• şənbə, 27 Aprel, 00:41
  • Baku Bakı 14°C

Peşə təhsilinə özəl maraq

14.01.15 11:21 2602
Peşə təhsilinə özəl maraq
Ölkədə peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacın getdikcə artması “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən ölkədə özəl texniki peşə məktəbləri və liseylərinin yaradılması, sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi işini gündəmə gətirib. Bununla bağlı Peşə Tədris Mərkəzlərinin yaradılması işi həyata keçirilməlidir. Eyni zamanda, 2016-cı ildə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili planlaşdırılır. Bundan başqa, yaxın 3 ildə özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır.
Ölkə iqtisadiyyatının getdikcə inkişaf etməsi, yeni iş yerləri və sahələrinin yaradılması ilə əlaqədar peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacın getdikcə artdığını qeyd edən təhsil naziri Mikayıl Cabbarovun “Müasir məzmunlu tədris prosesi peşə təhsilinin adının sadəcə diplomda yazılmasını nəzərdə tutmur” sözlərini xatırlasaq, peşə təhsilində tədris prosesinin yaxşı qurulması, bu sahədə özəl sektorlarla təhsil sahələri arasında mövcud ola bilən mexanizmlərin tətbiqi sahəsində və gələcəkdə bu prosesin düzgün qurulması üçün digər ölkələrin təcrübəsini öyrənilməsinin vacibliyini qeyd etməliyik.
Texniki peşə təhsilini ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri hesab edən ekspertlərin fikrincə, hər bir dövlətin yüksək səviyyəli, inkişaf etmiş sənaye ölkəsinə çevrilməsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində atılan addımlar mühüm rol oynayır. Bu baxımdan sənayeləşmə, elmi-texniki inkişaf yüksək səviyyəli kadrların formalaşması prosesi ilə sıx bağlıdır. Ölkəmizdə özəl peşə təhsilinin inkişafının və ümumən peşə ixtisasının artırılmasının vacibliyini vurğulayan mütəxəssislər bu sahədə mövcud problemlərin olduğunu da qeyd edirlər.
Özəl sektordan yararlanma
Proqramın əsas məqsədinin ölkədə sənayenin inkişafı ilə əlaqədar olaraq onu əhatə edən infrastrukturun inkişafını təmin etməkdən ibarət olduğunu bildirən Təhsil Nazirliyinin ilk peşə ixtisası təhsili sektorunun müdiri Namiq Məmmədov bizimlə söhbətində sənayenin ən böyük problemlərindən birinin ixtisaslı kadrların təchizatı məsələsi olduğunu bildirdi: “Bunun birinci səbəbi odur ki, mövcud peşə təhsil məktəblərinin maddi-texniki bazası zəif olduğuna görə onların təchizatı bir qədər problemlidir. Bu baxımdan, bu təkliflərdən biri ondan ibarətdir ki, maddi-texniki baza yüksəldilsin. Digər tərəfdən, kimya sənayesi fabriki nəzdində peşə tədris mərkəzi yaradılmasıdır. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq sərəncamı da olub. Digər səbəb bu xidmətlərdə özəl sektordan yararlanmasıdır. Yəni özəl sektorların peşə təhsili mərkəzlərinin yaranması məsələsinə öz dəstəyini verməsidir. Bununla əlaqədar artıq bir neçə özəl peşə təhsili mərkəzləri yaradılıb. Amma gələcəkdə bunların sayı arta bilər”. Nazirlik rəsmisi hesab edir ki, bu artım əslində rəqabətin güclənməsinə, eyni zamanda, sənaye sektorlarının ixtisaslı kadrlarla təminatı məsələsinə köməklik göstərə bilər: “Dövlət müəssisələrinin inkişafı ilə yanaşı özəl sektorun da bu sahəyə daxil olmasına imkan verməkdir». N.Məmmədovun sözlərinə görə, həmin təhsil müəssisələri əsasən sənayenin inkişafı ilə bağlı olduğu üçün orada əsasən hansı peşələrin tədrisinə yer veriləcəyini qabaqcadan söyləmək çətindir: «Sənayenin hansı sektoru üzrə daha çox tələbat yaranarsa, işəgötürənlər və sahibkarlar həmin sahə üzrə peşə məktəbi yaratmağa çalışacaqlar. Yəni tələbyönümlü olsun. Sənayenin elə sahələri var ki, onların inkişaf etdirilməsi nəzərdə tutulmur. Elə sahələr də var ki, inkişaf üçün məhz o sahələr nəzərdə tutulub. Sahibkar da daha çox o sahəyə meyl etməlidir ki, sabah məzunlar orada işlə təmin oluna bilsinlər». TN rəsmisi Peşə Təhsili Mərkəzinin yaradılmasının əsas məqsədini ölkənin sosial-iqtisadi inkişafına təkan vermək olduğunu qeyd etdi. “Peşə təhsil mərkəzlərinə investisiyanın cəlb edilməsinin əsas amillərindən biri də ölkənin kadr təminatı məsələsidir. O ölkəyə daha çox investisiya qoyulur ki, orada ixtisaslı kadrlar, o sahə üzrə mütəxəssislər çoxdur. Birmənalı şəkildə demək olar ki, ölkədə nə qədər ixtisaslı kadrlar çox olsa, bir o qədər çox yeni iş yerləri yaradılacaq və həmin ixtisaslı kadrlar gələcəkdə də yeni iş yerlərinin yaradılmasına çalışacaqlar”. N.Məmmədovun fikrincə, ixtisaslı kadrlar, bu sahədə ixtisaslaşmış mütəxəssislər gələcəkdə öz biznesini yaratmağa çalışacaq.
“Qızıl əlli” fəhlələr
“Əslində özəl peşə məktəbləri ümumtəhsil məktəblərində olmamalıdır və bu məktəblər sırf dövlət siyasətinə tabe olmalıdır. Təhsilin bütün pillə və mərhələlərində özəl qurumlar var” deyən Təhsil Şurasının sədri, professor Əjdər Ağayev “Kaspi”yə açıqlamasında peşə təhsilinin təhsil prosesində ayrıca yer tutduğunu bildirdi: “Xüsusən ilk peşə təhsili verən peşə məktəbləri və liseyləri bu istiqamətdə fəaliyyət göstərir. Bu məktəblərin də özəlləri olmalıdır. Çünki peşə məktəbləri təkcə Təhsil Nazirliyində deyil, həmçinin ayrı-ayrı şirkətlərin də nəzdində fəaliyyət göstərməlidir. Məsələn, bu gün Neft Şirkətinin özəl məktəbləri fəaliyyət göstərir. Lap keçmişlərdə də neft sənayesi işçilərinin texniki peşə məktəbləri olub və onların hamısı özəl fəaliyyət göstərib”. Ekspert hesab edir ki, bu gün yenə də özəl peşə məktəblərinin, həmçinin Peşə Təhsili Mərkəzinin olması vacibdir. Belə ki, bu mərkəz tədris metodu işlərini idarə edəcək. “Çünki məktəb özəl fəaliyyət göstərə və onun üçün maliyyə ayrıla bilər. Həmçinin müəllim də, şagird də seçər. Ancaq tədris metodiki işi dövlət standartlarına tabe olmalıdır. Standart isə metodiki mərkəzdən istiqamətlənməlidir». Professorun fikrincə, bu məsələ düzgün və obyektiv qurularsa, həqiqətən dövlət maraqları səviyyəsində həyata keçirilərsə və kimlərinsə qazanc məqsədinə xidmət etməzsə, çox faydalı olacaq: «Peşə məktəbləri ilkin xidmət sahələrində kadrlar hazırlayır. Bir var, 5 il oxuyub hansısa ixtisasa yiyələnəsən, bir də var 6 ay, ya bir il oxuyub peşə əldə edəsən. Tutaq ki, turizm üzrə mütəxəssis olasan və yaxud kompyuter üzrə xidmət göstərə və ya neft operatoru ola biləsən. Bunlar hamısı peşə məktəbində peşəkar səviyyədə öyrədilən peşələrdir. Sovet dönəmində onlara «qızıl əlli fəhlələr» deyərdilər. Bu gün tutaq ki, Neft və Kimya institutunu qurtaran hər hansı mühəndis neft sənayesində işləməyə gedir, ancaq bir çox məsələləri və praktik işləri bilmir. Praktik işləri peşə məktəbini bitirən fəhlələr daha yaxşı bilir. Həmin mühəndislər o fəhlələrdən praktikanı öyrənə-öyrənə mütəxəssis olurlar. Təbii ki, ali təhsil onların imkanlarını daha da genişləndirdiyinə görə onlar yaxşı kadra çevrilirlər. Zəruri olan sürətli işi görmək üçün xidmət sahəsinin adamları peşə təhsilindən gəlsələr, bu, çox faydalı olar». TŞ sədri Azərbaycanda ənənəvi olaraq peşə təhsilinin geridə qaldığını qeyd etdi: “Peşə təhsili iki sistem üzrədir: «Bir var peşə məktəbləri, bir də var peşə liseyləri. Peşə məktəbləri ancaq peşələr verir, peşə liseyləri isə həm orta təhsil verir, həm də şagirdlərə müxtəlif peşələr öyrədilir. Ancaq bu gün ölkədə peşə məktəblərinin fəaliyyəti lazımi səviyyədə deyil. Elə peşə məktəbləri var ki, binalarla, avadanlıqla təmin olunub, amma fəaliyyəti qənaətbəxş deyil”. Şagirdlərin peşə məktəblərinə gedişinin son illərdə xeyli artdığını bildirən TŞ sədri mövcud peşə təhsili məktəblərinin fəaliyyətinin gücləndirilməsinə ehtiyac olduğunu bildirdi: “Məktəblərin fəaliyyətini gücləndirmək üçün «gəlin, peşə təhsili alaq» səviyyəsində iş görmək lazım deyil. Həmin məktəblərin binası, müasir avadanlıqla təchiz olunan laboratoriyası və emalatxanası, həmçinin şagirdlərə dərs verə bilən mütəxəssis kadrları olmalıdır. Bütün bunlar olduqda yəqin ki, bu sahə üzrə ölkədə təhsil inkişaf edə bilər”.
İş tapmaq baxımından sərfəli
Peşə təhsilini vacib hesab edən iqtisadçı ekspert Vüqar Bayramov qeyd etdi ki, peşə təhsilinin tətbiqi sənaye sektoru, o cümlədən iqtisadiyyatın müxtəlif sektorları üçün kadrların hazırlanmasına gətirib çıxarır. “Bu təhsilin üstünlüyü ondan ibarətdir ki, bu gün Azərbaycanda kadrların, xüsusən müxtəlif peşə və sektorlar üzrə ixtisaslaşmış kadrların təminatında problemlər var. Nəzərə alsaq ki, Sənaye ili və sənayeləşmə birmənalı şəkildə məhz kadr potensialının artırılmasını tələb edir, bu, xüsusən vacibdir. Sənaye ili çərçivəsində həm sənaye parklarının, həm avroparkların yaradılması belə kadrlara tələbatın artmasına gətirib çıxaracaq”. Ekspertin fikrincə, kadrlara tələbat olsa da, onlara tələbatın ödənilməsi ilə bağlı çətinliklər mövcuddur. Belə ki, universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir: “Həmçinin digər çatışmazlıq ondan ibarətdir ki, onlar konkret peşə üzrə ixtisaslı kadrların hazırlanmasını həyata keçirmirlər. Əslində Azərbaycanın sənayeləşmə ili çərçivəsində həyata keçirəcəyi ən mühüm proqramlardan biri sənayenin və iqtisadiyyatın real sektorunda peşə ixtisasına olan kadrların tələbatının ödənilməsi ilə bağlıdır. Bu proqram sənayenin inkişafı üzrə Dövlət Proqramına da uyğundur. Çünki bu proqram ixtisaslı kadrların artırılmasını tələb edir. Bunun da ən əsas yollarından biri peşə təhsil sisteminin tədris və inkişaf etdirilməsi ilə bağlıdır. Güman olunur ki, əslində sözügedən peşə və sektorlar üzrə təhsil sisteminin inkişaf etdirilməsi sənayenin inkişafını stimullaşdıran əsas faktorlardan biridir”. V.Bayramov hesab edir ki, peşə təhsil sisteminə təkcə təhsil sisteminin bir elementi və ya problemi kimi baxmaq doğru deyil. Buna birmənalı şəkildə iqtisadiyyatın və sənayeləşmənin elementi kimi baxmaq lazımdır. “Sənayeləşmə peşə ixtisası olan kadrlara tələbat və peşə məktəbləri tərəfindən bu tələbatın ödənilməsi deməkdir”. Ekspertin fikrincə, özəl sektorun peşə məktəblərini və liseylərini yaratmaq imkanları genişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən iş axtaran vətəndaşların peşə təhsilinə göndərilməsinə və təmin edilməsinə ehtiyac var. Eyni zamanda, ödəniş əsasında peşə ixtisası və peşə təhsili almaq istəyən həm şirkət, həm də vətəndaşların sayı çoxdur: “Şirkətlər öz işçilərini peşə təhsilinə göndərməkdə maraqlıdır və onlar çalışacaqlar ki, öz işçilərinə peşə təhsili keçsinlər. Eyni zamanda, iş axtaran vətəndaşlar birmənalı şəkildə peşə təhsilindən istifadə etməyə çalışacaqlar. Bu baxımdan, hətta, ödənişli əsaslarla özəl təhsil məktəblərinin inkişafı mümkündür. Çünki buna tələbat var. İş axtaranların böyük bir qismi qəbul edir ki, yaxşı peşə sahiblərinin iş tapmaq imkanları böyükdür. Bu, həm də iş tapmaq baxımından bir vasitə kimi qiymətləndirilməlidir. Bu da imkan verəcək ki, həmin sektora vətəndaşların və şirkətlərin cəlb edilməsi mümkün olsun”.
Müasir gənclik üçün tələb olunan peşələr
İnformasiya və Texnologiyalar İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev də ali məktəblərdə innovasiya mərkəzlərinin zəif struktur olduğunu qeyd etdi: “Baxmayaraq ki, ölkə innovativ əsaslarla inkişaf edir, texnoparkların, inkubator mərkəzlərinin yaradılması önəmlidir. Ancaq biznes sektor bu işlərə müəyyən qədər kömək etmir. Ali məktəblər də tələbələrin, alimlərin köməyi ilə inkişaf edir. Biznes sektor bura gələrsə özünə lazım olan sifarişləri verə, həm də lazım olan kadrlardan istifadə edə bilər. Həm də yeni ixtisas sifariş verib gələcəkdə onun hazırlanmasını gündəmə gətirə bilər. Respublikamızda innovasiya yönümlü kadr hazırlığı azdır”. Şöbə müdirinin fikrincə, hamının ali təhsil alması vacib olmadığından texniki peşə məktəbləri stimullaşdırılır: “Çünki ölkədə istehsalat, sənaye inkişaf etməlidir. Bu, bütün dünyada belədir. Həmin məktəblərdə yeni peşələrə üstünlük verilsə, daha yaxşı olar. Çünki texnologiyalar dəyişib və bununla yeni bacarığa malik olan insanlar işləməlidir. Bu peşələri ənənəvi peşə məktəbləri verə bilməzlər. Bu nöqteyi-nəzərdən peşə məktəblərinin şəbəkəsi yenilənməli və müasir peşələrə yönəldilməlidir.” Şöbə müdiri hesab edir ki, gənclər ənənəvi peşə məktəblərinə o qədər də həvəs göstərmirlər. “Çünki orada 50-60-cı illərdən qalan peşələrdir. Müasir gənclik üçün tələb olunan çoxlu innovativ peşələr var. Şagirdləri o istiqamətdə hazırlaşdırsan texnoloji nöqteyi-nəzərdən ali məktəbi bitirmək səviyyəsinə gəlib çatmaq olar”. Müasir texniki-peşə məktəbi şəbəkəsini inkişaf etdirməyə ehtiyac olduğunu bildirən Ə.Əliyev bu şəbəkəni yaratmaq, kadr təminatını, avadanlığını qurmağın çətinliyini də qeyd etdi: “Bununla belə bu şəbəkəni Bakıda qurub tədricən rayonlara transfer etmək lazımdır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər