• şənbə, 20 Aprel, 18:30
  • Baku Bakı 24°C

Peyvəndləmə aparılması COVID-19-dan xilas olmaq üçün ən təhlükəsiz yoldur

08.04.21 21:30 1059
Peyvəndləmə aparılması COVID-19-dan xilas olmaq üçün ən təhlükəsiz yoldur
Bir ildən artıqdır ki, yeni növ koronavirus (COVID) girdabında çırpınan dünyamızın rahatlığı pozulub. Həyatla yaşam, ölümlə qalım arasında gedən mübarizə yeni mərhələyə daxil olub. Sərt karantin tədbirləri, sosial məsafənin qorunması, gigiyena qaydalarının tətbiqindən sonra nəhayət ki, artıq 3 aya yaxındır ki, virusa qarşı peyvəndləmə prosesi aparılır.
Kaspi.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev aparılan tədbirlər barədə deyib: "Əhalinin peyvəndlənməsi tədbirini çox qısa müddətdə və kütləvi şəkildə həyata keçirilmək lazımdır. Lakin peyvənd edilmək heç də bu xəstəlikdən tamam uzaq olmaq demək deyildir. Peyvənd vurulması infeksiyaya yoluxma zamanı xəstəliyi assimptomatik və ya yüngül formada keçirməyi təmin edir və orqanizmdə anticisimlərin yaranması xəstəxana palatasında müalicə alanların reanimasiyada yatmaq ehtimalını minimuma endirir. Peyvənd iki dozada vurulmalıdır və inyeksiya edilənlərdə anticisimlərin yaranması yüzdə doxsan faiz üzərindədir. Bəzən peyvənd vurulandan dərhal sonra tələsərək anticisimlərin miqdarını yoxlatdırırlar. Lakin belə erkən yox, ikinci doza vurulandan iki həftə sonra bunu yoxlatmaq daha düzgündür.
COVID-19 virusunun xilas olmaq üçün bəzi antiviral dərmanlardan istifadə olunsa da, onu müalicə edən spesifik dərman yoxdur. Təhlükəli infeksiyanın qarşısını ala biləcək yeganə üsul vaksinləşmədir, çünki onun vurulması ilə yayılma zənciri qırılır və yoluxuculuq azalır, virusa qarşı anticisimlər yaranandan sonra xəstəlik ya yüngül, ya da əlamətlərsiz keçir. İndiki halda ondan xilas olmağın başqa yolu yoxdur. Virus mutasiya olunduğuna görə ona qarşı peyvənd aparılmadıqda digər bir üsul təbii yoldur, yəni onun yoluxduruculuğu azalmalıdır, belə olanda hansısa vaksinə ehtiyac da qalmayacaq. Lakin bunun nə vaxt baş verəcəyi heç kəsə məlum deyil və ona bel bağlamaq olmaz. Ona görə də yeganə yol kütləvi surətdə peyvəndlənmənin aparılmasıdır. Hazırda ölkəmizdə həmin proses yaxşı gedir və onu sürətləndirməklə daha uğurlu nəticələr əldə etmək olar”.
Həmsöhbətimiz "İsrail həkimlərinin qənaətinə görə, yoluxub sağalanlar üçün yalnız bir doza peyvənd vurulması kifayətdir” fikrinə münasibət bildirərək deyib: "Əslində, bunu kütləvi olaraq yoxlamaq lazımdır. Yoluxub sağalmış xəstələrin təkrar dozaya ehtiyacı olmadığını müəyyənləşdirmək üçün anticisimlərin miqdarını öyrənmək lazımdır. Lakin yoluxmanın üzərindən daha uzun zaman keçibsə, etibarlılığı və qoruyuculuğun uzunömürlülüyünü təmin etmək üçün iki dozanın vurulması məsləhətdir”.
"Britanıya ştammı” ilə əlaqədar ölkəmizdə uşaqlar arasında mənfi statistikanın müşahidə edilmədiyini söyləyən həkim-infeksionist deyib ki, qorunma tədbirlərinə ciddi riayət edilmədikdə yaşından asılı olmayaraq hər kəs bu təhlükəli infeksiyaya yoluxa bilər. Ölkəmizdə noyabr-dekabr aylarının statistikası ilə müqayisədə mortal olaraq ayrı-ayrı fərdlər arasında ciddi bir fərq yoxdur.
Peyvənd edilən vətəndaşlara bir sıra ölkələrdə əlavə imtiyazlar verilməsi məsələsinə toxunan TƏBİB-in nümayəndəsi qeyd edib ki, həkimlər vaksinin faydası, istifadəsinin uyğunluğu barədə maarifləndirici təbliğat apara bilərlər. İmtiyazlar verilməsi məsələsi isə Nazirlər Kabineti yanında Operativ Qərargahın funksiyalarına aiddir.
"Peyvəndləmə prosesi dünyada yaşı 18-dən yuxarı olanlar üzərində aparılan araşdırmalar nəticəsində tətbiq olunur. Həmin yaşdan aşağı olanlar arasında da peyvəndin tətbiqinin araşdırılması gedir. Bu sahədə aparılan araşdırmalar başa çatmadan uşaq və yeniyetmələrdə peyvəndin istifadəsinə göstəriş ola bilməz. Nəzərə alsaq ki, kütlənin bir hissəsi də 18 yaşdan aşağı olanlardır, onda bu prosesin uzun müddət davam edəcəyini düşünmək olar, çünki həmin yaşda olanlara peyvənd vurulmadıqda onlar da aktiv şəkildə virus daşıyıcısı ola bilərlər”,- deyə həkim-infeksionist bildirib.
V.Əliyevin dediyinə görə, dünyada yalnız infeksionist, terapevt və pulmonoloqlar deyil, digər ixtisaslardan olan həkimlər də COVID-19-un müalicəsində iştirak edirlər, çünki heç bir ölkədə müalicə prosesini aparmaq üçün kifayət qədər həmin ixtisaslardan olan mütəxəssislər yoxdur. Ona görə də digər ixtisasdan olan həkimlər də müalicə prosesinə qoşulmalıdırlar, lakin təbii ki, bu iş protokol əsasında, müəyyən edilmiş prinsiplərə uyğun olaraq və təcrübəli mütəxəssislərin nəzarəti altında olmalıdır.
O, pandemiyanın nə qədər davam edəcəyi barədə belə bir proqnoz verib: "Bu mübarizədə yalnız bir ölkə deyil, bütün dünya qalib gəlməlidir. Normal həyata dönmək üçün dünyanın hər yerində pandemiyanın bitməsi lazımdır. Hazırda bu sahədə ən əhəmiyyətli, vacib və təhlükəsiz yol peyvəndləmədir. Təbii ki, gələcəkdə yeni mutasiyaların yaranma ehtimalı da var və onlara qarşı mübarizədə indi istifadə edilən peyvəndlərin səmərəsi az ola bilər, lakin bütün bunlara rəğmən peyvənd strategiyası yeganə yoldur. Gələcəkdə meydana çıxan mutasiyaları əhatə edən peyvəndlərin də hazırlanması mümkündür və onun tətbiq edilməsi xəstəliyi yüngülləşdirə, fəsadları azalda və ölüm hallarını minimuma endirə bilər. İndiki vaxtda yeganə xilas yolu olan peyvəndləmə tədbirinin kütləvi şəkildə aparılması ilə qısa zamanda olmasa da, qarşıdakı aylarda pandemiyanı təsirsiz etmək olar”.
banner

Oxşar Xəbərlər