• çərşənbə axşamı, 19 mart, 07:09
  • Baku Bakı 8°C

Piano arxasında ölüm

18.02.19 14:00 1678
Piano arxasında ölüm
"Əzizəni gözləyərkən”

1979-cu ildə Avropanın Monako knyazlığında qeyri-adi caz festivalı keçirilir. Bu musiqi yarışmasında iştirak edən hər bir ifaçının adı və mənsub olduğu ölkə münsiflərdən gizli saxlanılır. Səsli-küylü Monte Karloda yüzdən çox cazmenin günlərlə davam edən yarışması başa çatdıqdan sonra "Ağ royal” mükafatının qalibi elan olunur: Vaqif Mustafazadə!
Lakin dünya caz musiqisinə yenilik gətirmiş Caz-Muğamın yaradıcısı, bəstəkar pianoçu Vaqif Mustafazadə bu yarışmanın qalibi olduğunu bilmir. Çünki Monte-Karloda keçirilən dünya caz festivalından qayıdan cazmen 16 dekabr, 1979-cu ildə Daşkənddə konsert verərkən ifa vaxtı səhnədəcə həyatla vidalaşır.
O, kiçik qızı Əzizənin şəninə bəstələdiyi "Əzizəni gözləyərkən” adlı kompozisiyasını dəli kimi çalıb bitirdikdən sonra başını pianonun dilləri üstünə endirir. Tamaşaçıların sürəkli alqışlarından sonra başını qaldırmayan cazmenin halından şübhələnən aparıcı ona yaxınlaşır və... artıq Vaqif yoxdu! Səhnənin böyük pərdəsi enir. Bu ağır pərdə 39 yaşlı caz ustasını həm səhnədən, həm də dünyamızdan əbədi ayırır. Vaqif Mustafazadə həmin andan öz şəxsiyyəti və musiqisi ilə milyonların qəlbinə köçür.

Modern-avanqard konsertlər

Vaqif Mustafazadə 16 mart, 1940-cı ildə Bakıda, İçərişəhərdə hərbçi həkim ailəsində anadan olub. Valideynləri ayrıldığına görə balaca Vaqif, musiqi məktəbində piano dərsi keçən tənha müəllimə anasının himayəsində böyüməli olur. Muğam sənətini Üzeyir Hacıbəyovdan öyrənən anası Zivər xanım onun ilk musiqi müəllimi olur.
O, 1963-cü ildə Asəf Zeynallı adına musiqi kollecini bitirib Bakı Musiqi Akademiyasına daxil olur. Akademiyada təhsil alan Vaqif klublarda modern-avanqard üslubda konsertlər təşkil edir. Vaqif özünün pianino ifalarında klassik caz musiqilərinə, bluz və oynaq musiqilərə daha çox üstünlük verir. Klassik cazla İçərişəhərin ritmini – muğamı qarışdıraraq unikal musiqi icad edən novator bəstəkarı yerli radio-televiziya şirkəti özünə yaxın buraxmır. Ecazkar caz-muğam ifaçısının heyranları getdikcə artsa da mühafizəkar muğam tərəfdarları onu tənqid atəşinə tutur, mətbuatda daş-qalaq edirlər.
Vaqif caz gecələrində birgə çıxış elədiyi vokalist Nərminə xanımla ailə qurur və bu evlilikdən 1965-ci ildə Lalə adlı qızları dünyaya gəlir.

İkinci evlilik

Cazmenin ikinci evliliyi isə rəhbərlik etdiyi "Sevil” instrumental ansamblının solisti, gürcü əsilli Elza Bandzeladze ilə baş tutur. Bu nikahdan isə sevimli qızı Əzizə Mustafazadə dünyaya gəlir.
Aşıb-daşan yaradıcılığı və coşqun fəaliyyəti Bakı klublarının dar səhnələrinə sığmayan Vaqif, həyat yoldaşı Elzanın dəstəyi ilə ilkin musiqi karyerasını Tiflisdə qurmalı olur. Sevimli sənətindən usanmaq bilməyən pianoçu qonşu ölkənin paytaxtı Tiflisdə "Qafqaz” adlı caz-trio yaradır. Gənc cazmen Tiflis musiqi mühitində T.Kuraşvili və C.Çaparidze kimi tanınmış musiqiçilərin əhatəsində daha da püxtələşir.

Ekran qadağaları

Vaqif Mustafazadə Estoniyada düzənlənən dünya cazmenlərinin "Tallin-66” və "Tallin-67” yarışlarının laureatı olur. 1967-ci ildə Tallin şəhərində Vaqif Mustafazadəyə mükafatı şəxsən təqdim etmək üçün səhnəyə çıxan məşhur Amerikalı caz ustası Dizzi Gillespi onun yaradıcılığını "gələcəyin musiqisi” adlandırmış və gözəl ifaya görə gənc cazmenə öz minnətdarlığını bildirmişdi.
Cazmenin xaricdəki parlaq uğurlarından sonra Bakı televiziyası yumşalaraq onu müəyyən şərtlərlə efirə buraxmaq fikrinə düşür. Ekranda görünməsi üçün Vaqif öz lopa bığlarını "redaktə etməli”, dar cins şalvarının yerinə isə şax kostyum geyinməli idi. Yenilikçi kompozitor televiziya rəhbərliyinin bu şərtlərini qətiyyətlə rədd edir. Beləcə, sənət aləmində ona qarşı olan qısqanclıqlar, paxıllıqlar, süni əngəllər çayır kimi onun əl-ayağına dolaşır, ömrünü çürüdürdü.

"Caz-69”

Konsertlər düzənləmək üçün SSRİ-nin müxtəlif şəhərlərinə dəvət alan caz-muğam ustasının şöhrəti artdıqca vətənində ona qarşı olan buzlar da yavaş-yavaş isinib əriməyə başlayır.
Danılmaz Vaqif Mustafazadə fenomeninə görə dünya cazmenləri 1969-cu ildə bu dəfə dahi ifaçının vətəni olan Bakıda "Caz-69” festivalına yığışırlar.
Vaqifin ağır günlərinin dostu olan həyat yoldaşı Elza xanım onu bir an belə tək buraxmır, cazmenin bütün uğurlarının arxasında sevgi ilə dayanır. Vaqif Mustafazadə gərgin bəstəçi həyatına, yarışlara və uzaq səfərlərinə baxmayaraq 1964-cü ildən "Orero” ansamblına, "Qafqaz” caz-triosuna, "Leyli” və "Sevil” qadın vokal instrumental, "Muğam” instrumental ansambllarına rəhbərlik edir.
1968-ci ildə SSRİ-nin bir neçə şəhərində konsertlər düzənləyən cazmen 1970-ci ildə məşhur müğənni Rəşid Behbudov və M.Tağıyevlə birlikdə Latın Amerikası ölkələrində qastrol səfərlərində olur.

1002-ci gecə

Vaqif Mustafazadə 1978-ci ildə Tiflisdə keçirilən caz festivalında səkkiz yaşlı qızı Əzizə ilə səhnəyə çıxaraq tamaşaçıları valeh edir və "Ən böyük pionoçu” adını qazanır.
Caz-muğam ustasının ölümündən dərhal sonra "Amerikanın səsi” radiosunda "Caz vaxtı” verilişinin aparıcısı məşhur Uillis Konover bütün verilişi Vaqifin xatirəsinə həsr edir.
Milli muğamımızı klassik Amerikan caz musiqisi ilə sintez edərək yeni musiqi növü yaratmış dahi pianoçu Vaqif Mustafazadə 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülür.
Vaqif Mustafazadə və qızı Əzizə Mustafazadənin adı Amerika redaktorlarının imzası altında "Ümumdünya caz ensiklopediyası” kitabına həkk olunub.
Yazımı dünyaca məşhur İsveç pianoçusu Yohanssonun sözləri ilə bitirmək istəyirəm: "Vaqifin olduqca müasir olan musiqisindən həm də sirli, qədim Qafqaz melodiyası axır. Onu dinləyərkən sanki Şəhrizadın 1002-ci gecəsinin nağılına qulaq asırsan...”
Murad Köhnəqala
banner

Oxşar Xəbərlər