AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Peşə təhsilini canlandıracaq agentlik

Peşə təhsilini canlandıracaq agentlik

Cəmiyyət
23 Aprel 2016, 11:27 4932
Peşə təhsilinin uzun illər diqqətdən kənarda qalması bu sahəyə gənclərin marağını azaltmışdı. Zamanla peşə təhsilinə önəm verənlərin sayı azalıb və nəticədə peşə məktəblərinin də fəaliyyəti bu gün ürəkaçan səviyyədə deyil. Amma son vaxtlar bu sahədə müəyyən işlərin görülməsinə başlanılıb. Bir müddət öncə peşə təhsilində regionallaşdırma işinin aparılması ilə bağlı qərar verildi. İndi isə bu sahədə kompleks şəkildə iş görməyə imkan verən növbəti addım atılıb.

Belə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb.

Orta məktəb məzunları peşə təhsilinə meyil etmir

Bəs bu agentliyin fəaliyyəti peşə təhsili üçün nələr verə bilər? Bu sahədə həlli gözlənilən problemləri aradan qaldırmağa kömək edəcəkmi? Ən əsası, bu, təhsilə gənclərin marağını artıra biləcəkmi?

Aprelin 21-də “Turin Prosesi 2016”-nın açılışı münasibətilə keçirilən görüşdə çıxış edən təhsil nazirinin müşaviri Famil Mustafayev Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasının peşə təhsilinin ölkə üçün prioritet sahə olmasından irəli gəldiyini vurğulayıb. O, çıxışında qeyd edib ki, agentlik bu sahədə ciddi dəyişikliklərin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

Təhsil eksperti Etibar Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu agentliyin yaradılmasını peşə təhsilinə xüsusi diqqət kimi qiymətləndirir: “Bu çox əhəmiyyətli bir addımdır. Çünki bütün inkişaf etmiş ölkələrin də təhsil sistemində peşə təhsili təhsilin önəmli bir pilləsini təşkil edir. Konkret olaraq biz ölkəmizi götürsək, 100 000-dən çox məzunun təxminən 30 faizi ali məktəblərə qəbul ola bilir. Yerdə qalan orta məktəb məzunlarının demək olar ki, böyük hissəsi peşə məktəblərinə üz tutmur. Bu, peşə təhsilinin vəziyyəti ilə sıx bağlıdır. Yəni, Azərbaycanda peşə təhsilinin inkişafına xüsusi diqqət olmalı idi. Prezidentin bu fərmanını peşə təhsilinə xüsusi diqqət kimi qiymətləndirirəm. Sovet vaxtı texniki peşə komitəsi fəaliyyət göstərirdi. Komitənin böyük sturukturları var idi və peşə təhsilinin inkişafında öz sözünü deyirdi”.

“Hər yerdə ixtisaslı fəhlə kadrlara ehtiyac var”

E.Əliyev deyir ki, bu agentlik peşə təhsilinin inkişafı üçün mühüm işlər görə bilər: “Nazirliyin nəzdində belə bir agentliyin yaradılması modern addımdır. Hazırda peşə təhsilinin qarşısına qoyulan məqsədlər də dəyişib, informasiya cəmiyyətində yaşamağımızla sıx surətdə bağlıdır. İnanıram ki, Azərbaycan gənclərinin ali təhsildən kənarda qalan böyük bir kəsiminin peşə təhsilinə üz tutması agentliyin fəaliyyətindən asılı olacaq. Bu agentlik peşə təhsilini canlandırmalıdır. Təhsil sistemini peşə təhsili olmadan təsəvvür etmək mümkün deyil. Hər yerdə ixtisaslı fəhlə kadrlara ehtiyac var. Təəssüflər olsun ki, bizdə çoxsaylı peşə sahiblərinin təhsili yoxdur. Onlar usta yanında kortəbii şəkildə tədris görmədən öyrəniblər. Bunun da mənfi effekti olur. Şahidi olduqlarımızdan belə qənaətə gəlirəm. Bu agentlik peşə təhsili üçün yeni nəfəs verməlidir, peşə məktəblərinin moderləşdirilməsi prosesi həyata keçirilməlidir. Lazım gələrsə, maddi-texniki bazasının daha yaxşı qurulması üçün peşə məktəblərinin birləşdirilməsi halları da mümkündür”.

Ekspertin sözlərinə görə, bu agentliyin həll etməli olduğu mühüm məsələlərdən biri peşə məktəbləri üçün usta-müəllim ordusunun hazırlanmasıdır: “Yeni tələbata uyğun xeyli məqsədlər var. Hesab edirəm ki, bu agentlik peşə təhsilinin inkişafı üçün mühüm işlər görə bilər. Sovet vaxtı ayrı-ayrılıqda ali və orta ixtisas təhsili, maarif nazirlikləri var idi. Sonra bunlar birləşdi. Peşənin ayrılması həmin ənənənin həm davamıdır, həm də bu sahəyə böyük diqqətdir. Peşə təhsili o qədər modern olmalıdır ki, gənclərin diqqətini cəlb etsin”.

“Peşə sisteminin inkişafı vacibdir”

Təhsil eksperti Nadir İsrafilov ilk olaraq peşə təhsilinə marağın azalmasının səbəblərindən danışdı: “Texniki peşə təhsili məsələsinə sovet dönəmində böyük diqqət yetirilirdi. Sonra 90-cı illərdə, müstəqillik əldə edildikdən sonra keçid dövrü ilə bağlı müəyyən boşluqlar əmələ gəldi, bununla peşə təhsili sisteminə bir növ diqqət azaldı. Bəzi texniki peşə təhsili məktəblərinin maddi-texniki bazası, binaları hərraca qoyuldu, bəziləri əsas oldu-olmadı, peşə liseylərinə çevrildi və s. Ümumiyyətlə, bu sahəyə diqqət azaldı. Sovet dönəmində təhsil sistemi üç qurum tərəfindən idarə olunurdu. Onlardan ali və orta ixtisas nazirliyi bilavasitə orta ixtisas və ali təhsillə məşğul olurdu. Bir növ dövlət texniki peşə təhsili komitəsi kimi. Sərbəst idarəçilik, mütəxəssislər var idi. Ondan sonra üç qurum birləşdirilib, Təhsil Nazirliyi yaradıldı. Bu zaman peşə təhsilinə diqqət azaldı. Çünki peşə təhsili nazirliyin nəzdində bir şöbə kimi fəaliyyət göstərdi. Ayrıca müstəqil komitə səviyyəsində olanda diqqət daha çox idi”.

N.İsrafilovun sözlərinə görə, peşə yönümünə diqqət zəiflədikdən sonra bu sahəyə maraq da azaldı. Amma sonra məlum oldu ki, peşə sisteminin inkişafı vacibdir: “Azərbaycanda Avropa Oyunları keçiriləndə təhsil naziri etiraf elədi ki, gələn qonaqlara xidmət göstərmək üçün peşə ixtisasına yiyələnən işçilər tapa bilmirik. Bu cür problemlərlə üzləşdik. Prezident gənclərlə görüşündə də peşə təhsili sisteminə xüsusi diqqətin artırılması məsələsi ilə bağlı geniş çıxış elədi. Son zamanlar peşə təhsilini inkişaf etdirmək sahəsində Cənubi Koreya ilə Təhsil Nazirliyi arasında xüsusi müqavilə imzalanıb”.

Peşə təhsili ilə bağlı maarifləndirməyə ehtiyac var

Ekspert deyir ki, belə bir agentliyin yaradılması bu sahənin inkişaf etdirilməsinə gətirib çıxaracaq. Amma burada əsas məsələ agentliyin işinin gələcəkdə necə təşkil edilməsindən asılıdır: “Agentliyə rəhbərlik, kadr tərkibi, işlək mexanizmin olması, işlərin qurulması önəmlidir. Hər halda təqdir olunmalı addımdır”.

N.İsrafilov bildirdi ki, gənclərin peşə təhsilinə marağının artırılması istiqamətində də işlər görülməlidir. Bunun üçün isə əsas iş maarifləndirmənin aparılmasıdır: “Almaniya, Yaponiya kimi ölkələr peşə ixtisası ilə dünyanın inkişaf etmiş ölkələrinə çevrildilər. Bizdə mentalitet belədir ki, əsas ali təhsildir. Sovet dönəmində önəmli tədbirlərdə ön yerlərdə qabaqcıl peşə adamları oturardı, onlara xüsusi diqqət yetirilərdi. Məktəblərdə müəyyən tədbir keçiriləndə əmək adamları, neft sahəsində çalışanlar dəvət edilirdi, onlarla görüşlər keçirilirdi. Orta məktəblərdə peşə yönümlü bir iş aparılırdı. Bizdə ali məktəbə qəbul qruplar üzrə ixtisaslara bölünüb, şagirdlər də ixtisasına uyğun qruplar üzrə repititor yanına gedirlər. Ona görə də orta məktəblərdən başlamaq lazımdır. Orta məktəblərdə ayrı-ayrı peşələr təbliğ olunmalı, dərsliklərə peşə məsələləri ilə bağlı hekayələr salınmalı, peşə adamları yüksəldilməli, onların nüfuzu ilə bağlı müsabiqələr keçirilməli, esselər yazılmalıdır. Bizdə iş o yerə gəlib çatıb ki, ayrı-ayrı peşələr, ixtisaslar yaddan çıxıb, kənd təsərrüfatı ixtisaslarına keçid balı olmadan ali məktəbə götürürlər. Ən mənfi cəhət cəmiyyətdə peşələrin nüfuzlu və nüfuzsuz olması ilə bağlı bölgüdür. Bu, diplomatdır, o, hüquqşünasdır və s. Bütün peşələrlə bağlı maarifləndirməyə ehtiyac var”.

Aygün Asimqızı