AZE | RUS | ENG |

“Pərvanələrin rəqsi”nə rejissor münasibəti

“Pərvanələrin rəqsi”nə rejissor münasibəti
Kinorejissor Rövşən İsax: “Özüm serial çəkənə kimi heç vaxt seriallara baxmamışdım”

Ölkə başçısının milli serialların çəkilməsi ilə bağlı məlum sərəncamından sonra telekanalların efirinə çıxan seriallardan birincisi “Pərvanələrin rəqsi” oldu. ATV kanalında yayımlanan serial təbii ki, birmənalı qarşılanmadı. Filmi baxımlı hesab edənlərlə yanaşı, uğursuz adlandıranlar da oldu. Filmin rejissoru Rövşən İsax yaradıcılıq işinin həmişə mübahisəli olduğunu istisna etməyərək ekran əsərini uğurlu hesab edir.

Serial çəkmək asan deyil

- Azərbaycanın serial bazarına necə qatılmısınız?

- İlk dəfə serial çəkmə təklifini Xəzər televiziyasından almışam. Onda hələ milli serialların çəkilişi ilə bağlı ölkə başçısının sərəncamı yox idi. Mən ümumiyyətlə, seriala baxan insan deyiləm, bu sahədə elə təcrübəm də yox idi. Bu təklifdən sonra serial çəkilişləri ilə maraqlandım və 6 ay sərasər Vüqar Əmirovla birlikdə serial çəkilişinə hazırlaşmağa başladım. Hətta bu müddətdə Azərbaycan tamaşaçılarının daha çox sevdiyi türk seriallarına baxdım. Onu xatırladım ki, heç vaxt türk seriallarına baxmamışam. Ancaq serial çəkməyə başlayanda “Kuzey Güney” serialının 8 seriyasına və “Ay tutulması”nın bir neçə bölümünə baxdım. Searialları seyr etməyimin əsas məqsədi isə həmin serialın senarisi, musiqi işi ilə tanış olmaq idi. Xəzər televiziyasının təklifindən sonra ”Pərvanələr rəqsi” serialının süjetini çəkməyə qərar verdim. Bunun üçün peşəkar ssenarist axtarmağa başladım. Bir neçə ssenaristlə görüşdük və nəhayət, Arzu Soltanla razılaşdıq. Yaxşı ssenaristlərimiz çoxdur, amma kimisinin qələmi, kimisinin yaşı, kimisinin də iş qrafiki buna imkan vermirdi. Sonda seçimimizi Arzu xanımla bağladıq. Bu ərəfələrdə ATV telekanalından mənə serial çəkmək üçün təklif gəldi. Düzdür, bu fikri mənim beynimə Xəzər televiziyası salmışdı, amma onların təklif etdikləri şərtlər məni qane etmədi. ATV-də isə bunun tam əksi oldu: yaradıcılıq sərbəstliyi. Bunun üçün də yaradılan imkanlar məni qane etdi. “Əgər biz sizi serial çəkməyə dəvət ediriksə, deməli, sizə güvənib və qabiliyyətinizə etibar edib dəvət edirik” - deyə mənə söylədilər. Ona görə də biz ATV-ni seçdik və bu şəkildə Azərbaycanın serial bazarına daxil olduq.

- Telekanalların özünün serial çəkməsinə necə baxırsınız?

- Dünya praktikasında, yəni serialların mənbəyi olan Rusiyada, Türkiyədə belə bir şey yoxdur. Televiziyanın özü serial çəkmir. Bütün müəllif verlişləri, bədii sənədli verlişlər, bədii-televiziya filmləri və s. - hamısını prodakşnlar istehsal edərək televiziyaya təhvil verir. Biz isə Azərbaycanda bunun tam əksini görmüşük. Mənə elə gəlir ki, bu, televiziya üçün çox çətindir. Çünki telekanalın özünün film çəkməyi konkret bir işçi qrup, yaradıcı qrup tələb edən işdir. Filmin bəstəkarı, operatoru, montajçısı, aktyoru gərək hər gün münasibətdə olsunlar ki, yaxşı bir iş ərsəyə gəlsin. Ümumiyyətlə, serial çəkərkən çalışmaq lazımdır ki, birinci seriya, ikinci seriyadan sözün yaxşı mənasında fərqlənsin ki, serial inkişafa doğru gedə bilsin. Bundan ötrü də az öncə qeyd etdiyim, yaradıcı münasibət lazımdır. Televiziya deyəcək ki, bizim səs rejissorumuz budur, bəstəkarımız filankəsdir, rejissor da deyəcək ki, mən filankəslə işləmək işləyirəm. Onda deyəcəklər ki, o bizim televizyada işləmir axı. Belə olan halda, mənə elə gəlir ki, prodüser mərkəzləri çəksə, yaxşı olar.

- Belə ehtimal var ki, Azərbaycan serialları artdıqca, tamaşaçılar xarici teleseriallardan imtina edəcəklər. Sizcə, bu ehtimal doğrudurmu?

- Mənə elə gəlir ki, bu ehtimal doğrudur. Mənim sevmədiyim bir cümlə var ki, indi hamının dilinə düşüb: ”Bizim aktyorlarımız oynaya bilmirlər, yaxud da Azərbaycanda yaxşı aktyor yoxdur”. Bu fikirlə heç razı deyiləm. Bu günə qədər bizdə seriallar demək olar ki, çəkilmirdi. İndi serial çəkən insanların hamısını alqışlayıram. Bu günə qədər kim serial çəkibsə, onların işlərinə heç bir söz deyə bilmərəm. Bu özü böyük bir təşəbbüskarlıqdır. İnsanlar zəhmətə qatlaşıblar. Təsəvvürünüzə gətirə bilərsinizmi, serial çəkmək necə çətin bir işdir. Hər baxımdan bu göründüyü kimi asan iş deyil. Getdikcə şəhərimiz gözəlləşəcək, 3-4 ilə Bakı Parisdən də gözəl şəhər olacaq. Bu gözəllik təkcə şəhərimizlə deyil, serillarımızla da özünü göstərə biləcək.

Zəhmət, gərgin iş və istedad

- İlqar Fəhminin povesti əsasənda “Aktrisa” filminə quruluş vermisiniz. Bu filmdə həm aktyorluq etmsiniz, həm də rejissorluq. İki vəzifəni daşımaq sizə çətin olmadımı?

- “Aktrisa” filmi oktyabr ayında “Nizami” kino mərkəzində geniş tamaşaçı qarşısında nümayiş olunacaq. Bu əsəri oxuduqdan sonra çox bəyəndim və həmin əsərə müraciət etməyi qərara aldım. Film povestdən çox fərqlidir, əsəri oxuyanlar bunu daha aydın görə bilərlər. Bu ideyanı Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəndə İlqar Fəhmi ilə görüşdüm və ona bəzi epizodları dəyişmək şərti ilə “Aktrisa” əsərini nazirliyə təqdim etmək istəyimi bildirdim. İlqar Fəhmi təklifimi çox gözəl qarşıladı. Hətta “Əsərin külli-ixtiyarını sənə verirəm” dedi. Sonradan ssenarini birlikdə işləməyi təklif etdi və mən də böyük məmnuniyyətlə qəbul etdim. Qeyd edim ki, ilk gündən bir-birimizi başa düşdük. Bu filmdə bütün zehnimi, bacarığımı nümayiş etdirmişəm, indi nə dərəcədə yaxşı və ya pis alındığını tamaşaçılar söyləyə bilər. Bircə onu deyə bilərəm ki, “Aktrisa” boz və simasız film deyil.

- Hazırda serial bazarında rəqabət böyükdürmü?

- Seariallar arasında rəqabət hələ bundan sonra başlayacaq. O, sözü demək tezdir hələ. Prezidentin sərəncamından sonra sözün ciddi anlamında serial çəkilməyə başladı. Bunun nəticəsi olaraq ekrana seriallar çıxır. Nə xoş ki, həmin sərəncamdan sonra ilk serial yayımlayan biz olduq. “Pərvanələrin rəqsi” ilə efirdə göründük. Sonra “Sirr” serialı efirdə göründü. Hazırda televiziya kanallarında serialların sayı artmaqdadır. Serialla məşğul olduğum üçün televiziyaya baxmağa imkanım yoxdur. Təsəvvür edin ki, biz sutka ərzində 18 saat çəklişdə oluruq.

- Serial çəkmək asandır, yoxsa tammetrajlı film?

- Əslində serial çəkmək çətin görünsə də, bu belə deyil. Düzdür, hərəsinin öz çətinlikləri var, ancaq film çəkmək serial çəkməkdən qat-qat çətindir. Ümumiyyətlə, kino sənəti çətin sahədir. Bu sahədə işləyənlərdən zəhmət, gərgin iş və istedad tələb edir.

Xəyalə Rəis

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056