• cümə axşamı, 18 aprel, 19:41
  • Baku Bakı 21°C

Pekində yeni aşkarlanan COVID-19 xarici mənşəlidir

18.06.20 09:15 576
Pekində yeni aşkarlanan COVID-19 xarici mənşəlidir
Pekində yeni aşkarlanan COVID-19 infeksiyasının ştammının Avropada yayılan ştamm ilə eyni olduğu açıq-aşkar görünür. Bu ştamm Çin xaricindən Pekinə gəlib.
AZƏRTACxəbər verir ki, bunun Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş epidemioloqu U Cunyou Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib. Ekspert əlavə edib ki, Avropa ştammı bir çox ölkədə geniş yayılıb. Həmin ştammın Avropaya ABŞ, Rusiya və ya başqa bir regiondan gəlməsi mümkündür. Amma bu ştamma Çində daha əvvəl rastlanılmayıb. Bu baxımdan yeni ştammın Pekinə xaricdən gəldiyini demək olar.
Bildirilir ki, yerli səhiyyə işçiləri Çin paytaxtında bir neçə gün əvvəl yayılmağa başlayan COVID-19 infeksiyasını xaricdən gələn somon balığı satılan mağazadakı ət doğranılan taxta üzərində aşkarlayıblar. Hazırda səlahiyyətli qurumlar Pekində virusun xaricdən gələn dəniz məhsulları və ya ətdən, yoxsa virus daşıyıcısı olan yerli sakinlərdən ərzaqlara ötürülərək yayıldığını araşdırırlar.
Qeyd edək ki, 56 günlük fasilədən sonra iyunun 11-də Pekində Asiyanın ən böyük ərzaq topdansatış bazarı olan "Sinfadi” ilə əlaqəli ilk COVID-19 yoluxması aşkarlanıb. O gündən bəri paytaxtda həmin bazarla birbaşa və ya dolayısı ilə əlaqəli olan 137 yoluxma faktı müəyyən edilib. Paytaxt ilə qonşu olan Xıbey, habelə Siçuan və Liaonin vilayətlərində də "Sinfadi” bazarı ilə bağlı olan yoluxma halları müəyyən edilib.
Şəhər hökuməti virusun yayılmasının qarşısını almaq üçün Pekində fövqəladə hazırlıq dərəcəsini 2-ci səviyyəyə qaldırıb. Bu da öz növbəsində karantin tədbirlərinin sərtləşdirilməsinə əsas olub. Belə ki, paytaxtın bütün təhsil ocaqlarında uşaq bağçalarında dərslər dayandırılıb. Yaşayış məhəllələrinə kənar şəxslərin girişi qadağan edilib, virusun yayılması baxımından yüksək riskli məhəllələrdə isə giriş-çıxış tam dayandırılıb. Paytaxtda yeni növ koronavirusun ocağı hesab olunan "Sinfadi” meyvə-tərəvəz və ərzaq məhsullarının topdansatış bazarında olan şəxslərin, habelə şəhərin orta və yüksək riskli zonalarında yaşayanların Pekini tərk etməsi qadağan olunub. Pekindəki hava limanlarından və dəmir yolu vağzallarından yüzlərlə reys təxirə salınıb. İyunun 15-dən 30-dək olan reyslərə alınmış biletlərin geri qaytarılmasına başlanılıb.
Səlahiyyətli qurumlar mayın 30-dan bəri həmin bazara baş çəkənlərin, orada çalışanların və onların yaxın təmasda olduqları adamların, habelə bazarın ətrafında yaşayanların müəyyənləşdirilərək test edilməsi prosesini icra edir. İndiyədək 356 min nəfər testdən keçib.
banner

Oxşar Xəbərlər