Pərvin Nurəliyeva: “İstənilən yenilik yaradıcılığa fayda verməlidir”
Yeni mövsüm yeni nəfəs, yeni ruh deməkdir. Teatrlarımız yeni mövsümdə
tamaşaçılarına yeni tamaşalar vəd edir və onların maraqlı mövsümə şahidlik
edəcəklərini deyirlər. Bu mövsüm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
90 illik yubileyidir. Bu münasibətlə 9 iyul tarixində Prezident İlham Əliyev tərəfindən
imzalanan sərəncamda teatrın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının
hazırlanmasının və həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu gün Gənc
Tamaşaçılar Teatrının rəhbərliyi ölkənin mədəni ictimaiyyətinin diqqət
mərkəzində olduğu bir vaxtda biz də teatrın mətbuat xidmətinin rəhbəri, fəlsəfə
doktoru, yazıçı-publisist Pərvin Nurəliyeva ilə görüşdük.
Həmsöhbətimizin mətbuat xidməti rəhbərliyindən öncəki yaradıcılığına da
yaxından bələd idik. Belə ki, Pərvin xanım Gənclər və İdman Nazirliyinin "İlin
gənci”, Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə”, Ədəbiyyat fondunun
Rəsul Rza adına Beynəlxalq mükafatına
layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin
üzvüdür. Mətbuatda esse, hekayə, publisistik məqalə və ədəbi müsahibələrlə
çıxış edir. "Qar yağacaq” və "Balerin” (türkcə), "Dlya Samira” (rusca) adlı
nəsr əsərlərindən ibarət kitabların müəllifidir. Hekayələri rus, türk, latış və
litva dillərinə tərcümə olunaraq müxtəlif dərgilərdə çap edilib.
Pərvin Nurəliyeva Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən
"Anar dünyası” kitabının müəllifidir. Eyni zamanda "Qadın olmaq” esselər kitabı
işıq üzü görüb. Türkiyədə "Balerin”, "Anarın dünyası”, "Sevdim seni” adlı
kitabları türkcə nəşr olunub.
Pərvin bir sıra uşaq pyeslərinin müəllifidir. Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında "Qoğalın sərgüzəştləri”, "Dəcəl keçi”, "Mauqli”
pyeslərinə quruluş verilib. A.P.Çexovun "Qu quşu nəğməsi” pyesinin motivləri
əsasında yazdığı "Sonuncu” pyesi rejissor Ramiz Həsənoğlunun quruluşunda YUĞ
teatrının səhnəsində oynanılır. Həmçinin "Nənələr ərə gedir” pyesinə rejissor
Bəhram Osmanov Mingəçevir Dram Teatrında quruluş verib. 2014-cü ildə ölkə
prezidentinin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
- Yeni mövsümdə Gənc Tamaşaçılar Teatrının
qarşısında hansı planlar var?
-
Bu il Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyidir. Yay mövsümündə cənab prezident
İlham Əliyev teatrımızın 90 illiyin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Buna
görə mövsüm başlar-başlamaz həm teatr rəhbərliyinin, həm də kollektivin qarşısında
yubiley tədbirinin təşkil olunması kimi ciddi bir məsələ dayanır. Dekabr ayında
təntənəli yubiley mərasiminin keçirilməsi nəzərdə tutulur. 90 illiklə bağlı başqa
tədbirlərimiz də olacaq ki, zamanı gəldikdə biz bu barədə mətbuata ətraflı
məlumat verəcəyik.
5-6 noyabr tarixlərində ölkəmizdə V Bakı Beynəlxalq Teatr Konfransı
keçiriləcək. Bu, Azərbaycan teatrının inkişafı, beynəlxalq
arenada tanınması, nüfuzlu təşkilatlarla
əlaqələrin yaranması üçün son dərəcə mühüm bir konfransdır. Sözügedən konfrans çərçivəsində
bizim teatrımız da yaxından iştirak edəcək, ən yaxşı tamaşalarını izləyicilərə
təqdim edəcək. Bundan başqa, mövsüm ərzində çox maraqlı tamaşalarımız
hazırlanacaq. Teatrımızda həm uşaqlar, həm də böyüklər üçün yeni tamaşalar
qurulur. Bunlardan ən önəmlisi Migel De Servantesin
"Don Kixot” əsəri əsasında teatrın baş rejissoru, Əməkdar artist Bəhram
Osmanovun quruluşunda hazırlanan tamaşadır. İyulun 3-dən tamaşanın məşqlərinə başlanıb.
Kollektiv məzuniyyətdən qayıtdıqdan sonra səhnədə gərgin məşqlər davam edir.
Tamaşanın premyerası oktyabrın sonuna nəzərdə tutulub. "Don Kixot”u Azərbaycan tamaşaçıları
Xalq artisti Qurban İsmayılovun ifasında görəcəklər. Həmçinin Əməkdar artist
Nicat Kazımov "Bremen musiqiçiləri” pyesi əsasında tamaşa hazırlayır. Bu da
uşaqlar üçün nəzərdə tutulmuş bir əsərdir, amma məşqlərdən belə başa düşürəm
ki, yaradıcı heyət bu tamaşa ilə
valideynləri də təsirləndirmək, düşündürmək niyyətindədir.
- Teatrın repertuar planında necə,
hansısa dəyişikliklərin olacağı gözlənilirmi? Adətən repertuarla bağlı
danışanda tamaşaçılar teatrlarımızın klassik pyeslərə üstünlük verməsinə və
köhnə əsərlərə təkrar-təkrar müraciət olunmasına irad bildirirlər.
-
Gənc Tamaşaçılar Teatrının repertuarına nəzər salsanız, görərsiniz ki, burada rəngarəngliyə
çox böyük önəm verilib. Repertuarımızda mövzu, janr baxımından rəngarəng klassik
və müasir əsərlər öz əksini tapıb. Misal üçün, teatrda Məhəmməd Füzulinin "Leyli
və Məcnun” poeması əsasında tamaşa hazırlanıb və bu gün ən çox baxılan, sevilən
tamaşalardan biridir. Əsərin yazıldığı vaxtdan uzun zaman keçməsinə baxmayaraq,
tamaşaçılar həmin mövzuya kifayət qədər maraq göstərirlər. Çünki burada hamının
bildiyi sevgi əhvalatı yeni bir formada, fərqli baxım bucağından təqdim olunur.
İngilis dramaturqu Uilyam Şekspirin "Romeo və Cülyetta”sı da tamaşaçılar
tərəfindən maraqla qarşılanır. Amma belə klassik əsərlərlə bərabər Əli
Əmirlinin "M.S.S. – Mən səni sevirəm” kimi yeniyetmələrin duyğularından bəhs
edən, yaxud "Hasarın o üzü” kimi ailə-məişət mövzusunda olan əsərləri də tamaşaçılarn
diqqətini cəlb edir. Eyni zamanda, biz Qarabağ problemini də unutmuruq, səhnə
sənətinin ifadə vasitələri ilə anlatmağa çalışırıq. Bu mənada, Əli Əmirlinin
"Ünvansız qatar” pyesi əsasında Bəhram Osmanovun quruluş verdiyi tamaşa olduqca
təsirlidir. Uşaq tamaşalarında da bu polifoniya - mövzu və janr rəngarəngliyi
qorunur. Balaca tamaşaçılarımız dünyaca məşhur olan cizgi film qəhrəmanları ilə
tanış olmaq imkanı qazanır. Teatrımızın uşaq tamaşalarında müasir uşaqların maraq
göstərdiyi Buratino, Karlson, Şirinlər, Pippi kimi cizgi filmi qəhrəmanları
canlandırılır. Amma xarici cizgi filmləri qəhrəmanları ilə bərabər "Tənbəl Əhməd”,
"Göyçək Fatimə”, "Dəcəl keçi”, "Qoğal” kimi milli nağıl qəhrəmanlarımıza da müraciət
olunur.
Bu baxımdan, zənnimcə, repertuarda müəlliflərlə bağlı problem yoxdur.
Şübhəsiz ki, yeni əsərlər də teatr səhnəsinə yol tapmalıdır və sadaladığım
faktlar çox şeyi deyir. Bəlkə də müasir dramaturgiya repertuarda daha çox
olmalıdır, amma nəzərə almalıyıq ki, yaxşı əsərlər də beş gün içərisində yaranmır.
Teatr yeni müəlliflərin cəlb olunması, yeni əsərlərin yazılması üçün əlindən gələni
edir. Yeni nəsil gənc aktyorların, rejissorların yetişdirilməsi üçün ustad
dərslərinin keçirilməsi, Teatr studiyasının fəaliyyətə başlaması nəzərdə
tutulub.
- Gənc yazarlar
tanınmış dramaturqların əsərlərinin teatr səhnələrində meydan suladığını və
daha çox teatrlarımızda Əli Əmirlinin əsərlərinin və bu qəbildən olan pyeslərin
tamaşaya qoyulmasından şikayət edirlər.
- Teatrımızın repertuarında Əli Əmirlinin "Ünvansız qatar”, "M.S.S - Mən
Səni Sevirəm” və "Hasarın o üzü” pyesləri əsasında hazırlanmış tamaşalar var. Dediyiniz
fikirlə razı deyiləm, bu, çox yanlış yanaşmadır. Heç bir teatr rəhbəri yaxşı
əsərdən imtina etməz. Əli müəllim son dərəcə işgüzar, peşəkar, işini bilən, dramaturgiyanın
qaydalarına bələd olan, necə deyərlər, bu işin açarını tapan yazıçılarımızdandır.
Bir dəfə Əli müəllim müsahibəsində demişdi ki, dramaturgiyanın açarı var, o açarı
tapa bilsən, dram əsəri yaza bilərsən. Hesab edirəm ki, o açarın tapılması üçün
çox zəhmət çəkmək lazımdır. Əli Əmirlinin özünəməxsus yanaşması, yumor hissi
var və dramaturgiya ilə ardıcıl şəkildə məşğul olan müəllifdir.
- Bəs siz dram əsəri yaza bilmək üçün
o açarı tapa bildinizmi?
-
Hesab edirəm ki, heç bir zaman "bunu etdim”, "mən bunu bacarıram” demək olmaz. Hər gün yeni məsələləri öyrəndikcə
görürsən ki, əslində, heç nə bilmirsən. Yalnız və yalnız ardıcıl çalışmaqla və işləməklə
kiçik addımlarla da olsa, qabağa getməklə nə isə əldə etmək olar. Daha çox razı
qaldığım və daha az razı qaldığım işlər olur. Tam razı qaldığım isə ümumiyyətlə
olmur. Sadəcə tutduğum yolun məsuliyyətini, qəlizliyini başa düşürəm və səbrlə
davam edirəm.
- Artıq teatrın bir parçası olduqdan
sonra gənc yazıçıları teatra cəlb etməyə cəhd edəcəksinizmi?
-
Nəinki gənc müəlliflərin, eləcə də rəssamların, aktyorların teatra cəlb olunmasına
cəhd göstəririk. Artıq söylədiyim kimi, Teatrda yeni studiyanın yaradılmasına hazırlıq
prosesi gedir. Amma bir məqamı deyim ki, yaradıcılıq insandan ardıcıl əziyyət tələb
edir. Müasir gənclər isə bu əziyyətlərə dözümlü deyil, elə bil. Şübhəsiz ki, tanınmaq,
sevilmək istəyirlər, ancaq buna gedən yolda əziyyət çəkmək istəmirlər. Bəzən gənclər
"böyüklər bizə yol açmadı, kömək etmədi” kimi bəyanatlar verirlər. Amma məsələ
burasındadır ki, biz özümüz o çətin yolla getməyə hazırıqmı, tab gətirə
bilirikmi yaradıcılığın qoyduğu tələblərə?!
- Teatrın media işləri ilə məşğul
olmaq dramaturq kimi yaradıcılığınıza zərər verə bilərmi?
-
İstənilən yenilik yaradıcılığa fayda verməlidir. Deyirlər, yaradıcılıq azadlıq,
asudəlik istəyir. Amma mənə elə gəlir ki, dar macalda yazmaq daha gözəl effekt
verir. Bu mənada, "525-ci qəzet”də ardıcıl yazmağım mənə çox kömək olur. Teatr aləmi
isə o qədər maraqlıdır ki, bu sahədə müşahidə etdiklərim, gördüklərim nə zamansa
bədii yazılarıma mövzu verə bilər. Yazıçı üçün burada çox ciddi materiallar var.
Təsəvvür edin ki, insan işə gəlir və Buratinonun arabası ilə rastlaşır, bir az addımladıqda
Qırmızıpapağın geyimlərini görürsən. Hər dəfə məşqlərə baxanda, yarıqaranlıq səhnənin
qoxusunu duyanda içində müxtəlif hisslər baş qaldırır. Adi bir iş yoldaşının necə
nağıl qəhrəmanına çevrildiyinə şahidlik edirsən. Yaradıcılıq bunların hamısının
cəmidir. Sadəcə, hisslərə qapılmadan zamanı düzgün bölüşdürməyi bacarmalısan. Həm
də uşaqlıqdan sevdiyim, rollarını izlədiyim aktyorlarla birlikdə çalışmaq, onları
müşahidə etmək çox maraqlıdır. Bir də mənim dəyişilməz qaydam var, kimdən
öyrənirəmsə, o adam maraqlıdır. Teatrdan, burda çalışan sənətkarlardan isə çox
şey öyrənmək olar.
-
Dramaturq, yaradıcı proseslə məşğul olan
insan teatrın media işi ilə məşğul olanda bir qədər tükənir. Yəni bunun şou
tərəfi, qalmaqalı, problemləri, sarı mətbuatı var. Media işinin bu tərəfi sizi bezdirməyəcək
ki?
-
Hər işin özünəməxsus çətinliyi var. Amma mən problemlərə təmkinlə yanaşmağa
çalışıram. Əgər bu mənim işimdirsə, niyə bezim ki?! Bəzən işgüzar xanımlar şikayət
edir ki, mətbəx, ev, uşaq, ailə qayğıları yorur. Bu şikayətlərin hamısı mənə gülməli
görünür. Axı, bunu mən etməliyəm, başqası etməli deyilsə, nə üçün şikayət edim?!
Mənim şikayət etməyimlə nə isə dəyişməyəcək ki… Söylədiyim kimi, hər işin çox çətin
tərəfləri, sənə zövq verən və verməyən cəhətləri var. Çalışacağam ki, bu işimdə
də özüməməxsus olum.
- Adətən, hər hansı müəssisəyə yeni
bir rəhbər gələndə köhnə işçilərdən azad olmağa çalışır. Təzəlikcə Gənc
Tamaşaçılar Teatrında Naidə İsmayılzadə direktor təyin edilib. Direktorun
planında kadr islahatlarının həyata
keçirilməsi planı varmı?
- Naidə xanım bu sahədə yeni deyil, axı.
İllərlə bu sektorda çalışmış, teatra çox yaxından bələd olan bir adamdır. Qısa
müddətdə yeni əsərlərin hazırlanması, tamaşaların təbliğatı, reklamı üçün xeyli
yeni maraqlı ideyalar irəli sürüb. "Don Kixot” tamaşasının vitrin-reklamı,
ancaq tamaşaçılarımızın deyil, sadəcə, küçədən keçənlərin də diqqətini cəlb
edir. Tezliklə teatrın önündə tamaşalarımızın fərqli formada reklamını
görəcəksiniz. Bu mənada, əgər söylədiyiniz kimi, hər hansı dəyişiklik olacaqsa,
bu yalnız teatrın xeyrinə ola bilər.
Xəyalə
Rəis
Teatrşünas