• çərşənbə, 24 Aprel, 08:11
  • Baku Bakı 13°C

Pərvin Kərimzadə: Prezident İlham Əliyevin Soçidəki tarixi çıxışı qələbə sorağını verdi

08.10.19 14:34 623
Pərvin Kərimzadə: Prezident İlham Əliyevin Soçidəki tarixi çıxışı qələbə sorağını verdi
"Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu”.
Bu barədə Milli Məclisin deputatı Pərvin Kərimzadə "Kaspi” qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, dünyanın məşhur "beyin mərkəzləri”ndən birində Prezident İlham Əliyevin çıxışı, milli maraqlarımız naminə sərgilədiyi qətiyyətli mövqe müzakirələrin kulminasiya nöqtəsinə çevrilib. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Ermənistan hakimiyyəti tərəfindən əzəli torpağımız Dağlıq Qarabağla bağlı son dövrlər səsləndirilən sərsəm iddialara sərt və tutarlı cavabı hər bir Azərbaycan vətəndaşını qürurlandırıb: "Dağlıq Qarabağla bağlı tarixi həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyevin işğalçı Ermənistanın avantürist hakimiyyətinə ünvanlanmış "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida” cavabı işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı mesaj oldu. "BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir”- deyə Prezident İlham Əliyev ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını nəzərə çatdırıb. Ölkə Prezidenti həmçinin münaqişənin həlli yolunun Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasından, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarət olduğunu da vurğulayıb. Bildirib ki, bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.
Deputat deyib ki, Ermənistanın təcavüzkar siyasətinin girovuna çevrilən Paşinyanın sərsəm bəyanatı "Valday” forumu çərçivəsində Rusiya Federasiyası tərəfindən də təəccüblə qarşılanıb: "Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə bəyanatların prosesin tənzimlənməsinə kömək etmədiyini söyləyib. Tanınmış rusiyalı politoloq, "Siyasi Araşdırmalar İnstitutu” qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının yekunlarını təhlil edərkən Prezident İlham Əliyevin öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməsini yüksək dəyərləndirərək, onun çıxışının Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri olduğunu bildirib. Beləliklə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı çıxışı, "Qarabağ Azərbaycandır” - bəyanatı bir daha Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu gediş olmaqla yanaşı, tezliklə üçrəngli bayrağımızın Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağından xəbər verir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər