• çərşənbə, 24 Aprel, 23:04
  • Baku Bakı 23°C

Payızda Ermənistanda qan axıdılacaq?

29.08.19 18:52 5062
Payızda Ermənistanda qan axıdılacaq?
Ermənistanda keçmiş hakimiyyət üzvlərinə qarşı həbslər, onların sıxışdırılması birmənalı olaraq siyasi gərginliyin yaranmasına səbəb olub. Hətta narazılar öz fikirlərini açıq şəkildə erməni cəmiyyətinə çatdırırlar. Belə ki, Milli Razılıq Partiyasının lideri Aram Arutyunyan bəyan edib ki, Ermənistan hökumətinin qeyri-adekvat addımları erməni xalqına böyük qan hesabına başa gələ bilər: "Paşinyan qeyri-adekvat addımlar atmağa hazırdır. Əgər hökumət binası qarşısında 10 min nəfər toplanıb istefasını tələb edərsə, onun necə davranacağını biz bilmirik. Ermənistanda payızda başlayacaq proseslər nəticəsində hakimiyyətin dəyişməsi isə qaçılmazdır. Ona görə də cəmiyyət bu proseslərə hazırlanmalı və qan axıdılmasından qaçmalıdır”.

Arutyunyan Paşinyana qarşı formalaşacaq yeni birliyə Ermənistanın eks-prezidenti Robert Köçəryanın rəhbərlik edəcəyini deyib.

Görünən odur ki, Paşinyanı və onun formalaşdırdığı hökuməti "isti payız” gözləyir. Belə olan halda Paşinyanın devrilməsi mümkün olacaqmı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, indiki halda Paşinyanın devrilməsi Azərbaycana sərf eləmir: "Biz Paşinyanı ona görə tənqid edirik ki, o, hərdəmxəyal bəyanatlar verir. Dağlıq Qarabağ məsələsində bir gün bir söz deyir, o biri günü ayrı cür bəyanat verir. Avqustun 5-də Xankəndində çıxışı zamanı "Qarabağ Ermənistanındır” deyir, amma bir neçə gün öncə səfirlərlə görüşü zamanı isə bildirir ki, heç kəs Dağlıq Qarabağ münaqişəsinin ilkin yaranma səbəbini bilmir. Buradan məlum olur ki, Paşinyan avqustun 5-də verdiyi bəyanatı artıq unudub. Bundan başqa, baş nazir iqtisadiyyatda uğur əldə edə bilmir, dünyada heç bir nüfuzu yoxdur. Ayın 29-da Polşada beynəlxalq konfrans təşkil olunub və Trampın da orda iştirakı gözlənilirdi. Bu tədbirdə iştirak edən dövlət başçılarından heç biri Paşinyanla görüşmək istəmədiyi üçün sonradan özü də bu konfransa getməkdən imtina etdi. Paşinyan Trampla görüşə can atır, amma nəinki ABŞ prezidenti, ümumiyyətlə, Ağ Ev rəsmilərinin heç biri onunla görüşmək istəmir. Yəni Paşinyan həm daxildə, həm də xaricdə nüfuzunu itirmiş adamdır. Belə bir şəxsin dövlət başçısı kimi fəaliyyəti öz ölkəsinin də nüfuzunun itməsinə gətirib çıxarır”.

M.Əhmədoğlu vurğuladı ki, hazırda Ermənistanda həyata keçirilən həbslər mahiyyət etibarı ilə siyasi həbslərdir: "Paşinyan çalışır ki, effekt yaratmaq üçün bu həbsləri teatrlaşmış şou kimi həyata keçirsin. Bir neçə gün öncə keçmiş maliyyə naziri Qaqik Xaçatryan da həbs edildi. Həmin "super nazir” təxminən iki ay əvvəl oğlu ilə birgə Dağlıq Qarabağda gördüyü işlərə baş çəkmişdi və orada söz vermişdi ki, Qarabağa daha çox maliyyə vəsaiti ayıracaq. Bunun ardınca Xankəndinə səfər edən Paşinyan, Qaqik Xaçatryanın artıq Qarabağda faktora çevrildiyini görüb. Əlbəttə ki, separatçı rejimin rəhbərliyinin dəyişdirilməsi məsələsində keçmiş nazir Paşinyana maneçilik törədə bilərdi. Niyə bir ilə yaxın bir müddətdə keçmiş maliyyə nazirini həbs etmirdi, amma son iki ay ərzində o yadına düşdü? Çünki Paşinyan Qaqik Xaçatryanın Qarabağa investisiya yatırdığını öz gözləri ilə gördü. Ona görə də keçmiş naziri "aradan götürmək” qərarına gəlib. Paşinyan belədir və kim Dağlıq Qarabağa kömək edirsə, onları "əzir”. Misal üçün, götürək Artur Aqabekyanı. Onun pulu da, malı da Qarabağdadır, Ermənistanda və elə Qarabağda 3 silah zavodunun sahibidir. Hətta ona qarşı da cinayət işi açılıb və həbs ediləcəyi gözləniləndir. Yəni biz Paşinyanın fəaliyyətində bu istiqaməti də görməliyik.

Onun payızda devrilməyi məsələsinə gəlincə, bir məqamı qeyd edim ki, Paşinyan Ermənistanda polis rejimi qurub. Fikrimcə, bu payız polis Paşinyanı müdafiə edəcək. Çünki o, baş nazir olan kimi polislərin əmək haqlarını artırdı, onlar üçün müəyyən işlər gördü. Eləcə də Ermənistanın daxili işlər naziri elə Paşinyanın öz adamıdır. Hələ ki, polislər Paşinyandan bezməyib, ondan cana doyan əhalidir. Ona görə də, polis qırğına getsə belə, Paşinyanı hakimiyyətdə saxlayacaq. Əgər polislər əhaliyə qoşulsa, onda Paşinyanın devrilməyindən danışmaq olar”.

Politoloq İlqar Vəlizadə bildirdi ki, müxtəlif siyasi qruplar indi Ermənistanın informasiya məkanında fon yaradırlar: "O cümlədən cəmiyyəti hazırlaşdırırlar ki, guya Ermənistanda müəyyən dəyişikliklər gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyana qarşı çıxış edən qruplar mövcud iqtidara qarşı müqavimət hazırlayır. Amma Paşinyanın devrilməsi barədə gedən söz-söhbətlər hələ ki, tezdir. Çünki Ermənistanda hazırda müxalif qruplar pərakəndə şəkildə fəaliyyət göstərirlər, hər hansı vahid platforma, proqram yoxdur. Hətta "Qarabağ klanı” daxilində belə, işlər heç də göründüyü kimi normal deyil. Ona görə ki, "Qarabağ klanı”nda faktiki olaraq ikibaşlılıq hökm sürür. Hazırda həbsdə olan keçmiş prezident Koçaryan öz ətrafında müəyyən silahdaşlarını, tərəfdaşlarını toplayır. Amma digər tərəfdən rəsmi olaraq "Qarabağ klanı”nı Ermənistan Respublikaçılar Partiyası təmsil edir və onun da sədri Sarkisyandır. Onun ətrafına isə öz adamları, silahdaşları toplanırlar. Koçaryan və Sarkisyanın mövcud komandaları arasında münasibətlərin hansı səviyyədə təşkil olunduğunu hələ bilmirik”.

İ.Vəlizadə əlavə etdi ki, payız aylarında Paşinyana qarşı olan siyasi qrupların birləşməsini və fəallığını görə bilərik: "Amma Paşinyanın devrilməsi haqqında danışmaq hələ tezdir. Digər tərəfdən Ermənistanın baş naziri oturub gözləməyəcək ki, onun əleyhinə çıxış edən qruplar mütəşəkkil şəkildə hansısa kampaniyalar başlasın. Çox güman ki, payız aylarında Ermənistanı yeni həbslər dalğası gözləyir. Əgər Paşinyana qarşı müxalif qruplar arasında təşkilatlanma olsa, "Qarabağ klanı” birləşməyə başlasa, ola bilər ki, baş nazir repressiv addımlar gücləndirsin. Bu repressiv addımların sırasında Sarkisyanın həbs edilməsi istisna olunmur. Yeri gəlmişkən, qeyd edim ki, Sarkisyanın kürəkəni də bu barədə informasiya yayıb”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər