• cümə, 29 Mart, 14:37
  • Baku Bakı 14°C

Pərvin Kərimzadə: “Azərbaycan mətbuatı özünün inkişaf yolundadır”

08.04.19 11:51 492
Pərvin Kərimzadə: “Azərbaycan mətbuatı özünün inkişaf yolundadır”
"Mətbuat cəmiyyətin aynasıdır. Demokratik inkişaf yolu ilə addımlayan müstəqil Azərbaycan mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu mənada, ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir”.
Bu barədə millət vəkili Pərvin Kərimzadə "Kaspi” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata dövlət qayğısının nəticəsi olaraq bu gün Azərbaycan mətbuatı özünün inkişaf yolundadır. Deputatın fikrincə, müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edib: "Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzet redaksiyalarına kreditlərin ayrılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması, dövlətin jurnalistlərə mənzil tikib verməsi Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı yönündə bütün zəruri tədbirlərin həyata keçirildiyindən xəbər verir. Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramları ilə cəmiyyətdə rəğbətlə qarşılanan Azərbaycan Dövlət Televiziyasına Prezident İlham Əliyevin sərəncamı ilə 3 milyon manat vəsait ayrılması dövlətin milli mətbuatımıza, Kütləvi İnformasiya Vasitələrinə diqqətin daha bir nümunəsidir”.
Millət vəkili deyib ki, böyük və zəngin ənənələri olan Azərbaycan Televiziyası milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideyasının təbliği, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılması, mili-mənəvi dəyərlərin, mədəni irsimizin təbliği sahəsindəki işi digər televiziyalar üçün də bir növ örnəkdir: "Son iki ay Azərbaycan Televiziyasının həyatında ciddi islahatlarla yadda qaldı. Qısa müddətdə maddi-texniki bazanın gücləndirilməsi Azərbaycan Televiziyasının yaradıcılıq imkanlarının genişlənməsinə zəmin yaratdı. Belə ki, yeni dövrün tələblərinə uyğun verilişlərin hazırlanması, peşəkar kadrların işə cəlb olunması, dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılması televiziyasının gündəlik fəaliyyətinin yüksək səviyyədə qurulduğundan xəbər verir. İnanırıq ki, Azərbaycan Dövlət Televiziyası bundan sonra da azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğinə yönələn verilişlərin sayını artıracaq, maraqlı, gözoxşayan verilişləri ilə izləyicilərini sevindirəcək”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər