• cümə, 29 Mart, 16:19
  • Baku Bakı 14°C

“People in Need”in erməni sevgisi haqda faktlar

27.11.14 10:27 1400
“People in Need”in erməni sevgisi haqda faktlar
Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumu ətrafında nəinki söz-söhbətlər səngimir, hətta tədbiri təşkil edən qalmaqallı təşkilatla bağlı ortaya yeni-yeni faktlar çıxarılır. Belə ki, “Yeni Müsavat” qəzetinin müxbiri Elbəyi Həsənli ““People in Need”in “SOS Karabakh” əməliyyatı – yeni sübutlar” adlı məqaləsində qeyd edib ki, qurumun rəhbəri olan Simon Panek və Jaromir Stetina Ermənistana və Dağlıq Qarabağ separatçılarına sevgilərini hər zaman açıq şəkildə ifadə ediblər: “Ötən yazımda Qərbin qrantları hesabına yaşayan Zöhrab İsmayılın facebookdakı statusuna diqqət çəkmişdim: “People in Need” təşkilatına "ermənipərəst" damğası vurmağa çalışmaq alçaqlıq və şərəfsizlikdir! Hansı ki, bunu “Yeni Müsavat” qəzeti etməyə çalışır...”
Yəni, adam gözümüzün içinə deyir ki, siz şərəfsiz və alçaqsınız. Əli Kərimlinin yaxın adamlarından olan Zöhrab İsmayılın bu canfəşanlığının səbəbini öyrənə bildik. Məlum oldu ki, “PiN” bu şəxsi aylarla Çexiyada saxlayıb, bütün məsrəflərini ödəyib. Hələ də proses davam edir. Onun Kanadaya və ya ABŞ-a getməsinə də yardım edəcəklər. Bu təşkilatın müdafiəsində durnalardan biri isə öz statusunda bu müdafiənin nə qədər təmənnalı olduğunu özü də etiraf edib. Həmin şəxs xanım olduğuna görə adını yazmayacağıq. Ancaq o da Əli Kərimlinin yaxın ətrafında olan simalardandır... Həmin statusun nöqtəsinə, vergülünə toxunmadan veririk: "People in Need” Avropada İnsan Haqları ilə məşğul olan təşkilatdır. Dünyaca nüfuzlu bu hüquq müdafiə təşkilatının mənzil- qərargahı Çexiyada yerləşir. Harada yerləşməsindən və ona kimin rəhbərlik etməsindən asılı olmayaraq bu təşkilat çox obyektiv, qərəzsiz, vicdanlı yanaşma sərgiləyir hər kəsə. Milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq dünyanın istənilən ölkəsində hüquqları pozulan bütün insanların imdadına çatır və yardım edir. İntiqam Əliyev də bir Azərbaycan türkü olaraq beynəlxalq aləmdə sayılıb-seçilən nüfuzlu ekspertlərdən biridir və belə bir nüfuzlu təşkilatın onu müdafiə etməsi çox təbiidir. Bütün hallarda mən bu təşkilatın fəaliyyətini obyektiv, qərəzsiz və uğurlu hesab edirəm. Qüsura baxmayın, fürsətdən istifadə edib mənim Gürcüstanda bir aylıq müalicəmi və bütün xərclərimi öz üzərinə götürən “People in Need” təşkilatına təşəkkürümü bildirirəm!"
Yazı müəllifi şəxsin müalicə xərcini ödədiyinə görə “People in Need” təşkilatına ermənipərəst deyilməsindən narazı olduğuna diqqət çəkir: “Nə yazıq ki, Azərbaycanda məsələlərə bu cür yanaşma sərgiləyənlər az deyil. “People in Need”i müdafiə edənlər ortaya başqa arqumentlər də atıblar. Deyirlər ki, söhbət bu təşkilatın ermənipərəst olub-olmamasından getmir. Boş verib, bunun üstündən keçək. Məcburdurlar. Çünki ortaya qoyduğumuz faktları təkzib etmək mümkün deyil. Təsdiq etmək də istəmirlər. Deyirlər ki, söhbət ondan gedir ki, bu təşkilat öz tədbirində Azərbaycanda olan siyasi məhbus problemini qaldırıb”.
E.Həsənli hesab edir ki, hər parıldayan qızıl olmadığı kimi, bu məsələdə də önəmli nüans var: “O da ondan ibarətdir ki, “People in Need” Dağlıq Qarabağın müstəqil dövlət kimi tədbirdə iştirakını tələb edir. Belə bir məqamda biz onlara etiraz etməliyik. Şəxsən mən orada olsaydım, belə bir sərsəm təklif irəli sürəni həyata gəlməyinə görə peşman edərdim. Bizim nümayəndə heyəti nədən bu iddiaya kəsərli cavab verməyib? Bunu başa düşmək mənim üçün çətindir. Qərbdə uzun müddət yaşayan birisi kimi hər kəsə demək istəyirəm ki, bu tərəflərdə qulları sevmirlər. Buralarda elə adamları sevirlər ki, onların konkret mövqeyi var. Yəni, kimsə durub onlara etiraz etsə, dünya dağılmır. Əksinə, ortaya arqument qoyub etiraz edən adamları yüksək dəyərləndirirlər. Mən bunun dəfələrlə şahidi olmuşam. Problem ondadır ki, Azərbaycanda hələ də özünü Qərb insanı qarşısında kiçik bilənlər var. Bu, natamamlıq kompleksi deyilən bir bəladır. Xüsusən Qərbin qrantı hesabına dolananlar elə hesab edirlər ki, “Peopel in Need”i müdafiə etmək bunların boyun borcudur, yoxsa pulların kəsərlər. 21-ci əsrdə yaşayırıq, hələ də özünə ağa axtaran qullar var. Özü də demokratiyadan danışa-danışa. Baxın, ən azı 22 ildir ki, Qərb demokratiyadan dəm vura-vura Azərbaycanda demokratiya uğrunda savaşanlara arxa çevirib. Ən kritik məqamlarda onları satıb. Ağlı başında olan adamlar yaxşı bilir ki, Azərbaycanda nə qədər ki, neft və qaz var, demokratiya olmayacaq. Çünki Qərbə Azərbaycanın nefti, qazı. lazımdır. Demokratiya ilə əlaqəli verilən bəyanatlar isə Azərbaycan iqtidarından daha çox şey qoparmaq üçün bir vasitədir... Qərbin demokratiya nağılına inanan Gürcüstan və Ukraynanın halı göz qabağındadır. Ən yaxşı halda Qərb bizi də o günə qoyacaq. Mən Azərbaycana elə bir gələcək arzulamıram”.
Göründüyü kimi, radikalların huri mələk kimi təqdim etdiyi “Peopel in Need” təşkilatı heç də məsum deyil. Bu təşkilat bəlli dairələrin siyasi maraqlarının təmin edilməsinə yönəlib. Onun yaradıcılarının erməni sevgisi isə danlmaz faktdır. Bütün bunlar Batumi konfransında baş verənlərin əsas səbəbləridir. Bu cür tutarlı faktları qoyub baş verənlərdə başqa məna axtarmaq isə diqqət yayındırmaq cəhdindən başqa bir şey deyildir.
H.Əsgər
banner

Oxşar Xəbərlər