AZE | RUS | ENG |


Peşə təhsilinin istehsalatla həmahəngliyini necə təmin etməli?

Peşə təhsilinin istehsalatla həmahəngliyini necə təmin etməli?
Ekspertlər deyir ki, bu sahədə ciddi maarifləndirmə işi aparılmalıdır

Peşə təhsili ölkədə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün prioritet sahə elan edilib. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı, Avropa Təlim Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə "Peşə təhsili və təlimində dövlət-özəl əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə Dəstək Proqramı-Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün Fəaliyyət Qrantları" mövzusunda keçirilən seminarda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə birgə əməkdaşlıq peşə təhsili sahəsinin inkişafına təkan verəcək. F.Mustafayev deyib ki, Gəncə, Cəlilabad, Bərdə, İsmayıllı, Qax və Qəbələdə keyfiyyətli infrastruktur, mühəndis-pedaqoji heyətin cəlb edildiyi müasir tipli peşə təhsili müəssisələrinin formalaşmasına zəmin yaradacaq.

O, əlavə edib ki, ölkədə peşə təhsili və təliminə dair strateji yol xəritəsinin qəbul edilməsi bu sahəyə 2020-ci ilə kimi strateji baxış, 2025-ci ilə kimi uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla müasir tələblərə cavab verən və ölkənin reallıqlarına uyğun peşə təhsilinin qurulmasını özündə əks etdirir: "İslahatların uğurlu icrasını təmin etmək, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyən edilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkədə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli məclisin elm və təhsil komitəsində hazırlanıb. Bakı, Gəncə və Qəbələ şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması, dövlət peşə təhsil mərkəzlərinin yaradılması, işəgötürənlərlə sıx əlaqələrin qurulması, məzmunun müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq, formalaşdırılması və digər məsələlər bu sahədə son illərdə həyata keçirilən islahatların bir hissəsidir. Bu işlər məzunların məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar yaradır".
 
Digər tərəfdən son 1 il ərzində Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkətdə sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil". Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq rəhbəri Ceroen Uilyamsbildirib. O, deyib ki, bir çox hallarda özəl sektor müəyyən sahələr üzrə müvafiq işçini tapmaqda çətinlik çəkir: "Buna görə də düşünürük ki, ölkənizdə peşə təhsili sahəsində islahatların aparılması üçün davamlı dəstək lazımdır. Qeyd edim ki, ümumiyyətlə, Avropada vahid peşə təhsili modeli yoxdur. Bu sahənin inkişafı üçün bütün ölkələrlə yanaşı, Azərbaycanın da maraqlarına uyğun model seçilməlidir. Lakin bu zaman əmin olmaq lazımdır ki, peşə təhsili sahəsinin inkişafı özəl və dövlət sektoru ilə peşə təhsil müəssisələri arasındakı əməkdaşlığa əsaslanacaq".

C.Uilyams əlavə edib ki, Aİ hər zaman Azərbaycanda peşə təhsilinin inkişafına maraq göstərməyə hazırdır: "Bizə məlumdur ki, Azərbaycanda peşə təhsilinin inkişafına dair strateji yol xəritəsi qəbul edilib. Bu işlər çərçivəsində Aİ əsasən işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığa xüsusi önəm verir".  

Məsələnin aktuallığını nəzərə alaraq, "peşə təhsil müəssisələrinin müasir əmək bazarının tələblərinə necə uyğunlaşa bilər, özəl şirkətlərin istəyinə uyğun kadr hazırlığı hansı halda mümkündür” kimi sualların cavablarını mütəxəssislərdən almağa çalışdıq.  

Hərtərəfli təchiz olunmuş təhsil müəssisələrimiz olmasa...

ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirir ki,  hazırda danışılan bütün məsələlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin gündəmindədir və qoyulan problemlərin həllinə çalışırlar: "Özünüz də bilirsiniz ki, peşə təhsili sistemi neçə ildir ki, bərbad vəziyyətdə idi.  Yəni bir çox peşə məktəbinin maddi texniki bazası çox aşağı səviyyədədir, verilən təhsil də ürəkaçan, işəgötürənlərin tələbinə uyğun deyildi.  Lakin son iki ildə  bu sahədə ciddi irəliləyişlər baş verib. Rasionallaşma prosesi gedir. Bu termin bütün peşə təhsili müəssisələrin strukturunun  dəyişilməsini nəzərdə tutur və hazırda həmin müəssisələr mərkəzlərə birləşdirilərək yeniləri yaradılır. Onların maddi texniki bazasının yüksək səviyyədə olması üçün bu istiqamətdə xüsusi addımlar atılır. Peşə təhsilinin təbliğatını apararkən, bunu nəyəsə əsaslanaraq etmək lazımdır. Yəni əgər bizim yaxşı, hərtərəfli təchiz olunmuş təhsil müəssisələrimiz olmasa, heç bir valideyni və ya şagirdi məcbur edə bilmərik ki, peşə məktəbini seç. Onlar gəlib görsələr ki, təhsil üçün lazımı şərait yoxdur, o zaman seçimi başqa istiqamət üzrə edəcəklər. Hazırda isə istənilən səviyyədə təhsil vermək üçün peşə məktəblərində iş gedir. Bu irəliləyiş yalnız paytaxtda yox, ölkənin digər bölgələrində də baş tutur”.

Tədris zamanı şirkətlərin bazalarında təcrübə keçmək imkanı

Müsahibimiz deyir ki, keçmiş SSRİ vaxtı da peşə təhsilinə münasibət çox aşağı səviyyədə olub. Ona görə ki, zəif oxuyanı, özünü pis aparanı peşə məktəbi ilə qorxudurlar: "Deyirdilər ki, sizi növbəti sinfə buraxmayacağıq.  Bugünkü valideynlərin əksəriyyəti də, elə həmin dövrün uşaqlarıdır. Onların beyinlərində şüuraltı belə qalıb ki, peşə təhsili lazımlı deyil.  Halbuki bütün dünyada, elə ilk növbədə Almaniyada peşə təhsilinə xüsusi önəm verilir. Statistik məlumatlara da baxanda açıq görmək olur ki, şagirdlər əsas etibarilə peşə məktəblərinə üstünlük verirlər. Digər bir məsələ isə peşəni seçdikdən sonra iş tapmaqdır. Belə ki, peşə təhsilini seçən şəxs işlə təmin olunmalıdır. Əgər işlə təminat olarsa, bu zaman bizim ölkəmizdə də bu təhsilə maraq artar. Bunun üçün də işəgötürən şirkətlərlə sıx əlaqə yaradılmalıdır ki, nəinki məktəbi bitirdikdən sonra işlə təmin olunsunlar, hətta tədris zamanı da şirkətlərin bazalarında təcrübə keçmək imkanı əldə etsinlər. Yəni necə ki, tibb universitetinin kafedralarının çoxu xəstəxanalardadır və tələbələr işi təcrübə keçərək öyrənir. Elə həmin sistem peşə təhsilində də olmalıdır.  Sadəcə olaraq, burada bir məsələ var, biz bunlarla bərabər, əhali ilə də işləməliyik. Valideynlərə izah olunmalıdır ki, peşə təhsili sizin övladlarınıza sabah konkret, real bir peşə ilə məşğul olmaq imkanı yaradır. Yəni təbliğat işi də aparılmalıdır”.

Peşə adamları ali sovetə deputat seçilirdi 

Təhsil üzrə ekspert Nadir İsrafilovdeyir ki, ilk növbədə bu məsələ dövlət səviyyəsində həll olunmalıdır: "Bizim əksər özəl şirkətlər, hətta  dövlət müəssisələri də bakalavr səviyyəsində təhsil alanlara belə rədd cavabı verərək, onlara magistratura səviyyəsində təhsil alan biri lazım olduğunu bildirirlər.  Bilirsiniz, Sovet dövründə təhsil nazirliyi üç hissədən ibarət idi. Məktəbəqədər və orta məktəblərə nəzarət edən Maarif Nazirliyi, kolleclərə və universitetlərə baxan Ali və Orta İxtisas Təhsil Nazirliyi, və Texniki Peşə Dövlət Komitəsi olub. Sonra bu sistem ləğv edildi və peşə təhsilinə maraq aşağı düşdü. Amma son zamanlar bu sahəyə xüsusi diqqət ayrılır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, prezidentin gənclərlə görüşü zamanı da peşə təhsilinə xüsusi önəm verməsi və s. bu kimi məsələlər peşə təhsilinə verilən dəyərin ən bariz nümunəsidir”.

Ekspert peşə təhsilini müasir tələblərə uyğunlaşdırmaq üçün nələrin lazım olduğundan da danışdı: "İlk olaraq peşə təhsil müəssisələri peşəkar kadrlarla təmin olunmalıdır.  Maddi texniki baza baxımından hər cür şəraiti olmalıdır. İnfrastrukturu genişləndirilməlidir. Bundan başqa, bu sahə ilə bağlı dövlət səviyyəsində xüsusi maarifləndirmə işi getməlidir. Sovet dövründə peşə adamlarına xüsusi önəm və dəyər verilirdi.  Məsələn, peşə adamları ali sovetə deputat seçilirdi, onlara xüsusi mahnılar bəstələnirdi, rəyasət heyətində əyləşirdilər. Ona görə də, həmin peşə adamları ilə digər vəzifəli məmurlar arasında bir fərq yox idi. Hətta məmurlardan belə nüfuzlu sayılırdılar. Amma indi peşə adamlarına ikinci dərəcəli şəxs kimi baxırlar. Bizdə bir fikir yaranıb ki, hamı ali təhsilli olmalıdır. Bu mentalitetdən gələn bir düşüncədir. Ali təhsil elə də vacib deyil. Fransa, Almaniya kimi ölkələr məhz peşə adamlarının hesabına belə qüdrətli iqtisadi səviyyəyə çatıblar”.

Günel Azadə
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003