• cümə, 19 Aprel, 05:35
  • Baku Bakı 18°C

Patrik Modianinin Nobel mükafatının təqdimatı mərasimindəki məruzəsi

07.12.15 11:23 1464
Patrik Modianinin Nobel mükafatının təqdimatı mərasimindəki məruzəsi
Əgər fikrimi sadə sözlərlə çatdırası olsam, belə deyə bilərəm ki, bu gün aranızda olmaqdan çox xoşbəxtəm, qürur hissi keçirirəm və Nobel Ədəbiyyat mükafatına məni layiq gördüyünüz üçün sizə hədsiz minnətdaram.
Həyatımda ilk dəfədir bu qədər böyük izdihamlı auditoriya qarşısında çıxış edirəm və buna görə də bir qədər həyəcanlıyam. Nədənsə həmişə yazıçı üçün belə bir nitq söyləməyin olduqca asan olduğu və çıxışın təbii şəkildə davam edib, irəlilədiyi düşünülür. Halbuki yazıçı – ya da ən azından bir roman yazarı – söz ilə çox çətin münasibət qurur. Üstəlik çıxış etməklə yazmaq arasındakı akademik fərqləri də nəzərə alası olsaq, yazıçı “şifahi”-dən çox, “yazılı” istedada malikdir. Roman yazarları susmağa öyrəşiblər, əgər hansısa yeni bir atmosferə qoşulmaq istəyirlərsə, kütlənin arasında əriyərək, çoxluğa qarışırlar. Hiss etdirmədən danışılanları dinləyir, əgər mühitə qarışmağa çalışırsa, bu özünə lazım olan cavablardan əmin olmaq üçün sual verməyə məcbur qaldığındandır. Yazanda istədiyi sözün üzərini qaralamağa vərdiş etdiyindən yazarların sözü hər zaman tərüddüdlü olur, qeyri-əmin tərzdə deyilir. Yalnız bir neçə düzəlişdən sonra yazarın tərzi daha büllur görünür. Amma belə yerlərdə söz veriləndə utancaqlığımızın üstünü qaralamaq kimi şansımız olmur.
Bir də ki mən nadir hallarda, o da ancaq icazə alardıqsa, uşaqların söz deməyinə icazə verilən nəslə aidəm. Hətta o şərt daxilində belə uşaqların dediklərinə fikir verilməz və tez-tez sözləri kəsilərdi. Bu kimi səbəblərin nəticəsidir ki, bizim nəslin çoxu xitabət sənətində qısırdır. Bəzən çəkingənliklə, bəzən isə olduqca sürətlə danışmağın da səbəbi sözümüzün kəsiləcəyi qorxusundan yaranıb. Bir çoxları kimi mənim bu yazmaq arzumun da uşaqlıqdan yarandığı, söz demək ehtiyacından qaynaqlandığı şübhəsizdir. Belə olduğu təqdirdə müdaxilə etmədən dinləyəcəkdilər və nə daşıdığımı nəhayət ki, anlaya biləcəkdilər.
“Roman yazarı heç vaxt öz oxucusu ola bilməz”
Bu mükafatın elanı mənə nədənsə həqiqət deyilmiş kimi gəldi və niyə məni seçdiyinizi bilmək üçün səbirsizlənməyə başladım. O gün roman yazarının öz əsərlərinə qarşı nə qədər kor olduğunu, oxucularının yazdıqları haqqında yazıçının özündən çox şey bildiyini əvvəllər heç hiss etmədiyim qədər hiss etdim. Roman yazarı heç vaxt öz oxucusu ola bilməz, sadəcə əlyazmalarındakı söz sırası xətalarını düzəldib, təkrarları ya da artıq bir paraqrafı silə bilər. Rəssamın yatağına uzanıb xəyalında tavana çəkdiyi rəsmin bütün freskaların hər bir detalı üzərində işləməsinə, portret üzərində qəlbən, ürəklə işləməsinə baxmayaraq, ona tam hakim olmadığı kimi, yazıçı da kitabları haqqında sadəcə dumanlı və qismən təsəvvürə sahibdir.
Yazmaq təkbaşına görülən qəribə işdir. Bir romanın ilk səhifələrini yazarkən cəsarətinizin qırıldığı anlar olur. Hər keçən gün yanlış yolda irəlilədiyiniz hissinə qapılırsınız, təlaşa düşürsünüz. Həmin anlarda geriyə qayıdıb fərqli bir yola adlamaq fikrinin cazibəsinə aludə ola bilərsiniz. Əslində isə bu mənəvi fərqə, yol ayrıcına ilişib qalmamalısınız, yola dayandığınız yerdən davam etmək lazımdır. Bu, avtomobildə sükan arxasında olmaq kimidir, qışın ortasında, gecə vaxtı buzlu yolda görmə məsafənizi itirmiş kimi olursunuz. Başqa seçiminiz də yoxdur, çünki geriyə dönə bilməzsiniz, öz-özünüzə dumanın mütləq çəkiləcəyini, çiskinin dağılacağını, tezliklə daha aydın, sabit görüntüyə çatacağınızı qəbul etdirirsiniz, bilirsiniz ki, yola davam etməlisiniz.
Bir əsərin tamamlananda onun sizdən ayrılıb uzaqlaşmağa və hal-hazırda tətildən bir gün əvvəl dərsə gedən uşaqlar kimi müstəqilliyin havasını içinə çəkməyə başladığını zənn edirsiniz. O uşaqlar ki daha səs-küylü, dəcəl olur, müəllimlərin sözünü eşitmirlər. Hətta son paraqraflara gələndə kitabın azadlığını əlinə almaq üçün sözə qarşı düşməncə davrandığını da iddia edə bilərəm. Son sözlər üzərində işləyərkən kitabın sizi tərk etdiyini açıq-aydın hiss edirsiniz. Artıq o bitib, tamamlanıb, sizə ehtiyacı yoxdur, sizi unudub. Bu nöqtədən sonra o milyonlarla oxucunundur. O anda nəhəng boşluğa düşür insan və tərk edilmişlik duyğusu ilə qıvranmağa başlayır. Bundan başqa kitabla aranızda formalaşan və çox sürətlə unudulan doğmalıq səbəbindən bir növ qeyri-məmnunluq, natamamlıq da hiss edə bilərsiniz. Bu natamamlıq və yerini ala bilməmiş şeylərin olduğu hissi yenidən həyat məmnuniyyətini və tarazlığı tapmağınız üçün sizi növbəti kitaba səsləyir. Amma bu duyğunun sonu yoxdur, ona görə də sonunadək gedə bilməzsiniz. İllər keçdikcə kitablar artar və oxucular onlar haqqında danışarkən “külliyyat” kəliməsindən istifadə edərlər. Amma sizin aləminizdə bu uzun və sonsuz bir yoldur.
Bəli, oxucu kitab haqqında yazıçının özündən daha çox şey bilir. Romanla oxucu arasında rəqəmsal fotoaparatlar çıxmadan əvvəlki zamanlarla anoloji bir mərhələ keçir. Qaranlıq otaqdan çıxdığı andan etibarən şəkillər yavaş-yavaş aydınlanmağa, öz rənglərini almağa başlayır. Bir romanı oxumağa davam etmək də eyni kimyəvi mərhələdən keçir. Ancaq yazıçı və oxucu arasında əlaqə yaranması üçün oxucunu qətiyyən məcbur etmək olmaz – bu isə müğənniyə səsini gücə salmamasının tövsiyə olunması kimidir. Yazıçının tərzini və istedadını səssizcə əhliləşdirməsi, kitabın oxucuya nüfuz edə bilməsi üçün zaman və yer verməsi məsələnin həlledici nöqtəsidir. Bu da akupunktura kimidir, bambaşqa bir sənətdir, iynəni olduqca dəqiq görünən yerə batırmağınız kifayətdir ki, bütün sinir sisteminə təsir və nüfuz edə bilsin.
“Hər yeni kitab özündən əvvəlkinin izlərini silər”
Roman yazarı və oxucu arasındakı bu məhrəm və tamamlanmış münasibətin məncə başqa bir oxşarı da musiqi sahəsində var. Hər zaman yazmağın musiqiyə yazın olduğu fikrində olmuşam. Amma ədəbiyyat musiqi qədər saf incəsənət növü deyil. Hər zaman bizdən daha üstün incəsənət növü ilə məşğul olduqları üçün musiqiçiləri və musiqiçələrə roman yazarlarından daha yaxın olduqları üçün də şairləri həmişə qısqanmışam. Uşaqlıqda şeir yazmağa başlamışdım və məhz o şeirlər sayəsində hardan oxuduğumu bilmədiyim bu ifadənin mənasını dərk etmişdim: “Pis şairlər olmasa, yaxşı yazarlar da olmazdı”. Ədəbiyyatın musiqi ilə müqayisəsinə davam etsək, yazarın bir kitabından digərinə keçiddə bir mahnıda təkrar ritmlər istifadə edən uğursuz bəstəkar olduğunu görərik – eyni xarakterlər, bilinən yerlər, oxşar təsvirlər... Beləcə roman yazarında saf bir musiqiçi ola və Şopenin “Noktrinalar”-ını bəstələyə bilmədiyi üçün dərin peşmanlıq hissi baş qaldırar.
Roman müəllifinin öz külliyyatı qarşısındakı dərk acizliyi və tənqiddən uzaqlıq həm öz vəziyyətimdə, həm də başqalarının keçdiyi mərhələdə müşahidə etdiyim bir məsələ ilə özünü büruzə verir: hər yeni kitab yazılmağa başladığı andan özündən əvvəlkini yerli-dibli silir. Məsələn, mən yeni kitaba başlayanda əvvəlkini unuduram. Kitablarımı ara vermədən, bir-birinin ardınca, biri digərini izləyən dərin unutqanlıqla yazdığıma inanırdım. Vaxt-bivaxt eyni surətlərin, bənzər adların, məkanların, bəzən isə oxşar cümlələrin təkrarlandığını görürdüm. Belədə əsərlərim yarıyuxulu halda toxunduğu üçün bir-birinə bənzəyən xalça teksturalarına xatırladırdı. Bu hardasa “yarı yuxulu” vəziyyət və ya “oyaqkən görülən yuxu” kimi bir şeydir. Roman yazarları məhz belə adamlardır – lunatiklər. Yazıçı yazmalı olduqlarının dərininə endikcə insana elə gəlir ki, bir lunatikə aid olan küçədə bilmədən onu tapdayıb, əzib keçəcək. Halbuki evlərin damında gəzən və heç vaxt ayağı sürüşüb boşluğa düşməyən lunatiklərin olduğu da həqiqətdir.
Nobel mükafatının anonsunu müşayiət edən yazıda sonuncu dünya müharibəsinə işarə edən bu cümlə diqqətimi çəkdi: “İşğal dövürlərinin sirli örtüyünü qaldıran yazıçı”. Mən də 1945-ci ildə doğulanların hamısı kimi “müharibə uşağı”-yam, daha dəqiq sözlərlə ifadə etməli olsam, doğum yerim Paris olduğu üçün mən “müharibə illərinin Parisində doğulmaq məcburiyyətində qalan uşaq”-am. Haqqında söhbət açdığım Parisi yaşayan insanlar o günləri sürətlə unutmağı, ya da sadəcə daha yaxşı olanı – gündəlik detalları xatırlamağı, normal həyatın əvvəlkindən, yəni adi zamanlarda olduğundan çox da fərqli olmadığını qəbul etməyi seçdilər. Həyatda qalanlar üçün həmin zamanlar qorxulu yuxu və ya bir növ vicdan əzabı kimi yaşandı. Daha sonra dövrün uşaqları – yəni biz, həmin mərhələni və o zamanların Parisini sağ-çürük etməyə başlayanda valideynlərimiz bilinən, əzbərlənmiş cavablar verməklə kifayətləndilər. Ya da o qaranlıq illəri hafizələrindən sıyırıb atmaq və yaşananları gizləmək üçün sualları adi şeylərdən danışırmış kimi sükutla cavablamağı üstün tutdular. Halbuki ata-analarımızın sükutuna baxmayaraq, biz bütün olanları sanki özümüz yaşamış kimi bilirdik”.
“İşğal illərinin Paris”-i “öz varlığından qaçan” bir şəhərdir
İşğal illərinin Parisi qəribə şəhər idi. Görüntüdə həyat “əvvəlki kimi” davam edirdi, teatrlar, kino mərkəzləri, musiqi studiyaları və restoranlarının qapıları açıq idi. Radioda mahnılar səsləndirilirdi. Hətta müharibədən öncəki zamanlar ilə müqayisədə kinozal və teatrların daha çox izləyicisi var idi, sanki bu yerlər insanların bir-birlərini tapıb, çöldəki həyatdan gizləndikləri və özlərini təhlükəsizlikdə hiss etdikləri sığınacaqlar idi. Halbuki maşınların olmaması kimi incə detallar Parisin əvvəlki Paris olmadığını pıçıldayırdı, səssiz bir şəhər idi artıq Paris. Bu elə bir sükut idi ki, ağac budaqlarının qıcırtılarını, at nallarının çıxardığı səsləri, bulvarlardakı insanların ayaq səslərini və insanların uğultularını eşidə bilərdiniz. Küçələrin səssizliyində, qışda saat beş olmamış düşən və pəncərələrdə xırda şam işığının belə qadağan olunduğu zülmət gecələrdə bu şəhər özündən belə qaçırdı. İşğalçı nasistlərin dediyi kimi “görünməz şəhər” idi artıq Paris. Yetkinlər və daha aşağı yaşlarda olanlar heç bir iz qoymadan bir anda yoxa çıxa bilər, dost məclislərində hər şey ağızucu danışılar, dərin bir təhdid atmosferi olduğundan söhbətlərdə heç kim ürəklə danışmazdı.
Hər an bir satqınlığın, yaxud metrodan çıxarkən qarşılaşa biləcəyiniz polis axtarışının qurbanı olmaq təhlükəsinin hökm sürdüyü bir kabusun Parisində adi vaxtlarda əsla qarşı-qarşıya gəlməyəcək insanlar təsadüfən qarşılaşır, küçəyə çıxmaq qadağası tətbiq olunan günlərin kölgəsində səhərisi gün görüşə biləcəkləri belə şübhə altında olan cütlüklər arasında keçici, faciəvi eşqlər yaşanırdı. Adətən sabahları olmayan bu qaçaq görüşlərin, uğursuz qarşılaşmaların sonrasında işğal dünyasında uşaqlar doğulurdu. Məhz bu səbəblərdən işğal illərinin Parisi mənim üçün hər zaman “xüsusi gecə” olub. O olmasaydı, mən də olmazdım. Haqqında danışdığım Paris heç vaxt mənim arxamca sürünməkdən əl çəkmədi və onun öləziyən işığı kitablarımın yolunu aydınlatdı.
Hər nə qədər birbaşa formada hansısa siyasi hərəkata qoşulmasa da, hətta tək başına “Fildişi qalası”-nda yaşadığını, hər şeydən təcrid olunduğunu iddia etsə də, hər yazıçının ürəyi inkar edə bilməyəcəyi şəkildə doğulduğu zaman və yaşadığı məkanın ruhu ilə döyünür. Lap şeir də yazırsa, yenə də yaşadığı zamanın, dövrün izləri misralarına hopur, başqa bir zamanda doğulan şairlərin əsla yaza bilməyəcəyi sətirləri yazır.
Bu mənada nəhəng ədiblərdən irlandiyalı Yeatsin “Koolda yabani qu quşları” (“The wild swans at Coole”) ədəbi mətni məni ən çox təsirləndirən nümunələrdəndir. Yeats hər zaman getdiyi parkın hovuzunda üzən qu quşlarını seyrə dalır:

“İlk dəfə saydığımdan bəri
Keçən on doqquzuncu payızım;
Gördüm, hamısının anidən uçub getdiyini
Saymağım yarımçıq qalmışdı.
Şaqqıldayan qanadları ilə yüksəldilər,
Böyük dairələr çəkərək, dağıldılar.
O parıltılı canlıları seyrə daldım,
Artıq kədərlərlə doludur ürək.
Hər şey dəyişdi bu alatoranda,
Başımın üstündə çırpınan qanadları ilk dəfə dinləyərək,
O sahildə yüngül addımlarla gəzindiyim gündən bəri”.

XIX əsr poeziyasında, məsələn, Bodlere, yaxud Mallarmedə də tez-tez rast gəlinən ədəbi obyektdir ququşları. Amma Yeatsin bu şeiri o əsrdə yazıla bilməzdi. Özünə xas ritmi və melanxoliyası ilə XX əsrə hətta daha dəqiq desək, yazıldığı ilə aiddir bu şeir.
Bəzən XXI əsr yazarı da özünü öz dövrünün dustağı kimi hiss edə bilir və XIX əsrin Balzak, Dikens, Tolstoy, Dostoyevski kimi nəhəng roman yazarlarını oxuyarkən bir növ nostalgiyaya qapıla bilər. O dövrdə zaman bugünkündən çox yavaş axırdı, bu rahatlıq, astagəllik müəllifin işinə yarayırdı, enerjisini və diqqətini daha yaxşı toplaya bilirdi. O gündən bu günə zamanın sürəti artdı və hər şey qaydasız bir şəkildə irəliləməyə başladı. Kilsə memarlığından tanış olduğumuz keçmişin roma üslubunda tamamlanmış teksturaları ilə bu günün davamı olmayan və hissələrdən ibarət olan əsərləri arasında fərqi yaradan da məhz budur. Bu aspektdən baxanda mən ara nəslə aidəm. Hamının durmadan “xətdə” olduğu “sosial şəbəkələr”in yaxın zamanlara kimi bizim üçün əhəmiyyətli zənginlik sayılan və insan həyatına dərinlik qatan məhrəmliyi yerlə-yeksan etdiyi və bu vəziyyətdə böyük roman mövzusu ola biləcək bir dünyanı internet, mobil telefon, elektron poçt və tvitterlərlə doğulan sonrakı nəsillərin ədəbiyyat yolu ilə necə ifadə edəcəyini həqiqətən görmək istəyərdim. Bu mənə çox maraqlıdır. Yenə də ədəbiyyatın gələcəyi mövzusunda optimist olmaq istəyirəm və gələcəyin yazarlarının Homerdən bəri hər yeni nəslin etdiyi kimi özündən əvvəlki nəsildən bayrağı məmnuniyyətlə alacağına inanıram.
Bundan başqa bütün incəsənət adamları kimi hər yazıçı da aid olduğu dövrə möhkəm bağlarla bağlıdır. O dövrdən ayrı nəfəs ala bilməz və “zamanın ruhu”ndan qaçıb qurtula bilməz. Buna baxmayaraq hər yazıçının əsərində dəyişməz, əbədi tərəf də vardır. Racinein, ya da Şekspirin pyeslərində obrazlar istər tarixi kostyumlar geysinlər, istərsə də hansısa rejissor onları şalvar və dəri pencək ilə səhnəyə çıxarsın, nəticə dəyişməz. Çünki bunlar ədəbiyyat üçün əhəmiyyətsiz detallardır. Tolstoyu oxuyanda 150 il sonra belə Anna Karenina bizə olduqca doğma və tanış gəlir, onun 1870-ci illərdə nə geyindiyini xatırlamarıq belə, heç bizim üçün maraq da kəsb etməz. Həm də ki Edqar Allan Po, Melvil və ya Stendal kimi bəzi yazarlar da ölümlərindən iki əsr sonrakı oxucuları tərəfindən yazdıqları zamanlardakından daha yaxşı anlaşılıblar.

“Tolstoy təsvir etdiyi səmalarla gördüyü mənzərəni bir-birinə qarışdırır”

Nəhayət, roman yazarı öz əsərinə hansı məsafədə dayanır? O, təsvir etməyə hazırlaşdığı əsərin harasındadır? Çünki əgər həyata çox girişmisinizsə, yəni yaşamaq prosesinə, həyat haqqında beyninizdə anlaşılmaz məfhumlar olur. Amma yazarın həqiqi, həyati qəhrəmanlara və uydurma obrazlara bir addım məsafədə olması onlarla zaman-zaman özünü eyniləşdirə bilməsinə imkan verir. Flober “Madam Bovary mənəm” demişdi. Və Tolstoy Rusiyanın qatar stansiyasında özünü relslərin üzərinə atmış qadını gördüyü anda özünü onunla eyniləşdirmişdi. Bu eyniləşdirmə istedadı onda o qədər inkişaf edir ki, Tolstoy təsvir etdiyi səmalarla gördüyü mənzərəni bir-birinə qarışdırır. Bu onun xarakterinə o qədər dərin nüfuz edir ki, Anna Kareninanın o anda kiprik çalmasını, nəfəs alıb-vermə məsəfəsini belə təsvirinə qata bilər. Bu ikili mövcudluq, varlıq narsizmə ziddir, hərçənd yazıçı bir tərəfdən işi özünü belə unutmağa qədər çatdırsa da, digər yandan ən xırda detala belə diqqət kəsildiyi üçün bütün mənliyi, varlığı ilə yazdığına hakim kəsilir. Bu ruhi hal yazıçını həm də tənhalaşdırır. Bunu öz içinə qapanma olaraq yox, yazıya beynin və ruhun bütün yaddaşını tökə bilmək üçün xarici dünya qarşısında tam diqqət kəsilmək və bütöv qavrayış qabiliyyətini əsərə yönləndirməyə çalışmaq kimi düşünməliyik.
Hər zaman şair və yazarların gündəlik həyatda gizli qalmış kimi görünən varlıqlara, sıradan görünən şeylərə qəribə bir sehr, cadu qatdıqlarına inanmışam. Buna görə də düşünürəm ki, yazıçılar baş verən hadisələri tilsimlənmiş kimi dərin bir diqqətlə müşahidə etməlidirlər. Onların müşahidə edən baxışları altında həyat özünü açır, sanki dərinliklərdə gizlənən və ilk baxışda görünməyən şeylər par-par parıldamağa başlayır. Bu, roman yazarının və şairin, eyni zaman bir rəssamın da həyatdakı əsas roludur: hər insanın ən dərinində yatan sehri və parıltını aydınlığa çıxarmaq. Bunu deyəndə uzaq qohumum və çəkdiyi ən həyəcan verici tablolarının sadə insanların, küçədə rastlaşdığı qadın və uşaqların, xadimələrin, əkinçilərin, usta köməkçilərinin portretləri olan Amedeo Modiqlianini düşünürəm. Bu tabloları Boticellinin və “Quattrocento” adı da verilən XV əsr Sienalı rəssamların daxil olduğu qrupun məşhur Toskano ənənələrini xatırladacaq şəkildə kəskin xətlərlə çəkib. Tablolarda sadə və təvazökar görünüşləri ilə çəkdiyi bu insanlara tamamlanmış zadəganlıq və zərafət qazandırıb, ya da daha doğrusu, onsuz da sahib olduqları bu keyfiyyətləri ortaya çıxarıb. Bu, bir roman müəllifinin də görməli olduğu işdir. Xəyal gücü həqiqəti təhrif etməkdən çox, lazım gələrsə, qızıldan da parlaq və ultrabənövşəyi şüaların da gücündən yararlanaraq, görünənin arxasında gizlənənin dərininə nüfuz etməyə cəhd göstərməli və mövcud həqiqəti işığa çəkməlidir. Hətta bu baxımdan yazarın bir münəccimdən və ya könül gözü ilə görə bilən bir mistikdən çox da fərqi olmadığını iddia etməkdən də çəkinmirəm. Bəlkə də yazarın hiss edilməyən minimum manevrli hərəkətləri belə qeydə ala bilən bir seysmoloq olduğunu da iddia edə bilərik.
Hər zaman əsərlərini heyranlıqla oxuduğum yazarın həyat hekayəsini oxumadan öncə qəribə tərəddüd yaşayıram. Bioqrafiya müəllifləri bəzən kiçik incəliklərə, bəzən ancaq bir nəfərin şahidlik elədiyi hadisələrə, yazıçı ilə bağlı təəccüblü, ya da təəssüf doğuran fərdi keyfiyyətlərə köklənirlər. Bütün bunlar isə mənə radioda çoxdan eşitdiyimiz və musiqi ilə mahnının sözlərinin hiss edilməsinə mane olan korşalmış səsləri xatırladır. Sadəcə yazarın kitablarının oxunması, bizi onun məhrəm tərəfinə aparır və bir yazıçı ancaq əsərlərində tamamilə özüdür, kitablarında yazıçı xarici təsir altında olmadan bizimlə birbaşa və pıçıltıyla danışa bilir.
Amma bir yazıçının bioqrafiyasını oxuyanda uşaqlığını gözümüz önündə canlandıran, gələcək əsərlərinin də mövzusuna çevriləcək, ancaq özünün belə tam şüurlu şəkildə dərk edə bilmədiyi hansısa hadisəni kəşf edərik. Bizim fərqinə vardığımız bu vacib hadisə müxtəlif forma və təzahürlər altında tez-tez əsərlərinə təsir edir. Bu gün düşünəndə əslində yazıçı yox, rejissor olan, ancaq filmləri təsirlilik baxımından əsərlərindən heç də geri qalmayan Alfred Hiçkok yadıma düşür. 15 yaşında olarkən atası Hiçkoku komissar dostuna yazdığı məktubu çatdırmağı tapşırır. O da gedib məktubu atasının dostuna verir və komissar uşağı polis şöbəsində, adına nəzarətxana deyilən və içində hər cür cinayətkarın olduğu dəmir barmaqlıqlarla hörülmüş yerə saldırır. Başına gələnlərdən dəhşətə düşən uşaq bir saat orada qalır. Sonra atasının dostu komissar gəlir: “Bax belə, əgər həyatda yaxşı olmasan, başına nələrin gələcəyini artıq bilirsən” – deyir və onu oradan çıxarır. Həqiqətən də çox qəribə və yad təlim-tərbiyə texnikasına sahib olan komissar birmənalı şəkildə Alfred Hiçkokun bütün filmlərində gördüyümüz tərəddüd, qorxu və şübhəli ab-havanın qaynağıdır.
Sizi şəxsi həyatımdan danışmaqla yormaq istəmirəm, amma əminəm ki, uşaqlığımın bəzi hissələri çox sonralar kitablarımın ilham mənbəyi olub. Tez-tez valideynlərimdən ayrılır, uzaq düşürdüm - məni əmanət etdikləri və haqlarında heç nə bilmədiyim ailə dostlarının yanında, hər dəfə dəyişən və müxtəlif evlərdə, ünvanlarda yaşadım. Yaşadığı günlərdə heç bir uşaq olanlara təəccüblənmir, hətta heç öyrəncəkli olmadığı situasiyalar belə getdikcə ona olduqca normal gəlir. Mənim uşaqlığım da mənə çox sonralar təəccüblü göründü və bunun fərqinə vardıqdan sonra yanında yaşadığım insanlar və həyatımın durmadan dəyişən dekorları haqqında daha çox fikir sahibi olmağa başladım. Amma nə bu insanların çoxunun kim olduğunu, nə də uzaq keçmişə aid olan o evlərin olduğu yerlərin xəritənin harasına düşdüyünü öyrənə bildim. O gizli mərhələni aydınlığa çıxarmaq, həyatımın sirlərinə bir qapı açmaq istəyi və bunun öhdəsindən heç cür gələ bilməmək məndə yazmaq arzusu oyatdı. Bəlkə də yazmaq və təxəyyül gücü bu ovsunlu zamana işıq tutmağıma kömək ola bilərdi.
Və “ovsun” söhbət mövzusu olduğu üçün, deyəsən, nəsə qəfil səslənişlə ağlıma XIX əsrdə işıq üzü görmüş bir romanın adı gəldi: “Parisin ovsunları”. Böyük şəhər, doğulduğum Paris ilk uşaqlıq xatirələrimdə məxsusi yer təşkil edir və uşaqlıq müşahidələrim o qədər qüvvətli olub ki, o günlərdən bəri “Parisin ovsunları”nı araşdırmaqdan əl çəkmədim. Doqquz-on yaşım olardı, itməkdən, yolu azmaqdan qorxmağıma baxmayaraq, təkbaşına gəzməyə çıxardım, hər dəfə bir az daha uzağa, Sena çayının sağ tərəfində heç tanımadığım yerlərə qədər gedərdim. Gündüzlər gəzərdim, işıq məni sakitləşdirirdi. Yeniyetməlik illərimdə içimdəki “itmək” qorxusuna qalib gəlmək üçün çabaladım və bu macəraya gecələr atılmağa, metro ilə daha uzaq yerlərə qədər gedib, oraları gəzməyə qərar verdim. Bir şəhəri belə kəşf edirlər və bu mənada heyran olduğum yazıçıların bir çoxunun yolunu izləyərək deyə bilərəm ki, XIX əsrdən bəri – adının Paris, London, Sankt-Peterburq və ya Stokholm olmasının fərqi yoxdur – yazıçılarının əsərlərinin ana xətlərindən biri, hekayələrin əsas təsvir səhnəsi məhz bu gəzintilər üzərində qurulub.
Edqar Allan Po “İzdihamların adamı” hekayəsində oturduğu kafelərin pəncərələrindən müşahidə etdiyi və səkilərdə bir-birinin ardınca sanki sonsuz yürüyüşə çıxmış kimi görünən bu insan izdihamının təsvirinə ən mükəmməl şəkildə nail olmuş yazardır. Həmin hekayədə qəribə görünüşlü, yaşlı kişi təhkiyəçinin diqqətini çəkir. Təhkiyəçi onun haqqında məlumat əldə etmək üçün bütün gecəni Londonun müxtəlif yerlərində bu adamı izləyir. İşin əcaib tərəfi odur ki, bu adam “İzdihamların adamı”-dır və onu izləmək əbəsdir, çünki o hər zaman yad və uzaq insan olaraq, qalacaq və onun haqqında nəsə öyrənmək mümkün olmayacaq. Onun fərdi mövcudluq forması yoxdur, ən çılpaq ifadələrlə desək, preslənmiş kütlələr şəklində hərəkət edən, dalğa-dalğa sağa-sola yayılan və döngələrdə itib, naməlumluğa qarışan bu izdihamın parçasıdır.
Eyni zamanda şair Tomas Quinsinin bütün həyatının istiqamətini müəyyənləşdirmiş gənclik illəri ağlıma gəlir. Londonda, Oksford küçəsindəki izdihamın arasında böyük şəhərlərin ayağımıza gətirdiyi təsadüflərdən biri nəticəsində gənc bir xanımla tanış olur. Gənc qadın günlərcə onunla birlikdə yaşayır və bir gün şair qısa müddətə Londondan uzaqlaşmalı olur. Bir həftə sonra görüşmək üçün sözləşirlər. Qadın hər axşam şairi eyni saatda, eyni yerdə - Tiçfild döngəsində gözləyir. Amma onlar bir də heç vaxt görüşə bilmirlər: “Heç şübhəsiz zaman-zaman bir-birimizi axtararkən, bəlkə də eyni anda Londonun nəhəng labirintlərində olmuşuq, bəlkə də aramızdakı məsafə sadəcə bir neçə metr olub, əbədi bir ayrılığa son qoymaq üçün bəlkə də o qədər məsafə belə çox idi...”.
Bir şəhərdə doğulanlar və ya orada yaşayanlar üçün illər keçdikcə şəhərin hər yeri, hər küçəsi insanda bir xatirə - sevgi, qarşılaşma ümidi, hüzn, xoşbəxtlik xatirəsi oyandırır. Bəzən eyni küçə bir-birinin ardınca zehninizin hansısa küncünə hücum çəkən xatirələrin yuvasına çevrilir. Bəzən bir şəhərin topoqrafiyasının köməyi ilə bütün həyatınız bütün mərhələləri ilə yaddaşına yenidən qovuşur. Sanki yeridiyiniz hər küçə yeni bir qatın səhifələrini açır. Eyni zamanda izdihamlı saatların küçə və meydanlarında, yaxud metro stansiyalarında qarşılaşdığımız minlərlə yad insanın həyatı da yenidən keçmişə qovuşur.
Məhz bu səbəblə də gənclik illərimdə yazmağıma kömək olması üçün Parisin köhnə telefon dəftərlərini - xüsusilə də adların küçə-küçə yazıldığı, bina nömrələri də olan dəftərləri tapmağa çalışırdım. Oxuduğum hər səhifənin üzərində şəhərin rentgen görüntülərinə baxırmış kimi hiss edirdim. Amma bu, Atlantis kimi yox edilmiş şəhər idi. Telefon dəftərlərinin səhifələrindən aradan keçən illərin qoxusunu ciyərlərimə çəkirmiş kimi hiss edirdim. Bu, on minlərlə naməlum insanın şəhərə qoyub getdiyi yeganə izlər – adları, ünvanları və telefon nömrələri idi. Bəzən hansısa bir adı yenidən axtarır, tapa bilmirdim, sanki yox olur, uçub gedirdilər. Bu köhnə dəftərlərin artıq zəng edəndə də cavab verilməyəcək telefon nömrələrinin yazıldığı səhifələrinə nəzər salmaqda kələfi dolaşdıran bir nüans da var idi. Sonralar Osip Mandelştamın bu şeirini oxuyanda o dəftərlərə daha çox vuruldum:.
“Hıçqırtıları belə doğma gələn şəhərimə qayıtdım
Uşaqlığımın linfa vəzilərinin,
dərimin altındakı damarlarımın
belə yaxşı tanıdığı şəhərə Sankt-Peterburqa!
Telefonumda nömrələrin yazılıdır, Peterburq!
Ölülərin səslərini tanıdım.
Bir zamanların ünvanları durur cibimdə”.

Bəli, mənə elə gəlir ki, ilk dəfə Parisin bu köhnə telefon dəftərlərinə baxanda məndə yazmaq arzusu oyandı. Bunun üçün bir yad adamın adını, ünvanını və telefon nömrəsini qələmlə işarələmək və bu yüz minlərlə adın arasından məhz o adamın necə bir ömür yolu keçdiyini xəyal etmək kifayət idi.
Böyük şəhərdə yolumuzu aza bilər, ya da itkin düşə bilərik. Hətta rahatlıqla pasportumuzu dəyişə, sıfırdan yeni bir həyat da başlaya bilərik. Amma əlimizdə indi o adla mövcud olmayan yerə aid bir, ya da iki ünvanı axtarmaqla, uzun müddət davam edən araşdırma nəticəsində lazımı insanı tapa bilərik. Axtarış üçün verilən sənədlərdə bəzən göstərilən şəxsə aid yeganə məlumatın “yaşadığı son ünvan” olması məni həmişə çox təsirləndirib. İtkin düşmüş, axtarılan şəxs, keçmiş zaman kimi mövzular iri şəhərlərin topoqrafiyası ilə birbaşa əlaqəli olan başlıqlardır. Məhz bu səbəbdən XIX əsrdən bəri bu məsələlər roman yazarlarının mövzusu olub və ədəbi dahilər arasında yer alan qələm sahiblərindən bəziləri də oxucuların nəzərində məhz konkret şəhərlərlə qalıb, tamamlanıb: Balzak və Paris, Dikenz və London, Dostoyevski və Sankt-Peterburq, Naqai Kafu və Tokio, Hjalmar Soderberq və Stokholm kimi.
Mən isə adını çəkdiyim yazıçıların təsirinə məruz qalmış və söz sırası gələndə Bodlerin “böyük şəhərlərin dolambaclı döngələri” dediyi şeyi kəşf etməyə çalışan ədəbi nəslin nümayəndəsiyəm. Əlbəttə, əlli ildə - yəni mənim dövrümün gənc və yetkinlərinin şəhəri kəşf və seyr edərkən dərin duyğular yaşadığı günlərdən bəri çox şey dəyişib. Bu şəhərlərin bəziləri Amerikada, ya da “üçüncü dünya” dediyimiz coğrafi yerlərdə insanlara qorxu və narahatlıq yaradan vəziyyətlərə görə “meqaşəhər” ünvanı aldılar. Bu şəhərlərin insanları unudulmuş məhəllələrdə künc-bucağa sıxışdırılmış vəziyyətdə və hər an sosial savaşa qurban getmək qorxusu ilə yaşayırlar. Gecəqonduların sayı durmadan artır və bu tip məhəllələr hər yerə yayılır. XX əsrə kimi roman müəllifləri şəhərlərə aid hansısa mənada “romantik” baxış bucağına, təsvir və təxəyyülə sahib idilər, məsələn, Dikkens, Bodler kimi. Ona görə də gələcək nəsil yazarların bu nəhəng urbanizasiylaşmanın qurbanı olan şəhərləri necə təsvir edəcəkləri, necə sevdirəcəkləri açığı mənə çox maraqlıdır.
Kitablarım haqqında böyük təvazökarlıq nümayiş etdirərək belə təsvir vermisiniz: “İşğal dövrünü və ən qarışıq insan talelərini əks etdirən xatirələri uğurla canlandırdığına görə...”. Amma bu tərifin məni aşan, məndən üstün bir tərəfi olduğunu vurğulamalıyam. Keçmişin bəzi qaranlıqlarını aydınlatmağa və adı bilinməyən insanların naməlum torpaqlarda qoyduğu izləri bir yerə toplamağa çalışan özünəməxsus “xatirə sənəti”, eyni zamanda mənim doğum ilim – 1945-ci illə bağlıdır. Şəhərlərin yerlə-yeksan edildiyi və bütün bir xalqın tarix səhnəsindən silinməsinə çalışılan ildə doğulmaq şübhəsiz ki, məni də digər həmyaşıdlarım kimi unutmaq və xatırlamaq kimi məsələlərə daha həssas formalaşdırdı.
Təəssüf ki, məncə, artıq itmiş zamanın izinə düşmək Marsel Prustun sahib olduğu və sərgilədiyi qüdrət və istedadla yazılmış əsərlərlə nəticələnə bilməz. Onun təsvir etdiyi cəmiyyət müəyyən bir balansda qalan XIX əsr cəmiyyəti idi. Prustun “yaddaş kartı” keçmişi ən xırda detalları ilə, demək olar ki, yaşayan tablo kimi ortaya qoya bilirdi. Mən isə bu gün hafizə və ya yaddaş kartı dediyimiz şeyin getdikcə daha çox etibarsız olduğu qənaətindəyəm. Buna görə də yaddaş pozuntusu və unutqanlığa qarşı çox daha kəskin və güclü mübarizə aparmalı olduğumuzu düşünürəm. Hər şeyi öz ağuşuna sürətlə almış bu “unutdurma pərdəsi”nin arxasında keçmişin ən xırda qalıqlarını ələ keçirmək, naməlum izlərin ardına düşmək və dərk olunmayan, itib batmış insan talelərinin səsini axtarmaq lazımdır.
Şübhəsiz ki, hər bir roman müəllifinin də əsas hədəfi də unutqanlığın o qorxunc nəhəng bəyaz səhifəsi qarşısında durub, aysberqin görünməyən hissəsini, yaxud da yarısı silinmiş kimi görünən sözlərin həqiqətini gün işığına çıxarmaqdır.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər