• cümə, 26 Aprel, 01:17
  • Baku Bakı 16°C

Peşəkarlığa qeyri-peşəkar xəyanət - Replika

26.04.19 15:49 642
Peşəkarlığa qeyri-peşəkar xəyanət  - Replika
Çin iqtisadiyyatı hazırda bütün dünyanı təəccübləndirən bir möcüzədir. Dünyanın Çin iqtisadiyyatına marağı durmadan artır. Elə Çinin də dünya iqtisadiyyatına yatırımları fantastik rəqəmlərlə ifadə olunur. Afrika, Avropa, Mərkəzi Asiya ölkələrinə yatırılan Çin investisiyası gündən-günə çoxalır. Bu ilin mart ayında İtaliya rəsmən Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulub. Bununla da İtaliya "Böyük yeddilər" qrupundan Çinin bu meqalayihəsinə qoşulan ilk ölkə olub.
İtaliyanın İqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi deyib ki, Çinlə ticari əlaqələrin genişləndirilməsi onlara Avropa İttifaqının digər 27 üzvü ilə müqayisədə daha sərbəst hərəkət etməyə və iqtisadi perspektivlər baxımından ölkənin gələcəyinə ümidlə baxmağa imkan verir: "Çinlə ikitərəfli ticari əlaqələrin yeni inkişaf mərhələsinə çatdırılması, İtaliyanın Avropa İttifaqı ilə Pekin arasındakı əlaqələrində liderliyi ələ alması deməkdir”.
Çinlə ticari əlaqələrin genişləndirilməsi Avropanın başqa bir nəhəng ölkəsi - Fransa üçün də iqtisadi baxımdan önəmli əhəmiyyət kəsb etməyə başlayıb. Belə ki, Çinlə Fransa arasında əldə edilən razılığa əsasən, çinli iş adamları Fransada külək enerjisindən istifadə edilən elektrik stansiyasının inşa edilməsinə, bu ölkənin kənd təsərrüfatı məhsullarının alınmasına və birgə sərmayə fondunun yaradılmasına 10 milyard avro sərmayə qoyublar. Bütün bunlar isə Fransa iqtisadiyyatının inkişaf etdirilməsi üçün böyük önəm kəsb edir.
Dünya iqtisadiyyatının gələcək persepktivinin formalaşdığı belə həssas bir məqamda Azərbaycan da Çinlə iqtisadi əlaqələrini genişləndirir. Əgər Çin Azərbaycanın üzərindən keçib Avropaya yatırım edirsə və ya Avropa ölkələri Azərbaycanın başının üstündən Çinə məhsul göndərirsə, biz ovcumuzun içində olan bu fürsətdən niyə yararlanmamalıyıq?
Bunun nə qədər perspektivli olduğunu isə anlamaq üçün heç iqtisadçı da olmağa gərək yox. Eləcə, sadə iqtisadi gəlişmələrdən baş çıxartmaqla, dünya iqtisadiyyatında gedən proseslərdən azca məlumatlı olmaqla Çin-Azərbaycan iqtisadi əlaqələrinin əhəmiyyətini anlamaq mümkündür. Amma bunu anlamayanlar da var. Yox, yox, iqtisadi biliyi olmayanları, dünyada baş verənlərdən xəbərsiz olanları nəzərdə tutmuram.
Çinin Azərbaycan iqtisadiyyatına yatırım qoymasına ironiya edən şəxs özünü peşəkar iqtisadçı sayan Qubad İbadoğludur. Qubad müəllim Cinlə bağlanan müqavilələri, bu ölkənin Azərbaycana yatırım etməsini "görünür ki, Azərbaycan Qərbdən çox Şərqə can atır” kimi xarakterizə edib. Azərbaycan Qərblə Şərqin qovşağında yerləşir. Və Qərb ölkələri bu qovşağın üzərindən adlayıb dünyanın yeni iqtisadi gücü Çinlə əməkdaşlıqda maraqlıdırlarsa, Azərbaycanın bunda maraqlı olmasında hansı qəbahət var? Yaxşı olardı ki, iqtisadçı-alim bu "qəbahət”in iqtisadi zərərini izah edəydi, daha "şəxsi hikkə”sinin qurbanına çevrilməyəydi. Özünə peşəkar iqtisadçı deyən bir şəxs Çinlə iqtisadi əməkdaşlığa ironiya edirsə, bunu tutarlı faktlarla əsaslandırmalıdır. Və üstəlik, Avropanın nəhəng ölkələrinin də Çinlə iqtisadi əməkdaşlığa maraq göstərməsinin "zərərli” olmasını sübut etməlidir. Çətin məsələdir, eləmi? Mən də bunun çətin olduğunu bilirəm. Elə Qubad müəllim də bunun çətin yox, əslində "mümkünsüz” olduğunu anlayır güman ki... Elə ona görə də, Çinlə Azərbaycan arasında bağlanan müqavilələrə münasibət bildirərkən, iqtisadi analizə yox, ironiyaya "yatırım” etməli olub. Və həm də "amma unutmayaq ki, qlobal siyasət məsələləri və perspektivləri Şərqlə deyil, Qərblə inteqrasiyadan asılıdır” deməklə, iqtisadi münasibətlərlə siyasi əlaqələri qarışdırıb. "Mən peşəkaram” deyən heç bir iqtisadçı-alim bunu özünə rəva görməzdi. Bu, olsa-olsa, peşəkarlığa edilən qeyri-peşəkar xəyanətdir. Görünür, şəxsi maraqların formalaşdırdığı hikkə, adamı vadar edir ki, peşəkarlığa xəyanət etsin. Ya da... Ya da, Qubad İbadoğlu, ümumiyyətlə, özünü peşəkar hesab etmir. Lap yaxşı, heç biz də etmərik.

Fuad
banner

Oxşar Xəbərlər