Pərvin Kərimzadə:”Könüllülər ili” gənclərin fəaliyyətinə böyük stimul olacaq
İllər bir-birini əvəz edir, nəsillər dəyişir. "Gənclər bizim gələcəyimizdir”
şüarı həmişə dəyişməz olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə
olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə
bağlılığından asılıdır.
Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və
bu istiqamətdə əhəmiyyətli tədbirlətin keçirilməsi dövlət siyasətinin
prioritetlərindəndir. Dövlət gənclər siyasəti gənclərin bilik və
bacarıqlarının, potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli
yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş
prioritetlərdəndir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi
və mədəni inkişafı ilə sıx əlaqədədir.
Dövlət
strukturlarında, təhsildə, səhiyyədə, orduda, sənayenin, kənd təsərrüfatının
bütün sahələrində aparıcı qüvvə kimi gənclər öndə dayanırlar. Bu gün ölkəmizdə gənclərin sosial müdafiəsi, məşğulluğunun
təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə
vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər, həyata keçirilən coxşaxəli
tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin
məntiqi davamı kimi uğurla həyata keçirilir. Ümummilli lider Heydər Əliyev gəncliyə
böyük ümid bəsləyib, müstəqilliyimizin
qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır
yükün düşdüyünü bildirib. Azərbaycanın gələcəyinin
yetişən gənc nəsildən asılı olduğunu xüsusi vurğulayan ulu öndər deyirdi: "Mənim
üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azəbaycan
Prezidenti kimi mən bugün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında
düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından
asılıdır”. Azərbaycan müstəqillik qazandıqdan sonra ən çox diqqət yetirilən sahələrdən
biri də gənc nəslin təlim-tərbiyəsi oldu.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin gənclər
siyasəti ilə bağlı məqsədyönlü fəaliyyət proqramı nəticəsində ölkəmizdə böyük,
vətənpərvər gənclər ordusu yaranıb. Demək olar, indi ölkədə gedən bütün
islahatların mərkəzində gənclər dayanır. Bu gənclər dövlət müstəqilliyinin möhkəmləndirilməsində,
ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib
problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər. Ölkə
Prezidentinin gəncləri düzgün yola istiqamətləndirməsi, gəncliyə xüsusi diqqət
və qayğı göstərməsi ölkəmizin sürətli inkişafına böyük təsir göstərib. Eyni zamanda, gənclər siyasəti gənclərin yeni
inkişaf modeli kimi təqdim edilən könüllülük hərəkatının geniş vüsət almasına şərait
yaradıb.
Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili”
elan edilməsi barədə sərəncamı ölkəmizdə könüllülüyün yeni, daha məhsuldar mərhələyə
qədəm qoyduğunun təsdiqi oldu. "Könüllülər ili” gənclərin ilk iş təcrübəsi
qazanmasına, özlərini sınaqdan keçirmələrinə imkan yaratmaqla yanaşı, təşəbbüskar,
innovativ düşüncə tərzinə, müasir dünyagörüşə malik gənclərin vahid niyyət ətrafında
birləşməsinə, xalqın rifahı, ölkənin dayanıqlı inkişafı naminə fəaliyyətinə böyük stimul olacaq.
Pərvin KƏRİMZADƏ
Milli Məclisin deputatı