Peşəkar kinematoqrafçılar təlimlər keçəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə "CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi
"Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı
layihəyə start verib.Bunu
"Kaspi”yə açıqlamasında "CİNEMA” Gənc
Kinematoqrafçılar Mərkəzinin sədri
Fehruz Şamıyev deyib. O bildirib ki, hazırda Azərbaycanda gənc
kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə
bilmirlər. Daha çox həvəskar
xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə
biliklərə sahib olmamasının göstəricisidir: "Bu da kino sahəsində
çalışan gənclərin dünya festivalları üçün maraqlı ola biləcək filmləri ərsəyə gətirə bilməməsinə səbəb olur. Qeyd edək
ki, son illər ölkəmizdən kənarda keçirilən beynəlxalq festivallarda iştirak edən
azərbaycanlı kinematoqrafçıların yaş həddi 35- dən yuxarıdır. Doğrudur, bəzi gənclər də festivallarda
iştirak edir, amma onların sayı barmaqla sayılacaq qədərdir. Bəzən olur
bu problemin kökündə keyfiyyətli məhsulun olmaması yox, festivallara çıxmaq
üçün qaydaları bilməmək, filmin janrından, formasından asılı olaraq lazımı festivala göndərilməməsi
dayanır. Bundan başqa xaricə çıxacaq keyfiyyətli məhsulların
azlığı bu sahədə ustad dərslərinin demək olar ki,
keçirilməməsindədir. Digər sahələrdən fərqli olaraq kino sahəsində təşkil olunan ustad dərslərinin
sayı lazım olduğundan azdır”.
Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində peşəkar
masterlərin iştirakı ilə təlimlər təşkil olunacaq.
Təlimlərdə iştirakçılar
audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və
onların kateqoriyaları, həmin festivallara qatılmağın
yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu
festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat ala biləcəklər.