• çərşənbə axşamı, 19 mart, 13:49
  • Baku Bakı 8°C

Pərvin Nurəliyeva: “İstənilən yenilik yaradıcılığa fayda verməlidir”

04.10.18 15:30 4778
Pərvin Nurəliyeva: “İstənilən yenilik yaradıcılığa  fayda verməlidir”
Yeni mövsüm yeni nəfəs, yeni ruh deməkdir. Teatrlarımız yeni mövsümdə tamaşaçılarına yeni tamaşalar vəd edir və onların maraqlı mövsümə şahidlik edəcəklərini deyirlər. Bu mövsüm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyidir. Bu münasibətlə 9 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamda teatrın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanmasının və həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu gün Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ölkənin mədəni ictimaiyyətinin diqqət mərkəzində olduğu bir vaxtda biz də teatrın mətbuat xidmətinin rəhbəri, fəlsəfə doktoru, yazıçı-publisist Pərvin Nurəliyeva ilə görüşdük.

Həmsöhbətimizin mətbuat xidməti rəhbərliyindən öncəki yaradıcılığına da yaxından bələd idik. Belə ki, Pərvin xanım Gənclər və İdman Nazirliyinin "İlin gənci”, Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə”, Ədəbiyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür. Mətbuatda esse, hekayə, publisistik məqalə və ədəbi müsahibələrlə çıxış edir. "Qar yağacaq” və "Balerin” (türkcə), "Dlya Samira” (rusca) adlı nəsr əsərlərindən ibarət kitabların müəllifidir. Hekayələri rus, türk, latış və litva dillərinə tərcümə olunaraq müxtəlif dərgilərdə çap edilib.

Pərvin Nurəliyeva Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən "Anar dünyası” kitabının müəllifidir. Eyni zamanda "Qadın olmaq” esselər kitabı işıq üzü görüb. Türkiyədə "Balerin”, "Anarın dünyası”, "Sevdim seni” adlı kitabları türkcə nəşr olunub.

Pərvin bir sıra uşaq pyeslərinin müəllifidir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Qoğalın sərgüzəştləri”, "Dəcəl keçi”, "Mauqli” pyeslərinə quruluş verilib. A.P.Çexovun "Qu quşu nəğməsi” pyesinin motivləri əsasında yazdığı "Sonuncu” pyesi rejissor Ramiz Həsənoğlunun quruluşunda YUĞ teatrının səhnəsində oynanılır. Həmçinin "Nənələr ərə gedir” pyesinə rejissor Bəhram Osmanov Mingəçevir Dram Teatrında quruluş verib. 2014-cü ildə ölkə prezidentinin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
- Yeni mövsümdə Gənc Tamaşaçılar Teatrının qarşısında hansı planlar var?
- Bu il Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyidir. Yay mövsümündə cənab prezident İlham Əliyev teatrımızın 90 illiyin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Buna görə mövsüm başlar-başlamaz həm teatr rəhbərliyinin, həm də kollektivin qarşısında yubiley tədbirinin təşkil olunması kimi ciddi bir məsələ dayanır. Dekabr ayında təntənəli yubiley mərasiminin keçirilməsi nəzərdə tutulur. 90 illiklə bağlı başqa tədbirlərimiz də olacaq ki, zamanı gəldikdə biz bu barədə mətbuata ətraflı məlumat verəcəyik.

5-6 noyabr tarixlərində ölkəmizdə V Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Bu, Azərbaycan teatrının inkişafı, beynəlxalq arenada tanınması, nüfuzlu təşkilatlarla əlaqələrin yaranması üçün son dərəcə mühüm bir konfransdır. Sözügedən konfrans çərçivəsində bizim teatrımız da yaxından iştirak edəcək, ən yaxşı tamaşalarını izləyicilərə təqdim edəcək. Bundan başqa, mövsüm ərzində çox maraqlı tamaşalarımız hazırlanacaq. Teatrımızda həm uşaqlar, həm də böyüklər üçün yeni tamaşalar qurulur. Bunlardan ən önəmlisi Migel De Servantesin "Don Kixot” əsəri əsasında teatrın baş rejissoru, Əməkdar artist Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşadır. İyulun 3-dən tamaşanın məşqlərinə başlanıb. Kollektiv məzuniyyətdən qayıtdıqdan sonra səhnədə gərgin məşqlər davam edir. Tamaşanın premyerası oktyabrın sonuna nəzərdə tutulub. "Don Kixot”u Azərbaycan tamaşaçıları Xalq artisti Qurban İsmayılovun ifasında görəcəklər. Həmçinin Əməkdar artist Nicat Kazımov "Bremen musiqiçiləri” pyesi əsasında tamaşa hazırlayır. Bu da uşaqlar üçün nəzərdə tutulmuş bir əsərdir, amma məşqlərdən belə başa düşürəm ki, yaradıcı heyət bu tamaşa ilə valideynləri də təsirləndirmək, düşündürmək niyyətindədir.
- Teatrın repertuar planında necə, hansısa dəyişikliklərin olacağı gözlənilirmi? Adətən repertuarla bağlı danışanda tamaşaçılar teatrlarımızın klassik pyeslərə üstünlük verməsinə və köhnə əsərlərə təkrar-təkrar müraciət olunmasına irad bildirirlər.
- Gənc Tamaşaçılar Teatrının repertuarına nəzər salsanız, görərsiniz ki, burada rəngarəngliyə çox böyük önəm verilib. Repertuarımızda mövzu, janr baxımından rəngarəng klassik və müasir əsərlər öz əksini tapıb. Misal üçün, teatrda Məhəmməd Füzulinin "Leyli və Məcnun” poeması əsasında tamaşa hazırlanıb və bu gün ən çox baxılan, sevilən tamaşalardan biridir. Əsərin yazıldığı vaxtdan uzun zaman keçməsinə baxmayaraq, tamaşaçılar həmin mövzuya kifayət qədər maraq göstərirlər. Çünki burada hamının bildiyi sevgi əhvalatı yeni bir formada, fərqli baxım bucağından təqdim olunur. İngilis dramaturqu Uilyam Şekspirin "Romeo və Cülyetta”sı da tamaşaçılar tərəfindən maraqla qarşılanır. Amma belə klassik əsərlərlə bərabər Əli Əmirlinin "M.S.S. – Mən səni sevirəm” kimi yeniyetmələrin duyğularından bəhs edən, yaxud "Hasarın o üzü” kimi ailə-məişət mövzusunda olan əsərləri də tamaşaçılarn diqqətini cəlb edir. Eyni zamanda, biz Qarabağ problemini də unutmuruq, səhnə sənətinin ifadə vasitələri ilə anlatmağa çalışırıq. Bu mənada, Əli Əmirlinin "Ünvansız qatar” pyesi əsasında Bəhram Osmanovun quruluş verdiyi tamaşa olduqca təsirlidir. Uşaq tamaşalarında da bu polifoniya - mövzu və janr rəngarəngliyi qorunur. Balaca tamaşaçılarımız dünyaca məşhur olan cizgi film qəhrəmanları ilə tanış olmaq imkanı qazanır. Teatrımızın uşaq tamaşalarında müasir uşaqların maraq göstərdiyi Buratino, Karlson, Şirinlər, Pippi kimi cizgi filmi qəhrəmanları canlandırılır. Amma xarici cizgi filmləri qəhrəmanları ilə bərabər "Tənbəl Əhməd”, "Göyçək Fatimə”, "Dəcəl keçi”, "Qoğal” kimi milli nağıl qəhrəmanlarımıza da müraciət olunur.

Bu baxımdan, zənnimcə, repertuarda müəlliflərlə bağlı problem yoxdur. Şübhəsiz ki, yeni əsərlər də teatr səhnəsinə yol tapmalıdır və sadaladığım faktlar çox şeyi deyir. Bəlkə də müasir dramaturgiya repertuarda daha çox olmalıdır, amma nəzərə almalıyıq ki, yaxşı əsərlər də beş gün içərisində yaranmır. Teatr yeni müəlliflərin cəlb olunması, yeni əsərlərin yazılması üçün əlindən gələni edir. Yeni nəsil gənc aktyorların, rejissorların yetişdirilməsi üçün ustad dərslərinin keçirilməsi, Teatr studiyasının fəaliyyətə başlaması nəzərdə tutulub.

- Gənc yazarlar tanınmış dramaturqların əsərlərinin teatr səhnələrində meydan suladığını və daha çox teatrlarımızda Əli Əmirlinin əsərlərinin və bu qəbildən olan pyeslərin tamaşaya qoyulmasından şikayət edirlər.
- Teatrımızın repertuarında Əli Əmirlinin "Ünvansız qatar”, "M.S.S - Mən Səni Sevirəm” və "Hasarın o üzü” pyesləri əsasında hazırlanmış tamaşalar var. Dediyiniz fikirlə razı deyiləm, bu, çox yanlış yanaşmadır. Heç bir teatr rəhbəri yaxşı əsərdən imtina etməz. Əli müəllim son dərəcə işgüzar, peşəkar, işini bilən, dramaturgiyanın qaydalarına bələd olan, necə deyərlər, bu işin açarını tapan yazıçılarımızdandır. Bir dəfə Əli müəllim müsahibəsində demişdi ki, dramaturgiyanın açarı var, o açarı tapa bilsən, dram əsəri yaza bilərsən. Hesab edirəm ki, o açarın tapılması üçün çox zəhmət çəkmək lazımdır. Əli Əmirlinin özünəməxsus yanaşması, yumor hissi var və dramaturgiya ilə ardıcıl şəkildə məşğul olan müəllifdir.
- Bəs siz dram əsəri yaza bilmək üçün o açarı tapa bildinizmi?
- Hesab edirəm ki, heç bir zaman "bunu etdim”, "mən bunu bacarıram” demək olmaz. Hər gün yeni məsələləri öyrəndikcə görürsən ki, əslində, heç nə bilmirsən. Yalnız və yalnız ardıcıl çalışmaqla və işləməklə kiçik addımlarla da olsa, qabağa getməklə nə isə əldə etmək olar. Daha çox razı qaldığım və daha az razı qaldığım işlər olur. Tam razı qaldığım isə ümumiyyətlə olmur. Sadəcə tutduğum yolun məsuliyyətini, qəlizliyini başa düşürəm və səbrlə davam edirəm.

- Artıq teatrın bir parçası olduqdan sonra gənc yazıçıları teatra cəlb etməyə cəhd edəcəksinizmi?
- Nəinki gənc müəlliflərin, eləcə də rəssamların, aktyorların teatra cəlb olunmasına cəhd göstəririk. Artıq söylədiyim kimi, Teatrda yeni studiyanın yaradılmasına hazırlıq prosesi gedir. Amma bir məqamı deyim ki, yaradıcılıq insandan ardıcıl əziyyət tələb edir. Müasir gənclər isə bu əziyyətlərə dözümlü deyil, elə bil. Şübhəsiz ki, tanınmaq, sevilmək istəyirlər, ancaq buna gedən yolda əziyyət çəkmək istəmirlər. Bəzən gənclər "böyüklər bizə yol açmadı, kömək etmədi” kimi bəyanatlar verirlər. Amma məsələ burasındadır ki, biz özümüz o çətin yolla getməyə hazırıqmı, tab gətirə bilirikmi yaradıcılığın qoyduğu tələblərə?!
- Teatrın media işləri ilə məşğul olmaq dramaturq kimi yaradıcılığınıza zərər verə bilərmi?
- İstənilən yenilik yaradıcılığa fayda verməlidir. Deyirlər, yaradıcılıq azadlıq, asudəlik istəyir. Amma mənə elə gəlir ki, dar macalda yazmaq daha gözəl effekt verir. Bu mənada, "525-ci qəzet”də ardıcıl yazmağım mənə çox kömək olur. Teatr aləmi isə o qədər maraqlıdır ki, bu sahədə müşahidə etdiklərim, gördüklərim nə zamansa bədii yazılarıma mövzu verə bilər. Yazıçı üçün burada çox ciddi materiallar var. Təsəvvür edin ki, insan işə gəlir və Buratinonun arabası ilə rastlaşır, bir az addımladıqda Qırmızıpapağın geyimlərini görürsən. Hər dəfə məşqlərə baxanda, yarıqaranlıq səhnənin qoxusunu duyanda içində müxtəlif hisslər baş qaldırır. Adi bir iş yoldaşının necə nağıl qəhrəmanına çevrildiyinə şahidlik edirsən. Yaradıcılıq bunların hamısının cəmidir. Sadəcə, hisslərə qapılmadan zamanı düzgün bölüşdürməyi bacarmalısan. Həm də uşaqlıqdan sevdiyim, rollarını izlədiyim aktyorlarla birlikdə çalışmaq, onları müşahidə etmək çox maraqlıdır. Bir də mənim dəyişilməz qaydam var, kimdən öyrənirəmsə, o adam maraqlıdır. Teatrdan, burda çalışan sənətkarlardan isə çox şey öyrənmək olar.
- Dramaturq, yaradıcı proseslə məşğul olan insan teatrın media işi ilə məşğul olanda bir qədər tükənir. Yəni bunun şou tərəfi, qalmaqalı, problemləri, sarı mətbuatı var. Media işinin bu tərəfi sizi bezdirməyəcək ki?
- Hər işin özünəməxsus çətinliyi var. Amma mən problemlərə təmkinlə yanaşmağa çalışıram. Əgər bu mənim işimdirsə, niyə bezim ki?! Bəzən işgüzar xanımlar şikayət edir ki, mətbəx, ev, uşaq, ailə qayğıları yorur. Bu şikayətlərin hamısı mənə gülməli görünür. Axı, bunu mən etməliyəm, başqası etməli deyilsə, nə üçün şikayət edim?! Mənim şikayət etməyimlə nə isə dəyişməyəcək ki… Söylədiyim kimi, hər işin çox çətin tərəfləri, sənə zövq verən və verməyən cəhətləri var. Çalışacağam ki, bu işimdə də özüməməxsus olum.
- Adətən, hər hansı müəssisəyə yeni bir rəhbər gələndə köhnə işçilərdən azad olmağa çalışır. Təzəlikcə Gənc Tamaşaçılar Teatrında Naidə İsmayılzadə direktor təyin edilib. Direktorun planında kadr islahatlarının həyata keçirilməsi planı varmı?
- Naidə xanım bu sahədə yeni deyil, axı. İllərlə bu sektorda çalışmış, teatra çox yaxından bələd olan bir adamdır. Qısa müddətdə yeni əsərlərin hazırlanması, tamaşaların təbliğatı, reklamı üçün xeyli yeni maraqlı ideyalar irəli sürüb. "Don Kixot” tamaşasının vitrin-reklamı, ancaq tamaşaçılarımızın deyil, sadəcə, küçədən keçənlərin də diqqətini cəlb edir. Tezliklə teatrın önündə tamaşalarımızın fərqli formada reklamını görəcəksiniz. Bu mənada, əgər söylədiyiniz kimi, hər hansı dəyişiklik olacaqsa, bu yalnız teatrın xeyrinə ola bilər.
Xəyalə Rəis
Teatrşünas

banner

Oxşar Xəbərlər