• cümə, 29 Mart, 10:10
  • Baku Bakı 5°C

Peşə təhsilinin məzmununu yeniləşdirəcək qərar

01.12.18 12:30 2193
Peşə təhsilinin məzmununu yeniləşdirəcək qərar
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib. 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilib və onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilərək onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilib və onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilərək onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Ağstafa Peşə Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilib və onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilərək onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilib və onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilərək onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilib və onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Bu qərarla yaradılan Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidir.
Bəs görəsən mərkəzlərin yaradılması peşə təhsilinin inkişafına necə təsir edəcək?
Təhsil eksperti Hümeyir Əhmədov peşə məktəblərinin vahid mərkəzlərdə birləşdirilməsini müsbət hal kimi qiymətləndirir: "Hesab edirəm ki, bəzi ixtisaslara dəyişikliklər edilməlidir. Çünki sovet dövründən qalma ixtisaslara bu gün ehtiyac yoxdur. Ona görə də, indidən hərəkətə keçmək lazımdır. Peşə təhsil mərkəzlərinin yaradılması bu kimi məsələləri də tənzimləyəcək. Mərkəzlər ixtisasların sosial-iqtisadi proqnozlarını verməlidir. Məsələn, vaxtı ilə peşə məktəblərində konduktorlar hazırlanırdı. Onlar tramvay, avtobuslarda işləyirdi. Amma indi buna ehtiyac yoxdur. Çünki artıq nəqliyyat kart sisteminə keçib. Belə nümunələrin sayı çoxdur. Getdikcə bəzi peşələr sıradan çıxır və öz yerin digərlərinə verir. Əgər bir ixtisasa ehtiyac yoxdursa, bu sahədə təhsil almağın heç kimə faydası olmayacaq. Son illər peşə təhsilinə xüsusi diqqət yetirilir. Bizim bu sahə üzrə mütəxəssislərə böyük ehtiyacımız var. Elə sahələr var ki, ali təhsil tələb etmir. Peşə mərkəzləri bu tip məsələləri də nizama salacaq. Mərkəzlərin maddi-texniki imkanları daha geniş olacaq. Həmçinin, burada dərslər peşəkar müəllimlər tərəfindən keçiləcək. Bildiyiniz kimi regionlarda kadr çatışmazlığı problemi var. Ona görə də, əksəriyyət böyük şəhərlərə üz tuturdu. Dünya təcrübəsində belə nümunələr çoxdur. Bizim üçün vacib olan, mütəxəssislərin yetişdirilməsi məsələsidir. Peşə məktəblərinin keyfiyyəti o qədər də qaneedici səviyyədə deyildi. Bizə müasir texnologiyanın əsaslarını bilən mütəxəssislər lazımdır. Mərkəzlərin yaranması ilə bu məsələlər zamanla öz həllini tapmış olacaq. Düşünürəm ki, peşə mərkəzlərinin maddi-texniki bazası, yataqxana və digər vacib məsələlərinə diqqət ayırmaq lazımdır. Ümid edirəm ki, əldə olunan nəticələr yüksək səviyyədə olacaq”.
Təhsil eksperti Nadir İsrafilovsöylədi ki, təhsilin pillələri arasında varislik, fasiləsizlik və ardıcıllıq prinsiplərinin təmin olunması sahəsində peşə təhsilinin yeri, rolu və əhəmiyyəti danılmazdır: "Bu baxımdan peşə təhsili müasir standartlara uyğun olaraq, tamamilə yenidən qurulur. Həm Bakıda, həm də ayrı-ayrı rayonlarda yeni peşə məktəbləri istifadəyə verilir, əvvəlcədən fəaliyyət göstərən peşə təhsil müəssisələrinin şəraiti yaxşılaşdırılır. Bu məsələdə ən qabaqcıl təcrübənin tətbiqinə cəhd göstərilir. Peşə təhsilinə marağı artırmaq, bu sahənin inkişafını sürətləndirmək məqsədi ilə müəyyən güzəştlər nəzərdə tutan bəzi qərarlar qəbul edilib. Peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ, təcrübə sahəsində əməkhaqqı alma hüququ, xüsusi imtiyazlara sahiblənmə hüququ verilib. Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə, təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçünbir çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Peşə təhsili almaq hər kəsin hüququdur. Bu hüquq ölkə vətəndaşlarına hələ orta məktəbdə oxuduğu vaxtdan verilir. Ümumtəhsil müəssisələrində şagirdlər ilk peşə təhsili alır. Peşə məktəbinə qəbul olunanlara yalnız texniki peşə təhsili almaq hüququ verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzinə isə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzlərində də peşə liseylərində olduğu kimi, ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 il çəkir. Ancaq tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il təhsil almaq kifayət edir. Ümumi orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təhsil müddəti 4 il, peşə təhsil mərkəzlərinə tam orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 3 ildir. Bu baxımdan, yeni peşə təhsil mərkəzlərinin yaradılması və şəbəkənin genişləndirilməsi təhsil müəssisələrinin rasionallaşdırma və optimallaşdırılması, bu sahədə çevik, mobil idarəetmənin təmin edilməsi, peşə təhsilinin məzmununun yenilənməsi və nüfuzunun artırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Peşə təhsil mərkəzlərinin yaradılmasına diqqətin artırılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da nəzərdə tutulmuş vəzifənin - cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas və orta ixtisas təhsili standartlarının hazırlanması tələbindən irəli gəlir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər