• şənbə, 20 Aprel, 07:41
  • Baku Bakı 14°C

Pəncərədən gördüyüm mənzərə həyatımı dəyişdi – Sənət

06.06.15 10:47 3366
Pəncərədən gördüyüm mənzərə həyatımı dəyişdi – Sənət
Kamran Quliyev: “Gündəm naminə hər üsula əl atmaq düzgün deyil. Mənim üçün hörmətli olmaq gündəmdə olmaqdan daha üstündür”

Müsahibimiz Kamran Quliyevi İctimai Televiziya və Radio Yayımları Şirkətində əyləncəli verilişlərin aparıcıs kimi tez-tez görürsünüz. O, “Antrakt” və “Tevebələdçi” kimi verilişləri ilə mütəmadi olaraq sizlərin görüşünüzə gəlir. Siz onu “Eurovision” mahnı müsabiqəsindən də yaxşı tanıyırsınız. Mənimsə onunla tanışlığım məktəb illərinə təsadüf edir. Kamran məktəbimizin futbol komandasında kapitan olmaqla yanaşı, həm də məhəlləmizin ən yaxşı oyunçularından idi. Ötən gün qəzetimizin qonağı olan gənc aparıcıyla söhbətimizə ilk olaraq onu futboldan incəsənətə gətirib çıxaran həyat yolu haqda sualla başladıq.
- Uşaqlıqdan futbola böyük marağım var idi. Məktəbdə, məhəllədə futbol oyunlarında kapitan idim. Bu idman növünə xüsusi marağım olub. Kor bağırsağımdan əməliyyat olunandan sonra valideyinlərim 6 ay futbol oynamağıma icazə verməsələr də, heç 1 ay keçməmiş yenidən futbol oyunlarına gedirdim. Bu da öz acı nəticəsini verdi və əməliyyatımla bağlı problemlər yarandı. Dayım pianinoda gözəl ifa edirdi, mən də ona baxaraq bu musiqi alətinə böyük marağım yarandı. O, “Ala gözlüm” mahnısını çox gözəl ifa edirdi. Mən də içimdəki bu marağa güc gəlib bir il pianino kursuna getdim. Bu bir il ərzində 50-yə yaxın mahnını pianinoda ifa etməyi öyrəndim. Ancaq indi dayımın sevdiyi “Ala gözlüm”-dən başqa mahnı yadımda qalmayıb (gülür). 7-8 siniflərdə depressiyaya düşməyə başladım. Özlüyümdə sual edirdim ki, görəsən gələcəkdə hansı peşənin sahibi olacağam. Özümə bir yol seçib, o istiqamətdə irəliləməli idim. Heç bir məqsədim olmadığı üçün bəzən özümdən acığım gəlirdi. Bir gün mənə alınan kiçik, videoçəkən telefon bütün həyatımı dəyişdi. Həmin telefondakı proqramla getdiyim ərazilərdə kiçik kliplər çəkməyə başladım. Günü-gündən daha maraqlı kliplər, videoroliklər çəkirdim. Beləliklə, qərar verdim ki, gələcəkdə rejissor olacam. Özümü, sevdiyim peşəni tapdığım üçün çox xoşbəxt idim. Axır ki, nə istədiyimi bilirdim. Amma rejissor olmaq istəsəm də, oxumaq sarıdan çətinlik çəkirdim. Etiraf edirəm ki, həmin ərəfələrdə evdə maddi durumumuz yaxşı deyildi. Valideyinlərim oxumadığımı görüb “Əgər istəmirsənsə, oxumaq məcburi deyil” - demişdilər. Bildiyiniz kimi, universitetə qəbul olunmaq üçün repetitor yanına getmək, onların hər birinə də müəyyən qədər pul vermək lazım idi.
Ümumiyyətlə, mən uşaqlıqdan iddialı biri olmuşam. Qarşıma məqsəd qoymuşdum ki, cəmiyyətdə sayılıb seçilən insanlardan biri olacağam. Bunun da səbəbi var idi. Soyuq bir qış günündə qarşımdakı kitaba həvəssiz baxarkən pəncərənin önündə bir mənzərə ilə qarşılaşdım. Şaxtalı hava idi, binamızın qarşısında ustalar ev tikirdilər. Onlar soyuqla mübarizə apara-apara, üşüyərək, əziyyət çəkərək işlərini görürdülər. O insanlar mənə böyük dərs verdilər. O zaman öz-özümə dedim ki, Kamran, ya iki il əziyyət çəkib arzuladığın gələcəyə qovuşacaqsan, ya da iki il kef edib bir ömür boyu bu ustalar kimi əziyyət çəkəcəksən. O gündən sonra sərasər olaraq üzərimdə çalışdım. Nəhayət ADMİU-nun “Estrada rejissorluğu” ixtisasına qəbul oldum. Universitetə qəbul olduğum ilk ildən işləmək, təcrübə toplamaq eşqinə düşmüşdüm. Həmin illər Azər Süleymanovla tanış oldum. Hər zaman qeyd etmişəm ki, mən ondan nümunə götürmüşəm. Onun sayəsində aparıcılıq peşəsinə marağım daha da artdı. Beləliklə, 1-ci kursda oxuyarkən 1 il müxtəlif prodakşın və televiziyalarda pulsuz işlədim. 3 il İctimai Televiziyada rejissor asistenti kimi işlədikdən sonra rəhbərlik işləməyə böyük marağımın olduğunu gördü. Məni ştata götürdülər. İşlədiyim müddət ərzində bədii danışmağa üstünlük verirdim. Bu minvalla efirə çıxdım, “Eurovision” mahnı yarışmasında “Green room”da aparıcı oldum və bunun ardı gəldi. İctimai Televiziyida xəbərlərdən başqa əyləncəli, musiqili verilişlərdə aparıcı kimi çıxış etdim. Bu il də Avstriyada keçirilən “Eurovision” mahnı müsabiqsənin şərhçisi oldum. Hazırda “Antrakt” və “Tevebələdçi” kimi verilişlərdə aparıcı kimi fəaliyyətimi davam etdirirəm.
- Efirə çıxandan sonra həyatında nələr dəyişdi?

- Mənim işə qəbul olduğum ərəfələrdə efirə çıxmaq o qədər də asan deyildi. İndi aparıclıq etmək bir qədər asanlaşıb. Hamı deyirdi ki, efir adamı dəyişdirir. Bundan çox qorxurdum. Efirə çıxanda Allahıma dua edirdim ki, mənə nəzarət etsin, dəyişməyim. Qorxduğum digər məsələ isə geyimim idi. Mən hər zaman rahat geyimə üstünlük verirdim. Geyimimə görə müzakirə obyektinə çevrilməkdən, sözümün yanlış anlaşılmağından qorxuram. Belə şeyləri sevmirəm. Allaha şükürlər olsun ki, bugünə qədər heç kim geyimimi qınamayıb. Heç kim bu günə qədər deməyib ki, Kamran özündənrazıdır və yaxud da ki, efirə çıxandan sonra dəyişib. İnsanlarla səmimi ünsiyyət qururam. Özümü ulduz hesab etmirəm. Sevilməyi daha çox üstün tuturam. Qoy məni 5 nəfər tanısın, amma sevsin. Hörmət-izzət saxlamaq mənim üçün daha vacibdir, nəinki tanınmaq. Kimsə mənə deyəndə ki, sən şou-biznes nümayəndəsisən, sözün əsil mənasında xətrimə dəyir. Çünki mən İctimai Televiziyanı təmsil edirəm. Biz ağzımızdan çıxan hər bir sözün məsuliyyətini daşıyırıq. Həm kənarda, həm də efirdə özümüzü ona lazımi şəkildə aparmağa çalışırıq. İctimai-nin ən gənc aparıcısının belə, nitqi digər kanllarda olan aparıcılardan qat-qat üstündür. Bu sözümdən heç kim inciməsin. Efirə çıxıb “uje” deyə və ya qeyri-etik cümlələr qura bilmərik. Ümumiyyətlə, televiziyanın üç funksiyası var: maarifləndirmək, informasiya vermək və əyləndirmək. Biz bu üç şərtə əməl edirik. Hesab edirik ki, bu yol daha uzun ömürlüdür. Gündəmdə olmaq üçün hər üsula əl atmağı düzgün hesab etmirəm. Mənim üçün hörmətli olmaq gündəmdə olmaqdan daha yaxşıdır.
- Efirə çıxdığın zaman ümidini qıranlar, “səndə alınmayacaq” deyib ruhdan salanlar olubmu?

- Əvvəllər elə komplekslərim var idi. Artıq belə kompleklərdən uzaqlaşmışam. Mənə deyilən hər sözü qəbul edib, depressiyaya düşürdüm. O sözü özümə dərd edirdim. Özümə gələ bilmirdim. Sonra gördüm ki, kimsə qəsdən ürək bulandırmaq istəyir. Misal üçün, “Eurovision” yarışması zamanı şərhçi olanda gecə saat 4-5-də həm nömrəmə, həm də “facebook” səhifəmə mesajlar gəlirdi. O qədər mesajların içində 2 nəfər mənə neqativ şərh yazmışdı. Sonradan düşündüm ki, o qədər yazanların içində 2 nəfərə görə nə üçün kefimi pozmalıyam. Deyirlər ki, aparıcının problemi olsa belə, efirdə göstərməz. Bu o deməkdir ki, aparıcı efirdə oynayır . Ancaq kefim pozulanda özümdən asılı olmur. Bunu göstərirəm, oynamağa çalışmıram. Üzümə gülüş qoyub efirə çıxmıram, belə şeylərdən uzaq qaçıram.
- İfaçılarla çox ünsiyyətdə olursan, onların nazı ilə oynamaq çətin deyil ki?

- Mən heç kimin nazı ilə oynamıram. Efirə gələn ən nazlı qonaqla belə, səmimi, gündəlik həyatda olduğum kimi davranıram. Aparıcı müğənninin nazı ilə o zaman oynayar ki, ondan nəsə umacağı olsun. Jurnalistikada vəziyyət elədir ki, efir öncəsi gərək qonağı yumaşaldasan. Onlara deyirəm ki, bura bizim evimizdir, siz mənim evimə qonaq gəlmisiniz. Bu verilişdə iki səmimi dost kimi söhbət edəcəyik. Bundan əlavə, qonaq qismində dəvət etdiyin ifaçıya verdiyin birinci və ikinci sual elə olmalıdır ki, qonaq verilişə əsəbi gəlsə belə, tam yumşalsın. Sonradan onu acılmaq istəsən belə, o bunu pis qəbul etməyəcək. Mən söhbət etməyi, danışıb-gülməyi sevən adamam.
- Gələcək hədəflərin nələrdir?

- Hər zaman qarşıma məqsəd qoymuşam. Özümə söz vermişdim ki, ya 20 yaşıma qədər efirə çıxacağam, ya da kino çəkəcəyəm. 4-cü kursu bitirənə qədər isə kimsə küçədə görəndə, az da olsa tanımalıdır. 25 yaşıma qədər ingilis dilini təkmilləşdirəcəm. Hələ ki 24 yaşım var. Dil məsələsi məndə bir qədər çətin alınır. 30 yaşıma qədər təcrübəli, ixtisaslaşmış, sözünü demiş biri olmalıyam. Özümü ixtisaslı kadr kimi yetişdirməliyəm.
- Yəni özünü peşəkar hesab etmirsən?

- Öyrənirəm hələ ki. “Peşəkar” bir qədər riskli sözdür. Allaha şükürlər olsun ki, indiyə qədər mənə tapşırılan bütün işləri layiqincə yerinə yetirmişəm və işimlə bağlı heç bir şikayət olmayb. Hər zaman öz üzərimdə çalışıram. Efirə hazırlıqsız çıxmıram.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər