 20,3 milyon ton neft daşınıb.
«Əsrin müqaviləsi» Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan «Şahdəniz» yatağının kəşfi və «Şahdəniz» qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən ölkə kimi də tanıtdı.
Epiloq
Pirşağı orta əsrlərin kəndidir, sözün bir çox etimoloji mənası var. Kənd camaatının fikrincə, Pirşağını «Pir uşağı» kimi başa düşmək lazımdır. Bu vaxtadək Pir yurdundan çox oğullar boy göstərib Azərbaycanımızın fəxrinə çevriliblər, onların içərisində akademik Xoşbəxt Yusifzadənin məxsusi yeri var.
…«Söz ömürdür. Son nöqtəni qoymaq səlahiyyəti də İlahinin əlindədir. Bu nöqtəni O, nə vaxt qoyacaq, bilmirəm. Hələ ki yaşayır, çalışır, düşünür, sözümü deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: «Biz əlimizdən gələni, bacardığımız etdik. Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!» Bu, Xoşbəxt Yusifzadənin son cümlələri deyil, bəlkə yeni ideyalar, yeni kəşflər üçün əlyeri qoyan birinci kəlmələrdir…
… Uzaqdan adamın qulağına Vaxtanq Kikabidzenin məşhur nəğməsinin səsi gəlir. «Mənim illərim mənim sərvətimdi, onları heç kimə vermərəm…»
Natiq MƏMMƏDLİ,
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər