Pərvin Kərimzadə: Azərbaycan-UNESKO əlaqələri yüksələn xətlə inkişaf edir
"Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana
çevrilən, zəngin tarixə və mədəniyyətə malik Azərbaycan bir neçə gündür ki, UNESKO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edir. Bu dəfə ölkəmiz ümumdünya mədəni
və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirməklə, dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışları səsləndirilməsinə,
elm, təhsil və mədəniyyət sahələrində yeni əməkdaşlıq körpülərinin salınmasına vasitəçi
olub”.
Bu barədə "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, Gəncə Dövlət Universitetinin (GDU) Elm
və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, qarşılıqlı inam və etimada söykənən Azərbaycan-UNESKO əməkdaşlığı
nəticəsində ölkəmiz milli-mənəvi dəyərlərinin, tarixi-mədəni mirasının
qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və
mühafizəsinə də dəstək verir.
Millət vəkili vurğulayıb ki, tarixi - mədəni
abidələri Dünya İrs Siyahısına salınması üçün təkliflərin dəyərləndirilməsində,
müzakirələrin aparılmasında 2500-dən çox nümayəndənin iştirakı ilə keçən Ümumdünya
İrs Komitəsinin 43-cü sessiyası iştirakçı ölkələrə həm də bir-birinin tarixi,
mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb: "Bu il ölkəmizdə keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyası xalqımızın zəngin mədəni irsinin qorunmasına, ölkəmizdə mədəni və
turizm imkanlarının təşviq olunmasına öz töhvəsini verib. Bu sessiyada
iştirak edən mötəbər qonaqlar da sessiyanın tribunasından Azərbaycanın beynəlxalq
miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu səsləndirib,
multikultural sahədə təcrübəsinin digər dövlətlərə nümunə olduğunu qeyd ediblər.
Bütün bunlar sülhün, dayanıqlı inkişafın,
qlobal və regional sabitliyin ölkəmizin əsasi hədəflərindən olduğunu bir
daha təsdiqləyir. Azərbaycan
dövləti milli mədəniyyətimizin, tarixi irsimizin nadir incilərini qoruyub
saxlayaraq dünyada tanıdılması və təbliği
istiqamətində ardıcıl və sistemli siyasət aparıb.Bu siyasətin nəticəsi
olaraq Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan
Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb”.
Deputat
P.Kərimzadə deyib ki, tarixən beynəlxalq karvan-ticarət yolları üzərində yerləşən
Azərbaycan, xüsusən də onun unikal təbii gözəlliklərə və tarixi-mədəni xüsusiyyətlərə
makil, qədim ipəkçilik mərkəzi olan Şəki şəhəri mədəni müxtəlifliyin
yaradılmasında və qorunub saxlanmasında bəşəri sivilizasiyanın inkişafına öz
töhfəsini verib: "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında
"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nin Ümumdünya İrs Siyahısına daxil edilməsi minillərlə bu
coğrafiyada yaşayan, etnik milli
xüsusiyyətlər çərçivəsində özlərinin yaradıcılıq və sənətkarlıq qabiliyyətlərini
yaradan və inkişaf etdirən, dünyanın həm mənəvi, həm də maddi irsinə bənzərsiz
nailiyyətlər bəxş etmiş bu diyarın sakinlərinə və onların bu bacarıqlarına
verilmiş ali qiymətdir”.
Millət
vəkili xatırladıb ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz UNESKO
ilə sıx əməkdaşlıq münasibətləri qurub, milli mənəvi
dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği ilə yanaşı, beynəlxalq
səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verib: "2013-cü
ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər
iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş
qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək
hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul
olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf
etdiyini göstərir. Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı Səfiri
Mehriban Əliyeva sessiyanın açılışında çıxış edərək, ölkəmizlə bu təşkilat
arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu,
ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində
dayandığını xüsusilə qeyd edib”.
Deputat P.Kərimzadə söyləyib
ki, Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində
UNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım
Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir: "Mehriban Əliyevanın
uğurlu fəaliyyəti nəticəsində İçəri Şəhər, Qız Qalası, Şirvanşahlar Saray
Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı,milli-mənəvi
dəyərlərimizdən olan muğam sənəti, novruz ənələrimiz, aşıq, misgərlik kəlağayı və xalça sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. Bir çox tədbirlər UNESKO çərçivəsində
qeyd edilib. Bütün bunlar Azərbaycan - UNESKO əlaqələrinin yüksələn bir xətlə
inkişafda olduğunu göstərir. Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində, Heydər
Əliyev Fondu və UNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də
yüksək səviyyədə həyata keçirilir. UNESKO-nun sabiq baş direktoru İrina
Bokovanın Mehriban xanım Əliyeva haqqında söylədiyi "Siz UNESKO-nun
humanist dəyərlərinin əsl bayraqdarısınız" sözləri isə UNESKO-nun Xoşməramlı
Səfirinin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin işinə sədaqətinə, mədəniyyətlərarası
dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə
sanballı töhfələrinə verilən qiymətdir”.
Alpər TURAN