• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

Paytaxtın tıxac problemi kökündən həll olunur

27.11.14 11:18 2076
Paytaxtın tıxac problemi kökündən həll olunur
Tıxac dünyanın bir çox meqopolislərinin həllində çətinlik çəkdikləri əsas problemlərin sırasındadır. Bakıda tıxac üzündən işə, dərsə, xəstəxanaya gecikmə ənənəyə çevrilib. Vəziyyət o həddə çatıb ki, problem həll etməkdən ötrü hökumət səviyyəsində köklü islahatlar həyata keçirilir. Bir müddət əvvəl Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi belə yeniliklərdəndir. Bu sistemin işləməsi üçün paytaxt ərazisində yüzlərlə kilometr elektrik və fiber-optik rabitə xətləri çəkilib. Amma təəssüf ki, yeni sistem tıxac problemini aradan qaldırmaq üçün yetərli olmadı. Nəticədə bütün dünyada olduğu kimi, Bakıda da parkinq ehtiyacı məsələsi aktuallaşdı.
Bu da səbəbsiz deyil. Çünki nəqliyyat vasitələrinin çoxalması öz növbəsində tıxac problemini meydana gətirir. Təbii ki, tıxaclara səbəblər sırasında, ilk növbədə, yol kənarlarında harda gəldi saxlanılan avtomobilləri misal göstərmək olar. Bu məqamda xatırlatmaq yerinə düşər ki, aprelin 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirmişdi. Dövlət başçısının iradından sözügedən sahədəki problemlərin aradan qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyəti mühüm tədbirlər gördü.
Paytaxt meri Hacıbala Abutalıbov paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi məqsədi ilə “Bakı şəhərində avtodayanacaqların təşkili haqqında” sərəncam imzaladı. Həmin sərəncama müvafiq olaraq, şəhərin küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin, heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv olundu və yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə verildi. Bunun üçün isə sürücülər həmin ərazilərdə quraşdırılan parkomatlardan istifadə etmək məcburiyyətindədirlər. Bu cür parkomatların quraşdırılması dünya təcrübəsində tıxacla ən geniş yayılmış mübarizə üsulu sayılır. Cari ilin son bir neçə ayı ərzində sözügedən sistemin effektivliyini şəhərimizin sakinləri də gördülər. Bakı şəhər İcra Hakimiyyəti ilə Dövlət Yol Polis İdarəsi əməkdaşlarının birgə səyi nəticəsində paytaxtın bir sıra əsas yollarında hərəkət xeyli asanlaşıb. Bundan əlavə, qanuni yolla yaradılmış avtodayanacaqlardan yığılan vəsait indi birbaşa büdcəyə daxil olur. Əvvəllər isə “stoyanşik”lərin yığdıqları pulların kimin cibinə getdiyi müəmmalı qalırdı. Beləcə bu günə kimi kölgədə qalan bir sıra məsələlər üzə çıxmış oldu. Onlardan ən əsası vətəndaşların bir çoxunun heç cürə yiyələnə bilmədikləri sürücü mədəniyyətsizliyidir. Əksər avtomobil sahibləri həvəslə dayanacağa görə pul ödəyib, qəbzi şüşənin arxasına yerləşdirsələr də, onlara elə gəlir ki, “parkovka” üçün ödənilən vəsait qanunsuzdur. Qanuni parkomatların paytaxta gətirilməsindən sonra bu mübahisəli məqam öz həllini tapmış oldu. Belə ki, yerli icra nümayəndələri və yol polislərinin birgə səyi nəticəsində problem aradan qaldırıldı.
Sürücü mədəniyyətindən danışarkən ictimai nəqliyyat sahəsində mövcud olan problemlərə toxunmamaq mümkün deyil. Nədənsə bəzi avtobus sürücüləri idarə etdikləri ictimai nəqliyyat vasitəsinə onlar üçün ayrılmış xüsusi yerlərdə saxlamaq istəmirlər. Onlar hərəkət etdikləri zaman idarə etdikləri ictimai nəqliyyatı heç bir qaydaya məhəl qoymadan istədikləri hərəkət zolağında saxlaya, sərnişini istədikləri yerdə mindirib düşürdə bilərlər. Ən acınacaqlısı isə odur ki, yol polisləri avtobus sürücülərinin bu qəribəliklərinə artıq alışıblar və onların bəzi qayda pozuntularına anlayışla yanaşmalı olurlar. Görünür, avtomobil və ictimai nəqliyyat sürücülərinin yol hərəkət qaydalarına hamının bir nəfər kimi riayət etməli olduğunu dərk etmələri üçün müəyyən zamana ehtiyac var. Eyni sözləri ürəkləri istədiyi vaxt və ürəkləri istədiyi yerdə yol keçməyə vərdiş etmiş piyadalar da aid etmək olar. Bəzi sərnişinlər hətta avtobusu az qala öz mənzilinin qarşısında saxlatmaqdan və tələbinə əməl olunmadığı zaman sürücü ilə əlbəyaxa davaya çıxmaqdan belə çəkinmirlər. Cəmiyyət üçün kifayət qədər böyük önəm kəsb edən bu problemlərin aradan qalxmasından ötrü lazım olan isə zaman və mövcud mexanizmin təkmilləşdirilməsidir. Bu sahədə aidiyyəti qurumlar tərəfindən bütün lazımi tədbirlər görülməkdədir. Artıq Bakı şəhər İcra Hakimiyyəti ödənişli parkovkalarla əlaqədar texniki yeniliklərin tətbiqinə hazırlaşır. Artıq avtomobil sahiblərinə müvəqqəti duracaqlarda maşının saxlanması vaxtının bitdiyi barədə SMS göndərilməyə başlanılıb. Smartfonlar üçün əlavə proqramların tətbiqi də nəzərdə tutulur. Bu yolla sürücülər hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu öyrənə və ödənişləri telefonla ödəyə biləcəklər. Bundan başqa, xüsusi təmassız kartlar da buraxılacaq ki, avtomobil parkomata yaxınlaşdıqda məbləğ avtomatik tutulacaq. Həmin kartlarla balansı doldurmaq və onların vasitəsilə bütün parkomatlarda ödəmə etmək mümkün olacaq.
Necə deyərlər, yaşayarıq görərik. Gördüklərimiz tezliklə paytaxt küçələrində rahat və təhlükəsiz hərəkət edə biləcəyimizi deməyə əsas verir. Bu barədə danışmaq və düşünməyin özü belə insanın qəlbinə rahatlıq gətirir, elə deyilmi?
İskəndər Quliyev,
“Şəffaf Seçkilər” Monitorinq Mərkəzinin direktoru
banner

Oxşar Xəbərlər