• cümə, 19 Aprel, 00:42
  • Baku Bakı 18°C

Paşinyanlı Ermənistanı nə gözləyir?

04.05.18 19:24 1009
Paşinyanlı Ermənistanı nə gözləyir?
Bir müddət əvvəl Serj Sarksiyanın istefasına nail olan müxalifət lideri Nikol Paşinyan baş nazir postuna əsas iddialıdır. Parlamentdəki hakim Respublika Partiyası bu günlərdə verdiyi bəyanatla mayın 8-də keçiriləcək ikinci səsvermə zamanı baş nazir postuna namizəd kimi Paşinyana səs verə biləcəklərini açıqlayıb. Bu dəstək olacağı təqdirdə N.Paşinyan Ermənistanın yeni baş naziri olacaq. Görəsən, bu halda Paşinyanı və Paşinyanlı Ermənistanı nə gözləyəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, parlamentdə birinci səs vermə zamanı N.Paşinyanın baş nazir olması reallaşmadı: "Çünki o, minimum 53 səsi toplaya bilmədi və planlarını pozan tərəf isə heç şübhəsiz ki, Respublika Partiyasının parlamentdəki fraksiyası oldu. Seçkinin nəticələri bəlli olduqdan sonra Paşinyan bütün xalqı total vətəndaş itaətsizliyinə çağırdı, müddətsiz mitinqlərə dəvət etdi. Bundan sonra Yerevanda həyat iflic vəziyyətinə düşdü. Metropolitendən tutmuş hava limanına qədər yollarda tıxaclar yarandı və eyni zamanda adını qeyd etdiyim müəssisələrin fəaliyyəti dayandırılmış oldu. Beləliklə Respublika Partiyası geri çəkildi”.
E.Nəsirov vurğuladı ki, Paşinyan baş nazir olduqdan sonra Ermənistanı düşdüyü fəlakətdən çıxarmaq bir nömrəli vəzifəsi olmalıdır: "Çünki xalq ona görə Sarkisyanın əleyhinə qalxdı ki, o, erməni millətini müflis etdi və insanlar bu gün sürünə-sürünə yaşayır. İlk növbədə o suala cavab tapmalıdır ki, buna səbəb nədir? O əslində nəticə ilə deyil, səbəblə mübarizə aparmalıdır. Burada çoxsaylı səbəblər var. Təbii ki, korrupsiya, rüşvətxorluq və sair məsələlər öz yerindədir. Amma ən böyük səbəb odur ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan torpaqlarını işğal etdiyinə görə məhz dövlətimiz tərəfindən Ermənistana münasibətdə təcrid siyasəti həyata keçirilir və bu, həm iqtisadi, həm enerji, həm də nəqliyyat sferalarını əhatə edir. Paşinyan ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad olunmasını reallaşdırmalıdır. Bu olacağı təqdirdə artıq yeni şərait yaranır və Ermənistanın Azərbaycan tərəfindən qoyulmuş blokadasına son qoyulur. Eyni zamanda, Azərbaycanın iştirakı ilə reallaşdırılan regional layihələrdə Ermənistanın iştirakı məsələsinə baxıla bilər. Əgər Paşinyan bu addımı atmazsa, yalnız kosmetik dəyişikliklər həyata keçirərsə, çox uzun çəkməz ki, Sarkisyana olan etimadsızlıq bu dəfə ona ünvanlanmış olar. Paşinyanı bu gün alqışlayan xalq sabah onun özünə qarşı mübarizəyə başlaya bilər. Ona görə də hər şey Paşinyanın praqmatik addımlarından asılıdır”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, artıq Respublika Partiyasının ikinci dəfə keçiriləcək baş nazir seçkilərində Paşinyana səs verəcəyi bəllidir: "Bu, təbii ki, Paşinyanın istəyinin gerçəkləşməsi deməkdir. Ermənistan hakimiyyəti və Respublika Partiyası, xüsusilə Sarkisyan-Koçaryan ikilisi heç də hakimiyyəti kiməsə vermək niyyətində deyildilər, lakin indi təslim olmaq üzrədirlər. Daha sonra nə olacaq? Burada iki variant var. Birincisi, Paşinyan parlamentdə öz koalisiyasına digər deputatları da qoşur. Bu olarsa, o zaman Paşinyan dövləti idarə etməyə davam edəcək, seçkilərə ehtiyac olmayacaq. İkinci variant ondan ibarətdir ki, Paşinyan parlamentdə tərəfdarlarınin azlıq təşkil etdiyini görəcəyi halda istər-istəməz növbədənkənar seçkilərə gedəcək. Bu seçkilərin də hazırlanması və sair məsələlər təxminən 6 ay müddət çəkəcək”.
Z.Məmmədov əlavə etdi ki, Paşinyan baş nazir olacağı halda mitinqlərdə verdiyi vədləri reallaşdırmağa çalışacaq: "Bütün problemləri həll edə bilməsə də, bir sıra məsələlərlə məşğul olmalıdır. Bu da ilk növbədə sosial-iqtisadi problemlərdir. Çünki Ermənistan əhalisinin narahat edən əsas məsələ, məhz əhalinin gəlirləri, ölkədə olan sosial-iqtisadi mühitdir. Təbii ki, Paşinyan bunları düzəltməyə çalışacaq. Lakin o, buna müvəffəq olacaqmı? Çünki Ermənistanın real geosiyasi vəziyyəti hər kəsə məlumdur. Bu ölkə Avrasiya İttifaqının üzvüdür, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Paşinyan burada manevr etmək məqsədi güdəcək və o, Rusiya, Belarus və Qazaxıstanla intensiv danışıqlarla gedəcək ki, Avrasiya İttifaqında Ermənistana hansısa güzəştlər tətbiq edilsin. Baxmayaraq ki, Paşinyan müxalifətdə olarkən bildirirdi ki, ölkəsi Avrasiya İttifaqından çıxmalıdır. Təbii ki, müxalifətdə olmaq və iqtidara gəlmək ayrı-ayrı məsələlərdir. Artıq Paşinyanın ritorikasından bəlli olur ki, o, Rusiya ilə münasibətlərin soyuqlaşmasında maraqlı deyil. Ümumi götürdükdə isə belə düşünürəm ki, Paşinyan tərəfindən Ermənistanda islahatların keçirilməsinə cəhd ediləcək. Lakin islahatların uğurlu olacağı sual altındadır”.


Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər