Pərdələr enir...
Bir mövsümü
də yavaş-yavaş başa vurmaq üzrəyik. Bu mövsümdə də teatr aləmində maraqlı
tamaşalar, festivallar, premyeralar baş tutdu. Paytaxtımızda yerləşən bəzi teatrlarımızdan
mövsümün onlar üçün uğurlu olub-olmamağını, hansı tarixdən tətilə çıxacaqlarını
xəbər alırıq.
"Qarabağnamə” tamaşası ilə yekun
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bizimlə söhbətində
bildirdi ki, yola saldığımız mövsüm Dram Teatrının yaradıcı həyatı üçün
əlamətdar hadisələrlə yadda qalıb: "Mövsüm ərzində kollektivimiz xaricdə və
bölgələrdə qastrol səfərlərində oldu, bir neçə tamaşanın premyerasını keçirdi,
eyni zamanda Azərbaycan teatrının inkişafında müstəsna xidmətləri olan korifey
sənətkarlarımızın yubileyləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
təntənəli şəkildə qeyd edildi. Ötən mövsümdə "Almaz”, "Çipollino”, "Buzlar
ölkəsində”, "Vəsiyyət”, "Kosanın qızı”, "Aldanmış ulduzlar” tamaşalarının
premyeraları keçirilib. Xalq yazıçısı İlyas Əfəndiyevin "Boy çiçəyi” tamaşası
xalq artisti Ramiz Novruzun iştirakı ilə teatrımızın bədii rəhbəri-direktoru,
xalq artisti Azər Paşa Nemətovun yeni quruluşunda təqdim edildi. Bundan başqa,
xalq yazıçısı Elçin Əfəndiyevin "Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan
yeni tamaşanın məşqləri bitib, sentyabrda həmin tamaşanın premyerasını
keçirəcəyik. Məşq prosesində olan növbəti səhnə əsəri isə Məmməd Səid
Ordubadinin "Qılınc və qələm” romanı əsasında hazırlanacaq "Qətibə İnanc”
tamaşasıdır. Həmin tamaşaya xalq artisti Mərahim Fərzəlibəyov dramaturq Çingiz
Ələsgərlinin "Qılınc və qələm” romanının motivləri üzərində yazdığı pyes
əsasında quruluş verir. Bu tamaşa da yeni teatr mövsümündə teatrsevərlərin
ixtiyarına veriləcək. Sözügedən mövsümdə Akademik Milli Dram Teatrının gənc
rejissorları Anar Sadıqov və Əlif Cahangirli Çexov Beynəlxalq Teatrı
Festivalında iştirak etdi, yaradıcı laboratoriya və master-klasslara
qatıldılar. Yeri gəlmişkən qeyd edim ki, avqust ayında teatrımız Bolqarıstanın
Varna şəhərində Beynəlxalq Mono Tamaşalar Festivalında iştirak edəcək. Bu
tamaşanı rejissor Anar Sadıqov əməkdar artist Ayşad Məmmədovun "İuda” mono
pyesi əsasında hazırlayıb, səhnə əsərində Ayşad Məmmədov özü çıxış edir. Biz teatr
mövsümünə iyulun 9-da "Qarabağnamə” tamaşası ilə yekun vuracağıq. Yeni mövsümdə
teatrımızın dəyərli tamaşaçıları üçün maraqlı, onların rəğbətini qazanacaq
səhnə əsərləri vəd edirik”.
"Çipollino” və
"Yarımçıq qalmış”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından "Kaspi”yə verilən məlumata görə, 89-cu mövsüm
ərzində 5 uşaq və 5 böyük tamaşası hazırlanıb: "Bunlar Astrid Lindqrenin
"Uzuncorab Pippi”, Xanımana Əlibəylinin "Aycan”, yeni il tamaşası "Qrinç”,
Azərbaycan xalq nağılı "Məlikməmməd”, Canni Rodarinin "Çipollino” və böyüklər
üçün Məhəmməd Füzulinin "Leyli və
Məcnun”, Əhməd Orucoğlunun "Açarını itirənlər”, Zaməddin Ziyadoğlunun "Vurğuna
vurğun gəlin”, Əli Əmirlinin "Ünvansız qatar”, Yefim Abramov və Leyla Bəyimin
"Yarımçıq qalmış” əsərləri əsasında hazırlanmış tamaşalardır. Hazırda məşq
prosesi davam edən C.Sviftin "Qulliver Cırtdanlar ölkəsində” tamaşası isə yeni
– 90-cı teatr mövsümündə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq”.
Söhbət zamanı
öyrəndik ki, Gənc Tamaşaçılar Teatrı mövsümə iyunun 25-də C.Rodarinin eyniadlı
əsəri əsasında hazırlanmış "Çipollino” və 2016-cı il aprel döyüşlərinə həsr
olunmuş "Yarımçıq qalmış” tamaşaları ilə yekun verib.
"Bu mövsümdə 5 yeni tamaşa təqdim etdik”
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova mövsüm sonunda
teatrın cari repertuarından və əldə etdikləri uğurlardan danışdı: "Teatrımız özünün
repertuar siyasətindən tutmuş, getdiyi qastrol səfərlərinədək hər yaradıcılıq
addımını fərqliliyə, peşəkarlığa və təbii ki, bunların birgə nəticəsi olan
uğura hesablayır. Sevinirəm ki, biz bu məqsədimizə hər dəfə nail olur və
tamaşaçılarımızı sevindiririk. Xüsusilə son 5-6 ildə böyük nailiyyətlərə imza
atmışıq. Bir çox festivallarda birinci yer tutmuşuq, tamaşalarımız festivalın
ən güclü tamaşası kimi qəbul olunub. Artıq kukla teatrı sənətində nə isə demək
imkanımız var və bunu zamanla daha da artırmaqdayıq. Son olaraq Qazaxıstan
Respublikasında bir festivala qatıldıq və nailiyyət əldə etdik. Belə ki,
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 6-10 iyun tarixlərində
Qazaxıstanda keçirilən "Orteke” V Beynəlxalq Kukla Teatrları Festivalında
ölkəmizi təmsil etdik. TÜRKSOY tərəfindən 2017-ci il üzrə türk dünyasının
mədəniyyət paytaxtı elan olunan Türküstan və Şimkənd şəhərlərini əhatə edən teatr
bayramında teatrın baş rejissoru Qurban Məsimovun hazırladığı "Zəng” adlı
mono-tamaşa ilə çıxış etdik. Tamaşanın ifaçısı, teatrımızın istedadlı aktyoru
Rəhim Rəhimov festivalın ən yaxşı aktyoru nominasiyasında qalib oldu. Tamaşamız
ən yaxşı səhnə işlərindən biri kimi bütün münsiflərin və tamaşaçıların alqışını
qazandı. Artıq mövsümün sonuna yaxınlaşırıq. Bu müddət ərzində nəzərdə
tutduğumuz, yaradıcılıq planımıza daxil olan bütün tamaşalarımızı hazırlayıb
geniş tamaşaçı auditoriyasına təqdim etdik. Məsələn, bu yaxınlarda iki tamaşanı
təhvil verdik. Bunlardan biri Qurban Məsimovun hazırladığı "Turp" və
Anar Məmmədovun quruluş verdiyi "Pişiyin evi" tamaşaları idi. Hər iki
tamaşa bizim ən yaxşı tənqidçimiz və alqışçımız olan balaca balalarımızın
ürəyincə oldu. Hər nümayişindən sonra aldığımız müsbət rəylər və uşaqlarımızın
xoş münasibəti buna sübutdur. Bu teatr mövsümündə 5 yeni tamaşa təqdim etdik”.
Qeyd
edək ki, iyulun 16-da "Turp” tamaşası ilə Kukla Teatrı mövsümü başa
vuracaq.
"Pəltək cücə”
ilə mövsümə əlvida
Bakı
Uşaq Teatrı 8 iyul saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Q.Abbasov adına
mədəniyyət sarayında mövsümün bağlanışını qeyd edəcək. Teatrın mətbuat
xidmətindən qəzetimizə verilən məlumata görə, həmin gün "Pəltək cücə”
tamaşası ilə mövsümə əlvida deyəcəklər:
"Türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda olan "Pəltək Cücə”
tamaşasında hadisələr Xoruzla Toyuğun ailəsində baş verir. Ailədə olan 7
cücədən birinin dilində qüsur var, "cik-cik” əvəzinə "tık-tık” deyir.
Bacı-qardaşları ona gülürlər. Vəziyyəti görən Ana Toyuq Pəltək Cücəni həkim
Tülkünün yanına aparır. Tülkü müalicə adıyla Cücəni xəstəxanada saxlayır.
Pəltək Cücənin Nazlı Cücə, Müğənni Cücə, İdmançı Cücə, Ağıllı Cücə, Dələduz
Cücə, Balaca Cücə kimi bacı-qardaşları var. Sonda bacı-qardaşlar ata-analarıyla
birgə Pəltək Cücəni Tülkünün əlindən qurtarırlar. Və söz verirlər ki, bir də
bacılarına gülməyəcəklər. Tamaşada məqsəd uşaqlara qüsuru olanlara gülməməyi,
onlara qayğı ilə yanaşmağa aşılamaqdır”.
Bu
mövsüm Bakı Uşaq Teatrnda İntiqam Soltanın quruluşunda "Kələkbazlar”, eləcə də "Pəltək Cücə”, "Kimdir Müqəssir”,
yapon nağılı əsasında "Lovğa Qembey”, Arzu Soltanın "O səs Tülküyə”, "İllərin
hədiyyəsi” kimi tamaşalar hazırlanıb. Eyni zamanda, bir çox tamaşalar, o
cümlədən, İ.Soltanının quruluşunda hazırlanan "Turp” tamaşası yeni heyətdə
bərpa olunub.
Xəyalə
Rəis