AZE | RUS | ENG |

Pikassonun sevimli sovet filmi - Fotolar

Pikassonun sevimli sovet filmi - Fotolar
Kann kinofestivalının əsas mükafatını qazanan yeganə tammetrajlı sovet filmi - «Durnalar uçur»un 60 yaşı tamam olur

Yarım əsrdən də çox əvvəl sovet ekranında Mixail Kalatozovun «Durnalar uçur» filmi nümayiş olundu. Bir-birini sevən, ancaq müharibənin həmişəlik ayırdığı insanlar haqqında olan ekran əsəri dərhal populyarlıq qazandı. Film hətta 1958-ci ildə Kann festivalında «Qızıl palma» budağına layiq görüldü. Amma öz vətənində bütün partiya və sovet mətbuatı «Durnaları» uğursuz dramaturgiyada günahlandırdı. Həm də ekran əsərini "ideoloji dözümsüz” film adlandırdılar. 

Bununla belə, o dövrü kinematoqrafik baxımdan təsvir etmək və müharibəyə fərqli bucaqdan baxmaq üçün digər bir ekran əsəri tapmaq da çətin idi. «Durnalar uçur» forma və məzmun etibarı ilə novator film idi. 

Şöhrətin tərs üzü

Dramaturq Viktor Rozov 1944-cü ildə özünün «Əbədi yaşayanlar» pyesini yazsa da, əsər xeyli müddət «rəfdə» yatıb qaldı. Əsəri çap etməkdən imtina etdilər. Bunun səbəbkarı baş qəhrəman Veronika idi: o, müharibə iştirakçısının həyat yoldaşı kimi sevgilisinə sədaqətini qoruyub saxlaya bilməmişdi. Yalnız pyesi 1957-ci ildə «Teatr» jurnalında çap etdilər. Rejissor Mixail Kalatozov əsəri oxuyandan sonra Viktor Rozova real həyat şəraitində teatrda səhnələşdirməyi təklif etdi. İş prosesində isə kino üçün yeni epizodlar yarandı: Moskvanın bombardmanı, Veronikanın valideynlərinin, Borisin ölümü, Sibir hospitalında yaralıların qiyamı, dəmir yolu körpüsündə uşağın xilası, finalda qalib əsgərlərin görüşü və s. Amma ssenarinin əsas xəttində öz çətin taleyinə, sınaqlara dözə bilməyən gənc qızın hələ möhkəmlənməmiş qəlbi dururdu. Sonda o qız özündə mənəvi güc tapır. Şəxsiyyətin əxlaqi dəyişməsi rejissoru və Rozovu cəlb edir.
 
 

«Durnalar uçur» kinoromanında həyatına müharibənin amansızcasına soxulduğu, sədaqətlə xəyanəti və ədəb qaydalarını sınaqdan keçirdiyi insanlardan danışılırdı. Hansı ki, sədaqəti hər adam qorumağı bacarmırdı. Filmin mərkəzində də sevgililərin faciəvi məhəbbəti dayanıb. Ancaq müharibə onların xoşbəxtliyini ömürlük əllərindən aldı. Ekran əsəri müharibə illərinin ən dəhşətli filmi sayılsa da, həmin filmdə yalnız bir güllə atılmışdı. "Açılmış yeganə güllə olmasaydı, nələr ola bilərdi...” - deyə ekran əsəri müharibənin acısından bəhs edirdi.     

Rejissor Mixail Kalatozov və operator Sergey Urusevski sanki kinonun imkanlarını yenidən açmışdılar. Axı müharibədən sonrakı dövrü xatırlatmaq üçün bir çox kinolentlər teatr tamaşaları əsasında çəkilirdi. Operator və rejissor işi sanki yerli kinematoqrafiya tarixinin dərsliyi idi. 
 
Yaxşı-pis qəhrəman obrazı

Sovet kinematoqrafiyası üçün baş qəhrəman Tatyana Samoylova zahiri görünüşcə ziddiyyətli sayılsa da, obraz onun böyük uğuru idi. Onun üzü klassik gözəl tipinə uyğun gəlməsə də, bu xarakterdə mənəvi güc gizlənmişdi. Kalatozovun assistenti bu aktrisanı görür və onun namizədliyini Sergey Urusevskiyə təqdim edir. Eyni zamanda, rejissoru da bu obraza inandırır. İlk dəfə olaraq sovet tamaşaçısına «yaxşı-pis qəhrəman» obrazı təqdim olunur. Axı Veronika filmdə öz əxlaqı baxımından ideal deyildi. O, cəbhəyə gedən ərinə xəyanət edir. Onun daxili aləmi etiraz doğurmaqdansa, tamaşaçılar ona rəğbətlə yanaşırdılar. Onu xalq arasında sovetlərin Bricit Bordosu adlandırırdılar. Onun tərəf-müqabili isə çəkiliş meydançasında Veronikanı sevən Boris (Aleksey Batalov) idi. Aktyor vicdanlı, xeyirxah insan obrazını mükəmməl oynayır. O, təkcə müharibənin milyonlarla ölən qəhrəmanlarını canlandırmır, həmçinin əsl kişilik və cəsarət nümayiş etdirir. 
 
 
 
Film haqqında maraqlı faktlar

Filmin işçi adı «Sənin həyatın uğrunda” olub. Kalatozovun filmi cavan aktyorlar - Tatyana Samoylova və Aleksey Batalova dünya şöhrəti qazandırır. Ancaq filmin 1957-ci ildə SSRİ ekranlarına çıxışı bütün tənqidi rəyləri qasırğa kimi darmadağın edir. Nikita Xruşşov filmə baxdıqdan sonra onu qəzəbli tənqid atəşinə tutur, baş qəhrəman Veronikanı isə «fahişə» adlandırır. Sovet kino tənqidçiləri aktyorları zəif dramaturgiyada və kinematoqrafik epizodların effektivliyinin azlığında günahlandırırdılar. 

Peşəkarları isə film çox heyrətləndirmişdi. Kinorejissor Stanislav Rostoskiy o zaman «Hadisə Penkovda baş vermişdi» filmini çəkirdi. O, montaj otağına gələrək «Bu vaxta qədər nə çəkmişiksə, hamısını məhv etmək lazımdır. Daha filmləri belə çəkmək olmaz» - demişdi. 

Filmdə iki gün ərzində operatorların assistenti qismində heç kimin tanımadığı, Fransadan olan kino həvəskarı işləyib. O, Moskvaya turist qrupunun tərkibində gəlmişdi və təsadüfən «Mosfilm»ə baş çəkmişdi. Nəticədə o, məşhur kinorejissor oldu. Onun adı Klod Leluş idi. 

Səhnələrin çəkilişində, Borisin ölümü üçün Sergey Urusevski dairəvi operator relslərini ilk dəfə bərpa etmişdi. 

Veronika rolunu əvvəlcə aktrisa Yelena Dobranravova oynamalı idi. Sonradan rejissorun assistenti Tatyana Samoylovanı «Meksikalı» filmində gördü və bu haqda operator Sergey Urusevskiyə danışdı. Aktrisa onu o qədər valeh etmişdi ki, Kalatozovdan bu filmə baxmağı xahiş etmişdi.  
 
 

Film Kann festivalında göstəriləndən sonra SSRİ-də yalnız «İzvestiya» qəzetində film haqqında adsız olaraq bir şəkil dərc olundu. Qəzetdə nə rejissor, nə də ssenari müəllifi qeyd edildi. Sovet təbliğatına görə, «kişilər döyüşür, qadınlar gözləyir. Qara zamanın universal fəlsəfəsi” - bu olmalı idi.

«Durnalar uçur» Kann kinofestivalının əsas mükafatını – "Qızıl palma budağı”nı alan yeganə tammetrajlı sovet filmi olaraq qaldı. «Durnalar uçur» yeganə sovet filmi idi ki, Fransada kinoprokatın lideri sayılırdı. Filmə 5 milyon 401 min tamaşaçı baxmışdı. «Durnalar uçur» ilk rus filmi idi ki, kassa çempionuna çevrilirdi. Hətta Parisdə lider sayılan «Fantomas», «Babetta», «Ulduzlu döyüş» və «Axırıncı tanqo» filmlərini də keçmişdi. Sovet film prokatında on illərlə prokatın embleminə çevrilmiş film fəxri 366-cı yeri tutdu, qeyri-adi sevinclə qarşılanan filmlə yanaşı, mətbuatda hansısa anlaşılmayan bir sükut da yarandı: bu cür güclü film – heç nəyə dəyməyən bir qadın haqqında idi və «Aşpaz qadın» və «Madam Vonqun sirri» kimi filmlərə uduzurdu.

Festivalda filmin adı fransız dilinə «Quand passent les cighgns» - «Leyləklər uçanda» kimi tərcümə olunur. Çünki filmin adı fransız dilinə tərcümədə ikinci mənada «fahişələr oğurluq edir» mənasını verirdi.
 
 

«Durnalar uçur» ispan rəssamı Pablo Pikassonun ən sevimli filmlərindən idi. Filmə baxan rəssam etiraf edirdi ki, onu süjet yox, aktyor oyunu heyran edib: «Burada hər bir epizod müstəqil, istedadlı əsərdir!» 

Dünyanı titrədən film əsas kassa filmi kimi Ginnesin Rekordlar kitabına düşdü. Bundan əlavə, film Fransada ən yüksək texniki komissiyanın mükafatına, MKF-in fəxri diplomuna, fəxri mükafatına, Meksikada beynəlxalq baxış diplomuna layiq görüldü. 

Sovet tarixində ilk dəfə idi ki, film bütün ziyalılar və xalq arasında belə sürətlə məşhurlaşırdı. 
 
«Mənim Veroniçkam...”

Filmin baş qəhrəmanı Veronika öz görünüşü, yerişi-duruşu, ədası, həyəcanı ilə Mixail Kalatozovun əvvəlki filmlərindəki digər yetişkən, sağlam qadınlardan kəskin fərqlənirdi. Hamı müharibəyə yollanıb – o isə elə hey atılıb-düşür, rəqs edir, durnalar, gəmiciklər barədə mahnı oxuyurdu. Müharibənin sərt, soyuq, ac, ölümlə dolu qanunlarından cəmiyyət arasında belə asanlıqla yayınmağın mümkünlüyünə inanmaq olmurdu. Doğmalar arasında yad olduğunu anlamayan Veronika «öz qazanında qaynamırdı».

«Mənim Veroniçkam... Bundan faciəli insan tanımırdım. Mən onun dərdinə şərik idim və bunu qabarıq surətdə göstərir, onu daha maraqlı, səmimi etmək istəyirdim...» - Tatyana Samoylova öz qəhrəmanı haqqında deyir: «Demək olar ki, artıq filmin tən yarısı göstərilən zalda sakitlik idi və heç bir reaksiya görünmürdü. Biz qoltuqlu kürsüdə sıxılıb oturmuşduq. "Doğrudanmı onlar heç nə başa düşmədilər?” deyə düşünürdüm. Sonra mən ətrafa baxanda gördüm ki, hamı ağlayır – kişilər də, qadınlar da. Sonda isə «Durnalar uçur» filmini hamı bəyəndi – tənqidçilər də, sadə tamaşaçılar da. Məşhur rəssam Pikasso sarsılaraq "son yüz ildə buna bənzər ekran əsəri olmayıb” dedi. Bu, filmə verilən böyük qiymət idi. Bu, dünya şöhrətli bir sənətkarın qiyməti idi. Kann festivalı heç bir böyük batalyon səhnəsinin olmadığı hərbi dramdan sarsılmışdı”. 
 
 

Artıq yarım əsrdən çoxdur ki, tamaşaçılar Tatyananın qəhrəmanı Veronikaya hərarətlə baxırlar, amma az adam bilirdi ki, həmin vaxtlarda aktrisa ciddi xəstə idi. O, vərəm idi. Yarım il ərzində çəkilişlər zamanı aktyorlar sutkada 16 saat işləyirdilər. Samoylova huşunu itirib yıxılan günə qədər öz xəstəliyini gizlədə bildi. Onun yaratdığı Veronika obrazı müsbət qəhrəman olmasa da, ona şəfqətlə baxmamaq mümkün deyildi. Çəkilişlər zamanı hər üç saatdan bir aktrisaya iynə vurur və çəkilişi dayandırmadan işləyirdilər.  

«Durnalar uçur» Kann kinofestivalının «Qızıl palma» budağına layiq görülən yeganə yerli film olaraq qaldı. Elə təkcə filmin operatoru Sergey Urusevskinin işini görmək kifayət idi. Hər dublun arxasında kəndirlə dirəyə qalxır və öz qəhrəmanlarının pilləkəndə qaçmağını çəkirdi. Bu səhnəni təsadüfən «Mosfilm»də qonaq olan Klod Leluş görüb heyrətlənmişdi. 

"Durnalar uçur”un çəkilişindən 60 il keçir. Film yenə də ekranların bəzəyidir. Rusiya mətbuatı sovet düşüncəsinin üstündən xətt çəkərək, fəxrlə filmi "dünya xalqlarının sevimli filmi” adlandırır. 
 
Rusiya mətbuatından çevirdi:
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170