• çərşənbə axşamı, 19 mart, 08:01
  • Baku Bakı 8°C

Peşə təhsilində Koreya modeli

09.07.19 16:29 3575
Peşə təhsilində Koreya modeli
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir. Əsas hədəflərindən biri müasir tələblərə uyğun dayanıqlı peşə təhsili modeli yaratmaq olan mərkəz, Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək məktəbin qapılarını açır.
Məktəbə qəbulla və gələcək fəaliyyətlə bağlı keçirilən mətbuat konfransında qeyd edildi ki, yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin hüquq, insan resursları və informasiya şöbəsinin müdir müavini Ceyran Məmmədli ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi önəm verildiyini qeyd edərək, bu istiqamətdə reallaşdırılan tədbirlərdən danışdı: "Hazırda peşə təhsili ölkənin təhsil siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan bu sahəyə son 3 ildə xüsusi diqqət yetirilir. Həmçinin "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bu sahənin inkişafı ilə bağlı məsələlər yer alıb: "Peşə təhsili ilə bağlı maddi-texniki bazanın və kadr potensialının yaxşılaşdırılması qarşıda duran məsələlərdəndir”. Yeni layihənin Koreya standartları əsasında ərsəyə gələcəyini deyən C.Məmmədli qeyd etdi ki, Koreya təcrübəsi dünyada bu sahə üzrə "top üçlük”də yer aldığından, bu təcrübənin ölkəmizdə tətbiqinə önəm verilib. Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov Mərkəzin, ölkəmizdə Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsi olduğunu qeyd etdi. Belə ki ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi, əsas tədris binası, 3 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz, ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Direktor Peşə Təhsil Mərkəzinə qəbul qaydaları, mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək qəbul prosesində Koreya modelinin əsas götürüldüyünü qeyd etdi. Mərkəzdə «Torna və frezer dəzgahların operatoru», «Avtomobil diaqnostikası və təmiri ustası», «Sənayedə quraşdırma işləri üzrə usta», «Elektronika ustası», «Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru», «İnşaat ustası», «Veb dizayner və proqram təminatçısı» və «Avtomatika üzrə usta» ixtisasları – 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür: "Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra tələbələrə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə tapşırıqlar təqdim ediləcək”. R.Xanlarovun sözlərinə görə, mərkəzə 400 tələbənin qəbulu nəzərdə tutulub ki, onlardan 240 nəfəri büdcə hesabına, 160 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq: "Yerli şirkətlərlə bağlanan müqavilələrə əsasən, məzunların işlə təmin olunması həyata keçiriləcək. Məktəbə qəbulda yaş məhdudiyyəti yoxdur”.
«Peşə Tədris Mərkəzinin yaradılması» layihəsinin rəhbəri Neo Yo Sydonio layihənin Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlığa uyğun olaraq, 2017-ci ildən başladığını qeyd etdi: "Layihənin həyata keçirilməsində koreyalı mütəxəssislər iştirak ediblər. Məqsəd Azərbaycanda Koreya modelinə uyğun öncül peşə məktəbini qurmaqdır. Layihənin Koreya üzərinə düşən işi, tikinti işlərini başa çatdırmaq, maliyyələşdirməni həyata keçirmək, kurikulumların yaradılması, mütəxəssislərin cəlb olunması, mərkəzin avadanlıqla təmin olunması məsələləridir”.
Koreyalı professor layihəni həyata keçirməkdə digər məqsəd kimi əmək bazarına cavab verəcək yüksək ixtisaslı ustaların yetişdirilməsi məsələsini vurğuladı. Belə ki, məktəbdə dərs prosesi 20 faiz nəzəri, 80 faiz praktiki təlimlərə əsaslanacaq: "Bu layihəni Azərbaycan peşə məktəblərinin mərkəzləşməsi kimi görmək olar. Digər tərəfdən, texniki tələbata cavab verən ustaların yetişdirilməsi, yeni sahələrin yaradılması, müəllimlərin təkmilləşdirilməsi, ölkə daxilində və beynəlxalq olimpiadalara tələbə və müəllim heyətinin göndərilməsi layihənin əsas məqsədlərindəndir”. Layihənin gələcək fəaliyyətindən danışan koreyalı mütəxəssis, peşə təhsilinə olan yanaşmanın dəyişməsinə ehtiyac olduğunu bildirdi: «Hökumət tərəfindən ciddi nəzarət olmalıdır. Məsələ həm də maliyyə ilə bağlıdır. Üçillik bazada istifadə olunacaq avadanlıqların dəyişməsində maliyyə tələb olunur”. Koreyalı mütəxəssisin sözlərinə görə, layihənin fəaliyyətində yerli peşə təhsilində iştirak edəcək müəllimlərin ixtisaslaşması əsas götürülür: "Bazarın tələbatına uyğun kurikulumların dəyişdirilməsi, müəssisələrlə intensiv əlaqələr, bazarda olan ustaların cəlb olunması, onlardan yararlanmaq və ixtisaslarının artırılması nəzərdə tutulur. Əsas məqsədlərdən biri məzunların iş tapması üçün hökumətin dəstəyinin alınmasıdır”.
Qeyd edək ki, hazırda mərkəzdə tikinti başa çatıb və avadanlıqların quraşdırılması prosesi gedir. Avqustun əvvəlində mərkəz avadanlıqla tam təchiz olunacaq.
Yeni Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər (http://bsiic.edu.az). Qeydiyyat prosesi iyulun 25-dək davam edəcək. Müsabiqənin yekun nəticələri avqustun 14-də elan ediləcək.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər