• cümə, 19 Aprel, 11:20
  • Baku Bakı 13°C

“Pinokkionun burnunun izi ilə” - Fotolar

25.10.19 15:37 1201
“Pinokkionun burnunun izi ilə” - Fotolar
Azərbaycan Dövlət Rus Dram Teatrında "Pinokkionun burnunun izi ilə” tamaşası təkcə məktəbliləri deyil, onların valideynlərini, müəllimləri və ümumən teatrsevərləri bir araya topladı. İtaliyanın "CompagniaBella" teatr şirkəti və aktrisa Paola Kontininin rəhbərliyi ilə baş tutan tamaşada Yasamal rayonunda yerləşən 158 saylı məktəbin şagirdlərinin iştirakı xüsusi maraq doğurdu. Belə ki, Azərbaycan məktəblilərinin qısa müddətdə italiyalı aktyorların dəstəyi ilə səhnələşdirdiyi tamaşa, iki ölkə arasında mədəniyyət və incəsənət əlaqələrinin parlaq nümunəsinə çevrildi. İlk dəfə səhnəyə çıxan uşaqlar böyük şövqlə çıxış etdilər.

Tamaşadan öncə səhnəyə çıxan təhsil nazirinin müavini Məhəbbət Vəliyeva 2019-2020-ci tədris ilindən 158 saylı məktəbin müraciəti əsasında təhsil ocağının 5-ci siniflərində ikinci dil kimi italyan dilinin tədrisinə başlandığını diqqətə çatdırdı: "Bakının 158 nömrəli məktəbi və İtaliya arasında əməkdaşlıq bu il, Azərbaycan hökumətinin təşkil etdiyi Avropa Gənclər Olimpiya Festivalı zamanı yaranıb. 2019-cu ilin sentyabr ayından etibarən Bakının 158 nömrəli məktəbinin şagirdləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin maliyyələşdirdiyi italyan dilinin tədrisi layihəsinə cəlb edilib. Bu layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi və əməkdaşlığı sayəsində başladılıb. Hər bir sevginin tarixçəsi olduğu kimi 158 saylı məktəbin İtaliyaya sevgisinin tarixçəsi də burdan başlayır. "Pinokkionun burnunun izi ilə" tamaşası da İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və İtaliyadan dəvət olunmuş aktyor və ssenaristlərin iştirakı ilə birgə hazırlanıb”.


M.Vəliyeva bu cür tədbirlərin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə təkan verəcəyini qeyd etdi: "Azərbaycandan hər il İtaliyaya 400 nəfər tələbə təhsil almağa gedir. Əminəm ki, bu gün zalda əyləşən və səhnədə çıxış edən uşaqların arasında da italyan dilini öyrəndikdən sonra İtaliyada təhsil almaq arzusu olacaq. Bu mənada Azərbaycan tələbələri İtaliya universitetlərinin verdiyi yüksək təhsildən faydalanacaqlar”.

İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari bu tamaşanın İtaliyan Dili Həftəsi çərçivəsində əsas tədbirlərdən biri olduğunu qeyd etdi: "Biz İtaliyan Dili Həftəsini Bakıda bu mövzu ilə keçiririk. Dünyada İtalyan Dili Həftəsi, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin mədəniyyət və diplomatik şəbəkəsinin hər il oktyabr ayında təşkil etdiyi və italyan dilini klassik və müasir mədəniyyətin nəhəng dili olaraq təşviq etdiyi bir tədbirdir. İtaliya Respublikasının Prezidentinin himayədarlığı altında 2001-ci ildə başladılan həftə, ildən ilə daha da inkişaf etmişdir. Məqsəd italyan dilini və mədəniyyətini təbliğ etməkdir. İtaliyan dili dünyada ən çox öyrənilən dillər sırasındadır. Beynəlxalq səviyyədə ingilis, ispan, çin dilindən sonra italyan dili 4-cü ən çox öyrənilən dildir. Son 10 ildə italyan dilinin tədrisinə dünya səviyyəsində böyük maraq var. Bu, Azərbaycanda da müşahidə olunur”. Səfir 158 saylı məktəblə yaranan əlaqələrdən də məmnunluğunu ifadə etdi: "Bizim ən çox marağımıza səbəb olan 158 saylı məktəblə dostluq əlaqələrinin qurulmasıdır. "Pinokkionun burnunun izi ilə” tamaşası təkcə kiçiklər üçün deyil, həm də böyüklər üçündür. Bizim hər birimizdə Pinokkiodan nəsə var. Bu, məhz həyat dərsidir”.

Qeyd edək ki, Dünyada İtalyan Dili Həftəsinin XIX nəşri bu il 21-27 oktyabr tarixlərini əhatə edəcək və mövzusu "İtalyan dili səhnədə" adlanır. İtalyan Dili Həftəsi ərzində təklif olunan bir mövzuya həsr olunan konfranslar, sərgilər və tamaşalar, yazıçılar və görkəmli şəxsiyyətlərlə görüşlərin təşkili həyata keçiriləcək.

Qeyd edək ki, "İtalyan dili həftəsi” çərçivəsində 21-21 oktyabrda Rus Dram Teatrında "Pinokkionun burnunun izi ilə" tamaşası, 27 oktyabrda Landmark kinoteatrında "Leonardo və onun çevrəsi” sənədli filmi, 30 oktyabr - 1 noyabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Milan Dizayn Film Festivalının əməkdaşlığı çərçivəsində italiyan dizaynının tarixi və inkişafı ilə bağlı filmlərə baxış keçiriləcək.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər