Payız depressiyası: əlamətləri və çıxış yolları - Gənclərə məsləhət
Payız fəslində
insanların təxminən hər 5 nəfərindən biri özünə qapanaraq müxtəlif psixoloji
hallar yaşayır. Görəsən, nəyə görə biz payızda darıxır, özümüzü pis hiss
edirik? Payız depressiyası haqda alimlərin və həkimlərin maraqlı fikirləri var.
Onlar düşünür ki, orqanizmdə vitamin çatışmazlığı və az hərəkətli həyat tərzi
bu psixoloji vəziyyəti yaradır. Bəziləri düşünür ki, biz sadəcə, məzuniyyətə
çıxmaq üçün düzgün vaxt seçmirik.
Arizona ştatının Tibb Universitetinin tədqiqatçılarının
fikrincə isə, həddindən artıq nəmişlik, evdəki hörümçək torları depressiyaya gətirib
çıxarır.Torpaqdan bizim mənzillərimizə düşən zəhərli
mikroskopik göbələklərin rüşeymləri isti və nəm otaqlarda asta-asta yığılır və
artır. Bu allergiyaya, təngnəfəsliyə, baş ağrısına, göz və dəri xəstəliklərinə
və s. gətirib çıxara bilər. Nəmişlik yuxuya mənfi təsir edir, iştahanı azaldır
və insanın əhvalını pozur. Bunlar da depressiyanı yaradan əlamətlərdəndir.
Depressiya insan psixikasını pozan çox ciddi xəstəlikdir. Mövsümi depressiyanın əsas əlamətləri 2-3 həftə
boyunca istəksizlik, diqqəti toplaya bilməmək, səhər yuxudan yorğun oyanma,
pessimizmə qapılmaq, heç nədən zövq ala bilməmək, iştah pozğunluqları, həddindən
artıq durğunluq və gərginlikdir. Bəs bu depressiyada necə çıxmaq olar?
Psixoloq
Aytən Əliyeva deyir ki, depressiya mövsümündən asılı
olaraq dəyişir: "Payız depressiyasına
düşən insanlar daha çox həyəcanlı, yatmağa meylli olur. Gecələr uzandıqca,
gündüzlər qısaldıqca insanlar yatmağa öyrəşir. Tez durmaq, işə tez başlamaq
onlarda həyəcan yaradır. İstər-istəməz beyin işə getmək lazım olduğunu qəbul edə
bilmir. Və beləcə, insan hər şeydən soyuyur. Günə hansı işdən başlayacağını
bilmir. İş rejimi ona çətin gəlir. Bundan başqa, hava dəyişikliyi də
depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə, istidən soyuğa keçdikcə müəyyən
xəstəliklər meydana gəlir. Xəstəliklərin depressiyası payızda özünü göstərir. Həmçinin,
yaşla əlaqədar depressiyaya da düşmək olur. Məktəblilərdə və yaşlılarda fərqli
olur. Yaşlılarda payızın gəlişi evə qapanmaq kimi fikir yaradır. Gənclərdə isə
dərslərin başlaması, məsuliyyətin artması depressiyaya səbəb olur”.
Müsahibimiz bildirir ki, bunlar müvəqqəti
depressiya olduğu üçün özü zamanla keçir. Amma insanın özü də depressiyadan
çıxmağa cəhd göstərməlidir. Mən bunu edə bilərəm, mən bunu bacaracağam kimi
sözlərlə özünü motivasiya etməlidir. Beləliklə,
problem öz-özünə həll olunacaq”.
Günel Azadə