• cümə axşamı, 28 mart, 20:10
  • Baku Bakı 13°C

“Peşəndən asılı olmayaraq, uğurun sirri işini sevməkdir” – Sadə peşə adamı

26.05.14 08:31 7206
“Peşəndən asılı olmayaraq, uğurun sirri işini sevməkdir” – Sadə peşə adamı
Heç bir evi mebelsiz təsəvvür etmək mümkün deyil. Oturduğumuz stullar, yemək yediyimiz masalar, üzərində dincəldiyimiz divanlar, hər gün istifadə etdiyimiz şkaflar onların zəhmətinin bəhrəsidir. Hər evin "olmazsa olmazları”ndan olan bu əşyaların yaradıcıları məhz mebel ustalarıdır. Digər peşələrdə olduğu kimi, mebel ustası da ağır zəhmət və ustadan xüsusilə zövq tələb edən peşələrdəndir. Müsahiblərimiz 4 ildir çiyin-çiyinə bu zəhmətli peşəni icra edən iki gənc dost Samir və Qədirdir.
Onlarla tanışlığımız "facebook” sosial şəbəkəsi vasitəsilə oldu. Gördükləri işi cəmiyyətin diqqətinə çatdırmaq və daha çox reklam etmək məqsədilə sosial şəbəkədə "online mebel sifarişi” adlı səhifədə bölüşən gənc müsahiblərimizin gördüyü işlər, paylaşdıqları şəkillər, digər istifadəçilər kimi, bizim də diqqətimizdən yayınmadı. "Sadə peşə adamı” rubrikasında fərqli dizaynları ilə diqqət çəkən, göz oxşayan mebel ustaları ilə söhbətləşmək qərarına gəldik.
Barmenlikdən ustalığa
25 yaşlı müsahibimiz Seymur Salmanov orta məktəbi bitirdikdən sonra İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində barmenlik peşəsi üzrə təhsil alıb. Lakin oxuduğu ixtisasa marağı olmadığı üçün peşəsinin ardınca getməyib: "Həmişə düşünmüşəm ki, insan sevdiyi peşənin arxasınca getsə daha çox uğurlu ola bilər. Barmenlik peşəsi mənim profilimə uyğun deyildi. O sənətə marağım yox idi. Uşaqlıqdan taxtalarla və ya domino fiqurları ilə müəyyən fiqurlar qururdum. Bu maraq məni yaşa dolduqdan sonra da tərk etmədi və marağımın ardınca getmək, mebel ustası olmaq qərarına gəldim. Bir müddət işinin peşəkarı olan usta yanına getdim və bu peşənin sirlərinə yiyələndim”.
Seymur mebel ustası sənətinin incəliklərini daha sonra hazırda çiyin-çiyinə çalışdığı, qardaşı yerinə qoyduğu dostu, sinif yoldaşı Fətullayev Qədirə də öyrədib. Qədir bizimlə söhbətində bildirdi ki, orta məktəbi bitirdikdən sonra, Seymurla birlikdə ali məktəbə sənəd veriblər, lakin qəbul ola bilməyiblər: "İmtahandan kəsildikdən sonra, hansısa sənətə yiyələnmək lazım olduğunu başa düşdüm. Hazırda icra etdiyim peşəyə marağım var idi. Dostum Seymur usta sənətə məndən bir il öncə gəldiyi üçün mənə də şərait yaratdı və bu sənətin incəliklərini öyrəndim”.
"Uçeniklikdən” başladım, indi sex sahibiyəm”
Əvvəlcə bu peşəni usta yanında şagird kimi getdikdən sonra öyrənən müsahiblərimiz, daha sonra şəxsi sexlərini açıb mebel istehsalına başlayıblar: "Bu işə başlayanda tək məqsədimiz keyfiyyətli mebellər hazırlamaq, insanların zövqünü oxşamaq və müştəriləri gördüyümüz işdən razı salmaq idi. İşimizin peşəkarı olmaq üçün qarşımıza məqsəd qoyduq, ən aşağı pillələrdən başladıq və hədəfimizə çatmaq üçün səbrlə işlədik. İndi isə özümün şəxsi sexim var və həm internet səhifəmizdə, həm də emalatxanamızda sifarişlər qəbul edirik”.
Uğurun sirri
Mebel ustası sənətinin incəliklərindən danışan müsahiblərimiz deyir ki, hər bir sənətdə olduğu kimi, burada da uğurlu iş ortaya qoymaq üçün onu sevməlisən. Peşəsini sevməyən insan, heç vaxt müştəriləri razı sala bilməz: "Bizim sənət ustasından incəlik, diqqət, zövq, səliqəlilik və səbr tələb edir. Bu keyfiyyətlərdən biri əskik olarsa, onda üzərində işlədiyimiz hər bir əşyada qüsur yaranar. Bu da işimizin keyfiyyətini aşağı salar. Bütün bunlara riayət etmək üçün də sənəti sevmək lazımdır. Biz adi taxta parçalarından insanların zövqlərinə uyğun əşyalar yaradırıq. Bu zaman fantaziyamız da güclü olmalıdır ki, uğurlu iş ortaya qoya bilək. Uğurlu iş üçün də əsas şərt gördüyün işi pul qazanmaq xatirinə yox, həvəslə icra etməkdir”. Gördükləri işdən zövq alan müsahiblərimiz deyir ki, onlar üçün ən böyük uğur müştərilərin işlərindən razı qalmasıdır: "Bu sənətdə düşünmək, fantaziya yürütmək mühüm məsələdir. Hər hansı işə başlayandan sonra, gördüyüm işin nəticəsinə baxanda aldığım ləzzəti heç nə ilə ifadə edə bilmirəm. Bizim işin vaxtı, saatı yoxdur. Sifariş qəbul edirik və onu müştərinin istəyinə uiyğun şəkildə hazırlayırıq. Bizim üçün ən gözəl uğur müştərimizin gördüyümüz işdən razı qalmasıdır. Hər bir peşədə müvəffəqiyyətin sirri işini sevməkdir”.
"Gəlirimiz normaldır”
Gəlirlərinin normal olduqlarını söyləyən müsahiblərimizin sözlərinə görə, artıq insanlar hazır mebel almaqdan daha çox sifariş verməyə üstünlük verirlər: "Bu sahəyə tələbat çoxdur. Əvvəllər insanlar sifariş verməyə ürək etmirdilər. İstədikləri mebellərin quraşdırıldıqdan sonra istədikləri kimi alınmamasından çəkinirdilər. İndi isə vəziyyət dəyişib. İnsanlar mebelləri istədikləri ölçüdə, istədikləri dizaynda sifariş verə bilirlər. Biz işlərimizi facebookda "online mebel sifarişi” səhifəsində yerləşdiririk. Gördüyümüz işlər də müştərilər tərəfindən bəyənilir. Əsasən, mətbəx, şkaf, cehizlik, uşaq otağı üçün mebellər sifariş edirlər. Qazancımız isə normaldır, işimizə görə pul alırıq. Yaxşı usta olduqdan sonra, məncə, bu sahə gəlirli sahələrdəndir”.
Ünvanı səhv saldıq...
İş başında başlarına gələn maraqlı hadisələrdən danışan müsahiblərimiz deyir ki, gülməli hadisələrlə tez-tez rastlaşırlar, amma ən maraqlısı, ünvanı səhv salmaları olub: "Bizdə çatdırılma və quraşdırılma pulsuz olduğu üçün bir dəfə gərgin işlədikdən sonra sifariş götürdüyümüz mebelləri ünvana çatdırmalı idik. Bizə verilən ünvana yollandıq və binaya yaxınlaşdıq. Üstəlik, mebelləri də yuxarı qaldırmışdıq. Qapını döydük, açan olmadı. Sən demə, ünvanı səhv salmışıq. Mebeli qaldırdığımız ünvanda yaşayış belə yox imiş. Boş-boşuna mebelləri yüksək mərtəbəyə qədər qaldırmışdıq. Həmin gün bilmirdik, yorğunluqdan ağlayaq, ya gülək. Indi də həmin hadisəni xatırlayanda gülürük”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər