• cümə axşamı, 25 aprel, 17:44
  • Baku Bakı 23°C

Peşəsini sevməyən insan onun gözəlliyini duya bilməz

13.05.14 10:05 3566
Peşəsini sevməyən insan onun gözəlliyini duya bilməz
“Peşə hekayələri” rubrikamızın qonağı psixoloq Sədaqət xanım Məmmədovadır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət xanımın həm də sevilən müəllim kimi fəaliyyətini nəzərə alaraq, söhbətimizin maraqlı olduğuna əmin ola bilərsiniz. Müsahibəyə psixoloq peşəsini seçmə səbəbini soruşmaqla başladıq:
- Bu həm maraqlı, həm də ənənəvi sualdır. Bu sahəni seçməyimin əsas səbəbi insanlar və onların rəngarəng psixoloji aləmidir. Bu, həqiqətən də çox maraqlı bi sahədir. Belə ki, bəzən xoşlamadığımız bir şeyi tez bir zamanda dəyişə bilirik. Amma özümüzdə, psixoloji durumumuzda olan çatışmazlıqları nə dərəcədə görə bilirik, bunları qəbul edirikmi və yaxud da aradan qaldırmağa çalışırıqmı?Axı insanların hamısı eyni dərəcədə dözümlü deyil. Elə insanlar var ki, problemləri ilə bağlı qərar qəbul etməkdə tərəddüd edir, bəziləri də, ümumiyyətlə, bu işdə acizdirlər. Bundan başqa, elə insanlar da var ki, öz problemlərini yaxın adamlarına, hətta onları tanıyanlara belə bildirmək istəmirlər. Bu vəziyyətdə onların psixoloji durumu gərginləşir, heç yerdə özlərinə yer tapa bilmir, bəzən isə özlərini xəstə hesab edir, get-gedə insanlara münasibətləri dəyişir, ünsiyyətdən qaçır, cəmiyyətdən təcrid olunurlar. Bax məhz belə insanlara psixoloji dəstək vacibdir.
- Psixologiya elmi haqqında nə deyə bilərsiniz? Bu elm Azərbaycanda inkişaf edirmi?
- Psixologiya elminin qədim tarixi var. Psixoloji məlumatlar ilk dəfə sistemli olaraq eramızdan əvvəl IV əsrdə Aristotelin “Ruh haqqında” traktatında izah edilmişdir. Ümumiyyətlə, XIX əsrin sonlarına qədər psixologiya elmi fəlsəfəyə aid bir sahə hesab olunub. Bir termin kimi isə psixologiya sözü Azərbaycanda XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqlarına istinadən işlənməyə başlamışdır. Psixologiya elm kimi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda özünü göstərir. Psixologiyanın Azərbaycanda inkişafına toxunmazdan əvvəl mən bu sahənin yaranmasına münasibət bildirmək istəyirəm. Belə ki, əgər bizim istər şifahi, istərsə də yazılı ədəbiyyatımıza diqqət yetirsək, orada müxtəlif psixoloji məqamlar və fikirlərlə qarşılaşarıq. Məsələn, «Kitabi-Dədə Qorqud» dastanı, S.Şirazi, Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə və başqa mütəfəkkirlərin yaradıcılığı Azərbaycanda psixoloji fikrin yaranmasına və inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Psixologiya elminin bugünkü inkişafına diqqət yetirsək, görərik ki, bu gün də inkişaf var. Lakin bu inkişaf sistemli şəkildə deyil, pərakəndə və reklamsızdır.
- Pasiyentlərinizin problemləri haqqında onlarla keçirdiyiniz görüşlərdən sonra da düşünürsünüzmü?
- Mənim auditoriyam genişdir. Axı uzun illərdir ki, ali məktəbdə psixologiya fənnini tədris edir, gənclərlə işləyirəm. Bu problemləri görməmək və onlar barədə düşünməmək yalnız psixoloq deyil, bir vətəndaş-müəllim olaraq da mümkün deyil. Eyni zamanda, biz sadəcə düşünməkdə qalmır, problemlərinin həllində onlara yardımçı oluruq.
- İşinizin müsbət və mənfi cəhətləri haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, bizim işimizdə kiməsə kömək etmək, problemin həllinə nail olmaq fərəhləndiricidir. Bəzən isə elə hallar olur ki, hər hansı bir insanın problemləri o qədər uzun müddət davam edib dərinləşir ki, ona kömək etməkdə daha çox əziyyət çəkməli olursan. Bax işin əsas mənfi cəhəti budur.
- Özünüz gənclərlə yaxın münasibətdəsiniz. Psixoloji xüsusiyyətlərinə görə onları necə qruplaşdıra bilərsiniz?
- Bəli, həqiqətən də gənclərlə yaxın münasibətdəyəm və bundan zövq alıram. Gənclərimizə yol göstərmək, onların həyat yollarında mümkün qədər nöqsansız addımlamasına şərait yaratmaq bizim borcumuzdur. Mən belə görmüşəm. Mənim sevimli müəllimlərim - İsmayıl Şıxlı, Tağı Xalisbəyli, akademik Hüseyn Əhmədov, professor Əbdül Əlizadə, professor Məmməd Məmmədov, Məmmədəli Müsəddiq və bir çoxları bizə vətəndaş-ziyalı, əsl pedaqoq, psixoloq olmağı öyrətdilər. Biz də çalışırıq ki, onların yollarını layiqincə davam etdirək. Gənclərin psixoloji olaraq qruplaşdırılmasına gəlincə isə, mən onları belə görürəm: emosional və marağı tez dəyişən, inadkar və davamlı marağa sahib olan, aciz və daim başqalarından kömək gözləyən gənclər. Əlbəttə, onu da unutmaq olmaz ki, ailə və cəmiyyət də bu xüsusiyyətlərin üzə çıxmasında əsas faktorlardandır.
- Sizcə, psixoloji cəhətdən sağlam insan necə olmalıdır?
- Birmənalı olaraq deyərdim ki, belə insan səbirli, inamlı və mübariz olmalı, özünə güvənməyi bacarmalıdır.
- İnsanlar problemlərini Sizə danışırlar. Siz necə, öz problemlərinizlə bağlı kimdənsə məsləhət alırsınız?
- Baxır problemə. Mən şəxsi problemimi kiməsə deməyi sevmirəm. Onu yavaş-yavaş, hiss etdirmədən özüm yoluna qoymağa çalışıram.
- Tarixdəki hər hansı mütəfəkkirin müdrik bir kəlamını öz fəaliyyətinizdə deviz seçirsinizmi?
- Bəli. Böyük rus yazıçısı L.N.Tolstoyun “Həyatda xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkünlüyünə inanmaq lazımdır” fikrini mən öz həyat və fəaliyyətimdə əsas götürmüşəm. Lakin bu, o demək deyil ki, sadəcə heç bir fəaliyyətin olmadan buna inanasan.
- Peşənizdən imtina etmək istədiyiniz anlar olubmu?
- Heç zaman. Xahiş edirəm, mübaliğə kimi qəbul etməyin. Mən bir də peşə seçimi qarşısında qalacaq olsa idim, tərəddüd etmədən yenə bu peşəni seçərdim. Öz peşəsini sevməyən insan onun gözəlliyini duya bilməz.
- Son vaxtlar intihar hallarının artma səbəbini necə izah edərdiniz?
- Təəssüf, son dövrlərdə cəmiyyətimizdə intihar halları olduqca artıb. Düşünürəm ki, bu, əvvəlcə ailədə, sonra məktəbdə və daha sonra cəmiyyətin başqa sahələrində psixoloji hazırlıq məsələlərinin mükəmməl aparılmamasının nəticəsidir. Hansılar ki, sağlam vətəndaş cəmiyyəti üçün çox vacibdir.
ekstrainfo.com
banner

Oxşar Xəbərlər