• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Paşinyanın Vyetnam sevgisi

05.07.19 17:12 757
Paşinyanın Vyetnam sevgisi
Nikol Paşinyan hökuməti ölkəsinin başı üzərindən asılan sosial-iqtisadi çətinliklərdən qurtulmaq üçün çabalayır. Rusiya və Qərbdən gözləntiləri doğrulmadıqda Ermənistanın baş naziri hamını təəccübləndirəcək bir səfər reallaşdırıb. Söhbət onun Ermənistanla heç bir iqtisadi, siyasi bağlılığı olmayan Vyetnama səfərindən gedir. Dərhal da erməni mediasının tənqidlərinə tuş gəlib. Məsələn, "Past” qəzeti səfəri tələsik və hazırlıqsız adlandırıb. Bildirib ki, bu il mayın 24-də Ermənistanın Vyetnamdakı səfiri Raisa Vardanyan geri çağırılaraq yerinə Vaqram Kajoyan təyin edilib. Ancaq yeni səfir etimadnaməsini Vyetnam hakimiyyətinə təqdim etməyib. N.Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Vyetnama rəsmi səfərə yola düşüb. Qəzet hökumət başçısının səfərini tələsik və hazırlıqsız adlandıraraq yazıb: "Baş nazir faktiki olaraq Ermənistan səfiri etimadnaməsini təqdim etmədiyi ölkəyə gedir. Diplomatik qaydalara əsasən, bu, anlaşılmazdır. Ona görə də səfirin etimadnaməsini təqdim etməsi üçün on gün gözləmək olardı. Bundan sonra səfər reallaşardı”.
Yeri gəlmişkən, işğalçılıq siyasəti üzündən blokada vəziyyətinə salınan və nəticədə ciddi iqtisadi və sosial problemlərin cəngində çabalayan Paşinyan hakimiyyəti yenə də üzünü İrana tutub. Lakin məsələ ondadır ki, qonşusu İranın özünün vəziyyəti qənaətbəxş deyil. ABŞ sanksiyalarının ardınca müharibə təhlükəsi Tehranın başı üzərindən asılı vəziyyətdədir. N.Paşinyan hakimiyyəti belə bir durumda Tehranda erməni-İran birgə iqtisadi komissiyasının iclasını keçirib. Erməni tərəfini iclasda baş nazirin müavini Mqer Qriroqryan təmsil edib. Erməni mediasının yazdığına görə, İran prezidenti Həsən Ruhani tərəfindən qəbul edilən qonaq beynəlxalq və regional gündəmi əhatə edən məsələlərlə yanaşı, ikitərəfli münasibətləri də müzakirə edib. Danışıqlarda əsas prioriteti münasibətlərin iqtisadi seqmenti üzərində olub. Lakin erməni mediasının da açıq ifadə etdiyi kimi, burada bəzi problemlər üzə çıxıb. Belə ki, İran Ermənistanla ticarətin milli valyutalarla edilməsini təklif edib. KİV-in məlumatına görə, İran prezidenti Tehran və Yerevan arasında bank əməkdaşlığının möhkəmləndirilməsinin zəruriliyinə toxunub. Əlavə edib ki, milli valyutalara keçilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq. Dərhal da elə erməni mediasında bu təklifin perspektivsizliyi barədə fikirlər səslənib. Məsələn, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan bu variantı istisna edir. Onun sözlərinə görə, milli valyutalarla ticarət edilməsi İran üçün məqbul olsa da, Ermənistana müsbət nəsə vəd etmir. Ermənistan parlamentinin büdcə məsələləri komissiyası sədrinin müavini Artak Manukyan isə milli valyutalara keçilməsinin ilk növbədə qarşılıqlı ticarətin həcmindən asılı olduğunu düşünür. "Bu həcm isə çox cüzidir. Birdə ki, İran rialı etibarlı valyuta deyil. Belə olan halda tərəflərdən biri çox ciddi zərər çəkə bilər. Bir məsələ də var ki, İran rialı sərbəst konvertasiya edilən valyuta hesab edilmir. Bu səbəbdən də risk yüksəkdir. Əgər ixrac və idxal eyni səviyyədə olsaydı, onda risk aşağı ola bilərdi. Ermənistan isə İrandan daha çox məhsul idxal edir”- deyə o əlavə edib.
Ümumiyyətlə, İran-Ermənistan iqtisadi əməkdaşlığında yüksək temp gözləmək perspektivsiz hesab edilir. Götürək elə bir vaxtlar ermənilər tərəfindən bəh-bəhlə təriflənən Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsini. Düzdür, İran və Ermənistan arasında avtomobil yolu işə salınıb. Gürcüstanın Batumi limanına, oradan isə Avropa ölkələrinə yüklər daşınır. Lakin bu marşrutla o qədər cüzi mal daşınır ki, daşınmağına belə dəyməz. Bundan əlavə, maliyyələşmə problemləri üzündən İranla Ermənistan arasında birgə dəmiryolu layihələrini həyata keçirmək mümkün olmayıb. Layihəni maliyyələşdirməyə heç bir investisiya şirkəti də maraq göstərməyib. Eyni zamanda enerji sahəsində də imzalanan sənədlər deklorativ xarakter daşıyır. Ermənistanın İrana Avrasiya İqtisadi İttifaqının imkanlarından yararlanacağı barədə vədləri də şübhə doğurur. Məsələn, əgər birgə ixrac müəssisələrinin yaranmasından söhbət gedirsə, bu zaman Ermənistanın nəqliyyat imkanlarının məhdud olması və logistika ilə bağlı problemlər böyük ləngimələrə gətirib çıxara bilər. Artıq bir ildir ki, tərəflər Avrasiya bazarına Meğridə yaradılan erməni-İran azad iqtisadi zonasına malların güclü axınının baş verəcəyini həsrətlə gözləyir. Ermənilər buranı pafosla "İran və Avrasiya İqtisadi İttifaqı arasında körpü” kimi qələmə versələr də, ümidlər puç olub. Meğri azad ticarət zonasında indiyə qədər baş verən ən əlamətdar hadisə elə buranın açılışı olub. Bundan çıxış edərək demək olar ki, İran tərəfdaş seçimini düzgün etməyib. Bir də ki, "etibarlı tərəfdaş” anlayışını Ermənistana aid etmək düzgün deyil. Bu ölkə üzə gülsə də, arxadan hər an zərbə endirmək qabiliyyətinə malik imicə malikdir. Məsələn, bu yaxınlarda Ermənistan tərəfi tərkibində yüksək dərəcəli ferrorsianid və natrium olduğunu bəhanə edərək İran duzunun ölkə ərazisinə daxil olmasını qadağan edib. Bundan əlavə, İrandan sement ixracına da qadağa tətbiq edilib. Yüksək keyfiyyətli və ucuz İran sementinin ixracına qadağanın tətbiq edilməsinə səbəb kimi ölkənin özündə sement istehsalının genişləndirilməsi əsas gətirilib. Bu cür siyasət isə İran üçün ciddi problemlər yaratmaq iqtidarındadır. Məlumat üçün bildirək ki, İran Ermənistan üçün Rusiyadan sonra ikinci iqtisadi tərəfdaşdır. Tək ötən il Ermənistandan İrana ixrac 333 mln. dollar, İrandan idaxl isə 385 mln. təşkil edib. Bütövlükdə İranın payına erməni ixracının 13,9 faizi düşür. İranla Ermənistan arasında qarşılıqlı ödəmələrdə milli valyutalara keçilməsi isə riskli görünür. Belə ki, İran rialı bu gün sürətlə dəyərsizləşir, regionda ən qeyri-sabit valyuta hesab edilir. Digər tərəfdən də bütün regional və iqtisadi təşəbbüslərdən kənarda qalan Ermənistan heç kimə maraqlı görünmür.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər