• şənbə, 20 Aprel, 04:22
  • Baku Bakı 15°C

Pentaqon Trampa qarşı çıxır?

29.11.17 10:00 3134
Pentaqon Trampa qarşı çıxır?
Türkiyə ilə Birləşmiş Ştatlar arasında kürd məsələsi ilə bağlı yaşanan gərginlik, deyəsən normallaşmaq üzrədir. Bəlli olduğu kimi, Suriyada hərbi əməliyyatlar başlayandan bəri ölkədəki kürd yaraqlılarına dəstək verən rəsmi Vaşinqton bu addımını onunla əsaslandırır ki, Suriyadakı kürd yaraqlılarını PKK ilə eyniləşdirmək olmaz. Bu qüvvələr Bəşər Əsədə qarşı döyüşür və terrorçularla əlaqəsi yoxdur. Bunu da əsas götürərək onları silahlandırmaqda davam edir.
Rəsmi Ankara isə haqlı olaraq hesab edir ki, bölgədəki kürd yaraqlıları PKK-nın bir qoludur. Hətta dəfələrlə bununla bağlı təkzibolunmaz sübutlar ortaya qoyub. Məsələ iki ölkə prezidentinin keçirdiyi görüşlərdə və telefon danışıqlarında dəfələrlə müzakirə olunub. Ötən gün isə Birləşmiş Ştatların artıq bir növ "haqq yolu”na qayıtdığı barədə ziddiyyətli xəbərlər yayılıb. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, "ABŞ prezidenti Donald Trampla apardığım telefon danışığı zamanı ilk dəfə "eyni dalğa”nı bölüşdük”. O, yaxın gələcəkdə Amerika prezidenti ilə əlaqələrini davam etdirəcəyini söyləyib: "Biz birlikdə Suriya kürdlərinin ABŞ tərəfindən dəstəklənməsi və Fətullah Gülən tərəfdarlarının fəaliyyətlərini müzakirə etməyi planlaşdırırıq”. Bundan əlavə, Türkiyənin baş naziri Binəli Yıldırım da məsələyə toxunub. "ABŞ prezidenti Donald Tramp Türkiyə üçün nəyin vacib olduğunu başa düşüb” - deyə o bəyan edib. Baş nazir Londonda "BBC World”-un jurnalisti Lyusi Hokinqsın ABŞ-ın suriyalı kürdlərə silah satmasına dair sualına cavabında deyib ki, ölkəsinin İŞİD-ə qarşı mübarizəyə dair siyasəti əvvəldən məlum olub. "Əgər İŞİD-lə mübarizə aparacaqsınızsa, düzgün müttəfiq seçməlisiniz. Bir terror təşkilatına qarşı digər terror təşkilatından istifadə etməklə mübarizə aparmaq mümkün olmayacaq. Bizə YPG və ya PYD ilə iş birliyinin seçim yox, məcburiyyət olduğu deyildi. Bunu qəbul etməsək də, anladıq. Bu, müvəqqəti bir əlaqə idi. Çünki İŞİD hal-hazırda məğlub edilmiş haldadır”, - deyə o əlavə edib.
Prezidentin və baş nazirin bu açıqlamasının ardınca, Pentaqondan ziddiyyətli bir xəbər yayılıb. "ABŞ müdafiə nazirliyi kürd döyüşçülərdən ibarət "Suriya Demokratik Qüvvələri”ni (SDQ) silahlandırmaqda davam edir”. Bunu Pentaqonun rəsmi nümayəndəsi Robert Menninq gündəlik brifinqdə deyib.Onun sözlərinə görə, Pentaqon hazırda kürd dəstələrinə hərbi dəstəyin göstərilməsində prioritetlərin dəyişməsi mümkünlüyünü nəzərdən keçirir. "Əsas odur ki, İŞİD silahlılarıSuriya ərazisinə dönə bilməsin”, - deyə R.Menninq qeyd edib. Digər tərəfdən, Ağ Evin sözçüsü Sara Sanders gündəlik mətbuat konfransında bildirib ki, Raqqa geri alındığı üçün ölkəsi PKK/YPG-yə etdiyi birbaşa silah yardımına son qoymaq məsələsini dəyərləndirib. "İŞİD-ə qarşı mübarizə nəticə verməyə başladığı zaman plan bu olub ki, müəyyən qruplara təmin edilən dəstək ixtisar edilsin. Hazırda fiziki mənada İŞİD Raqqada məğlub edilir, buna görə də müəyyən qruplara verilən hərbi dəstək dayandırılma mərhələsindədir. Ancaq bu həmin qruplara bütün hərbi dəstəyin kəsiləcəyi mənası daşımır. Məqsəd İŞİD-i məğlub etmək idi. Cəbhədə İŞİD-ə qarşı ciddi addımlar atıldı və irəliləyiş olduğu anda plan hər zaman bu idi, bu plan dəyişmədi”, - deyib.
Beləliklə, bu bəyanatlardan belə bəlli olur ki, Tramp administrasiyasında məsələ ilə bağlı ikitirəlik mövcuddur. ABŞ prezidenti Türkiyənin mövqeyini müdafiə etdiyi halda, Pentaqon terrorçu birləşmələrə silah yardımı göstərməkdə davam edir.
Yeri gəlmişkən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ prezidenti Donald Trampın terror təşkilatı YPG-yə silah verilməyəcəyi sözünü praktikada görmək istədiklərini bildirib.Antalyada görüşlərdə olan M.Çavuşoğlu bu barədə deyib: "D.Tramp YPG ilə bağlı lazımi göstərişlər verib. ABŞ separatçı terror təşkilatı PKK-nın Suriya davamı YPG-nin yerinə, müttəfiqləri ilə əməkdaşlığını gücləndirməlidir. Türkiyə sərhədinə keçən YPG-li terrorçu sayı ortadadır. Onlar hansı silahlarla keçir? O silahlar PKK-lılara necə ötürür? Bu sənədlər də ortada. Bütün bunları ölkə başçımız Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarına çatdırdı. Cənab Tramp da "Mən göstəriş vermişəm, bundan sonra onlara silah verilməyəcək” dedi. Bu cəfəngiyyat çoxdan bitməli idi. Trampın verdiyisözə əməl etməsini gözləyirik. Əslində ABŞ kimi bir ölkənin terror təşkilatları ilə işi olmamalıdır. Çünki ABŞ özü də terrordan çəkib, biz də çəkirik və buna görə terror təşkilatları ilə əməkdaşlıq əvəzinə, müttəfiqlərlə əməkdaşlıq gücləndirilməlidir”.
Öz növbəsində, baş nazirin müavini və hökumət nümayəndəsiBəkir Bozdağ da ABŞ tərəfindən terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-yə verilmiş silahların geri alınmasının vacibliyini dilə gətirib. Bozdağ televiziya kanallarından birinə verdiyi açıqlamada deyib ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığı "dönüş nöqtəsi” olub. Bozdağ Türkiyənin Trampın bu təşkilata daha çox silah verilməməsi barədəki sözlərinin təqibçisi olacağını bildirdikdə, daha əvvəl verilən silahların da geri alınmasının vacibliyini söyləyib. Bozdağ bildirib ki, "Trampın "silah verməyəcəyik” açıqlaması xeyli önəmlidir, lakin tətbiq edilmədikdə, əhəmiyyəti yoxdur, deyilənin yerinə yetirilib-yetirilmədiyini təqib edəcəyik”.
İş adamı Rza Zərrabın ABŞ-da məhkəməsi məsələsinə toxunan baş nazirin müavini deyib ki, "Rza Zərrab qovluğu Türkiyəyə qarşı bir tələdir. Hüquqi əsası yoxdur. 17 Dekabr prosesi - Fətullahçı terror təşkilatının Türkiyə məhkəməsində edə bilmədiyi dövlət çevrilişi təşəbbüsünə hüquqi don geyindirmək istəyinin Amerika məhkəməsi vasitəsilə təkrar görünən yeni bir FETÖ - ABŞ əməkdaşlığıdır. Zərrab ABŞ-a getdimi, aparıldımı - o da ayrı bir mübahisə mövzusudur. Ona "bizim dediyimiz ifadənin altına imza atsan, dərhal sərbəst buraxılacaqsan” deyirlər. Əgər qəbul etməzsə, 35-40-150 il kimi müxtəlif cəzalarla təhdid edilir”.
Yeri gəlmişkən, Böyük Britaniyanın "The İndependent” qəzetinin təcrübəli müxbiri Robert Fisk PKK-nın Suriya qolu PYD-yə ABŞ dəstəyinin tezliklə tamamilə kəsiləcəyini yazıb. O, ABŞ-ın Yaxın Şərqdən geri çəkiləcəyini də söyləyib: "Ya da PYD-çiləri dəstəkləyən çox az sayda ABŞ xüsusi qüvvələri qalacaq. ABŞ həqiqətən də bir "Çeşir pişiyi”nə çevrilib: bəzən gözümüzün qabağından tamamilə itir. Bəlkə də geriyə yalnız bu pişiyin gülümsəməsi qalacaq”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər