Pediatriya sahəsində tibbi xidmətin keyfiyyətini artıracaq addım
Azərbaycan Tibb
Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr
hazırlığına başlanılacaq. Bu barədə Trend-ə universitetdən məlumat verilib. Bildirilib
ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq
nevroloqu ixtisasları, kadr hazırlığının aparılacağı ixtisasların siyahısına
əlavə ediləcək. Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris
ilindən başlanılacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi
"Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə
ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayı azaldılıb.
Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas
yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib. Yeni
təsnifatda "Bədən tərbiyəsi və idmanda reabilitasiya",
"Fizioterapiya və tibbi reabilitasiya", "Məşqçilik" və s.
adlı yeni səhiyyə ixtisasları yaradılıb. Yeni yaradılan ixtisaslara qəbul
2020-2021-ci tədris ilində aparılacaq.
Bu cür kadr hazırlığının
əhəmiyyəti, başqa hansı sahələrdə ixtisaslaşmanın aparılmasının lazım olduğu
barədə mütəxəssislərin fikirlərini öyrəndik.
Təhsil
eksperti Nadir İsrafilov bildirdi ki, istəsək də, istəməsək də, razılaşmalı və qəbul etməliyik ki,
təhsilin ayrı-ayrı səviyyələri üzrə ixtisaslaşmanın təsnifatında müvafiq
dəyişikliklərin aparılması nəinki lazımdır, hətta vacibdir: "Başqa sözlə desək,
bəzi ixtisasların təsnifatdan çıxarılması, birləşdirilməsi, bəzi hallarda isə
təsnifata yeni ixtisasların əlavə edilməsi, kimin və ya kimlərinsə arzu və
istəyindən deyil, dövrün, zamanın tələblərindən irəli gələn zərurətdir. Bu
baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin bakalavriat
səviyyəsi ixtisaslarının Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12
yanvar tarixli 8 nömrəli, "Ali təhsilin bakalavriat və magistratura səviyyələri
üzrə bəzi ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31
oktyabr tarixli 177 nömrəli qərarında, "Ali təhsilin bakalavriat səviyyəsi
ixtisaslarının Təsnifatı”nın təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi
barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında müvafiq
dəyişikliklər edilib. O cümlədən, "Ali təhsil pilləsində tibb təhsilinin əsas
təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və "Ali təhsilin
bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8
nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarının 1-ci
hissəsi ləğv edilib. Həkim olmasam belə, ATU-da uşaq kardioloqu, uşaq
cərrahlığı, uşaq nevroloqu ixtisasları üzrə kadr hazırlığının aparılacağı
ixtisasların siyahıya əlavə edilməsi, pediatriya ixtisasının alt sahələri üzrə
kadr hazırlığına başlanılması, mühəndislik və texnologiya, kompüter,
informasiya texnologiyaları, aqrar sahədə, təhsil idarəçiliyində yeni
ixtisasların yaradılması qədər əhəmiyyətli ola bilər. Çünki, uşaq və böyüklər
fərqli psixologiyaya, fiziologiyaya və fizionomiyaya malikdirlər. İstənilən
halda, təsnifatdakı dəyişikliklərin nə dərəcədə zəruri olmasını əmək bazarı,
təhsilin keyfiyyətinə təsiri isə zaman müəyyən edəcək”.
Baş pediatr Nəsib Quliyev bu
ildən Səhiyyə Nazirliyi tərəfindən dar ixtisaslar üzrə rezidentura səviyyəsində
mütəxəssislərin hazırlanmasına start verildiyini bildirdi "Bu təcrübə qonşu
ölkə Türkiyədə də tətbiq edilir. Onlar həm ümumi pediatriya, həm pediatriyanın
müxtəlif dar ixtisas sahələri üzrə mütəxəssis hazırlayırlar. Əvvəllər bizdə bu
tip ixtisaslaşma yox idi, amma artıq olacaq. Uşaq kardiologiyası, urologiyası,
nevrologiyası, stomatologiyası üzrə rezidentura səviyyəsində həkimlər
hazırlanacaq. Yəni həkim, bir var, sırf uşaq kardiologiyası üzrə, bir də var
ümumi pediatriya üzrə ixtisaslaşır. Pediatriya çox geniş anlayışdır. Əhalinin
27%-ini, yəni, 3-də birini uşaqlar təşkil edir. Ona görə də, keyfiyyətli tibbi
xidmət üçün bir sahə üzrə ixtisaslaşma daha məqsədəuyğundur”.
Tibb üzrə ekspert Adil Qeybulla da
bu təcrübənin Türkiyədən götürüldüyünü və effektiv nəticələrin olacağını qeyd etdi:
"Qeyd edilən ixtisaslaşma Türkiyə təhsil sisteminin özəyini təşkil edir. Təklif
edirəm ki, oranın həm baza təhsilini, həm də rezidentura səviyyəsindəki təhsilini
nümunə kimi götürsək, çox yaxşı olar. Həm iki ölkə arasındakı əlaqələr,
oxşarlıqlar daha da genişlənər, həm də istənilən tibbi xidməti əldə etmiş
olarıq. Bəzən insanlara pediatriya sahəsi asan gəlir, amma əksinə, ən çətin
sahələrdən biridir. Pediatriyanın özü çox geniş sahədir. Bir pediatr həkimin
həm kardiologiyanı, həm urologiyanı, həm nevrologiyanı eyni səviyyədə bilməsi
mümkün deyil. Yaxşı olar ki, ən xırda sahələrə qədər ixtisaslaşma olsun. Təbii
ki, baza tibb təhsili hamıda eyni səviyyədə olmalıdır. Sonrakı mərhələdə mütləq
şəkildə ixtisaslaşma aparılmalıdır. Tibbin bütün sahələrində bu ixtisaslaşma
aparılmalıdır. Nəticə etibarı ilə isə tibbi xidmətin keyfiyyəti artacaq”.
Günel
Azadə